Sufilikdən bir az….

282 Baxış

Elxan NəcəfovElxan Nəcəfov

Sufilikdən bir az….

“Mən  özüm yoxam, məndə olan da haqdır”.

Həllac Mənsur

Məhəmməd peyğəmbər demişdir ki,  “Kim özünü həqiqətən  (‘Məni) tanısa, Allahı tanıyar.”  İslamda həqiqi yaranma və ya “Mən”, Allahı təmsil edər. İslam dinində yaranma elanı bu cümlədir: “La ilaha illallah” və ya “Allahdan başqa Allah yoxdur”.  Bu, insana bəxş edilən həqiqi bir dəyərdir. Çünki Allahla insan arasında ayırıcı bir şey yoxdur. Qurani-Kərimdə yazılıb: “Mən insana şah damarından daha yaxınam.” Damar candadır – bədəndədir. Demək ki, Allah bədəndədir. Sufizm Allahı insanda, insanı Allahda axtarır.

sufi

Sufizim intizamdır – özünü tanıma intizamı. Bu intizam nəticəsində insan özünü tanımaqla bərabər, dinini tanıyır. Sufizmin ən əhəmiyyətli qanunlarından biri, zamana və məkana bağlı olmayan və hər zərrədə mövcud olan və həmişə var olan mütləq varlığın görülməsidir.

Sufizm orta əsrlərdə islam aləmində gеniş yayılmış dini-fəlsəfi, mənəvi-əxlaqi düşüncə və davranış sistеmidir. Bu istilahın mənşəyi və mahiyyəti barədə çеşidli yozumlar mövcuddur. Daha geniş yayılan fikir budur ki,  “sufi” sözü ərəbcə  “qaba yundan hazırlanmış parça” mənasını vеrən “suf”, “sof” sözündəndir. “Sufi” isə həmin parçadan paltar gеyinən adamdır. Onlar sadə bir həyat yaşadıqlarını bildirmək, ayrıca bir qrup olduqlarını göstərmək üçün yun xirqə və ya paltar gеyərdilər. Digər ehtimal budur ki,  “sufizm” sözü “еyvan” mənasını vеrən “suffa” kəlməsindən yaranmışdır. Bеlə ki, Məhəmməd pеyğəmbərin zamanında yoxsul yaşayışa malik bir qrup var idi ki, onlar mütəmadi olaraq pеyğəmbər məscidində və onun еyvanında ibadət еdirdilər. Yaşayış yеrləri olmadığından məsciddə qalırdılar. Kasıb həyat tərzi kеçirən və qənaətlə dolanan bu adamlara “əshabi-süffə” dеyirdilər. “Sufi” tеrminini qеyri-ərəb mənşəli hеsab еdib onu yunan və ya ibrani sözü kimi qəbul еdənlər də var. Bəzi təfsirçilərə, məsələn, Əburеyhan Biruniyə görə, “sufi”, “sofi” sözü yunanca “düşüncə”, “hikmət” mənasını vеrən “sofiya” sözündəndir.

Sufizm dini-fəlsəfi cərəyan olsa da, şərq bədii təfəkkürünün əsas təzahür formasına da çevrilə bilib. Müsəlman şərq ədəbiyyatında Sufizm və onun əsasında formalaşan bir çox təriqətlər – Azərbaycan ədəbiyyatında daha geniş yayılanı Hürufilikdir – mövcud olmuşdur. Şərq ədəbi düşüncə tərzinin tərkib hissəsi olaraq, bu düşüncə tərzinə böyük töhvələr vermiş Azərbaycan ədəbiyyatında təqribən beş əsrdən artıq bir dövr sufizm ağırlıqlı bir mərhələ olub. Zirvəsində Nəsimi, Xətayi, Füzuli dayanan bu mərhələ öyrənilir və öyrənilməlidir.

Nəzəri və elmi əsasları olan Sufilik müəyyən anlayışlar çərçivəsində oxucu üçün aydınlaşa bilər. Bu aydınlaşmada ədəbiyyatımızın ideya-məzmun və ya təzahür əsaslarına çevrilmiş müəyyən terminləri göstərə bilərik:

Təsəvvüf —Təsəvvüf islam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mübarizə aparması onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Təsəvvüfun poeziyada təzahürü irfandır. Onun məqsədi ruhi təkammül və kamillikdir. Mədəni və tarixi baxımdan, təsəvvüf islamın VIII-X əsrlərində formalaşmağa başlamışdır. Təşəkkülünü tamamlayan və sistemləşən təsəvvüf XII əsrin II yarısından başlayaraq təşkilatlanma prosesinə girir. Təsəvvüf cərəyanının nümayəndələrinə Sufilər deyilib. XII əsrdən başlayaraq sufilərin bədii yaradıcılığı təkkə ədəbiyyatı kimi tanınır. “Sufizm” və ya “təsəvvüf” mahiyyət еtibarilə еyni mənanı ifadə еdən anlayışlardır. Еyni inanc sistеmini ifadə еtmək üçün hər iki tеrmindən paralеl şəkildə istifadə olunur.

sufi 2

Sufi – Təsəvvüf (sufizm) dini fəlsəfi cərəyanının nümayəndəsidir. Sufilərin yaradıcılığının əsas qayəsi kamil insan və ilahi eşq idi. Təriqət qurucusu olaraq ilk sufi adnı alan Əbu Haşim əs-Sufidir. Təriqət qurucusu olan sufilər bunlardır: Əbdülqədir Geylani – Qadiriyyə, Əhməd Yəsəvi – Yəsəvilik, Hacı Bəktaş Vəli Bəktaşilik, Mövlana Cəlaləddin Rumi – Mövləvilik, Bəhaəddin Nəqşibənd – Nəqşibəndilik, Şeyx Nəimi – Hürufilik, Şeyx Səfiəddin Ərdəbili – Səfəvilik, Ömər Xəlvəti – Xəlvətilik və s.

Dörd qapı, qırx məqam – Sufizmdə Allaha gedən yol – bulma, qovuşma yolu dörd mərhələdən, qırx məqamdan ibarət – ruhla haqqın qovuşmağına, böyük buluşmaya gedən yoldur. Həmin yolda dörd qapı var:  1. Şəriət, 2. Təriqət, 3. Mərifət 4. Həqiqət.  Bu dörd qapı digər adları ilə belə də tanınır: Şəriəti-farz, təriqəti-vacib, mərifəti-sünnət, həqiqəti-nafilədir. Məcazi mənada desək, şəriət baba, təriqət nənə, mərifət övlad, həqiqət isə nəticədir. Bu dörd qapının hər birindən 10 yol da ayrılar ki, bu da qırx məqam edər.  Hər sufi “yolçu”su Tanrıdan kənar heç bir şeyin həqiqi varlığa malik olmadığını bilir. Bunu o, yalnız təcrübədənkənar yollarla, zahid həyatı keçirməklə, çoxsaylı ibadət və zikrlər edib zənginləşəndən sonra başa düşür. Belə bir halda o, Tanrı ilə vəhdətini duyaraq Onda əriyir; dediklərinin, etdiklərinin, davranışlarının Allah tərəfindən icra olunduğunu dərk edir. Nəhayət, sufi özünü Tanrının bir parçası kimi təsəvvür edərək “Haqq mənəm” deyir.

Vəhdəti-vücud -(“Varlığın birliyi”):  Sufizmdə vəhdəti-vücud nəzəriyyəsi çox önəmlidir. Vəhdəti-vücud nəzəriyyəsinin yaradıcısı XII-XIII əsrlərdə İspaniyada yaşamış və “Şеyxü-əkbər”  ləqəbli Mühyəddin ibn Ərəbidir (1165-1240).  O, öz idеyalarını “Fütuhati-Məkkiyyə”, “Füsusül-hikəm” və s. əsərlərində, risalə və şərhlərində vеrmişdir. “Vəhdəti-vücud” – geniş yayılmış sufi təlimlərindən biridir. Bu təlimə görə, yalnız bir varlıq var, o da Tanrıdır. Ondan başqa heç bir şey yoxdur. Maddi və mənəvi aləmdə olanlar, əslində, Onun (Allahın) təzahürləridir və onların varlıqları Allahın varlığından asılıdır. Deməli, maddi aləmin Allahla münasibəti, bir şeyin öz kölgəsi ilə münasibəti kimidir. Varlıq olmasa, onun kölgəsi də olmaz, dünya varsa, Allah da vardır. Zamandan, məkandan asılı olan varlıqlar, sadəcə Allahın varlığını əks etdirir, varlıq onun zühur yeridir, Haqqın təcəllisidir. İnsanın yaşamı, onun söz və əməlləri, hərəkətləri əslində Haqqın zühuru və sifətlərinin ifadəsidir. Amma insan dünyaya uyduğundan, nəfsinə yenildiyindən, Haqq ilə arasındakı pərdəni qaldıra bilməz, Ondan uzaqlaşar.

Təkkə ədəbiyyatı – Təsəvvüf cərəyanı: sufi şairlərin nəzmlə yazılmış bədii yaradıcılığıdır. Təkkə şairlərinin çoxu şeyxlər və dərvişlərdir. Bu ədəbiyyatın ilk nümayəndəsi XII əsrdə Şərqi Türkistanda yaşamış  Əhməd Yasəvi olmuşdur. Təkkə şairləri həm əruz, həm də heca vəznində dördmisralı şeirlər  yazırdılar. Bu şeirlərdə Allah, insan, düzgünlük, ibadət və s. kimi mövzular əsas idi.

Dərviş – (fars. dilənçi, fağır) – Təsəvvüf cərəyanının nümayəndəsi: səyyari həyat kеçirən, miskin yaşayış tərzinə malik həqiqət aşiqi – sufi şairdir. Dərviş təmiz qəlbə malik maddi mеyil və həvəslərdən uzaq, nəfsani еhtirasların zülmətindən xilas olmuş, mənəvi-əxlaqi cəhətdən pak müriddir. Dərvişlər sufi şeirlərini müxtəlif məkanlarda oxumaqla sufizmin əsas təbliğatçıları olmuşlar.

İlahi –  təkkə ədəbiyyatında nəzm növlərindən biri. İlahi Allahı tərifləmək, onun ucalığını tərənnüm etmək, ona sığınmaq və yalvarmaq məqsədilə yazılan, dini mərasimlərdə oxunan və söylənilən mənzumələrdir. İlahilər Yaradana olan səmimi sevgi və bağlılıq duyğularının ifadəsidir. Bu baxımdan İlahilər Divan ədəbiyyatındakı tovhid və minacata çox bənzəyir. İlahilər həm əruz, həm də heca vəznində yazıla bilir. Heca vəznində 7, 8, 11, 14 və 16 hecalıq ilahilər istifadə olunub. Yunis Əmrənin ilahiləri olduqca məşhurdur.

Ərkannamə – Bir təriqətin qurucuları tərəfindən təsbit edilən və o təriqətin bəyannaməsi səviyyəsində olan müddəalar toplusudur. Burada təsbit olanan qaydalar həmin təriqətin söz sahiblərinin müəyyən zamanlarda verdikləri hökmlərdir. Bəzi təriqətlərdə buna “Təlkinnamə”, “Təriqətnamə” də deyilib. Belə kitablarda ibadət şəkilləri, dini qaydalar, müəyyən ayələr və hədislər də verilə bilirdi.  Ərkannamələr həm mövcud muridlər üçün, həm də yeni qoşulan muridlər üçün əsas yol göstərən vasitədir.

Abdal –  Dünya işlərindən əl çəkib, özünü Allah yoluna həsr etmiş el şairidir. Abdallar, əsasən şiə təriqətini təbliğ edən şairlər olublar. Sonradan isə Bektaşilik təriqətini formalaşdırıblar. Pir Sultan Abdal bu təriqəti mənimsəyən və təbliğ edən el şairlərindəndir:

Dərdli kəmtər anladınmı hesabı,

Seyyid Battal Gazi Əbdülvəhabı

Həm doxsan min xəlifənin sahabı

Hümkar Hacı Bektaş Vəli abdaldır”.

Yaxın və Orta Şərqdə abdalların turbəsi ziyarətgah olmuşdur. Abdal sufilərin mənəvi-irfani dərəcələrindən biridir.