Şükran xalanın namaz vaxtı

237 Baxış

Yusif-Ali-AfsarFəlsəfə doktoru, dosent  Yusif Ali Afşar

 

Kiçik novella

 

Bu gün səhər tezdən qonşumuz Allahverən əminin həyat yoldaşı Şükran xala darvazamızı döyüb bizi çağırdı. Adətim üzrə qadın çağırmasına həmişə ayıb da olmasın bizim uşaqların anasının cavab verməsini müğayir bildiyimdən, yenə də Şükran xalaya onun hay verməsini işarə etdim. Pəncərənin arxasından qulaq verib gördüm ki, Şükran xala ayıb da olmasın bizim uşaqların anasına onun cavab verə bilmədiyi suallar verir. Bizim uşaqların anası da bir qoçaqlıq edərək: “Şükran xala, mən belə şeyləri bilmərəm, qoy müəllimi çağırım, o belə şeyləri yaxşı biləcək”, – deyib məni evdən çağırdı. Həyətə enib darvazanın yanına gəldim. Abırlı xanım olan Şükran xala ilə ədəb-ərkanla salamlaşdıqdan sonra nə soruşduğu ilə maraqlandım.

- A bala, kimdən soruşuram bilmirlər, bəlkə sən biləsən, bu namaz gündə neçə dəfə, saat neçədə qılınır?

- Hə, ay Şükran xala, bilirəm. Bəs Allahverdi əmi nə yaxşı bilmir bunu?

- Allah verdiyi yerdə daş salaydı Allahverdi əminin başına. Butulkadan vaxt tapır ki, namaz vaxtını da bilə.

Gördüm məsələ çox ciddidir. Güman etdim ki, Şükran xala Allahverdi əminin əməllərindən bezib dinə-imana gəlib namaz qılmaq istəyir. Mən də o dünyada axirətim naminə savab yığmaq üçün Şükran xalaya bütün hər şeyi yerli yataqlı başa saldım: “Şükran xala, əgər sünni məzhəb namazını soruşursansa sünnilər Səudiyyə Ərəbistanı, ya da Misirin təyin etdiyi vaxt ilə, bizdəki şiyələrin vaxtını isə ya Şamaxı rəsədxanası, ya da İran rəsədxanaları vatları ilə müəyyən edirlər. Bütün təqvimlər illik verilir və azanlar da o vaxtlara uyğun verilir və namaz qılınır”.

Bayaqdan bəri gözlərini də qırpmadan, mat-mat mənə qulaq asan Şükran xalaya:

- Hə Şükran xala, indi sənə hansı namaz vaxtı lazımdır? İstəsən təqvimi də çap edib verərəm sənə.

- Ay bala, sən nə uzun-uzadı şeylər danışdın. Mən eləcə namazın vaxtlarını bilmək istəyirdim. Çünki bizə qatıq satan arvad dönə-dönə tapşırıb ki, namaz vaxtı mənə zəng etməyin. Ailəlikcə namazda olurlar, zəng də onları narahat edir…

- …

P.S. Nə qədər istəyirəm ki, mən də müsəlmançılıq edəm, alınmır ki, alınmır. Elə bu yerdə deyiblər: Qızıl taxtın olunca, qızıl bəxtin olsun.

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10