Sosial kitab – Orxan Fikrətoğlu

14 Baxış

photo_543

Sosial şəbəkə kitabı üstələyib deyirsiniz. İlk baxşdan bu belə görünsə də, qəti fikir bildirməyə tələsməyin. İnsanlığın əlindən kitab alındığı gün total hərcimərclik yaranacaq. Çünki kitab insanın yaratdığı ən gerçək nizamdır. İnsanlığı əxlaq tətiyində saxlayan da odur, kitabdır.  Səmavi kitablardan, mistik əlyazmalardan tutmuş, bu günə qədər yazılanlar oxunub deyə biz varıq. Kitab oxunmasaydı yazılmazdı. Oxunub deyə yazılıb.Tam bilgi ancaq absalyuta aiddir. Oxu mədəniyyəti absalyutun bizə öyrətdiyi  möcüzədir.

Əvvəla, hər hansı bir kitabı  sosial şəbəkə ilə müqayisə etmək düzgün deyil. Ona görə düzgün deyil ki, kitabın bizə, bizim ona olan qədər münasibəti yoxdur. Kitabın oxucuya münasibəti dünyanın insana olan münasibəti kimi neytraldır. O, bilmir ki biz varıq. O, bir dəfə yazılıb və bitib. İnsanı oxu prosesində sakral vəziyyətə salan kitab deyil, öz halıdır. Dua da belədir. İnsan öz halını kitabın yaratdığı hala uyğun etdikdən sonra ağıl və qavrama səviyyəsinə rəğmən ya katarsis keçirib durulur, ya da oxuduğunu qanmayıb olduğu kimi qalır. Kitabı anlamaq və ya anlamamaq olar. Və məsələ bununla bitir. Kitab sənin fikrinlə maraqlanmır. O, sənsiz də var. Və olacaq da. Sən ona uyğunlaşmalısan.O, sənə yox. Sən eyni kitabı bir neçə dəfə oxusan belə, yenə onda  bir neçə təzə fikir tapacaqsan. Bilirsənmi niyə? Ona görə ki dəyişən kitab deyil, sən özünsən! Yaşam siklində haldan-hala düşən sənsən, kitab deyil. Bir dəfə yazılmış kitabı sən bütün ömür boyu ancaq xəyalən dəyişə bilərsən. Bir dəfə yazılmış ömrün də kitab kimi ancaq  xəyalən dəyişir deyə kitab sənə şüuraltı gerçəklikdə tanış və doğmadır. İnsan oxuduğu kitabın düşüncədə həmmüəllifidir. Kitab bu baxımdan insanın taleyi kimi sabit və amansızdır.

İnsanda Allahdan nəsə olduğu kimi Şeytandan da nəsə var. Mümkünsüz olduğunu bilsə də, insan həyatını  dəyişmək istəyir. Sosial şəbəkə gerçəkliyinin alt yapısı insanın bu istəyidir. Sosial şəbəkə aludəçiliyinin kökündə bu istək durur. İnsanın öz həyatını dəyişmək istəyi. Sosial şəbəkədə heç bir məsuliyyət daşımadan, anonim  fikir bildirən insan müvəqqəti olsa da, tale yazısından kənara çıxa bilir. Özünü və taleyini aldadır.  Sosial şəbəkə ağlına və ömür təcrübənə baxmadan  sənə fikir bildirmək  şansı verir. Buyur, istənilən məsələyə anladın-anlamadın, öz fikrini bildir. Sən özün artıq kitab müəllifisən. Özün-özünü yenidən yazırsan.  Səni oxuyanlar da var. Sayıb fikrini müzakirəyə çıxaranlar da! Onlar da sənin kimi həvəskardı deyə, öz bəsit fikirlərindən utanmırsan da. Artıq heç bir kitab müəllifi sənin üçün əlçatmaz aftoritet deyil. Artıq kitab sənin üçün kitab gücündə də deyil. İstənilən an yenidən yazıla bilən, mənası dəyişmiş çat yazısıdır. Sən özün kimi həvəskarlarla birlikdə yığışıb yeni zövq məkanı da yaradırsan.  Birlikdə yaratdığınız bu lümpen zövq çox keçmir min illər boyu formalaşmış ənənəvi mədəni zövqü belə geridə qoyur. Və yeni kitaba çevrilir. Sizdən sonra yeni şəbəkə və onun “yeni kitabsız” kitab əxlaqı da yaranır. Deməli, ənənəvi kitabı inkar edən sosial şəbəkə anonim müəllifli  yeni bir kitab növüdür.  Bu gerçəklikdə sosial şəbəkə əlbəttə ki, kütləvi insanın “eqosuna” daha çox uyğundur.   Ona görə uyğundur ki, sosial şəbəkə hər bir insanın içində uyumuş özünəvurğunluq hissini, “herostratlığı” oyadıb.  Sosial şəbəkə bir sistem olaraq insanın cini şüşədən buraxmış olduğu altereqosunun təntənəsi sistemidir. Anarxist azadlığıdır. Buna qədər də  kütlə öz ağlından şikayət etmirdi. Daha çox bəxtindən edirdi. İnsan təbiətən özünə vurğundur. O, belə yaradılıb.  İndi siz təsəvvür edirsiz bu gedişlə bizi əlli ildən sonra nə gözləyir? Total “yarımçıq filosofçuluq” erası. Belə getsə, insanlıq çörək növbəsində dayanıb çörəyi gözləməkdən darıxa-darıxa biri-birinə fikir söyləyirmiş kimi internetdə dünya problemlərini həll edəcəklər. Milli ideolojilər, dövlət yasaları, siyasi sistemlər geopolitik özəlliklər illərlə kütlə içində müzakirəyə çıxarılacaq. Heç kəs daha tarlada, dəzgah arxasında çalışmayacaq. Ciddi ədiblərlə, həvəskar qrafomanlar arasındakı sərhəd aradan götürüləcək. Zövq tamam-kamal korşalacaq. Ənənə unudulacaq. Qəbul olunmuş kanonlar sıradan çıxacaq. Total həvəskar baxış elit təfəkkürü yox edəcək. Real həyatı irreal vizuallıq əvəz edəcək. Bu reallıq insana nə verəcək deyə düşünməyin də. Artıq düşünmək  dəbdə deyil. Düşünmək köhnəlik əlamətidir. Siz istədiz-istəmədiz bu prosesə qoşulacaqsınız. Və bu kütləvi ağılsızlıq sindromu eyforiyası sizi istədiz-istəmədiz öz ağuşuna alacaq. Dünya heç zaman bu qədər kaleydoskopik atraksion gerçəkliyində yaşamayıb. Amma yenə konkret qərar verməyə tələsməyin. Sizcə, elektron kitabı gerçək kitab kimi oxumaq olmazdımı? Əlbəttə ki, olardı. Dediyim budur ki, kitabın missiyası başqadır, sosial şəbəkənin həyatımızdakı iştirakı özgə.  Kitab bu gün kilsə,məsçid kimidir. Ora gəlinir. Kitab kitab mağazasından alınır deyə, istəyə, zövqə bağlıdır. Kitab fərdidir. İstəkdən oxunur. Sosial şəbəkə isə dəbdir. Eyforik haldır. Həyatın ritminə, istəklərimizə daha yaxın və daha uyğundur. Bu gün insanların virtual aləmə transfer olunmaları, real həyatdan uzaqlaşıb sosial şəbəkə vasitəsilə təmas qurmaları əslində insan evalyusiyasında tamam yeni bir etapdır. Necə ki insanlığın daş dövrü,mis dövrü olub, beləcə də insanlıq sosial şəbəkə dövrünü yaşayır. İnsan texnoloji intibah yoluyla  dünyanı dəyişmək istəyirdi. Nəticədə  həmin bu yol onun yeni bir sualına çevrildi. Və bu sual min illər boyu formalaşmış sivilizasiya dəyərlərini məhv edəcəkmi şəklində mənim üçün də aktualdır.  Sosial şəbəkə bu günə qədər dünyanın ədalət prinsipini müəyyən edən dini ədalət doqmalarını belə yox edə bilib. Sosial şəbəkə insanın üzünü, mən identifikasiyasını əlindən alıb. Bu gün insanlar üzsüz və adsız şəkildə dünya ilə təmasdadırlar. Bu yeni insan demək deyilmi? Elədir. Bu günə qədər belə insan olmayıb. Sosial şəbəkənin yaratdığı yeni insan növü  bir zamanlar dinozavrları məhv etmiş təbii fəlakət qədər ciddidir.  Amma maraqlısı budur ki, bu sistemin yaranış ideyası göylərdən deyil  kitablardan gəlir.  Və bu anlamda kitab sosial şəbəkənin yaradıcısıdır. Sizə dedim axı. Tələsməyin. Dünyada təsədüfən heç nə olmur. Baş verən bütün proseslər insan üçün qanuna uyğundur deyə baş verir. İnsan öz əliylə yaratdığı yeniliyin özü də dərk etmədən  əsirinə çevrilib. Bu gün insana sosial şəbəkələrə aludədir demək düzgün deyil. Bu gün insan  sosial şəbəkənin bir hissəsidir demək  düzgündür.  Amma bir həqiqət də var ki, sosial şəbəkənin mühüm hissəsi olan insan eyni zamanda həm də kitab əhlidir.

Sosial şəbəkə hərdən mənə Tövratda xatırlanan iri və hər şeyi görən “tək gözü” xatırladır. Bəlkə elə sosial şəbəkə deyilən bu göz həqiqətən də Tanrının gözüdür.

Əgər bu belədirsə, Tanrının gözündən düşməmək lazımdır.  Axı o bizim hamımızı olduğumuz kimi görür.

Sizi bilmirəm, mən kitabın da, sosial şəbəkənin də yerini bilirəm. İnsan nə istədiyini bilirsə, onun üçün sual yoxdur. Ancaq cavab var. Siz nə etdiyinizi bilirsizmi?

KÖŞƏ YAZARLARI
TOP 10