Sözün rəngi cilvələnir səsində

134 Baxış

Musa_NəbioğluSon zamanlar özünü bədii qiraət ustası adlandıranlar yaman çoxalıb. Bu sənətin əsl sahibləri qalıb bir yanda, indi az qala hansısa şadlıq sarayında bir-iki dəfə tamadalıq edənlər də özünü bədii qiraət ustası sayır. Əslində, bəlkə, burda təəccübləniləsi bir şey də yoxdur. Özünə sponsor tapıb televiziya ekranlarına çıxaraq müğənni olanların, bəzən uşağının boğazından kəsib 100-150 tirajla şeir kitabı çıxartdıraraq öz nəslinin, uzaqbaşı kəndinin “şairi” olanların bolluğunda yaşadığımız bir vaxtda, bədii qiraət ustaları niyə də çox olmasın ki?!

Təəssüflər olsun ki, dediyimiz o “müğənnilərin” musiqidən, “şairlərin” şeirdən xəbəri olmadığı kimi, bu “bədii qiraət ustalarının” (oxu: tamadaların) çoxunun da nəinki bədii qiraətdən, ümumiyyətlə qiraətdən düz-əməlli xəbərləri yoxdur. Belələri unudurlar ki, bədii qiraət bəzilərinin düşündüyü kimi, elə də asan sənət deyil. Bu, özündə bir çox xüsusiyyətləri birləşdirən mürəkkəb bir sənətdir. Bədii qiraət sənəti incəsənətin bir qoludur. Bədii qiraət ustası məlahətli səsə, aydın diksiyaya, yüksək səhnə və nitq mədəniyyətinə, möhkəm yaddaşa malik olmalı, sinəsində yanar ÜRƏK gəzdirməlidir. Sıralamada sonuncu qeyd etsəm də, əslində elə ən vacibi yanar ürəyin olmasıdır. Elə ürək ki, sənətin yolunda şam kimi yanmağı bacarsın, orda sənətkarın ruhani dünyası qərar tutsun. Bu sənətin gözəl səsi və diksiyası ilə seçilən Kazim Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov, Aydın Qaradağlı, Həsən Əbluç, Mikayıl Mirzə, Əminə Yusifqizi kimi ustadları olub. Və şükürlər olsun ki, bu gün estafet etibarlı əllərdədir. Bu estafeti ləyaqətlə daşıyanlardan biri də Əməkdar artist Ağalar Bayramovdur.

Bu gün həm də Mədəniyyət və İncəsənət Universitetində bədii qiraət sənətinin sirlərini gənclərə öyrədən Ağalar Bayramov 30 ildən çoxdur ki, ekranda-efirdə, səhnədə, möhtəşəm tədbirlərdə çıxışlarıyla bizi özünün ecazkar səsinin sehrinə, ovsununa salıb. Bu səsin axarına düşüb gah dünənimizə səyahətə çıxmışıq, gah da bu günümüzlə daha yaxından halı olub, sabahımıza inamla boylanmışıq. Dərdimizin tərcümanına dönüb bizi ağladıb da bu səs, sevincimizi, uğurmuzu aləmə car çəkərək şənləndirib də… Bu səs səngərdə döyüşçüyə də çevrilib, xəstənin dərmanına da… Bu səs gəncin də könlünə yol tapıb, ahılın, qocanın da, sevənin də, sevilənin də, tələbənin də, müəllimin də. İctimai xadim də qiymətləndirib bu səsi, siyasətçi də… 2002-ci il dekabrın 24-də ulu öndərimiz Heydər Əliyevin imzaladığı sərəncamla Əməkdar artist fəxri adının verilməsi də onun sənətinə verilən yüksək qiymətin təsdiqidir və inanırıq ki, bundan sonra da daha yüksək fəxri ada və mükafatlara layiq görüləcək.

Mədəniyyətimizi, incəsənətimzi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Kanada, İçveç, Almaniya, Gürcüstan, Qazaxıstan, Belçika, İngiltərə, Rusiya, Danimarka, Avstriya, İran, Norveç, Hollandiya və digər ölkələrdə layiqincə təmsil edib Ağalar Bayramov.

Ağalar Bayramov sadəcə məlahətli, qəlbəyatan səsi olan bədii qiraət ustası deyil, həm də söz sərrafıdır, yüksək bədii təfəkkürə və poetik zövqə malikdir. İstənilən şeir onun ifasında bir növ cana-qana gəlsə də, hər şeiri oxumur. Daha doğrusu, kimin və nəyin xətrinəsə şeir oxumur. Oxuyacağı poeziya nümunəsinə qarşı hədsiz tələbkardır. Səsləndirəcəyi şeiri əvvəlcə özünün poetik süzgəcindən və yaradıcılıq laboratoriyasından keçirir, şeirin məna və məzmununa diqqət yetirir. Bu şeirin dinləyici qəlbini titrədə bilib-bilməyəcəyini düşünür. Şeirin hər misrasını, hər kəlməsini əvvəlcə özünün canına-qanına elə hopdurur ki, sonradan söyləyəndə sanki səsi ilə bir heykəl ucaldır. “Ağalar Bayramov bir sira özəl və gözəl keyfiyyətləri ilə seçilir. Bunlardan biri və bəlkə də birincisi onun səsinin özünün poetikliyi, əlvanlığıdır. Ağalar geniş səs imkanlarından hər bir şeirin forma və məzmununa uyğun olaraq istifadə edir” (Akademik Vasim Məmmədəliyev).

Onun söylədiyi şeiri sanki qulaqlarınla eşitmirsən, gözlərinlə görür, qəlbinlə duyursan. Bəzən olur ki, bir şeiri dəfələrlə oxusan da, qəlbinə yatmır. Ancaq Ağaların ifasında eşidəndə sanki ayrı aləmə düşürsən, yeni bir dünya kəşf edirsən. Akademik Tofiq Haciyev də Ağalar Bayramovda məhz bu keyfiyyəti önə çəkir: “Etiraf edim ki, tez-tez ürəyəyatan şeirləri ilk dəfə Ağaların seçimində dinləyirəm və onun poetik zövqünə, yaddaşına əhsən deyirəm”.

Ağalar müəllimi fərqləndirən cəhətlərdən biri də sözün məqamını, yerini bilməsidir. Hansı məclisdə hansı sözü deməyin vacib olduğunu yaxşı bilir. Millət vəkili, Respublika Ağasaqqallar Şurasının sədri Fəttah Heydərov bu haqda belə deyir: “Ağalar xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardir. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına həsr etmişdir. O, hər şənliyin məzmununa uyğun mükəmməl kompozisiya qurmağı bacarır”.

Ağalar Bayramov haqqında respublikamızın Məmməd Araz, Qabil, Söhrab Tahir, Zəlimxan Yaqub, Habil Əliyev, Rasim Balayev, Aqil Abbas, Musa Yaqub və digərləri kimi görkəmli şəxsiyyətləri yüksək fikirlər söyləyiblər. Bu yazını da elə Musa Yaqubun hələ on il bundan əvvəl Ağalar müəllimə həsr etdiyi şeirdən bir bəndlə tamamlamaq istəyirəm:

 

Sənət qalmır bir ölçüdə, vəzndə,

Öz çəkin var sənət tərəzisində.

Sözün rəngi cilvələnir səsində,

Söz incidir, səs dürdanə, nə deyim?!.

 

 Musa NƏBİOĞLU

Bölmə : Musiqi, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10