“Sonuncu dərviş”dən sonra – Ceylan Mumoğlu

9 Baxış

123

Avtobioqrafik əsərlərə ilk növbədə tarixi mənbə kimi baxıram. Çünki bu cür əsərlər müəllifin öz həyat və yaradıcılığının təzadlarına işıq salmaqla yanaşı, yaşadığı dövrün, zamanın qəribəliklərinin, gerçəklik və yalanlara şahidliyin, sonrakı nəsillər üçün həqiqətlərin üzə çıxmasının öyrənilməsində mühüm qaynaq rolunu oynayır.

“Avtobioqrafiya” sözü yunan mənşəli olub – “autуs” – öz, “bios” – həyat, “grаpho” – yazıram – “öz həyatını yazma” deməkdir. Bu, tərcümeyi-halın elə bir formasıdır ki, əsərdə baş qəhrəman müəllif özü olur.

Tanınmış yazıçı Kənan Hacının “Sonuncu dərviş” romanını oxuyub bitirdikdən sonra suallarla baş-başa qalıram. Avtobioqrafik janr nə üçün lazımdır? Yazıçılar bu janrda əsər yazmağa nəyə görə ehtiyac hiss edirlər? Avtobioqrafik janrda əsər yazmaq asandırmı? Elə bu suallar ətrafında düşünə-düşünə “WEB”in bizlərə təqdim etdiyi geniş axtarış maşınlarında belə bir cavabla qarşılaşıram:

İnsanlar niyə bu janra müraciət edirlər?

– “Şəxsin dünyadan köçüb gedəcəyinə könlünün razı olmaması həqiqətini ortaya qoymaq;

– Yazı vərdişi içərisində qalmağa davam etmək;

– Onunla eyni dövrdə yaşayan insanlara heyranlıq ifadə etmək;

– Tarix və cəmiyyət qarşısında hesablaşmaq, peşmanlıq duyğularını ifadə edərək rahatlaşmaq, etiraflar etmək;

– Gələcək nəsillərə xəbərdarlıq etmək, dərs vermək.”

 

C.Kavcar, F.Oğuzkan və Ö.Aksoy, “Yazılı və Sözlü İfadə”

 

Maraqlı yanaşmadır. Bəlkə də, sadalanan bu xüsusiyyətlərin hamısı ilə oxuduğumuz məşhur avtobioqrafik əsərlərdə qarşılaşmışıq. Ancaq bir həqiqət var: belə əsərlərin yazılması heç də asan deyil, çünki yazıçının öhdəliyinə yüksək səmimiyyətlə özünü ifadə etmək kimi çətin vəzifə düşür. Yazıçı yetişdiyi mühiti, hansı şəraitdə böyüdüyünü, nələrin uğrunda nələrdən keçdiyini, müşahidə qabiliyyətini, bütövlükdə adi bir insanı şəxsiyyət kimi yetirən bir şəraiti elə ustalıqla çatdırmalıdır ki, Milan Kundera demiş, “Yazıçının özünə yazdığı bioqrafiyası ilə əsl bioqrafiyası bir-birinə qarışmalı, oxucular nəyin doğrudan baş verdiyini, nəyin uydurma olduğunu anlamamalıdır”.

Çağdaş dövrümüzdə avtobioqrafik əsərlər barədə müxtəlif tənqidçilər, yazıçılar fərqli fikirlər söyləyirlər. Bəzilərinə görə, bu cür əsərləri hər müəllif istədiyi zamanda yaza bilməz, çünki müəyyən təcrübəli həyat yaşamalı, bu işi bütün əsas yazıları qələmə aldıqdan sonra, yaşının ahıl çağlarında etməlidir (bu nöqteyi-nəzərdən baxsaq, onda böyük rus yazıçısı Lev Tolstoy özünün avtobioqrafik trilogiyasından “Uşaqlıq” əsərini gənc yaşda yazmasında xəta etmiş görünür). Bəzilərinə görəsə, ölkəmizdə həyatı əsərə yarayacaq qədər maraqlı keçən yazı adamı az olduğu üçün bu janr sarıdan ədəbiyyatımız korluq çəkir. Mənsə yazımın əvvəlində qeyd etdiyim kimi, avtobioqrafik əsərlərə ilk növbədə tarixi mənbə kimi baxıram. Təbii ki, belə əsərlərdə bədiilik tarixi sənədlərlə uzlaşanda daha maraqlı olur.

Kənan Hacının “Sonuncu dərviş” romanı bu baxımdan seçilir. Məsələn, romandakı “Atamın nöyüt qoxulu nəfəsi” sərlövhəli bölümdə, “Qəhrəman orta məktəbi bitirəndən sonra atası onu özüylə Neft daşlarına aparıb, hətta anası da giley-güzar edib ki, uşağı da aparıb özün kimi bədbəxt eləmə” – deyilir. Bu yerdə oxucu romandakı hadisələri gerçək kimi qəbul edə də bilər, amma sonda (epiloqda) məlum olur ki, bu, sadəcə uşağın xəyal dünyasındakı səyahətiymiş, ana uşağın yaddaşını yeniləyərək atasının heç vaxt onu Neft daşlarına aparmadığını qeyd edir.

“Sonuncu dərviş” gerçək romanı yazı dili rəvan, səlis, oxunaqlı, acılı-şirinli xatirələrlə zəngin, bədii-sənədli xarakter daşıyır. Romanda yazıçının içindən çıxdığı kənd mühitindən, ailəsindən, anasından, atasından, əsl dostluğu yaşadan və qəhrəmanın unuda bilmədiyi “Kitab kimi müqəddəs adam” Rəhimağa müəllimdən, doğma kəndi Buzovna ilə bağlı uşaqlıq xatirələrindən, əsgərlik zamanı və əsgərlikdən sonra çəkdiyi fiziki-mənəvi iztirablardan, qayğılardan, dostlarından – müasir Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətləri ilə görüşlərindən, öz ailə həyatından, həyat yoldaşından, səyahətlərindən, səmimi duyğularından bəhs olunur. Müəllif romanda təkcə xəyal dünyasından deyil, gerçək hadisələrdən, konkret insanların xarakterlərindən də bəhs edərək dövrü haqqında hislərini, düşüncələrini, insanlar və hadisələr haqqında öz təsəvvürünü ifadə edir.

Diqqətimi çəkən məqamlardan biri də yazıçının “Sonuncu dərviş” romanında üç böyük şəhərin – Bakı, İstanbul, Təbriz – təsvirini, ab-havasını yetkin qələmiylə çatdırmasıdır. Oxucu roman boyunca qəhrəmanın uşaqlıq xatirələrinin arasında Bakını – onun keçmişini və bu gününü, dəyişməsini, “köhnə Bakıdan meqapolis şəhərə çevrilməsini” görür, “ruhuna ekzotik elementlər əlavə edilməsinin” şahidi olur və müəlliflə birgə köhnə Bakı üçün darıxır.

Romanın “Dumansız İstanbul” bölümündə müəllifin bu şəhərə hədsiz sevgisini oxucu da hiss edir. “Birinci Pyotrun fəth etmək istədiyi”, “hər kəsin görmək istədiyi şəhər”i xüsusi ovqatla təsvir edir. Romanın ümumi ruhuna baxanda oxucuya elə gəlir ki, qəhrəmanın “dərvişlik” ömrünün ən gözəl, ən xoşbəxt anları elə İstanbulda keçib.

Və Təbriz… Yazıçı “vətəndən vətənə getməyin sevincini” – Təbrizə səfərlərini özünəməxsus səlis dili ilə, canlı təhkiyə ilə yaşadır. Təbrizdə olan unudulmaz günlərin və təəssüratların həyəcanı oxucuya da təsirsiz ötüşmür.

“Sonuncu dərviş” romanında təqdir ediləsi cəhətlərdən biri də qəhrəmanın dərvişsayağı ömrünün müxtəlif dövrlərində mütaliə prosesinin işıqlandırılmasıdır. Ümumiyyətlə, istər bədii, istərsə də sənədli əsərlərdə müəlliflərin keçmiş olduğu mütaliə yolunu izləmək hər zaman marağımda olub. Çünki mütaliənin gücü böyükdür. İnsanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir, onda estetik hislər oyadır, kulturoloji hazırlıq aşılayır. “Sonuncu dərviş” romanında da mütaliə yolunun keçilməsi müəllifin anasının uşaq yaşlarında onu kitabxanaya üzv etməsindən, Rəhimağa müəllimin “Özündə mütaliə vərdişi yarat, çoxlu kitablar oxu, dünya klassiklərini dönə-dönə oxu” tövsiyəsindən başlayaraq, dostu Əbdülrzanın ona Voyniçin “Ovod” əsərini bağışlaması, mütaliədən uzaq qaldığı illərdə çəkdiyi iztirablara qədər xüsusi həvəs və sevgi ilə işlənib.

“Sonuncu dərviş” avtobioqrafik romanında təkcə Kənan Hacının həyat və yaradıcılığını deyil, onunla birlikdə eyni dövrdə, eyni ədəbi-mədəni mühitdə yazıb-yaradan müasirlərinin, yazıçı və şairlərin, müxtəlif incəsənət adamlarının, ictimai xadimlərin obrazını da görmüş oluruq. Bu baxımdan əsəri gələcək nəsillər üçün tarixi mənbə kimi də dəyərləndirmək mümkündür.