“Sözün bitdiyi yer” sərgisi keçiriləcək

24 Baxış

sergiFevralın 24-ü Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı  soyqırımına həsr olunmuş “Sözün bitdiyi yer” adlı tədbir-sərginin açılışı olacaq. Muzeydən Kult.az-a verilən məlumata görə, sərgi Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” 26 yanvar 2015-ci il tarixli 6 nömrəli Sərəncamına uyğun olaraq təşkil olunub. Sərgidə ilk dəfə olaraq mərhum gənc rəssam Cavid Bayramlının Xocalı faciəsini əks etdirən əsərləri, muzeyin fondunda saxlanılan bu mövzuya aid sənədlər nümayiş olunacaq.

Həmin əsərlər Cavid Bayramlının qohumları tərəfindən muzeyə daimi mühafizəyə təhvil verilib. Cavid Bayramlı 1992-ci il iyul ayının 30-da miniatürçü, dulusçu Ədalət Bayramovun ailəsində dünyaya gəlib. 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Cavid Bayramlı keramika bölməsində təhsil alırdı. Gənc rəssam 2014-cü il yanvarın 25-də Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması nəticəsində faciəli şəkildə dünyasını dəyişib. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidi, Qarabağ əlili Surxay Quliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ və tətbiqi sənət kafedrasının dekanı, dosent İmran Kərimov və digər qonaqlar  çıxış edəcəklər.

Bundan başqa, sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin üzvləri tərəfindən Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq. Tədbirdə Xocalı faciəsinin şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Turizm İnstitutunun tələbələri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili  Qoşunlarının əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10