SSRİ-nin ən məşhur itinin həyat hekayəsi

115 Baxış

layka

Adi küçə iti olan Layka kosmosa gedən ilk canlı oldu. Ancaq bu uğuru ona həyatı bahasına başa gəldi.

SSRİ 4 oktyabr 1957-ci il tarixində “Sputnik” adlı ilk peykini kosmosa göndərdi. Yerdən 230-942 km uzaqlıqda yerləşdirilən bu peyk bir dövrü 96 dəqiqəyə tamamlayırdı. Əslində kiçik bir aparat olan peykin çəkisi cəmi-cümlətanı 83,6 kiloqramdı. Ancaq necə deyərlər bir balaca boyu var, dam dolusu toyu var.  SSRİ bu proyektlə böyük prestij qazandı və dünyaya Kosmos əsrinin başladığını xəbər verdi.

Əlbəttəki, Kosmos əsri dünyadakı heyvanlara heç bir təsir göstərmirdi. Ancaq bu uçuş Moskva küçələrində gəzən bir itin həyatını dəyişdirdi.

Kosmosun kəşfi qısa müddət sonra ABŞ-la SSRİ arasında bir rəqabətə çevrildi. Soyuq müharibənin iki əsas gücü hərbi, iqtisadi və ideolojik müharibədən sonra kosmosun kəşfində də bir-biriləri ilə mübarizə aparmağa başladılar. SSRİ “Sputnik” peykindən bir ay sonra kosmosa “Sputnik 2” peykini göndərməyi planlaşdırdığını açıqladı. Beləliklə, ABŞ-a qarşı böyük üstünlük əldə edə biləcəklərdi.
Sovet alimləri ilk əvvəl kosmosa insan göndərmək istəyirdilər. Ancaq kosmosa səyahət edəcək insanın təhlükəsizliyinə zəmanət verə bilmədikləri üçün bu planlarını bir müddətlik təxirə salmalı oldular. Risk böyük idi. Məhz buna görə də Moskva küçələrində sərgərdan gəzən bir iti – Laykanı seçdilər.

Nəhayət qərar verildi, noyabr 3-ü, 1957-ci ildə – Oktyabr İnqilabının 40-cı ilində “Sputnik 2” peyki içində bir itlə kosmosa göndəriləcəkdi.
İlk öncə müxtəlif namizədlər seçildi. Layka ilə birlikdə Muşka və Albina adlı daha iki namizəd vardı. Muşka müxtəlif testlərdə istifadə olundu, Albina isə ikinci kosmonavt kimi saxlanıldı. Bu üç it müxtəlif testlərdən keçirildi, əməliyyat edildi, kosmosda yaşaya bilməkləri üçün məcunla qidalanmağı öyrədildi.

pocht“Sputnik 2” peykini kosmosa göndərəcək komandada yer alan Vladimir Yazdovski, Laykanı uçuşdan qabaq uşaqları ilə görüşdürdü. O, mətbuata açıqlamasında bu hərəkəti ilə itə yaxşılıq etmək istədiyini dedi: “Layka sakit və şirin bir itdir. Təəssüf ki, ömrünə çox az qalıb. Buna görə də onun üçün nəsə xoş bir şeylər etmək istədim”.

Layka üçün kədərlənənlər təkcə Sovet alimləri deyildi. Kosmosa bir itin göndəriləcəyini eşidən Qərb mətbuatı SSRİ-nin bu addımlarını qınamağa başladılar. Ən kəskin tənqidlər isə İngiltərədən gəldi. Heyvanları Qoruyaq Cəmiyyəti bu uçuşun təxirə salınmağı üçün Rusiya səfirliyinə müraciət etdi. “National Canine Defense League” ölkəni bir dəqiqəlik sükuta çağırdı. Bir qrup heyvansevər BMT qarşısında mitinq keçirərək etiraz etdilər. Ancaq SSRİ rəhbərliyi bütün bu etirazlarla razılaşmadıqlarını bildirdilər: “Ruslar itləri sevmir demək doğru ifadə deyil. Bu proyekt heyvanlara əziyət vermək üçün yox, insanlığın inkişafı üçün yaradılıb”.

Əslində, Layka bu məsələdə heç də ilk deyildi. Ondan qabaq da müxtəlif heyvanları uçuş sınaqlarında istifadə etmişdilər. Hətta ABŞ alimləri meymunları və siçanları kosmosa göndərməyə cəhd göstərmişdilər. Sovet alimləri isə asan tapılan, tez öyrədilə bilən heyvanı seçmişdi. Laykanın hekayətini daha dramatik edən məsələ isə o idi ki, Laykanın kosmosa gedəndən sonra qayıtmağı üçün heç bir plan yox idi. Laykanın bileti təktərəfli idi. Ondan başqa hamı öləcəyini bilirdi.

Nəhayət noyabrın 3-ü Layka “Sputnik 2” peykində, müxtəlif aparatlara bağlanılmış şəkildə, Baykanur Kosmik Aparatı vasitəsilə kosmosa göndərildi. Rəsmi məlumatlara görə Layka uçuşdan bir həftə sonra öldü. Ancaq dünya mediası buna inanmırdı. Laykanın niyə öldüyü uzun illər sirr olaraq qaldı. 2002-ci ildə “Sputnik 2” komandasında olan Dimitri Malanşekov mətbuata açıqlamasında bu suala aydınlıq gətirdi. Layka uçuşdan 7 saat sonra yerləşdirildiyi kapsulanın həddən artıq qızması nəticəsində ölmüşdü.

Layka bu uçuşu ilə sözün hər iki mənasında dünya ilə sağollaşdı Onun ölümündən sonra alimlər kosmosa ilk insanı göndərməyi planlaşdırmağa başladılar. Laykanın ölümündən 3,5 il sonra Yuri Qaqarin kosmosa uçdu.
Dünya Laykanı heç vaxt yaddan çıxartmadı. Onun xatirəsinə poçt markaları, heykəllər yaradıldı, mahnılar qoşuldu.

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10