Sovet ədəbiyyatımızın sonuncu “general”ı

50 Baxış

Huseyn_Abbaszad-32423423

“Xatırlanasılar”

Rövşən Yerfi

Xatirimdədir, hörmət bəslədiyim yazıçılardan biri olan Hüseyn Abbaszadə ilə bir neçə dəfə Yazıçılar Birliyinin pilləkənlərində rastlaşmışam. O, ahıl yaşlarında da qıvraq idi. Çöhrəsindəki nur isə qarşılaşarkən adama xoş təsir bağışlayırdı.

Hüseyn Abbaszadə 1922-ci ilin noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. İkinci Dünya müharibəsi başlananda orta məktəbi bitirdiyinə görə dərhal səfərbərliyə alınmışdır. Əvvəl Şimali Oafqaz cəbhəsində, daha sonra isə Leninqrad və Ukrayna cəbhələrində zabit kimi döyüşlərdə iştirak etmişdir. Müharibənin sonuna yaxın, o, ağır yaralanmış, müalicədən sonra tərxis olunub Bakıya qayıtmış, Azərbaycan Dövlət Teatr İnstitutunda teatrşünaslıq fakültəsində təhsil almışdır.

Yaradıcılığa şeirlə başlamış, “Şanlı bayram” adlı ilk şeiri 1940-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur. Ədəbi fəaliyyətini müharibə illərində cəbhə qəzetlərində davam etdirmiş yazıçı o vaxtdan jurnal və qəzetlərdə vaxtaşırı çıxış etmişdir. Hələ tələbə ikən 1949-cu ildə “Sınaq illəri” adlı ilk kitabı çap olunmuşdur.

Hüseyn Abbaszadə altımışıncı illərdən başlayaraq yaradıcılığında dönüş edərək ədəbi fəaliyyətini bütünlüklə nəsrə həsr etmiş, ard-ardınca hekayələr, povestlər, romanlar yazmağa başlamışdır.

Əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri vəzifəsində başlayan yazıçı sonrakı illərdə “Göyərçin” jurnalının və “Ədəbiyyat qəzeti” redaksiyasının baş redaktoru işləmişdir. 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir.

Yazıçının otuz beşdən artıq kitabı çap olunmuşdur. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə  edilmişdir. 1973-cü ildə hekayəsi əsasında “Dənizə çıxmaq qorxuludur” adlı film çəkilmişdir. Bundan əlavə həm də 1975-ci ildə çəkilən “Dörd bazar günü” filminin ssenari müəlliflərindən biridir. O, 1979-cu ildə “Əməkdar incəsənət xadimi” adını almış, 1984-cü ildə isə Dövlət Mükafatı laureatı olmuşdur.

Böyük yazıçı 2007-ci ildə 85 yaşında vəfat etmişdir.

Onun “Ləpədöyəndə”, “Evə kölgə düşür”, “Burulğanlar”, “Qayıdanlardan biri” adlı əsərləri  oxucular tərəfindən ən çox sevilənləridir. Yazıçının yaradıcılığı ilə ilk dəfə on yaşımda “Uzaqdan gələn qonaq” povesti ilə tanış olmuşam. O zaman bu əsər məni çox təsirləndirmiş, müharibə mövzusuna, xüsusilə azərbaycanlıların faşistlərə qarşı partizan hərəkatındakı mübarizələrinə maraq oyatmışdı. Odur ki, bu qəbildən olan “Haradansınız, müsyö Abel” kitabını da eyni həvəslə oxumuşdum. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Həzi Aslanovdan bəhs edən “General” romanı isə Hüseyn Abbaszadə yaradıcılığının ən uca zirvəsidir desəm yanılmaram.

Görkəmli nasir 1991-ci ilin yayında “Xalq yazıçısı” adına layiq görülmüşdür. Bu yüksək fəxri adı sovet dövründə alanlar arasında sonuncu olduğundan – elə bu səbəbdən Hüseyn Abbaszadənin özünü də Azərbaycan sovet ədəbiyyatımızın sonuncu generalı hesab etmək olar.

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10