Sonu olmayan yolun yolçusu: Əli bəy Hüseynzadə

46 Baxış

ali_bay_huseynzada_469591

Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır… Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai! – Əli bəy HÜSEYNZADƏ

Salyandan başlayan və sonu olmayan bir yolun yolçusu

Böyük mütəfəkkir Əli bəy Hüseynzadə Kür sahilində – Salyanda doğuldu. Salyandan keçən Kür çayı onun həyatından, taleyindən də keçib getdi. Əvvəlcə bu çayın mənsəbindən mənbəyinə doğru – Tiflisə üz tutdu. Bir gün ordan daha uzaqlara yollandı. Beləliklə, bu yollar onun həyatında axıracan yazıb bitirə bilmədiyi bir şeirə çevrildi:

Ucundadır dilimin
Həqiqətin əzəmi.
Nə qoydular deyəlim,
Nə kəsdilər dilimi.

Bilirmisən cahillər
nə yapdılar Vatana?
Nə qoydular uyusun,
Nə qoydular oyana.

Ayıltmadı qələmim
Şu türk ilə əcəmi.
Nə qoydular yazalım,
Nə qırdılar qələmi.

Sonralar Əli bəylə yolları birləşəndə Üzeyir bəyin bu sözlərə gözəl bir musiqi yazdığı da deyilir. İndi o musiqi əlimizdə yoxdur və onun izlərini yalnız itib gedən o yollar bilir…

Əli bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik ideyalarının inkişaf etdirilməsində müstəsna rol oynayan, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biridir. O, “türkləşmək, islamlaşmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını və milli istiqlal mücadiləsinin “Ana Yasası”nı hazırladı və tariximizə “türkçülüyün atası” kimi daxil oldu. Sonralar milli dövlətçilik ideologiyasına çevrilən bu üçlük bayrağımızdakı rənglərdə əbədilik qazandı və xalqın qan yaddaşına daxil oldu. Türkçülüyün böyük ideoloqu Ziya Göyalp Əli bəyi özünün ustadı sayaraq həmin üçlü qayəni belə ifadə edirdi: “Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!”, yəni “türk millətindənəm, islam ümmətindənəm, Batı – Avropa mədəniyyətindənəm”.

10 yaşlı Əli bəyin sonrakı həyatında əvəzsiz rolu ilə seçilən böyük Mirzə Fətəli onun 32 il Qafqaz şeyxülislamı olan babası Axund Əhmədi belə qiymətləndirirdi: “Müxtəlif elmlər və fənlər sahəsində astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və xüsusilə fiqh sahəsində bütün Qafqaz ölkəsində Şeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli bir adamdır”.

Sankt-Peterburqda universitet təhsili alan Əli bəy sonradan Türkiyəyə gedərək 1890-1995-ci illərdə İstanbul Universitetinin əsgəri-tibb fakültəsində ali tibb təhsili də alır. Bir müddət həkim – dermatoloq, sonralar İstanbul Universitetində elmi araşdırmalarla məşğul olam Əli bəy Hüseynzadə, eyni zamanda siyasi fəaliyyətini də genişləndirir. Nəticədə Sultan II Əbdülhəmidin həbs qərarı ilə bağlı təqiblərə məruz qaldığı üçün şəhəri tərk etməli olur və deyilənə görə, 1903-cü ildə bir hindli tacirin gəmisində gizli şəkildə Hindistana, oradan Çinə, ordan da Bakıya gəlib çıxır…

“Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”

“Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən”, “rəsuli- həqq” (“haqq elçisi”), “irqin (türklərin) ən mükəmməl öndəri”, “külli-müsəlman aləminin iftixarı”, “türk xalqlarına kimliyini bildirən dahi”, “bütün türk dünyasında peyğəmbər kimi üfüqlər açan”, “ilk turançı”, “dahi mütəfəkkir”, “fövqəlbəşər”, “qüzey günəşi”, “bütün türk dünyasının mücahidi”, “türkçülüyün atası”, “yazı ustadı”… 

Bütün bunlar Əli bəy Hüseynzadənin böyük və mürəkkəb portretini canlandırmaqda iştirak edən epitetlərin yalnız bir qismidir.

1903-1910-cu illərdə Əli bəy Hüseynzadə Bakıda Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi tanınmış ziyalılarla, böyük mesenat, maarifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə əlaqələr qurur və millətin oyanışında, xalqın maariflənməsində əvəzsiz rolu olan mətbuat vasitəsilə milli mücadiləyə başlayır. Çünki o dövrün ziyalıları hesab edirdilər ki, “mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz… (“Füyuzat”, 1907, ¹ 29)…

Bu illərdə Rusiyada baş verən siyasi proseslər çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan ziyalıları – Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov və Əli bəy Hüseynzadə 1905-ci il martın 15-də Hacı Zeynalabdin Tağıyevin mülkündə yığıncaq keçirərək yerli azərbaycanlılara da mədəni, sosial-iqtisadi, siyasi hüquq və azadlıqların, o cümlədən ana dilində ümumi təhsilin verilməsinə, mətbuat və kitabların nəşr edilməsinə dair Rusiya hökumətinə təqdim etmək üçün ərizə – petisiya hazırlayırlar. Həmin il aprelin 21-də Qafqaza yeni canişin təyin olunmuş Vorontsov-Daşkovla görüşən Azərbaycan ziyalıları ana dilində “Həyat” qəzetinin nəşrinə çətinliklə də olsa, razılıq ala bilirlər. “Həyat” qəzetinin sahibi Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu idi. “Həyat” qəzeti o dövrdə Azərbaycanda nəşr olunan yeganə anadilli qəzet idi. Cəmi 10 ay (07.06.1905- 04.09.1906) yaşasa da, Azərbaycan xalqının milli dirçəlişində, türkçülük ideyalarının yayılmasında bu qəzetin müstəsna rolu oldu.

“…Ey türk! İstər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm…”

Dövrün ziddiyyətlərini, çətinliklərini, dil və mədəniyyət problemlərini görüb anlamaq baxımından məşhur publisist Ömər Faiq Nemanzadənin yazdıqlarına diqqət yetirmək kifayətdir: “Hə, ey türk! İstər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda bircə zadı-yəni özünü bilmək istəmirsən, niyə öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan…”.

Tədqiqatçılardan Əsgər Quliyev qeyd edir ki, belə bir tarixi şəraitdə, yəni “türk” kəlməsinin hətta dilə belə gətirilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə “Həyat” qəzetinin səhifələrində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq “Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq”, – deyə hayqırır, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeuş Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi”.

Çətinliklər çox idi. Bir yandan da ermənilərin “Həyat” qəzeti barədə donosları bitib tükənmirdi. Onların diktəsi ilə Qafqaz canişini təcili olaraq “Həyat”ın sərlövhəsindəki “türk” sözünün “tatar” sözü ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə dözməyən “Həyat”ı qapamaqdan başqa bir yol qalmadı… Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə “Füyuzat” dərgisi nəşrə başladı. Əli bəy “Həyat”da başladığı türkçülük ideyalarını “Füyuzat”da da davam etdirərək, türkçülüyün siyasi proqramı olan “türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunu bitkin bir sistem halına gətirdi: “Füyuzat”ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır” (“Füyuzat”, 1907, ¹ 23). Professor Şamil Vəliyev füyüzatçılıqla bağlı yazır: “Füyuzatçılıq hiss, duyğu və düşüncənin coşqunluğunun, ümumxalq yaşantılarının mükəmməl ifadəsini həyat səhnəsinə çıxarır, bədii-publisistik şüurun etnogenetik enerjidən bəhrələnmə forma və üsullarını müəyyənləşdirirdi…” “Füyuzat” jurnalı, eyni zamanda Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin – Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsil olunduğu romantik “Füyuzat” ədəbi məktəbinin yaranmasına səbəb oldu. Lakin bu dərginin də ömrü uzun olmadı… Abdulla Şaiqin təbirincə desək, “Azərbaycan türklərinin milli haqlarının aynası” olan “Füyuzat” dərgisi Sultan 2-ci Əbdülhəmidin təzyiqi ilə 1907-ci il noyabrın 1-də qapandı.

Bu millətin məcnunları və ya “Həqiqətin dadı və ləzzəti var”

Publisistik fəaliyyətlə yanaşı, Əli bəy Hüseynzadə pedaqoji sahəyə də xüsusi diqqət ayırırdı. 1907-ci ilin avqustun 25-dən sentyabrın 4-dək Bakıda keçirilən Azərbaycan müəllimlərinin II qurultayının təşkili və keçirilməsində onun da müstəsna rolu vardı. “Füyuzat” məcmuəsi bağlandıqdan sonra Əli bəy 1908-1910-cu illərdə “Səadət” Ruhani Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi “Səadət” məktəbində əvvəlcə türk dili və ədəbiyyətı müəllimi, sonra həmin məktəbin müdiri oldu. Bu dövrdə müəllimlər işə müsabiqə yolu ilə qəbul edilirdi. Belə müəllimlərdən biri də məşhur Üzeyir bəy Hacıbəyli idi.

Əli bəyin Üzeyir bəylə əməkdaşlığı və dostluğu təkcə məktəb həyatı və mətbuatla məhdudlaşmırdı. Türk-islam dünyasında ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının Hacı Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk tamaşasının (1908) bədii tərtibatçısı, rəssamı da Əli bəy Hüseynzadə idi.

Zaman sürətlə dəyişirdi və “Füyuzat”ın qapadılmasından az sonra Sultan II Əbdülhəmid də öz taxt-tacı ilə vidalaşmalı oldu. Ardınca keçmiş inqilabçı dostlarının – gənc türklərin dəvətilə Əli bəy 1910-cu ilin sonunda Türkiyəyə köçmək qərarına gəlir. Ə.Quliyev qeyd edir ki, dövrün tanınmış ziyalılarından Əlabbas Müznib Əli bəyi “bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının atası” adlandırır, onu “dilsizlərin dili, karların qulağı, korların görən gözü” hesab edir, onun gedişiylə “Qafqaz əhalisinin başsız, böyüksüz” qalacağını ürək ağrısı ilə dilə gətirirdi…

Əli bəy Hüseynzadə Bakı-İstanbul marşrutu ilə səfəri zamanı Tiflisdə dəmiryol vağzalında böyük ədib Cəlil Məmmədquluzadə ilə görüşür. Sovet ədəbiyyatşünaslığında molla nəsrəddinçilərlə füyuzatçılar həmişə üz-üzə qoyulsa da, C.Məmmədquluzadə Əli bəyin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirirdi: “Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək”.

Türkiyəyə dönən Əli bəy Hüseynzadə İstanbul Universitetininin professoru kimi universitet bağlanana qədər (1933) pedaqoji fəaliyyətlə məşğul olur. Onun vaxtı ilə Avropa dəyərləri ilə bağlı söylədiyi fikirlər indi də aktuallığını itirməyib: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın…”

“Ərzincanda bir quş var”

Sonrakı dövrdə Əli bəy Hüseynzadə Azərbaycanda iki dəfə olur – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərdiyi dövrdə (16 iyun 1918-17 sentyabr 1918) Əhməd bəy Ağaoğlu, Axund Yusif Talıbzadə ilə birlikdə dövlət quruculuğu məsələlərini Azərbaycanın siyasi və hökumət rəhbərləri ilə müzakirə etmək üçün və 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayda. Bakıda keçirilən I Beynəlxalq Türkoloji qurultayda iştirak edən Ə.Hüseynzadənin “Qərbin iki dastanında türk” adlı məruzəsi o dövrdə Bakıda nəşr olunub. 1926-cı il martın 25-də Vətəndən sonuncu dəfə ayrılan Əli bəy Hüseynzadə bir müddət Atatürkə sui-qəsddə iştirak iddaiası ilə Ankarada məhkəmə qarşısında dayanmalı olsa da, az sonra sərbəst buraxılır. Ancaq Atatürk 1938-ci ildə dünyasını dəyişəndə Əli bəy ən gözəl şeirlərindən birini yazır: “Ondan öncə və sonra”.

Kamal günündən öncə
Ellər bizim deyildi.
Günlər olmuşdu gecə
Yollar bizim deyildi.

Tarix unudulmuşdu,
Yazılar pozulmuşdu.
Oxuyanlar bayquşdu,
Dillər bizim deyildi.

Əli bəy Hüseynzadənin mətbuatda dərc olunan son yazısı 15 yanvar 1940-cı ilə aiddir. Şeir Ərzincan zəlzələsinə həsr olunsa da, Əli bəy Hüseynzadənin yorulmaz tədqiqatçılarından olan Azər Turan yazır ki, onu həm də Əli bəyin vəsiyyəti kimi də qəbul etmək olar:

Ərzincanda bir quş var,
Dalda yuva arıyor.
Qanadından qan sızar,
Dərdə dəva arıyor.

Gördü fəci bir ölüm
İraq yerdən gələn var.
Üzərində kəfən: Qar,
Ya rəbb, nədir bu zülüm?

Bu hadisədən az sonra – 1940-cı il martın 17-də Əli bəy İstanbulda dünyasını dəyişib və şəhərin Qaracaəhməd məzarlığında dəfn olunub.

Əli bəyin özündən sonra yaşayan ideyaları və övladları qaldı. Əslən çərkəz qızı olan Ədhiyyə xanımla izdivacdan oğlu, məşhur rəssam Səlim Turan, qızları Saidə və Feyzavər dünyaya gəliblər. Yüksək təhsil alan övladlarından böyük qızı Saidə bəyim 2002-ci ildə, Səlim Turan 1994-cü ildə dünyasını dəyişib. Üçüncü övladı 1920-ci ildə doğulan Feyzavər bəyim İstanbulda yaşamaqdadır.

P.S. Görkəmli alim Yaşar Qarayevin sözləri ilə desək, Azərbaycan sovet ədəbiyyatşünaslığında və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə və “Füyuzat” ədəbi məktəbinə qarşı yağdırılmış iftira və böhtan fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq “erməni mənbələri” və “əlyazmaları” da “toya getməli” görünürdü… Bu mənada müstəqil ölkəmizdə “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 21 yanvar 2014-cü il tarixli sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda böyük maarifçi, həkim-tibb professoru, rəssam, musiqişünas, tərcüməçi idi. Bu mənada Əli bəyin müasiri, görkəmli tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı ki, “Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi…”

Bəxtiyar Qaraca

KÖŞƏ YAZARLARI
TOP 10