Soyuq gecələrdə keçən uşaqlıq – Nuranə Tağıyeva

25 Baxış

141490_8abjz0ifwf

UNUDULMAZ TÜRK ƏDİBİ TEZƏR ÖZLÜNÜN XATİRƏSİNƏ

Ölümün gözlərinə dik baxan qadın, nur içində yat…

23 may 2019. Havalar günbəgün isinir. İşlədiyim müəssisədə mənə verilən masa və kompüter. Masamda çox sayda qeydlər və Tezər Özlünün “Uşaqlığın soyuq gecələri” adlı kitabı. Kompüterimdə yazmaqda olduğum “İntihara sürüklənən qələmlər” kitabımın fayl versiyası. Gecələr kağız üzərində yazdığım dağınıq cümlələri işdən fürsət tapdıqca kompüterimə köçürürəm. Təbii ki, həmişə olduğu kimi, eyni anda bir neçə şeyi düşünürəm. Beynimi məşğul edən fikirlərdən biri də elə həmin kitabdır. İntihar edən ədəbiyyatçılar haqqında hal-hazırda yazdığım kitabımda Tezər Özlüyə ayırdığım hissəni çoxdan tamamlamışam. Lakin mən hələ də bu kitabı oxumamışam. Öz-özümə deyirəm ki, mümkün qədər tez bir müddətdə oxumalıyam. Açığı, oxumağa da çəkinirəm. Çəkinməyimin əsas səbəbi isə budur: görəsən, indiyə qədər tanıdığım Tezər fərqli bir şəkildə çıxarmı qarşıma? Araşdırdığım qədər uşaqlığını, gəncliyini, ailəsini, ərini, dostlarını yazıb bu kitabda. Mənim indiyə qədər tanıdığım Tezər yetkin, nə istədiyini bilən, öz xəyal dünyasına qovuşub, sonda da yox olan bir Tezərdi. Birdən alt-üst etsə bu kitab fikirlərimi!..

Bu düşüncələrin məni daha çox məhkum etməsinə, əlbəttə ki, imkan verə bilməzdim. İşdən çıxdım, maşınıma oturdum və sevgilimlə birlikdə yaşadığım evə getdim. Ev təkdir. Mənimlə çoxalacaq. Bir neçə mən ilə qarışacağam evə. Çox həyəcanlıyam. Qorxularım həyəcanıma qarışıb. Evə qalxdım. Özümə çay qoydum. Səkkizə on dəqiqə işləyib. Evdəki tək masada oturdum. Əvvəlcə kitabımda Tezər haqqında indiyə qədər yazdıqlarımı oxudum. Sonra 65 səhifəlik həmin kitabın səhifələrinə göz gəzdirdim. Beləliklə, artıq özümə dur deyə bilmədim. Və başladım. Həmişə olduğu kimi, marağım qorxularıma qalib gəldi.

Kitabın əvvəllərində hər şey qaydasında idi. Qorxularım yavaş-yavaş öz təsirini itirirdi. Digər kitablarında qısa-qısa da olsa yazdığı uşaqlığından, heç yaşamaq istəmədiyi, amma uşaqlığının keçdiyi kənd həyatından, ailə problemlərindən, xırda burjua sinfinə məxsus, vətəninə bağlı atasından və indiyə qədər heç söhbət açmadığı, həyat yoldaşı və uşaqları qarşısında üzərinə düşən vəzifələri yerinə yetirməkdən başqa qayəsi olmayan anasından bəhs edirdi.

“… Atamla anam arasında, demək olar ki, heç bir istilik və sevgi yoxdur. Anam açıq şəkildə büruzə verir ki, onu heç vaxt bir kişi kimi sevməyib. Bütün xırda burjualar kimi, məsuliyyətlərinin zəruriliyi ilə bir-birilərinə bağlıdırlar. Hər səhər və hər gecə o qədər sevgisizdirlər ki…”

Bu sətirlər mənə bugün də öz mövcudluğunu qoruyan ənənələrimizi xatırlatdı. Həmçinin, bərabər yaşamaq məcburiyyətində olduqları ailələrindən və ailələrinin onlara təqdim etdiyi evlərdən, evlərdə onlara ayrılan dar otaqlardan, şənbə-bazarların sıxıcı qohum-əqrəba çaxnaşmalarından, müəyyən saatlarda verilən azadlıqlardan, davamlı ürək sıxıcı qeybətlərdən, evlilik kimi məcburi təzyiqlərdən, özlərinə aid olmayan həyatlara boyun əyməkdən qaçan uşaqları, gəncləri, yetkinləri xatırlatdı.

“O illər öldü. O illəri zehinlərimizdə öldürəcək şəkildə yaşatdılar bizə”.

Onlara təklif olunan bu mənasız həyatdan qaçmağın bir yolu kimi gördükləri sevgisiz evlilikləri xatırlatdı. Sevgisizlikdən doğan uşaqları. Uşaqların sevgisiz, qarmaşıq və boğucu başlayan həyatlarını.

“Arxa küçələrdə olan evlərdəki kimi, bizim evimizdə də bazar günləri dözülməz bir təntənə yaşanır. Demək olar ki bütün ailə fərdləri evdə olur. Atam, bazar günləri pijamalarını heç əynindən çıxartmır. Hamam isə bazar günləri heç boşalmır. Növbə ilə çimirik. Bazar günləri axşam saatlarına yaxın dava-dalaş çıxır. Biz üç uşaq üçümüz də bu evdən dərhal uzaqlaşmaq üçün böyük səy göstəririk. Kənarda, həyatın səs-küyündə və ya başqa evlərdə, başqa insanlarla yaşamaq bizə daha cazibədar gəlir”.

Bütün orta sinif, ailələrinin təzyiqi ilə kor-koranə evlənən şəxslərin hər yaşda uşaqlarına təqdim edə biləcəyi həyat bundan ibarətdir. 2 otaqlı bir evə, 3 fərqli ruhu, gözü, döyünən ürəyi, nəfəs alan canlını nə haqla soxursan, ey kişi, ey qadın! Sizin iki dəqiqəlik kefinizin qurbanımı olmalıdır hələ doğmamış zavallılar?! Atalarımız nə gözəl deyib: yorğanına görə uzat ayağını. Yorğanınıza görə yaşayın zövqlərinizi… Daşdırmayın bardağını şərabın!!!

“Bazar günləri … İndi … Həmin küçələrdən keçərkən .. gözümə pijamalı ailə başçıları ilişərsə, qışda, yağışlı tutqun günlərdə yanan sobanın bacalarına ilişərsə gözlərim… evlərin pəncərələri buxarlanıbsa … otaqların içində asılan çamaşırları görürəmsə .. buludlar islanmış kirəmitlərə yaxındırsa, yağış çisələyirsə, radiolardan birbaşa futbol oyunları yayımlanırsa, mübahisə edən insanların səsləri küçələrdə eşidilirsə, getmək, getmək, getmək, getmək, getmək……istəyirəm həmişə”.

Saat 20:18. Tez-tez siqaret çəkirəm. Qəzəblənirəm. Sanki biz ondan fərqlimi yaşadıq uşaqlığımızı, gəncliyimizi deyə düşünürəm. Kitab elə təsir edib ki mənə, sanki cansız kağız parçası olmaqdan çıxıb, sətirlər canlanmağa başlayıb. Qəzəbimin digər və ən əsas səbəbi illər öncəsi ilə indi arasında heç bir fərqin olmamasıdır.

“İllər sonra, səhərin ilk işığında ibtidai sinif uşaqlarının yaddaşımdan silə bilmədiyim vətən şeirlərini əzbərləyərək, qara paltarda məktəbə getdiklərini görəndə, nəmli İstanbul səhərlərində… – Heç bir yanlış dəyişmədi, deyə öz-özümə heyfislənərək düşünürəm”.

Dəyişməyən qaydalar, insanlar, hərkəsdən, hərşeydən çox sevdiyimiz analar, atalar. Həyatı dərindən dərk etməyə başlayan gənclərin, uşaqların xəyallarındakı həyat standartlarıyla gerçək həyatları arasındakı o dərin uçurumlar. “Həyat, indi yalnız dərk edilməli və anlaşılmalıdır; lakin onu yaşamağı, həqiqətlərini dərk etməyi gələcək illərə atılan yad bir element kimi qarşımıza qoydular”.

Nə edəcəyini bilməyən sərsəri gənclik. Getmək üçün, yaşamaq üçün bir çox yer, bir çox ölkə varkən, kənd həyatından çıxa bilməyən kəndli ruhları. Gəzib dolaşıb “kürkçü dükkanına geri qayıtmaları”… Bütün bunlar beynimin içində bir-biriləriylə yarışırlar. Qəzəbim çoxaldıqca kitaba sarılıram, səhifələr irəlilədikcə alt-üst oluram.

Bir sıra uşaqlıq vəsvəsələri insanı hər yaşda narahat edir. Doğrudan da, bir gün övladım olsa, onu həyatın geniş qoynuna necə buraxacağımı, insanlarla necə qaynaşdıracağımı, necə tərbiyə edəcəyimi, nəyi öyrədib nəyi qadağan edəcəyimi bu yaşa gəlməyimə baxmayaraq, hələ də bilmirəm. Onu çətinliklərdən, təklik qorxusundan, mənəvi problemlərdən necə qoruyacağımı da. Doğulduğu andan etibarən ona təqdim edəcəyim həyatı ömrünün sonuna qədər verə biləcəyəmmi? Bəlkə də yetkin yaşa çatana qədər kimi, nəyi, niyə bilmək istədiyini dərk edənə qədər heç bir film izlətməyəcəyəm və heç bir kitab oxumasına, xüsusən, də qərb ədəbiyyatı ilə tanış olmasına icazə verməyəcəyəm. Gecələri tez-tez çölə çıxaracağam, gecələrin mənasızca şüuraltımıza yerləşdirilən qadağanlığını tətbiq etməyəcəyəm, gecələrin də hər şey kimi bəşəriyyət üçün mövcud olan həyatın bir parçası olduğunu öyrədəcəyəm, bəlkə də heç saat anlayışı olmayacaq. Parka aparacağam, ucsuz-bucaqsız dənizləri seyr etdirəcəyəm, konsertlərə gedəcəyik, bolca rəqs edəcəyik. Qadağalarla, yuxusuz gecələrlə, səhərə qədər valideynlərinin izlədiyi müxtəlif filmlərlə böyüməyəcək. Gündəlik əyləncələri olacaq. Gözləri yorğunluqdan kortəbii şəkildə bağlanacaq. Lazımsız şeylərdən mümkün qədər uzaq duracaq. Bəlkə də tənhalıqla çox erkən yaşlarda tanış edəcəyəm. İnsanın tək tənha bir varlıq olduğunu Çezare Pavesenin bacısı Letizianın Tezər ilə görüşdüyü yaşda dərk etməyəcək. Bunları niyə yazdığımı bilirsinizmi? Kitabı oxuduqca, Tezərin uşaqlığı ilə yaxından tanış olduqca bir şey beynimi qurcalayır. Görəsən, valideynləri onun ilk intihar cəhdini necə şərh ediblər? Qızlarına ruhi xəstə diaqnozu qoymazdan əvvəl onunla danışmağa səy göstəriblərmi? Bir balaca qızcığazın şımarıqlığımı dedilər adına? Problemin mənbəyini uşaq yaşlarında oxumağa icazə verdikləri Zolya, Turgenev, Çexov, Şiller, Göte nəhəng yazıçıların təxəyyülləri ilə əlaqələndirdilərmi? Ya da “Vasitəçi”, “Milan möcüzəsi”, “Velosiped oğruları” kimi Anadolu türklərinin gündəlik həyatlarını əks etdirməyən, Avropa şəhərlərinə, heç tanımadığı o şəhərlərə həsəd doğuran filmlərlə?! Yəni intihar cəhdindən özlərində də günah axtardılarmı? Bunu bilməyi çox istərdim… Yaşamaq istəyirdi, yaşamağın nəfəs alıb verməkdən ibarət bəsit bir anlayış olmadığını müdafiə edirdi.

Valideynlərini günahlandırarkən bir yandan da içimdəki o düzgün çağırışa qulaq asıram. Bəlkə onlardan daha ağıllıydı deyirəm. Çünki var belələri. Hər şeyi hər kəsdən daha çox dərk edən uşaqlar və gənclər var.

Gecə 23:47. Son səhifədəyəm. Demək olar ki, fasiləsiz oxumuşam. Sonuncu sətirdə böyük təsir altında olduğumu başa düşdüm. Yorğunluqdan yuxum da gəlirdi. Beynimdəki fikirlərlə zehnim ayıq yatmaq istəmirdim. Yuxumu qaçırmaq və biraz daha düşünmək üçün özümə bir fincan qəhvə hazırladım. Qəhvə hazırlarkən içimdən bir səs: “Sən qadın Tezəri yazırsan, uşaq və gənc Tezəri yox”, – dedi. O an ürəyimin rahatladığını hiss etdim. “Uşaqlığın soyuq gecələri” haqqında fikirlərimi bir neçə sitat gətirmək şərtilə kitabımda bölüşməmək qərarına gəldim..

Bu yazıda yer verilən bütün tünd qara sətirlər Tezər Özlünün “Uşaqlığın Soyuq Gecələri” adlı kitabından sitat gətirilib.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10