“Sosioloji nəzəriyyələr” kitabı

36 Baxış

inqilab şahbazovSenet.az Böyük Britaniyanın Şeffild Universitetinin tələbəsi İnqilab Şahbazovun yazdığı “Sosioloji nəzəriyyələr” kitabı haqqında müəllifin özündən alınan fikir və məlumatları təqdim edir.

Latın dilində belə bir deyim var ; Docendo Discimus (öyrəndikcə öyrədirik). Bu prinsiplə yaşayan və oxuyan bir tələbə olaraq həmişə öyrəndiklərimi başqalarıyla paylaşmaq istəmişəm və kitab yazmağıma başlıca təkan verən amil də məhz bu istək olubdur. Böyük Britaniyanın Şeffild Universitetində bakalavr təhsilinə 2012-ci ildə başlayanda diqqətimi çəkən mövzulardan biri də sosioloji nəzəriyyələr və sosiologiyanın mövcud dövrdəki aktuallığı, cəmiyyətin inkişafındakı birbaşa rolu oldu. Əvvəla, tək Britaniya yox, dünyanın əksər aparıcı universitetlərində sosiologiya kursunda keçirilməsi məcburi olan mövzulardan biri də klassik və müasir sosioloji nəzəriyyələrdir ki, mən hər ikisini də maraqla öyrəndim. Lakin kitabımda klassik dövrün, başqa sözlə, ilk dəfə meydana gələn sosioloji nəzəriyyələr haqqında yazmağı qərara aldım. Hesab edirəm ki, istənilən sahədə fundmantal nəzəriyyələr barədə məlumatlı olmadan o sahədə ciddi nailiyyət əldə etmək mümkün deyildir.

Bu düşüncədən yola çıxaraq 2012-ci ilin dekabr ayında, bu sahədə fəaliyyət göstərən bir neçə şəxslə məsləhətləşəndən sonra kitabı yazmağa başladım. 2015-ci ilin sentyabrında bitirdiyim bu elmi işi ərsəyə gətirmək üçün olduqca maraqlı, unudulmaz, eyni zamanda da çətin məqamlarla dolu yol keçdim. Hörmətli redaktorum Fazil Vahidov və korrektorum Elşən Əliyevin dəstəyi ilə yazdığım bu kitabın bir neçə eksklüziv cəhəti var ki, bunları növbəti paraqraflarda sadalayacam.

Bir çoxları sual verə bilər ki, 21-ci əsrdə nəyə görə bizlərdən 100-200 il öncə yaşayıb yaratmış şəxslərin fikirləri tədris edilir? Bunun çoxsaylı səbəbləri vardır. İlk olaraq, Dürkheym, Veber və Marks sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna rol oynamış, çoxları tərəfindən sosiologiyanın ataları hesab edilmişlər. Bu da əbəs yerə deyildir. Bu şəxslərin nəzəriyyələri hələ də aktualdır. Məsələn, əgər Marksın əmək münasibətlərinə dair nəzəriyyələri 21-ci əsrdəki işçi-kapitalist, yaxud işçi-işəgötürən münasibətlərinin öyrənilməsində istifadə edilirsə, Veberin metodoloji nəzəriyyələrinin əyani təzahürünü bizlər intervülərin geniş istifadəsində görə bilərik, çünki o, belə üsulun məlumat toplamağın ən güclü üsullarından biri hesab etmiş, onu populyarlaşdırmışdır. Dürkheym isə sosial məsələlərin istifadəsində statistik məlumat mənbələrindən istifadənin lazımlılığını qeyd etmiş, bu sahədə böyük səs-səda doğuran tədqiqatlar aparmışdır. Dürkheymin bu nəzəriyyəsinin aktuallığını sübut etmək üçün qeyd etmək kifayətdir ki, müasir dövrdə sosial elmlərin bütün qollarında statistik məlumat mənbələrindən geniş istifadə edilir. Bu siyahını uzatmaq da olar.

sosioloji nəzəriyyələr

Bu şəxslərin digər fərqləndirici xüsusiyyəti isə bundan ibarətdir ki, onların işləri tək sosiologiya yox, sosial və humanitar elmlərin digər sahələrini də əhatə edir. Təbii ki, bu da bu dahilərin populyarlığının, aktuallığının səbəblərindən biri olmaqla yanaşı, onların intellekt və təhlil qabiliyyəti səviyyəsinin yüksəkliyindən xəbər verir. Marksın işləri siyasi iqtisadiyyat, iqtisadiyyat, siyasət, sosiologiya, kriminologiya və tarix sahələrini əhatə edirsə, Veberdə bunlardan əlavə metodologiya, idarəetmə hüquq, mədəniyyət və dinə də rast gəlmək olar. Dürkheymin elmi irsində də bunların bir çoxuna rast gəlmək olar. Hətta mən deyərdim ki, hər üç şəxsin işlərində psixologiya ilə maraqlananlar üçün də olduqca faydalı məlumatlar vardır. Məsələn, hər üç şəxs də ətraf mühitin fərdin dərrakəsi, özünü dərketmə və digərlərini qiymətləndirməsi kimi cəhətləri üzərindəki təsirini nəzərdən keçirmişlər.

Bu şəxslərin nəzəriyyələri müasir sosioloqların elmi fəaliyyəti və irəli sürdükləri nəzəriyyələrə bu və ya digər formada təsir etmişdir. Buna görə də hesab edirəm ki, bu dövrdə istifadə etdiyimiz, eyni zamanda da dövlət siyasətinin formalaşmasında təsirli olan nəzəriyyələrin kökü böyük ölçüdə Dürkheym, Veber və Marks üçlüyünə gedib çıxır. Əhalinin sosial rifahının yaxşılaşdırılmasının kökündə çoxsaylı sosioloji nəzəriyyələrin durduğunu nəzərə alsaq, sosioloji nəzəriyyələrin dəyərini daha yaxşı anlaya bilərik.

Qeyd etdiyim kimi, kitabımın bir neçə eksklüziv cəhəti var ki, onları qeyd etmək istəyərdim. İlk olaraq, ölkəmizdə istifadədə olan sosiologiya dərsliklərində Dürkheym, Marks və Veber haqqında müxtəlif həcmlərdə məlumatlar olsalar da, bu üç şəxsin işlərinin birlikdə toplandığı kitab yox idi, və məhz bu boşluğu doldurmaq məqsədlərimdən biri idi. Bundan başqa, mövcud olan ədəbiyyatlarda Dürkheym haqqında digər şəxslərə nisbətdə daha az məlumat var idi ki, kitabım vasitəsilə bu boşluğun müəyyən qədər doldurulmasına çalışdım. Kitabımım digər bir eksklüziv cəhəti isə bundan ibarətdir ki, hər üç dahinin işlərinin nöqsanları, tənqid edilən məqamları da burada əks edilmişdir ki, bunlar da, oxuculara bu elmin ataları haqqında daha dolğun məlumat almağa kömək edir.

Sonda isə, kitabıma maraq göstərən hər bir kəsə dərin minnətdarlığımı bildirmək istəyərdim. Qarşıdan gələn imtahan sessiyasında bütün sosioloqlara uğurlar arzulayıram!