Sözün mühacirəti

89 Baxış

ktab4

Azad Qaradərəli

(Fransada mühacir həyatı yaşamış yazıçımız Ümmülbanu –Baninin “Qafqaz gün günləri” romanının “XAN” nəşriyyatında çapdan çıxması münasibətilə)

 

1920-ci ildə  təkcə müstəqil dövlətimizi  itirmədik, həm də müstəqil sözümüzü itirdik. (O vaxtdan 95 il keçib, hələ də o itkin sözümüzü axtarır, tapa bilmirik.) Bolşeviklər həqiqi sözün sahibləri Cavidi, Cavadı, Müşfiqi gedər-gəlməzə göndərdilər. Bir az əlli tərpənənlər isə ölkə dışına qaçdılar – sözümüz də mühacirətə getdi. M.Ə.Rəsulzadə ilə bərabər  Mirzəbala Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,  Almas İldırım, Səməd Ağaoğlu və Ümbülbanu – Banin…

Bu günkü söhbətimiz Ümmülbanu və onun “Qafqaz günləri” əsəri barədədir. Bir ehtimala görə  görkəmli  rus ədibi, Nobel ödülçüsü Buninin şərəfinə özünə Banin  (həm də fransızca Ümbülbanunun rahat deyiliş tərzi)  təxəllüsü götürən Ümbülbanu iki nəhəng Bakı milyonçusu Şəmsi Əsədullayevlə Ağamusa Axundovun nəvələridir. Bakı bolşeviklər tərəfindən işğal edildikdən sonra  o, atası Mirzə Əsədullayevlə  bərabər (atası müstəqil  hökümətin nazirlərindən idi) Fransaya mühacirət edir. Hələ Bakıda keçən uşaqlıq illərində Ümmülbanu aldığı Avropa təliminin verdiyi imkanlara görə  bir neçə xarici dil öyrənmiş,  rus və dünya ədəbiyyatını dərindən mənimsəmişdi. Avropaya mühacirətə gedəndə demək olar ki, onun adaptasiya problemi olmadı – zatən aldığı təlim-tərbiyə gənc xanımı  buna hazırlamışdı.

Ümbülbanu Parisdə həm təhsilini artırır, həm də yaşamaq üçün bir sıra peşələrə yiyələnir. Son dərəcə gözəl və qamətli olması ona model olmaq imkanı da qazandırır. Amma onun əsl peşəsi içində qövr edən yurd və torpaq həsrətindən doğan yazıçılıq idi. (Onun əsərlərini oxuyanlar yazıçını vətənpərvər olmamaqda təqsirləndirə bilərlər, halbuki elə onun lik əsəri olan “Qafqaz günləri” bu fikirlərin nə qədər dayanıqsız olduğunu sübut edir. Bəli, Ümbülbanu “mən vətənimi sevirəm!” deyib  qışqırmır, amma vətənini kəm-kəsirləri, çatızmazlıqları  ilə bərabər sevir.) Ki, bir qədər sonra o qələmə sarılaraq özünün ilk iri həcmli əsərini – “Qafqaz günləri” (“Jours caucasines”) memuar romanını yazır. 1946-cı ildə Parisdə çap olunan əsər müəllifinə uğur qazandırır. Tanınmış qələm adamları Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yünger romanı oxuyub müsbət dəyərləndirirlər. Elə Buninlə ilk tanışlığı da bundan sonra başlayır.

banbanin  Əsər başlar-başlamaz müəllif  öz nəslini (əslində burada söhbət neft pulları ilə varlanan bütün Bakı milyonçularından gedir) kəskin tənqid edir, onları neft pulları ilə varlanan adi qoyun otaran kəndliyə bənzədir. Və birdən-birə varlanan bu milyonçuların gözü ayaqlarının altını görmür, eyş-işrətə qurşanır,  maarifə, mədəniyyətə, elmə fikir vermirlər. Hətta babalarından biri ailəsini Bakıda atıb Moskvaya gedir. Orada rus qadınla evlənərək əslini-nəslini unudur: ”Axır ki, mən qalmaqallı bir ilin qış günlərində belə qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam.”

O vaxtkı Bakını təsvir edən yazıçı bunu öz evlərinin timsalında daha yaxşı verə bilib: evlərinin bir hissəsi Mavritaniya üslublu mebellə, digəri Versal üslubuyla, başqa bir hissəsi isə qotiq üslubla bəzədilib. Yaxud alman mürəbbiyəsi fröyleyn Annadan aldıqları Avropa tərbiyə tərzi, musiqi çalışmaları, Mopassanı, Dostayevskini, Çexovu, Tolstoyu, Balzakı erkən yaşdan oxumaları, beyəlmiləl şəhər olan Bakı və bakılılara rəğbət, ilk müstəqil  Cümhuriyyətimizə olan məhəbbət və bunun əsərdə  əksi  romanın ən uğurlu yerlərindəndir. Onu da deyim ki, hələ də müəllifinin kimliyi  mübahisələi olam “Əli və Nino” romanı ilə səsləşən yerlər əsərdə kifayət qədərdir.

Romanda xurafata, avamlığa, cəhalətə dərin nifrət var. Hətta bəzən bu nifrət əndazəni aşır ki, bu da təbiidir. Son dərəcə müasir tərbiyə üsulu görmüş müəllif, qızların 13 yaşında 60 yaşlı kişilərə  ərə verilməsini, kitabdan, elmdən uzaq düşmələrini  təmsil olunduğu cəmiyyətə bağışlaya bilmirdi.

Mətndə 20-ci əsrin əvvəllərində Azərbaycanda cərəyan edən hadisələr, sinfi mübarizə, milli qarşıdurmalar, xüsusən azərbaycanlı-erməni münasibətləri öz əksini tapmışdır. Bəzi yerlərdə müəllifin bədii düşüncələri hətta öz zamanının çənbərinə sığmamış, daha sərbəst ifadə olunmuşdur. Elə buna görə də əsəri Azərbaycan dilinə orijinaldan çevirən Hamlet Qoca bəzi səhifələri (ilk baxışda erotik görünən, amma naturalistcəsinə təsvir olunan) ixtisar etmiş, belə desək, tərcümə etməmişdir. Bu səbəbdən əsər Bakıda həm əvvəlki nəşrlərdə, həm də 2006-cı ildə demək olar ki, naqis şəkildə nəşr olunmuşdur.

Bu yaxınlarda  gənc tərcüməçi Çimnaz Vəliyeva  əsərə yenidən göz yetirmiş, həmin buraxılmış hissəni tərcümə edərək memuarı bütövləşdirmişdir.

Mən yeni nəşrin redaktoru kimi əsəri fransızcadan tərcümə edən Hamlet Qocanın gördüyü işin dəyərini azaltmadan, “Qafqaz günləri” avtobioqrafik romanını Azərbaycan dilində ilk dəfə tam halda nəşr edən “XAN” nəşriyyatının işini dəstəkləyir, oxucuları bu gözəl əsəri oxumağa çağırıram.

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10