Son peyğəmbərini doğar göylər – Vaqif Bayatlıdan yeni şeirlər

133 Baxış

1575360373585_IZhzhnEF

Senet.az görkəmli şair Vaqif Bayatlının yenicə çapdan çıxmış “Bəy atlı” kitabından seçmə şeirləri təqdim edir. Xatırladaq ki, kitabda həm yeni, həm də yenidən işlənmiş şeirlər toplanıb.

O Ruhunur, İlahinur qalxan göylər

İlahi! İlahi! Tanrım!
Bu göyləri bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
söz qalxan göyləri də
bircə anlığa görməkçün
son göyü də aşağı çək.

 

Salavat çevirirkən göyə, Tanrı ətəyinə qovuşan an Tanrı gülləritək açılan əllərə, üzlərə, gözlərə

“Quran-i Kərim”, “Quran” -
hər an bir an öncəkindən,
daha gözəl göy açan
daha qönçə ulduz, ay açan
sonsuz əbədiyyət göyü,
sonsuz göyün sonsuz sayda
üzü salavata ulduzu, ayı

Hər salavat çevirən an,
göyüzüylə qovuşurkan,
Tanrı gülləritək açılan,
əllərə, üzlərə, gözlərə,
bütün göyüzünə “Quran” -
Tanrınur payı Tanrıdan.

Son peyğəmbərini doğar göylər yorular-yorulmaz

Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar-varılmaz.

Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular vurulmaz.

Duaların gözləritək
salavatçün açılıb göyə
ovuclar Allaha baxar,
bütün kainat susmuşkən
qəfil kainata düşüb
səs salmasınlar deyə
gözlər göz yaşını boğar -
Son peyğəmbərini doğar
göylər yorular-yorulmaz.

Bütün İlahi Göyüzündə də Şairlər olmadan olmuş

Heç nə gizlətməyin bizdən,
Biz söz çəkirik sözdən,
Deməsəz də, üzdən, gözdən
şairlər bilmədən bilmiş.

Ən dar gündə, ağır gündə,
Hamı lal, kar, sağır gündə
Uzaqvuran top gücündə
Şairlər gülmədən gülmüş.

Göydə də son göyə çatıb,
Qoynunda günəştək yatıb
Yenə günəştək doğmaqçün
Dan yerinə də tağ atıb,
Şairlər ölmədən ölmüş.

Səni can oğrusu bilim,
Canımı gizlədim gülüm,
Çox da lovğalanma, ölüm,
Məni tapammazsan, gülüm,
Şairlər olmadan olmuş.

Əsl döyüşçüyə səngəri qəfəs

Əsl döyüşçüyə səngəri qəfəs,
Düşmən səngərin al, sarı yarama
Döyüş o səngərdə döyüşdü ancaq,
Gedib qayıtmağa aldığım nəfəs,
Nəfəsi ölümdən geri almağa
Ölümün üstünə yürüşdü ancaq.

Qılınc gülümsəsə, təndə can gülsə,
əsir torpaqları alıb durmasaq,
heç bir Türkün gözü bağlana bilməz,
düşmən yuxusuna yurdumuz girsə,
o an duyuq düşüb onu vurmasaq,
düşmən zamanında haqlana bilməz.

Nəfəsi doğmalar, səsi doğmalar,
Heç vaxt deyilməyən nəğmələr deyib,
Heç vaxt alınmayan yurtlar aldılar,
Qanadlı nəğmələr, atlı nəğmələr
Ölən əsgəri də ata qaldırar,
Ölən atları da qanadlandırar.

Ölüm də bir uçuş, əvvəlcə yerə,
Sonra yer üzünə, sonra göylərə,
Ölüm həm də döyüş
Hər Türk oğluna,
Öldün, Türk?! Qalx, göyün boş qalan andı,
Onsuz da yer sənin. Qalx, Göy uğruna,
Türkün Göy yürüşü başlanan andı.

Əbədi doğma mələklər, doğma kələklər şəhəri

Can tacı eşqlər, diləklər,
Acı gerçəklər şəhəri,
Qatlanmaz, sınmaz biləklər,
Sınan ürəklər şəhəri.

Əsəbi doğma küləklər,
əsəbi doğma çiçəklər,
doğma tənhalar, təklər,
doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.

Sevişmələr, həyəcanlar,
Həm can verər, həm can alar,
Səni ancaq sevən anlar,
Sən eyy,
əbədi doğma şeytanlar,
əbədi mələklər şəhəri.

Dəli sözlərin ən ağıllısı,
ağıllı sözlərin ən dəlisi

Burda lap elə adamlartək
Şeirin qara tellisi, ağ tellisi,
Dupdurusu, yupyumrusu,
Dəli sözlərin ən ağıllısı,
Ağıllı sözlərin ən dəlisi,
ən dəlisi, ən dəlisi -
ən qısqanc, ən eşqli tikanlısı,
ən dəlisi çiçəklisi, güllüsü.

Elə gültək, çiçəktək
gözələ ağıl nə gərək,
onsuz da o hər nə etsə,
hamıya gözəl görünəcək…

Bu dünyadan sənin qoxun gəlir

Sevgi sözünü yazıram,
sevgi sözündən sənin qoxun gəlir,
Vətən sözünü yazıram,
Vətən sözündən sənin qoxun gəlir,
su yazıram, od yazıram, torpaq yazıram,
sudan da, oddan da,
torpaqdan da sənin qoxun gəlir,
mən bu dünyadan getmərəm,
bu dünyadan sənin qoxun gəlir.