“Sözsüz” növbəti beynəlxalq teatr festivalına gedir…

2 Baxış

Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalından uğurla qayıdan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının digər yaradıcı heyəti bu gecə növbəti  festivalda iştirak etmək üçün yola düşür. Bu dəfə kollektiv Litvanın Vilnus və Visaginas şəhərlərində keçiriləcək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əsasən kollektiv bir sıra beynəlxalq teatr festivalında uğur qazanmış S.Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı – Əməkdar Artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən – 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdiriləcək. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstəriləcək.

Məlumat üçün bildirək ki, “Atspindys” festivalı ADGTT-nın  89-cu teatr  mövsümdə iştirak edəcəyi  ikinci beynəlxalq festivaldır. Teatrın cari ilin noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.

Bölmə : Teatr