Sonuncu görüş

24 Baxış

Yusif_Seyidov Elvin Paşayev            

Dəyərli müəllimim dilçi alim Professor Yusif Seyidovun əziz xatirəsinə həsr olunur

Bakı Dövlət Universiteti mənim həyatımda çox şeyləri dəyişdirdi. Bir çox alimləri tanıdım, onlarla ünsiyyət yaratdım və özümü yaxşı cəhətdən formalaşdırdım. Universitetin ab-havası, sanki, mənim elmə marağımı artırdı. Bunun nəticəsində də neçə – neçə fəlsəfə doktorlarını, elmlər doktorlarını tanıdım və onların dəyərli fikirlərini, ibrətamiz nəsihətlərini dəyərləndirdim. Belə görkəmli alimlərdən, şəxsiyyətlərdən biri də filologiya elmləri doktoru, professor Yusif Seyidovdur. Yusif müəllimlə tanışlığımız məhz universitet illərinə təsadüf edir. Universitetdə oxuduğum vaxt ərzində Yusif müəllimin sadəcə ötəri şəkildə adını eşitmişdim. Tələbədən – müəllimə, kiçikdən – böyüyə, – bir sözlə hamı onun humanist, insani keyfiyyətlərinə xas olan bir alim, tələbələrin qayğısına qalan, onları incitməyən, öz doğma övladları kimi sevən bir müəllim kimi qələmə verirdi. Bütün bunların hamısı məndə Yusif müəllimə olan sevgimi, hörmətimi birə – beş artırırdı. Lakin mən onu görməmişdim. Sadəcə müəllimlərin, tələbələrin dilindən bu sözləri eşidirdim. Çalışırdım ki, Yusif müəllimlə ünsiyyət yaradım, onu lap yaxından tanımaq istəyirdim. Ən azından belə alimləri tanımaq mənim həyatımda nələrisə dəyişdirə bilərdi. Əsas məqsədim isə hər kəsin dilindən eşitdiyim sözlərin reallığı idi.

2010-cu ildə (o zaman 2-ci kursda oxuyurdum) universitetdə “Müasir Azərbaycan dili” (Morfologiya) adlı fənn keçiridk. Müəlliməmiz bizə əvvəlcədən bildirmişdi ki, Yusif müəllimin bu fənnə aid dərsliyi var. Kim istəsə əlavə oxu üçün ala bilər. Elə həmin dərs kitabı almaq üçün müəllimədən icazə aldım. Düşünürdüm ki, Yusif müəllimlə ünsiyyət qurmaq üçün vaxt gəlib çatdı. Kafedraya daxil oldum. Yusif müəllim orada idi. Görüşdük, biraz söhbət edəndən sonra kitabı aldım. Danışığından hiss etmişdim ki, o, humanist fikirli, səmimi, xoşxasiyyət bir müəllim idi. Hər dəfə universitetdə müəllimi görəndə görüşürdüm, öz dəyərli məsləhətlərini mənimlə paylaşırdı.

Xeyli müddət keçdi. Sonuncu kurs idim. Müəyyən səbəblərdən akademik borclarım qalmışdı. Tələbə yoldaşlarımın hamısı imtahanlarını uğurla vermişdi. Lakin mənim imtahanım hələdə qalırdı. 2012- ci il iyulun 3-də bir gün ərzində həm buraxılış işini müdafiə etməli, həm də dövlət imtahanını verməli idim. Elə oldu ki, əvvəlcə buraxılış işinin müdafiəsinə buraxıldım. Buraxılış işlərinin müdafiəsi rəhbərliyinə Yusif müəllim nəzarət edirdi. Kafedraya daxil oldum. Yusif müəllim otaqda idi. Həmin an düşündüm ki, müəllimlə ilk dəfə bu otaqda tanışlıq yaratmışdım. Müəllimlə salamlaşdım. Bir az hal – əhval etdikdən sonra əsas məsələyə keçdik. Elə bir – iki kəlmə danışmışdım ki, Yusif müəllim məni saxladı. Onun ilk sözü mənə belə oldu ki, oğul, deyəsən, sonuncu tələbə sən qalmısan və hərbi xidmətə də getməlisən. Bəli, Yusif müəllim – deyə cavab verdim. Ona görə də mən səni incitmək istəmirəm. “91” bal az deyil ki? Bir anlıq düşündüm ki, necə yəni  “91” bal? Axı mən heçnə danışmamışam ? İcazə verin, Yusif müəllim mən heç olmasa mövzumdan bir neçə söz deyim. Bir az danışdıqdan sonra məni yenə də saxladı. Mən, həqiqətən, çox sevinirdim, ona görə ki, bir tərəfdən magistraturaya qəbul olmuşdum, digər tərəfdən isə Yusif müəllimin mənə bu şəkildə humanistcəsinə yanaşma tərzi məni çox sevindirirdi. Universitetdə hamının dilindən eşitdiklərimi indi qulağımla eşidirdim. Həqiqət göz önündə canlanırdı. Yusif müəllimə çox – çox təşəkkür etdim, onun bu cür humanist mövqeli insani keyfiyyət və xüsusiyyətlərinə təəccüblənmişdim.

Hərbi xidmətdən qayıtmışdım. Artıq magistrant idim. İxtisasım Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası idi. Bu sahədə mənə dəyərli məsləhət verə biləcək, bir alimin fikirləri əhəmiyyətli idi və ehtiyacım da vardı. Həmin an Yusif müəllim yadıma düşdü. Yusif müəllimlə təcili görüşməli oldum. O gündən etibarən hər həftənin beşinci günlərini Yusif müəllimlə görüş günü kimi təyin etmişdim. Tez – tez müəllimə baş çəkirdim, hal – əhval edirdim. Təbii ki, o da mənə öz dəyərli məsləhətlərini verirdi. Çox sevinirdim ki, Yusif müəllim kimi bir alimi, müəllimi tanıyıram. Hər dəfə elmi işlər barəsində, eləcə də dilçilik sahəsində olan müəyyən elmi müakirələr aparırdıq.

Bir dəfə Yusif müəllimi görməyə gələndə ona onun kafedrasında gələcəkdə doktorant olmağı bildirdim. Müəllim tərəddüd etmədən sevincək halda cavab verdi ki, niyə də oxumayasan?! Özüm də çox sevinirdim ki, belə nəhəng bir alimin doktorantı olacağam. Necə? Hə, Yusif müəllimin kafedrasında doktorant olacağam – deyə bu sualları öz – özümə verirdim. Gənc doktorant üçün belə bir dəyərli alimin elmi rəhbər olması, həqiqətən, gələcək üçün uğurlu bir addım idi.

Yusif müəllim çox qocalmışdı. 70 – 80-ci illərdə olan Yusif müəllim deyildi. Universitetə güclə gəlirdi. Tez – tez xəstələnirdi və xəstəlikləri də artmışdı. Düşünmüşdüm ki, bu sonuncu görüşümüz ola bilər. Lakin yenə də inanmırdım. Hər dəfə müəllimin yaşaması üçün dua edirdim. Bu proses çox uzun çəkmədi. Həyat yaxşı insanları bu dünyada saxlamadı.

Bir gün səhər sosial şəbəkələrin birində yazılanları oxudum. Gözlərimə inanmırdım. Yusif müəllim artıq vəfat etmişdi. Necə? Rəhmətə gedib? Axı niyə? özümə bu tipdə suallar verirdim. Təəssüflər olsun ki, sabah beşinci gün idi. Yusif müəllimin sonuncu nəşr olunan kitablarından birini gedib almalı idim. Anam hər dəfə mənə deyərdi ki, oğul, sən axı Yusif müəllimlə görüşməli idin?! Ana, Yusif müəllim artıq rəhmətə gedib. Anam heçnə deyə bilməyəcək şəkildə sakitcə dayandı və susdu. Hə, bu gün vəfat edib – deyə cavab verdim. Göz yaşlarımı saxlaya bilmirdim. Yusif müəllim haqq dünyasında idi. Onun doktorantı olmaq, eləcə də hər həftə o dəyərli məsləhətləri, ibrətamiz fikirləri, müəllim – tələbə münasibətlərini yaxşılaşdıran sözləri eşitmək yarımçıq qaldı.

Yusif müəllim, ALLAH SİZƏ RƏHMƏT ETSİN! Yeriniz cənnətlik olsun.

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10