Sözün səmimiyyəti – Məti Osmanoğlu

67 Baxış

meti

Senet.az oxucularına Ustad jurnalının “Ədəbi polemika” rubrikasından Məti Osmanoğlunun “Sözü səmimiyyəti” adlı yazısını təqdim edir.

Bədii ədəbiyyatda səmimiyyət anlayışı vaxtdan-vaxta nəzəri fikrin gündəliyinə gətirilir, bu mövzu ilə bağlı müxtəlif fikirlər, mülahizələr irəli sürülür, müzakirələr aparılır. Səmimiyyət anlayışının mütləqləşdirilməsinin əleyhinə olanlar isə onun mücərrəd olması qənaətinə əsaslanmağa çalışırlar: yəni mətnin səmimi olduğu ilə qeyri-səmimi olduğunu fərqləndirmək üçün konkret meyara əsaslanmaq, ölçü vahidi tapmaq çətindir. Bəzən müəyyən bir dövr üçün məqbul olan səmimiyyət meyarı başqa dövrdə həm bədii mətn, həm də nəzəri baxımdan  öz gücünü itirir. Məsələn, 1930-cu illərdə siyasi təzyiq altında olan yazıçıların (məsələn, H.Cavid, Ə.Cavad, Y.V.Çəmənzəminli kimi) yeni əsərlərində sovet cəmiyyətinə münasibətin nə dərəcədə səmimi olub-olmaması daha çox hallandırılırdı.

Bunun nə qədər təsadüf, ya da qanunauyğunluq olduğunu demək çətindir: sovet ədəbiyyatında yazıçı səmimiyyəti mövzusu, bu mövzuya münasibətin aydınlaşdırılması Stalin öldüyü il – 1953-cü ildə ədəbi prosesin gündəliyinə fərqli şəkildə gətirilmişdi: “Novıy mir” jurnalının 12-ci nömrəsində tənqidçi Vladimir Ponamartsevin “Ədəbiyyatda səmimiyyət haqqında” adlı nəzəri səciyyə daşıyan maraqlı məqaləsi dərc olunmuşdu. Ciddi tarixi əhəmiyyət daşıyan həmin məqalə bu gün rus ədəbiyyatşünaslığında böyük rəğbətlə xatırlanır, elektron resurslar vasitəsilə ictimailəşdirilir, ona şərhlər yazılır. Məqalədə müəllif sovet ədəbiyyatında başlıca çatışmazlığın səmimiyyət olduğunu göstərmiş, bədii əsərdəki səmimiliklə qeyri-səmimiliyin sərhədlərini müəyyənləşdirməyə çalışmışdı. V.Ponamartsev hazır şablondan törəyən, müəllifin özündən gəlməyən, başqa sözlə desək, orijinal olmayan əsərlərin qeyri-səmimi olduğunu yazırdı.  Onun fikrincə, kitab yaratmaq başqa şeydir, hazır şablonlar, ideoloji direktivlər əsasında kitab və pyes “tərtib etmək” başqa şey. Bu fərqi ortaya qoyan isə səmimiyyətdir. “Sənətin tarixi və psixologiyanın əlifbası qondarma roman və pyeslərə qarşıdır. Səmimilik bizim istedad adlandırdığımız bütün qabiliyyətlərin əsas tərkib hissəsidir. Səmimilik kitabın və pyesin müəllifini kitabın və pyesin tərtibçisindən fərqləndirir… Yaratmaq üçün istedad, daha doğrusu, ilk növbədə səmimiyyət lazımdır”.

Mətndə yazıçı səmimiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bu tarixçəni xatırlatmağı ona görə zəruri hesab etdim ki, uzun müddət sovet ideologiyasının “əhatə dairəsində” olan Azərbaycan ədəbiyyatı da özünün fərqli və oxşar, güclü və zəif, maraqlı və maraqsız cəhətləri ilə rus ədəbiyyatı ilə eyni taleyi bölüşüb.

1953-cü ildən sonra rus ədəbiyyatı kimi Azərbaycan ədəbiyyatında da böyük dəyişmələr baş verdi və həmin prosesin önündə gələnlərdən olan İsa Hüseynov – Muğanna  da baş verən dəyişmələrin düsturunu yazıçının səmimiyyətində görürdü. Onun fikrincə, yazıçı yaşadıqlarını yazanda səmimi olur: “…bu günə qədər nə yazmışamsa, hətta tarixi mövzuda təcrübə etdiyim yazılar da öz tərcümeyi-halımdan doğulmuşdur. Yazıçı öz ürəyini, öz beynini yazmırsa, səmimi deyil. Səmimi deyilsə – yazıçı deyil”.

İsa Muğannanın 1971-ci ildə nəşr etdirdiyi tərcümeyi-halının ayrı-ayrı cümlələri sonradan Azərbaycan ədəbiyyatşünaslığının populyar aforizmlərinə çevrildi, tənqidi məqalələrdə, ədəbi söhbətlərdə tez-tez sitat gətirildi.

Böyük söz ustasının səmimiyyəti yazının (mətnin) onu yaradanın tərcümeyi-halından doğmasını bədii yaradıcılığın ilkin şərti hesab etməsi fikri ilə mübahisə etmək çətindir və bu fikrin ciddi elmi əsasları var.

XIX əsrin əvvəllərində elmi estetika (və ədəbiyyatşünaslıq) təzə formalaşarkən ortaya çıxan möhtəşəm mənbələrdən biri Hegelin “Estetikaya dair mühazirələr” (1835-1836) idi.  Hegel incəsənəti din və fəlsəfə ilə yanaşı, mütləq ruhun inkişafında bir mərhələ kimi qiymətləndirirdi.  Onun təliminə əsasən, mütləq ruh sənətdə  göstərmə, dində təsəvvür, fəlsəfədə isə anlayış formasında təzahür edir.

Hegelin mühazirələrində əsaslı yer tutan mövzulardan biri də yaranan sənət əsərinin orijinallığı məsələsi idi. Onun təlimindəki orijinallıq anlayışı bizim müzakirə etdiyimiz səmimiyyətlə səsləşir. Hegel qeyd edirdi ki, orijinallıq yalnız üslubun qanunlarına əməl etməkdən ibarət deyil, həm də subyektiv ilhamla bağlıdır. Sənətkar  öz daxili duyğularına, bədii subyektivliyinə əsaslanaraq əsərini həm incəsənətin müəyyən bir növünün mahiyyətinə və anlayışına, həm də ümumi ideal anlayışına uyğun olaraq yaradır. “Ona görə də orijinallıq həqiqi obyektivliklə eynidir və özündə təsvirin subyektiv tərəfini predmetin özünün tələbləri ilə elə birləşdirir ki, bu tərəflərin heç birində bir-birinə yad olan heç nə qalmır. Orijinallıq bir yandan bizə şairin həqiqi ruhunu açıb göstərir, o biri yandan da predmetin təbiətindən başqa heç nə vermir. Ona görə də sənətkarın bu özünəməxsusluğu həm predmetin özünəməxsusluğu kimi çıxış edir və ondan eyni ölçüdə qaynaqlanır, həm də subyektin məhsuldar fəaliyyətinin predmeti kimi çıxış edir”.

Buradan belə nəticə çıxartmaq  mümkündür ki, orijinallığın başlıca şərti olaraq sözü yaradan insanın öz ruhunu açıb göstərə bilməsi götürülür.

XX əsrin əvvəllərində psixoanalitik nəzəriyyənin ən çox tədqiq və təhlil etdiyi yazıçı F.M. Dostoyevski idi. Ziqmund Freyd, Alfred Adler, Karl Qustav Yunq kimi alimlərin bədii mətn üzərində apardıqları tədqiqatların məğzini Dostoyevskinin romanlarında müəllifin kimliyini “kəşf etmək”, əsərlərdə müşahidə olunan psixoloji sarsıntıları müəllifin fərdi yaşantılarına əsasən izləmək olub. Həmin psixoloji tədqiqatlardan çox aydın görmək olur ki, Dostoyevskinin yaratdığı əsərlərdə, dünya ədəbiyyatının şedevrlərində müəllif məhz özünü, özünün yaşadıqlarını yazıb. Onun obrazlara çevirdiyi düşüncələrin başlanğıcında həm şüurlu, həm də şüur altında olan psixoloji yaşantılar, sarsıntılar, həyatında dönüş yaradan məqamlar dayanır…

Azərbaycan klassik ədəbiyyatında fərdi yaşantılardan mətnə “sızan”, mətndə obraza çevrilən  və mətnlə oxucu arasında dialoq sərbəstliyi yaradan səmimiyyət Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında daha aydın müşahidə olunmaqdadır. Ə.Haqverdiyevin əsərlərində müəllifin şəxsiyyəti, fərdi yaşantıları, sanki yaratdığı bədii obrazlardan öndə gəlir. Məsələn, “Bəxtsiz cavan”ın – Fərhad obrazının xarakteri müəllifin ömrünün sonlarında yazdığı tərcümeyi-halındakı faktlar ilə bütövlük təşkil edir və əsərdəki səmimiyyəti bu bütövlük şərtləndirir.

Mikayıl Müşfiqin 1937-ci ildə qələmə aldığı “Yenə o bağ olaydı” şeirinə xüsusi fərq və səmimiyyət gətirən cəhətlərdən biri şairin ruhuna çökmüş ölüm  duyğusunu özündən uzaqlaşdırmaq cəhdinin ifadəsidir. Müəllif bu şeirdə, sanki ayrılmaq istəmədiyi dünyaya, insana, sevgiyə, gözəlliklərə “bu yaz bir başqa yazdır” sözləri  ilə vəsf etdiyi tarixin ən qanlı illərindən birinin gətirdiyi ölüm duyğusunu tovlayaraq, bununla da özünü ovudaraq baxır və bu, əsərə qeyri-adi bir səmimiyyət gətirir.  Oxucu bu mətndə bir neçə varlığı – qaçılmaz ölümü, əl çəkilməsi çətin  olan dünyanı, ölümü sevgi ilə ovutmağa çalışan müəllifi və ölümdən yüksəkdə olan sevgini bir arada görür və mətndəki səmimiyyət də bu bütövlükdən doğur…

İsa Hüseynov – Muğanna atasının ölümü faktını həm “İdeal” romanında, həm də yaradıcılığının son dövründə qələmə aldığı xatirələrində “araşdırmışdı”. Xatirələr Muğannanın usta qələmi ilə nə qədər ədəbi səciyyə qazansa da, buradakı araşdırma məhkəmə xronikası təsiri bağışlayır.  Eyni fakt “İdeal”ın mətnində ona görə qeyri-adi bədii əhəmiyyət daşıyır ki, yazıçı müəmmalı ölüm hadisəsinin tarixçəsini, sadəcə, kriminal hadisə kimi təqdim etmir,  obrazın xarakterini, düşüncələrini, emosiyalarını idarə edən psixoloji başlanğıc kimi götürür və bu başlanğıc yaşadığımız real dünyadan müəllifin düşüncələrinin dolaşdığı irreal aləmə keçid yaradır. Onu da deyək ki, romanı yazıçının ömür yolundan gələn fərdi sarsıntılarından, müəllifin ilk əsərinin baş qəhrəmanı olan və erkən itirdiyi atasının ölümü ilə bağlı yaşadıqlarından kənarda düzgün qavramaq çətindir.

Onu da vurğulamaq zəruridir ki, burada söhbət yazıçının öz tərcümeyi-halını mexaniki şəkildə mətnə köçürməsindən getmir.  Yazıçı tarixdən öyrəndiklərini və ya müasiri olduğu, yaşadığı zamanda və mühitdə gördüklərini öz düşüncələrinə və ruhuna “yükləməyi”, Hegelin ifadəsi ilə, “təsvirin subyektiv tərəfini predmetin özünün tələbləri ilə birləşdirməyi” bacaranda, təsvir və təqdim etdiklərini öz tərcümyei-halına çevirəndə bunu oxucunun da ortaq tərcümeyi-halına çevirməyə nail olur.

Bu da bir həqiqətdir ki, bədii əsərdəki səmimiyyət anlayışının qarşı ünvanı – adresatı oxucudur. Əslində, yazıçının nə dərəcədə səmimi olub-olmadığını müəyyənləşdirən oxucudur. Bəs yazıçının mətndəki səmimiyyətini oxucu hansı meyarlar əsasında müəyyənləşdirə bilər?

Mənə elə gəlir ki, burada da eyni qanun qüvvədədir: əsas meyar bədii mətnin şərtlərini və şərtiliklərini oxucunun qəbul etməsi, özünü mətndə görə bilməsi, mətnin havası ilə yaşamasıdır. Yazıçı oxucuya öz yazdıqlarının şərtlərini qəbul etdirə, oxucunu bədii şərtiliklərə inandıra, mətnin içinə, mətndəki duyğular, düşüncələr, obrazlar dünyasına daxil edə bilirsə, əsər də, onu yaradan müəllif də oxucu üçün səmimidir. Oxucu mətnin içində yazıçının “laməkan” – məkanın fövqündə olan varlığı ilə qarşılaşa, mətndə yazıçının ruhunu hiss edə bilmirsə, nə yazıçının, nə də mətnin səmimiyyətindən söhbət gedə bilər.

Umberto Ekonun “Gülün adı” romanının haşiyəsinə yazılmış qeydlər”indən biri “Oxucunu yaratmaq” adlanır. Yazıçıdan sonra mətnin yaranmasında fəal iştirak edən “ideal oxucu” ideyasından çıxış edən U.Eko bu qeydlərdə özünün “oxucu yaratmaq” təcrübəsini bölüşür. Onun qənaətinə görə, yazıçı hər şeydən öncə oxucunu öz şərikinə çevirməyi bacarmalı, oxucu yazıçının yaratdığı mətnin “əsarəti”ni qəbul etməlidir. “Mənözəsərimdəhansıidealoxucuyaümidedirdim? Yəqinki,  özşərikimə. Mənimləoyunoynamağahazırolana. Mənçıxıbbiryolluq  ortaəsrlərəgetməkvəoradaözzəmanəmkimiyaşamaq (vəyaəksinə) istədim. Bununlayanaşı, həmdəqəlbiminvargücüiləbaşlanğıcı – ilkbölümlərioxuyandansonraməniməsarətimə,dahadoğrusu, mətniminəsarətinədüşəcəkoxucununtimsalındamünasibətöyrənməyəçalışırdım. Oxucudüşünməyəbaşlayırki, onabumətndətəqdimolunduğundanbaşqaheçnəlazımdeyil. Mətnsəninözoxucunudəyişdirməyinüçün  birqurğuolmalıdır…”

Bu qeydlərin kontekstində “mətnin oxucunu dəyişdirməsi”ni oxucunun həm bədii sözə, həm də bədii söz vasitəsilə təqdim olunan insana, topluma münasibətinin dəyişməsi kimi qəbul etmək doğru olar.

Elçinin “Baladadaşın ilk məhəbbəti” hekayəsini ədəbiyyatımızın ən səmimi və unudulmaz əsərlərindən birinə çevirən sehrli qüvvə, hər şeydən öncə, yazıçının mövzuya və qəhrəmana oxucu münasibətini dəyişdirməsi, başqa sözlə desək, əsərlə yanaşı, həm də “oxucunu yaratmasıdır”. Zahirən oxucunun gözünün önündə olan, olsun ki, hər gün rastlaşdığı, bununla belə, içindən bixəbər olduğu, tanıya bilmədiyi, bəlkə də, tanımaq istəmədiyi Baladadaşın iç dünyasının açılmasını oxucu özü üçün bir “kəşf” kimi qəbul edir. Bu kəşfi oxucuya qəbul etdirən isə Baladadaşın iç dünyasındakı saf yeniyetmənin yazıçı tərəfindən hamıya doğma olan bir insan kimi təqdim edilməsidir…

Ədəbiyyatımızın “ideal oxucusunu” tapan fenomen əsərlərdən biri də Anarın, obrazlı desək, inşa etdiyi “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Cəmiyyətin pişiklərin mırov yeri kimi gördüyü bədii fəzada müəllif zəmanənin ağrılı məhəbbət hekayəsini göstərməyə nail oldu və oxucu həmin fəzaya öz baxış bucağını dəyişib müəllifin göstərdiyi yöndən baxdı. Bu baxış yönünün dəyişdirilməsinin cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olub-olmadığı başqa söhbətin mövzusu ola bilər – ancaq Anarın Təhminəsindən, Zaurundan fərqli oxucu nəsillərinin marağını azaltmayan sirr də, görünür, elə bu amillə bağlıdır…

Onu da qeyd etməyə ehtiyac var ki, bədii mətndə səmimiyyətin ən böyük düşməni bədii sözün ideologiyanın əsirinə çevrilməsidir. Bədii ədəbiyyat ideologiyanın xidmətçisinə (V.İ.Leninin təbirincə, ideologiyanın “təkərciyinə və vintciyinə”) çevriləndə öz səmimiyyətini itirir. Hər cür “izmlərə” sığmayan, hüdudları və çərçivələri sındıran, axının əleyhinə çıxan ədəbiyyat daha yaşarı və səmimi olur. Məsələn, Mixail Şoloxovun “Sakit Don”u sosializm realizminin buxovlarından azad olduğuna görə möhtəşəmdir. Bu mənada, ideologiyalaşmış sosializm realizmi kimi ideologiyaya çevrilən modernizm də, postmodernizm də yazıçı səmimiyyətinin əleyhinə işləyir və öz “oxucusunu yaratmaqda” aciz qalır.

Mənbə: Ustad jurnalının 8-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10