“Studentlər” necə əsərdir? – İlahə Eldarqızının sorğu yazısı…

40 Baxış

 yusif-vezir-cemenzeminli-studentler

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından  İlahə Eldarqızının “Studentlər” necə əsərdir?” sorğu yazısını təqdim edir. 

Cümhuriyyət dövrünün önəmli simalarından biri – Yusif Vəzir Çəmənzəminli dövlət xadimi olmaqla yanaşı, həm də yaxşı yazıçı idi. Onun “Qızlar bulağı” və “Qan içində” romanları ədəbiyyatımızda tarixi-roman janrında yazılan ən dəyərli nümunələrdəndir. Bu dəfə Cümhuriyyət dövrü ilə səsləşən “Studentlər” romanı ilə bağlı ölkənin ən böyük kitab təbliğatı hərəkatı “Kitabsevərlər” qrupunda sorğu keçirdik. Görək, oxucular bu haqda nə düşünür?

“Y.V.Çəmənzəminlinin “Studentlər” əsərini hal-hazırda da oxuyuram.

Kitabda çar inqilabından əvvəlki və sonrakı Azərbaycan cəmiyyətinin həyatı, çar hakimiyyətinin müstəmləkəsi altında millətin yaşadığı çətinliklər əsas personajlar olan tələbələr üzərindən oxuculara çatdırılır. Mən bu əsər vasitəsilə o dövrün böyük portretini zehnimdə çəkdim və millətimin o dövr üçün böyük sıxıntılar yaşadığının şahidi oldum. Belə ki, heç bir söz və mətbuat azadlığının, ictimai-siyasi fəaliyyətin sərbəstliyinin olmadığı bir cəmiyyəti görmədim. Məncə, inqilabdan əvvəlki həyat daha acınacaqlıdır, çünki məhz o dönəm yalnız imkanı olan şəxslər üçün yaşıl işıq yanırdı. Millətin təfəkkürünün formalaşmasında elmin və maarifin mühüm rol oynadığını bilirik, əfsuslar olsun ki, kasıblar, maddiyyatı zəif olan təbəqə istənilən imtiyazdan məhrum idi. Əsərin məzmununda ən çox bəhs edilən mövzulardan biri olan din – xalqı daha çox geri itələyən xurafat cəmiyyətə hakim kəsilmişdi. Bu hakimiyyət yalnız cahil sinif üzərində öz təsirini effektiv göstərirdi. Məlumdur ki, təhsil alan studentlər dünyəvi elimlərlə tanış olduqca saxta mollaların təhrif etdikləri dindən artıq uzaqlaşırdılar. Onlar artıq çar hakimiyyətinə qarşı siyasi təbliğat aparmağa təşəbbüs göstərir və inqilaba çan atırdılar. Onu deyim ki, istər “1917-ci il” inqilabdan əvvəl, istərsə də sonra xalq heç vaxt tamamilə sərbəst söz, mətbuat və siyasi azadlıqlar əldə edə bilmədi. Hərçənd, elm və maarifin xalqın bütün təbəqəsi üçün, hətta fəhlə sinifi üçün belə əl çatan olmasıyla razıyam, bu da inqilabın yaxşı nəticələrindən biri idi.

Əsər barəsində hələ aydınlaşdırmaq istədiyim bəzi məsələlər qalıb.

Olduqca maraqlı kitabdı. “Studentlər” obraz və hadisələr üzərində müəllifin yaşadığı dönəmin sadəcə həqiqətlərini nəql edir, ən əsası da XX əsrin I yarısı üçün geniş tarixi təsəvvürün yaranması istiqamətində tövsiyyə olunacaq bir əsərdi!

Minarə Paşayeva

Y.V.Çəmənzəminlinin xatirələrini oxuyandan sonra çoxdan oxuduğum “Studentlər”i daha aydın başa düşdüm. Romanda qoyulan problemlər və onların həlli yollarının əsasının görkəmli ədibimizin gəncliyində qoyulduğunu anladım. Gəncliyi XX əsrin Şuşasında keçən yazıçı ətrafında din və xurafatın yaratdığı cəhalət bataqlığını görmüşdü. Gördüklərini çək-çevir eləmiş və bu bataqlıqla mübarizənin yollarını öz qələmilə oxuculara çatdırmaq istəmişdi. Rüstəmbəy və yoldaşlarının inqilabdan əvvəlki Kiyevdə keçən həyatından bəhs edən bu möhtəşəm romanda yazıçı müxtəlif millətlərin yaşayışını, düşüncəsini işıqlandırıb, onların mədəniyyətləri arasında müqayisələr aparıb. Bizim kimi millətlərin bu bataqlıqdan çıxmaq üçün elmə, kitaba üstünlük verməli olduğunu göstərib. Ölkəsi Azərbaycanın gələcək üçün hansı yolu seçməyinə qərar verə bilməyən Rüstəmbəyin içində baş verən təlatümlər oxucunu şiddətlə düşünməyə vadar edir. Bir tərəfdə yeni yaranmış və xalq arasında hələ tam kök sala bilməyən “Müsavat”, bir tərəfdə az da olsa demokratikləşmə yoluna üz tutan çar Rusiyası, bir tərəfdə nə olacağı bilinməyən bolşevik firqəsi, digər tərəfdə isə dünyada güclü dövlət kimi tanınsa da çoxdan cəhalətə sürüklənmiş Osmanlı… Rüstəmbəyin düşündükləri ilə kimsə razılaşmaya bilər, amma dəqiq olan bir şey var: o yeniliyə, elmə, kitaba, tərəqqiyə üstünlük verirdi.

Fariz Bayramov

“Studentlər” romanı Yusif Vəzir Çəmənzəminli və müasirlərinin həyat yolunun qısa, lakin bir o qədər də dolğun xronikasıdır. XIX əsrin sonları, XX əsrin əvvəllərində “ruslaşdırılma” siyasətinin yeridildiyi, rus dili və təhsilinin qeyri-adi üstünlüklər verdiyi zamanda gözlənilməz bir dəb baş qaldırmışdı: təkcə ağaların, bəylərin, xanların övladları yox, dəmirçi, dəllək, mədrəsə müəllimi və s. tipli sənatkarlar, hətta kəndlilər övladlarını oxutmaq üçün böyük şəhərlərə göndərirdilər. “Müsürman” Azərbaycandan çıxıb, “urus” mühitə düşən gənclər çox çətin uyğunlaşma, “mədəniləşmə”, yeni şərtlərlə ayaqlaşma prosesindən keçirdilər. Əsərin baş qəhrəmanı Rüstəmbəy və dostları da eyni sınaqlardan keçiblər. Əzbərdən bilmədiyi duaları ağzını oynadaraq təqlid edib anası ilə birgə namaz qılan uşaq zamanla yeni mühitdə elmin radikal müdafiəçisi, dini cəhalətin düşməninə çevrilir. Siyasi, milli hisləri də dəyişiklikdən qaça bilmir. Lakin hər kəs eyni sürətdə və formada inkişaf etmir…

Yazar yeni mühitdə belə möhtəkir zehniyyətindən əl çəkməyən yoldaşlarını da əsərdə çox gözəl təsvir edir. Yaranan fikir ayrılıqlarını, siyası və ideoloji firqələri “pisdi-yaxşıdı” ayırımı etmədən siyasi və ideoloji elitanın son səviyyəsi olduğunu bizə təlqin edir.

Digər maraqlı nüans isə qadın azadlığıdır. Qadınların çadra altından səsinin belə çıxmadığı dövrdə student “müsürman”ların qadın azadlığı haqqındakı fikirləri insanı valeh edir. Şəxsi mülahizəmə görə: “Studentlər” əsəri o dövrdə təhsilli elit təbəqənin siyasi, elmi cameədəki vacib rolunu və indiki dövrdəki əskikliyini hiss etdirir.

Hazırladı: İlahə Eldarqızı

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10