Şouda mənəvi dəyərlər yox, ancaq səs-küy olur

193 Baxış

alim1“Şəxs əvəzliyi” layihəsi çərcivəsində Alim Qasımovun müsahibəsinin ikinci hissəsini təqdim edirik.

 

Əvvəli burada:

I hissə

– Qarabağ məsələsi ilə bağlı münasibətinizi bilmək istəyərdim.  Xan Şuşinski, Üzeyir Hacıbəyovun, Bülbülün vətəni olan Qarabağda da muğam sənəti yaxşı inkişaf edib. Hal-hazırda isə o ərazilər ermənilərin işğalı altındadır. Sizin üçün bu ərazilər-Qarabağ nə anlam daşıyır?

 

– Orada gözəl səslərin yetişməsində havanın, suyun, təbiətin çox böyük rolu olub. Ancaq təəssüf ki, Qarabağ işğal altındadır. O da siyasətin qurbanı oldu. İndi İnşallah aparılan siyasətin nəticəsində davasız-şavasız  torpağımızı geri alacağıq. Cavanların orda tələf olması biz azərbaycanlıları sevindirməz. İnşallah, dua edək ki, yenidən o torpaqlarımız salamatçılıqla, hökümətimizin düzgün siyasəti və qayğısı ilə özümüzə qayıtsın. Biz gedək öz torpaqlarımızda hava alaq, su içək, insanların orada xoşbəxt yaşadığını görək.Bu da Azərbaycana xoşbəxtlik gətirən xoş günlərindən biri olsun.

 

– Son zamanlar xalqımızın bəzi nümayəndələrində sanki bir unutqanlıq var. Hətta tarixi şəxsiyyətlərimizdən belə imtina olunur ki, yox bunlar bizim deyil.  Bizə aidiyyətlari yoxdur. Məsələn, Babəkin, Şah İsmayıl Xətainin bu sırada adlarını çəkmək olar. Hazırda Qarabağı görməyən və həmçinin yeni doğulmuş körpələrdə Qarabağ unutqanlığı varmı və ya ola bilərmi? Əgər olarsa, bunun qarşısını necə ala bilərik?

 

– İnşallah, torpaqlarımız qaytarılsa, gərək orada Azərbaycanın elə bir guşəsi yaradılsın ki, cavanlarda o yerlərə məhəbbət yaransın. İnistitutlar, kolleclər ora köçsün. Müəyyən gözəl obyektlər tikilsin, gözəl guşələr yaradılsın ki, oranı görməyən cavanlar oradan bir mənəvi eşq alsın, ora bağlansın. Bu məhəbbətlə oranı unudan adamların yenidən yadına sala bilərik. Qarabağın işğalı jəm mənəvi, həm də maddi baxımdan bədənimizin bir əzasının yox olması kimi bir şeydir. Əlbəttə ki,  tamlıq olanda, demək daha üzü ağ yaşaya bilərik.

 

– Alim müəllim, bir sual da verim sizə. Deməli ölkədə mədəni səviyyənin yüksəlməsi üçün kitabın musiqinin hazırda nə qədər önəmi var?

 

– Bu baxımdan, mənəvi cəhətdən mənə elə gəlir ki, biz keçmişi götürsək azdı. Çünki hər şey çox gözəlləşib, amma o gözəlliyin qarşısında mənəviyyat bir az cılızlaşıb. Çünki hamı tez bir zamanda, həm özündə, həm yaşayışında o gözəlliyi, yüksək səviyyəni qurmaq istəyir. Bu mədəniyyət deyil. Mədəniyyət insanın öz-özü ilə oturub-durmağıdır. Oxuduğu kitablar, qulaq asdığı musiqilərdir.Bir-biri ilə ünsiyyətidir. Onlar bizdə çox azalıb. Onu da insanlara həm televizor vasitəsilə, həm radio vasitəsilə biz təbliğ etməliyik. Gözəl hala gətirməliyik. Gülmək, insanların üzündə təbəssüm, demək olar ki, yaddan çıxıb. Aiələlərin bir-birinə gediş-gəlişi unudulub, qohumluq əlaqələri zəifləyib. Bu da bizdən asılı deyil. Çünki indi  texnika çox inkişaf edib. Yəni texniki avadanlıqlar insanları və insanlığı bir-birindən uzaq salır.  Bizim təbliğatımız indi ondan ibarət olmalıdır ki, insanlar bir-biriləri ilə ünsiyyətdə olub, söhbət etsinlər, ailəvi gediş-gəlişlər bərpa olunsun. Bunlar əgər olmasa, gələcəkdə çox problemlər yaranacaq.

 

– Gənclərin son dövrdə kitaba marağını necə qiymətləndirirsiniz?

 

– Vallah, mən özüm də çox kitab oxuyan olmasam da, arada imkan edib bir kitab oxuyuram və mənəvi rahatlıq tapıram. Amma əvvəlki səviyyəyə baxanda indi kitab oxuyanlar, mənəvi qida mənbələrinə üz tutanlar azdı. İndi hamı şouya qaçır. Amma o şouda mənəvi dəyərlər yoxdu, ancaq elə səs-küy olur. Evə gəlib, görürsən ki, heçnə qazanmamısan və əli boşsan. Çox istəyərdim ki, onlar kitab oxusunlar, mənəvi qidalarını kitablardan, gözəl musiqilərdən alsınlar.

 

– Bu yaxınlarda Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ideya müəllifi Şəmil Sadiq olan “Oxu günü” keçirildi. Məqsəd kitablara, oxumağa, maariflənməyə çağırış idi. Bu kimi təbliğatlar tez-tez olarsa, nəsə gözləməyə dəyərmi?

– Bizim yaxşı oxuyanlarımız var. Mən demədim ki, oxumağa maraq təmiz itib. Elə gənclərimiz var ki,oxuyurlar. O təbəqənin üzərinə çox şeylər düşür.  Yeni gələn nəsli, uşaqları mədəniyyətə, mənəviyyata cəlb etmək lazımdır. İntellektual, savadlı, inkişaf etəmiş gənclərimiz var. Dünyanı dərk edə bilən elmli, savadlı təbəqə yaranıb. Amma o təbəqənin üzvləri bütün xalqda olsun. Hər evdə, hər qonşuda heç olmasa bir dənəsi olsun. Rayonlarımızda çox zehinli insanlarımızın olması vacibdir. Biz elə etməliyik ki, orda çox yaxşı yaşayış olsun. İnsanlar orada yaşasın. Hamı Bakıda yığılmasın. Əsas məsələ ondan gedir ki, mədəniyyət kənddən başlayır, şəhərdən yox.

 

– Sizə görə rayonlarda müəyyən qurğular yaradılmalıdır, fabriklər, zavodlar tikilməlidir ki, əhali orda yaşasın.

 

– Bəli, oranın vergisidi, işığıdı, suyudu bu o dərəcəyə çatmalıdır ki, burada onu ödəyə bilməyən, getsin öz kəndində heyvanın saxlasın. Artıq imkanı olarsa, oranı tapşırsın başqasına, özü başqa işlə məşğul olsun. Rayonlarda heyvan olmalıdı, süd olmalıdı. Ora gedəndə o gözəlliyi görmək, duymaq lazımdır. Yoxsa ki, kimsə əlinə fürsət düşən kimi, salıb çılğınlığına ata-baba yurdunu buraxaraq, qaçır şəhərə. Nə var ki, bu şəhərdə yaşamalıdır. Buna görə də şəhər dolub. Çox qarışıqlıq mövcuddur. Bir-birini tanımırlar. Şəhərə dünən gəlib, istəyir ki, yüzillərlə şəhərdə yaşayan adamın yaşayışını yaşasın. Deyir mən də belə olmalıyam. A bala, sən, hələ dünən gəlmisən. Bu adam yüz ilə yaxındı yaşayır və o artıq şəhər mühitinə alışıb. Təəssüf ki, kreditlə və ya başqa hansısa yolla  o halı yaşamaq istəyirlər. Amma sonradan zülmə düşürlər. Nə geri qayıda bilir, nə də burada özünə yer edə bilir. Sonrada ölkəni təhqir eləməyə başlayır, deyir,  ay mən dolana bilmirəm, ay bu nə yaşayışdı. Onların birbaşa şəhərə axını bəzən ünsiyyət problemləri də yaradır. Bir çox hallarda davranış qaydalarının pozulması ilə nəticələnir. Birdən-birə düşüb bura və artıq bilmir nə etsin. İstəyir şəhərə uyğunlaşsın, beləcə yaşasın. Amma uyğunlaşa bilməyəndə, qaydalarla yaşaya bilməyəndə əsəbləri pozulur, gərgin olur, borca düşür, borc alır, vermir. Bunlar çox acınacaqlı problemlərdir.

 

– Onlara görə, digərlərinə gorə kitabların musiqinin bir anlamı var mı?

- Xeyr. Qətiyyən. O həvəsdə olan adamların kitabla əlaqəsi ola bilməz. Onları işlə təmin etmək və kəndlərdə, rayonlarda yaşayanların yaşayış səviyyəsini nizamlamaq lazımdır. Mənə elə gəlir ki, onlar kənddə özləri üçün qəşəng ömür sürərlər, nəinki burda çapalamaqla.

 

– Bizə görə dünya şöhrətli muğam ifaçısı, əksər ölkələrdə Azərbaycanı təmsil etmiş, vətəninə bağlı insan olan Alim Qasımov özünə görə kimdir?

Mən özümə görə adi, bir kəndçi baba (gülür). Kənddə elə toyuqlara, heyvanlara, itə, pişiyə baxan adamam. İnsan nədirki? İnsan heçnədir. İnsan Allahın quludur. İnsan yaranıb ki, insanlara xoş münasibət göstərsin, insanların zövqünü oxşasın, insanlara xidmət etsin. Bunlar yoxdursa, demək heç nə yoxdu, həyat yoxdu. Bu hisslər varsa, demək həyat var. Gecə-gündüz özümüzə tərbiyə edirik ki, Allah bizi bu işlərdən uzaqlaşdırmasın. Əsas da sadəlikdən. Biz nə üçün gəlmişiksə, bizə onu Allah aşılasın, biz də Allahın xoşuna gələn ömür sürək.

 

–  Alim müəllim, özünüz haqqında öz fikrinizdir. Fərd kimi götürsək ona görə, onun mövqeyindən özünüzü necə qiymətləndirərsiniz?

 

– O, deyəcək ki, Alim Qasımov adama salam vermir, artıq çıxıb özündən. Yəni kənardan elə görünə bilər. Çünki belə bizim fikrimizcə bir insan onun hörməti, danışığı, dolanışığı varsa, demək o insanlıqdan çıxıb. Amma bu belə deyil. Elə insanlarımız var ki, deyir ağac bar verəndə başın yerə salar. Elə insanlar görürəm ki, mən o insanların yanında əriyirəm ki, mən, (gülür) hələ bu dərəcəyə gəlib çıxa bilməmişəm. Min dəfə məndən gözəl həyatı var, yaşayışı var, amma mən görə bilmədiyimi o, məndən yaxşı görür.

 

–        Onlara görə götürsək bəs? Yəni, ümümi onlara görə Alim Qasımov kimdir?

 

–        Vallah, elələrindən nə deyim Onların öz şəxsi işləridir. Kimin ağlına nə gəlsə, onu da deyəcək.

 

– Yekun olaraq, son sualımı verim. Alim Qasımov artıq məktəb formalaşdırır. Bildiyimiz qədər Fərqanə xanım sizin sənətinizin davamçısıdır. Bu məktəbdən Elnarə Abdullayevanı da tanıyırıq ki, o da sizin tələbəniz olub. Sualım isə budur ki, bu məktəbi rəsmiləşdirmək haqqında düşünürsünüzmü və ya düşünübsünüzmü?

 

Elnarə, Ağaxan müəllimin tələbəsi olub. Mənim də kasetlərimdən müəyyən qədər şeylər götürüb. Özü də deyir ki, Alim Qasımovun tələbəsiyəm. Ola bilməz ki, məndən bir oxuyan qidalana bilməsin. Çünki mən də sənətini sevənlərdən qidalanmışam. Yəqin mənim də kasetlərimə qulaq asıb qidalanıblar. Bu ola bilər. Vacib də deyil, mənimlə görüşsünlər. Uzaqdan izləməklə də insan nəsə öyrənə bilər. İnternetdə, bütün telefonlarda demək olar ki, mənim ifama aid nəsə var. Televizorda oxumuşam, dərs keçmişəm. Yəni öyrənən oğul var ki, vallah heç mənə də salam veməz, gedər kənddə oturar üç-dörd ilə elə öyrənər ki, olduqca möhtəşəm. Sadəcə ona bir ilham lazımdır. Allahın eşqi varsa, İnşallah ki, o yetişəcək, o özünü Azərbaycan xalqına təqdim edəcək, görsədəcək.

 

– Zaman ayırdığınız üçün təşəkkür edirəm. Çox xoş oldu sizinlə həmsöhbət olmaq.

– Təşşəkürlər bizə də çox xoş oldu.

 

Söhbətləşdi: Elçin Əfəndi

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10