Sufi aktyor – Telman Adıgözəlov

78 Baxış

telmanadi

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev

Dünya qloballaşır. İnsanlar texnolaşır…Dünya qloballaşdıqca həm də kiçilir. Kiçildikcə  də insan da kiçilir. Düşüncələrdə cırlaşma baş verir. Zövqlər korlanır,bəsitləşir. Peşələr də adiləşir və öz əvvəlki cazibəsini və əlçatmazlığını itirir. Peşəkarlar qocalır və dünyasını dəyişir, yerləri isə boş qalır. Düzdür,hərdən deyirlər ki,müqəddəs yer boş qalmır. Ancaq mən bu deyimi qəti surətdə qəbul etmirəm. Reallıq və həqiqət budur ki,müqəddəs yerlərin sahibləri və yaxud başqa sözlə desək,milli metrlərimiz öldükdən sonra,onların yeri doğrudan da boş qalır. Sözün bütün mənalarında… Və boş qalan yerləri heç olmasa vizual olaraq doldurmaq üçün, onların yerini qeyri-peşəkarlar tutmağa başlayır.

Bu söylədiklərim eynilə bizim teatr dünyamıza da aiddir. Teatrımzın sonuncu mogikanları artıq demək olar ki,hamısı  dünyalarını dəyişiblər. Kim qalıb ki? Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan, Yaşar Nuri, Eldəniz Quliyev , Hamlet Xanızadə, Həsən Əbluc, Həsənağa Turabov, Həsən Məmmədov, Əlabbas Qədirov, Səməndər Rzayev və daha  kimlər, kimlər… Onlar müasir Azərbaycan teatrının nəhəngləri idilər (nədənsə,mən belə məqamlarda  “canlı korifeyləri” sözünü işlətməyi heç xoşlamıram.Çünki bu söz mənə şablon təsiri bağışlayır ). Sanki bir-birilərilə sözləşibmişlər kimi  aralarında çox qısa bir zaman fərqi olmaqla hamısı dünyanı və səhnəni eyni vaxtda tərk etdilər. Yerləri isə boş qaldı…

Yeri boş qalanlarımızdan biri də Telman Adıgözəlovdur. Bütün xalqın sevimlisi olsa da, lakin xalq artisti adını ala bilməyən müqtədir gülüş ustası…

Dünən Telman Adıgözəlovun 5-ci anım günüydü. O,düz 5 il bundan öncə,2010-cu il aprelin 15-də gecənin gec saatlarında qəfil ürəktutmasından dünyasını dəyişmişdi. Mən dünən sosial şəbəkələrdə rəhmətliyin anım günüylə bağlı çoxlu paylaşımlara rast gəldim. Xüsusən də Feysbuk istifadəçiləri onun bir çox  şəkillərini, videolarını paylaşmışdılar. Amma…

Amma həmin paylaşımların altında hamımızın əzbərlədiyimiz bir sözdən başqa bir şeyə rast gəlmədim. “Allah rəhmət eləsin” sözünü yazıb,öz işini bitmiş,borcunu ödəmiş hesab eləmək can rahatlığıdır. Sənətkarın yaradıcılığı və ya şəxsi keyfiyyətləri haqda fikir söyləməyə, xatirələrini bölüşməyə meylli adamlar  isə nədənsə,gözə dəymirdi.

Telman Adıgözəlovu çoxları gülüş ustası kimi tanıyır. Hərçənd ki,o,heç vaxt Musiqili Komediya Tetrında işləməmişdi. Onun ikinci evi Akademik Milli Dram Teatrı idi. O,səhnə  ömrünü “Azdrama” kimi tanıdığımız baş teatrımızda yaşamışdı.

Mərhum sənətkarımız ciddi dram əsərlərinin tamaşaya qoyulduğu bir teatrın doğma divarları arasında özünəməxsus gülüş atmosferi yaratmağa çalışırdı. Yəni o,sadəcə bir yumorist, bir məzhəkəçi,bir komedisyən deyildi. Onun məqsədi insanları zorən güldürmək də deyildi. Telman müəllim Arif Quliyev kimi gülüş xatirinə güldürmək taktikasına üstünlük vermirdi.  Onun ifasında “Bu şəhərdə”nin reytinq yığmaq kimi cəhdləri də yoxuydu. Telman sadəcə güldürmürdü. Güldürərək düşündürürdü.  O,öz satirik parçalarıyla , tamaşalardaki komik ifalarıyla müasir cəmiyyətimizin güzgüsü rolunu oynamağa çalışırdı. Sabirin “şairəm, əsrimin ayinəsiyəm” sözləri sanki Telmanın da yaradıcılıq kredosuydu. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”ndaki Zəncirvuran obrazından tutmuş Elçinin “Ah,Paris,Paris” əsərindəki Əhmədə qədər,oynadığı bütün rollarıyla Telman Adıgözəlov cəmiyyətdəki mənfi tipajları cəmiyyətə tanıtmağa çalışırdı.

Amma mən indi onun yaradıcılığı barədə,oynadığı rolların bədii cəhətləri və ya ictimai əhəmiyyəti haqqında uzun-uzadı danışmaq istəmirəm. Onsuz da onun yaradıcılığını hər kəs bilir, bir-birindən maraqlı rollarını da hamı xatırlayır. Amma Telmanın insani xüsusiyyətləri isə  çoxları üçün az qala “terra inkoqnito” kimi bir şeydir. O,necə bir həyat tərzi yaşayıb, insanlarla rəftarı,davranışı necə olub, öz məşhurluğundan hansı məqsədlər üçün istifadə eləyib,tamaşaçı sevgisi onda müvəffəqiyyətdən baş gicəllənməsi və təkəbbür yaradıbmı yoxsa yox,bax bütün bunlar tamaşaçılarımızın əksəriyyəti üçün hələ də sirr  olaraq qalır.

Sənət yoldaşları onu öz aralarında sufi də adlandırırlar. Çünki bu adam gerçəkdən də dərviş misali bir həyat yaşayırdı. Həm də ilin,günün bu vədəsində. Yəni ki, 21-ci əsrin insanlarının görüntüyə, zahiri təmtərağa ,özünüreklama bu qədər çox üstünlük verdiyi bir dövrdə oysa tamamən orta əsrlərin zahidləri kimi yaşamağa üstünlük verirdi. Evi sıradan bir ev idi. Təmirsiz,filansız. Heç bir bəri-bəzəyi yox idi. Bəzi qlamur aktyorlardan fərqli olaraq bahalı avtomobillərə də maraq göstərmirdi. Bir dənə köhnə sovet “Jiquli”si vardı,onu da satdı. Çünki həmin maşının nömrəsindəki 057 rəqəmi onu çox qorxuzurdu. O bu rəqəmin mistikasından qaçmağa,yaxa qurtarmağa çalışırdı. Amma fələyin istehzasına bax ki,elə məhz ömrünün  57-ci ilində də dünyasını dəyişməli oldu.

Onun başqa qorxuları da vardı. Məsələn,həkimlərdən yaman qorxurdu. Uşaq vaxtı yaşamış olduğu xəstəlik hadisəsi onda həkimlərə qarşı nifrət və inamsızlıq yaratmışdı. Bu qorxu onu ömür  boyu izlədi. Bu qorxunun nəticəsydi ki,dişlərini düzəltdirmək üçün həkimə  də  getmirdi. Çünki qorxurdu ki,həkimin ehtiyatsızlığı üzündən müalicə zamanı hansısa  bir xəstəliyin viruslarına yoluxa bilər. Bax bu qorxu onu teatr aləminin dişsiz aktyoruna çevirmişdi. Və o,ağzında bir dənə də dişi olmadan o cür çətin obrazların mətnlərini qüsursuz  olaraq səsləndirməyi bacarırdı,rollarını mükəmməl şəkildə oynayırdı.Tamaşaçılarsa onun dişlərinin yoxluğunu qətiyyən hiss eləmirdilər.

Telman pul düşkünü deyildi. O,pulun dalınca qaçmırdı. O,pullu kişi olmağa can atmırdı. Əksinə,puldan yaxa qurtarmağa,pulun əsarətindən,diqtəsindən xilas olmağa çalışırdı. Hətta belə demək mümkünsə,onda pula qarşı gizli bir nifrət də vardı.

Telman Adıgözəlov az miqdarda maaşı və təsadüfi qonorarlarıyla hər kəsə əl tutmağa, kömək eləməyə çalışırdı. Hətta bir dəfə,səhnənin dekorasiyasını quraşdıran fəhlələr işlərini qurtarıb gedərkən müdiriyyətdən öz zəhmət haqqlarını istəyiblər. Teatrın rəhbər şəxslərindən biri onlarla acı tonda danışıb və  “indi pulumuz yoxdu,gedin,sonra verərik” deyərək onlara qapını göstərib. Hamı pərt olub. Bu zaman Telman Adıgözəlov həmişəki şux zarafatlarıyla gərginliyi bir az da olsa yumşaltmağa çalışıb və cibindəki sonuncu 5 manatını çıxarıb fəhlələrə verib ki,gedib yeməyə nəsə bir şeylər alsınlar. Özünə isə bir qəpik də pul saxlamayıb. Bəli,o,sinəsinin altında bu cür  həssas və şəfqətli bir ürək gəzdirirdi.

Hətta onu sadəcə efirdən tanıyan tamaşaçılar da onun yanına gəlib öz dərdlərini danışır, problemlərinin həllinə köməklik göstərməyini xahiş edirdilər. O  heç kimə “yox” demirdi. Onun leksikonunda ümumiyyətlə “yox” sözü yoxuydu. Telman Adıgözəlov şikayətçilərin yanına düşüb,onlarla birlikdə bu və ya digər idarələrə gedir,müdirlərlə görüşür, müdirlərin onun sənətinə olan hörmətindən istifadə edərək,şikayətçilərin problemlərini yerindəcə həll etməyə çalışırdı. Bax Telman belə Telman idi.

Mən Telman Adıgözəlovu sağlığında bir neçə dəfə görmüş,görüşmüşdüm. Rəhmətliyin çox müsbət aurası vardı. Çünki müsbət adamıydı. Üzündən,gözündən də təbəssüm heç vaxt əskik olmurdu. Mən onu hər dəfə xatırlayanda,Həzrəti Əlinin bir kəlamı yadıma düşür. İmam özü haqqında deyirdi ki,”Mən dünyanı boşamışam”. Bu sözün arxasında çox böyük bir fəlsəfə gizlənir. Əli əleyhissalam bu sözüylə onu demək istəyirdi ki,yəni ki,dünyanın malı-mülkü, zahiri parıltısı,dəbdəbəsi,hakimiyyəti artıq çoxdan onunçün öz əhəmiyyətini və cazibəsini itirib,dünya malında gözü yoxdur. Rəhmətlik sənətkarımız da eynən belə bir şəxsiyyət idi.  O da öz nəfsini öldürmüşdü. Maddiyat onun mənəviyyatını üstələyə bilmirdi. Telman bu dünyadan dörd əllə yapışanlardan deyildi. O bu dünyanı boşamışdı və tənha idi.

Üzdə həmişə deyib-gülən bir insan kimi görünməsinə baxmayaraq,ancaq içdə isə tək idi,kimsəsiz idi. Sədi Şirazi kimsəsizlərin kimsəsi haqda yazdığı məşhur beytlərini sanki Telman Adıgözəlovu düşünərək yazmışdı :

Ey kimsəsizlər kimsəsi !

Mən bir kəsin yox bir kəsi.

Hər bir kəsin var bir kəsi,

Mən bir kəsin ol bir kəsi…

Bu,nəfsini öldürmüş,dünyanın zahiri gözəlliklərinin cazibəsindən qurtulmağı bacarmış , özüylə baş-başa qalmaq yolunu seçmiş tənhaların, sufilərin Uca Yaradana müraciətidi.  Bu müraciətin altında şübhəsiz ki, Telman Adıgözəlovun da imzası var.

Mən bu yazını yazdım ki,bəlkə zəmanəmizin maddiyatçı insanları, fürsətçi şəxsləri bu yazını oxuyalar və maddi zənginliyin,dəbdəbənin,şöhrətin,eyş-işrətin dalınca qaçmağın mənasızlığı barədə bir az düşünələr. Telman Adıgözəlov kimi insanlar öz ömürləri və ölümləriylə əslində bizim hamımıza hansısa mesajları vermək istəyirlər.

Bax o mesajlar barədə düşünməmiz gərəkir…

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10