Süleyman Rüstəmin Cənub lirikası

2820 Baxış

suleymaFilologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə

“Qırx ikinci ilin yayından Cənub cəbhəsində vuruşdum”, – deyən Süleyman Rüstəm əslində göstərilən tarixdən daha öncə və bütün yaradıcılığı boyu əlində qələm Cənub cəbhəsində yaradıcılıq istedadını, bacarıq və şücaətini səfərbər edərək yenilməz bir əsgər kimi döyüşmüş sənətkardır. Məhz buna görə də şairin əsərlərini tədqiq edən alimlər, onun yaradıcılığının məziyyətlərindən bəhs edən tənqidçilər cənub şeirlərini Süleyman Rüstəm irsinin şah əsərləri adlandırmış və sadə dəmirçi oğlunun bu əsərlərində daha böyük olduğunu vurğulamışlar. Süleyman Rüstəm Cənub mövzusunda cənublulardan da yanıqlı yazmış, şimalda cənubu – Cənub həsrəti və Cənub problemini ədəbiyyat səhifələrində daha ciddi işıqlandırmış və yaşatmışdır. XX əsrdə də vahid – şimallı-cənublu Azərbaycan ədəbiyyatı anlamının elmdə yaşamasının əsas səbəbkarlarından biri məhz Süleyman Rüstəm olmuşdur. Kitabımı Arazdakı körpü üstdən assınlar, Gənc nəsillər unutmasın bu şairin şərtini: Tez köçərsəm bu dünyadan baş daşıma yazsınlar, İki yerə parçalanmış ürəyimin dərdini. Süleyman Rüstəm kimi istedadlı sənətkarın o dönəmdə – Sovet rejiminin qəddar anlarında ən böyük nailiyyəti, sözsüz ki, dövlət siyasətini bacardığı qədər xalqımızın arzu və niyyətlərinə doğru yönəltmək qabiliyyəti olmuşdur. İstək və arzularını daha da xəlqiləşdirmək məqsədi ilə dramaturgiyaya müraciət edən, sənətinin ecazkar təsirinə inanan şair tarixi hadisələrin fonunda da Cənub həsrətini canlandırır, “Qaçaq Nəbi” əsərində baş qəhrəmanı cənuba gətirərək onun dili ilə deyir:

Unutmaq olarmı bu haqqısayı,

Arazın o tayı, istər bu tayı.

Bir duyan, bir vuran saf bir ürəkdir,

Onun hər dərdinə dərman gərəkdir!

Şairin adı çəkilən əsərində xalq hərəkatı ilə bərabər yaradıcılığının ana xətlərindən biri olan cənub məsələsini də süjetə daxil etməsi onun daim bu problemlə yaşamasını aydınlaşdırır. Əsərdə Nəbinin dilindən verilən, Cənub hərəkatını andıran lirik parçanı dinlədikdə onun dram mətninin mükəmməl bədii ricətli tərkib hissəsi olması ilə bahəm, şairin ümumi lirik irsi ilə də yaxından səsləşməsinin şahidi oluruq.

Araz! Hər yaz çəmən birdir o sahildə, bu sahildə,

Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.

Bilirsən ki, suya xəncər, qılınc vursan da ayrılmaz,

Ürək birdir, bədən birdir o sahildə, bu sahildə.

Ürək telli müqəddəs saz, şeirdən incə xoş bir dil,

Araz, bildinmi sən, birdir o sahildə, bu sahildə?

Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,

Əziz, doğma Vətən birdir o sahildə, bu sahildə!

Bu misraları oxuyanda aydın olur ki, yuxarıdakı kəlmələr şair Süleyman Rüstəmin qəlbindən süzülən, Nəbinin dili ilə səsləndirilən ürək sözləridir. Süleyman Rüstəmin Cənub şeirlərində qoyulan problemlər, onların bədii həlli öz əhatəliliyi və davamlığı ilə diqqəti cəlb edir. Müxtəlif janrlarda işlənən Cənub mövzusu özündə dil, mənəvi azadlıq və tarixi-genealoji birlik kimi məsələləri birləşdirir. Onun Cənub lirikasının manifesti sayılan “Təbrizim” şeiri təkcə forma ecazkarlığına görə deyil, həm də sadalanan problemlərin hər birinin tutarlı təhlili baxımından xüsusi maraq doğurur:

Qədrini ayrılıq çəkənlər bilər,

Hicrində gözyaşı tökənlər bilər,

Ömrünə qaranlıq çökənlər bilər.

Bağından gül-çiçək dərdim, Təbrizim,

Yenə təzələndi dərdim, Təbrizim!

Şeirlərindən birində dil probleminə toxunan sənətkar “dəymə” nidası ilə Cənubi Azərbaycanda keçirilən farslaşdırma siyasətini tənqid etmiş, eyni zamanda Vətənin şimalındakı ruslaşdırmaya da qarşı çıxmışdır. Şair “Dəymə” şeirini bu alovlu misralarla başlayır:

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

Ayrılıq dərdini, qovuşmaq həsrətini illərlə qəlbində yaşadan qocaman şair ömrünün ahıl çağlarında da bu dərddən yazır, əsrlərlə xalqımızın başına gətirilən bəlaları şeirin dili ilə gənc nəslə danışır:

Dinlə şairini, Təbrizli gözəl,

Yenə həsrətinlə alışır sinəm.

Tarixi uzundur bu ayrılığın,

Əzizdir qəlbimə, doğmadır bu qəm.

Çox maraqlıdır ki, milli və Şərq ədəbiyyatında geniş yayılmış gözələ müraciət üsulundan istifadə edilən bu başlanğıc bənddə əsas mövzu kimi eşq deyil, məhz vətən tarixi önə çəkilir. Və vətən, bu şeirdə vətənin konkret timsalı kimi səciyyələndirilən Təbriz şəhəri bir gözəlin simasında təcəssüm edir və ərənlərin uğrunda can verdiyi yurd yeri şairin xəyalında romantik səpkidə canlanır. Əsərin (“Dinlə” qoşması) növbəti bəndlərində də bu təcəssüm effekti davam etdirilir, lakin misralarda ifadə edilən fikir ümumi məzmuna, Vətən oğullarını “sevgili yar” – ana Təbrizi azad etməyə çağırışa xidmət edir: Dünyaları versələr etmərəm qəbul, Könlüm vüsalını istəyir ancaq. Səni qul doğmayıb Təbrizli anan, Sənindir qan sızan o ana torpaq. – deyən Süleyman Rüstəm klassik klişelərdən yeni məqsədlərlə bəhrələnərək köhnə forma çərçivəsində məzmun novatorluğu edir. Süleyman Rüstəm yaradıcılığında eyni məzmun effekti qəzəl janrı daxilində də təcrübədən keçirilmiş və uğurla tətbiq olunmuşdur. Məsələn, “Təbrizli gözələ” əsərində şair yazır:

Ey gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,

Sənin hicrində ürəkdən süzülür gözlərə yaş.

Sənə əl qaldıranın mən ovaram gözlərini,

Qoymaram düz yolun üstündə dayansın qara daş.

Sakit olsun deyə torpaqlar altında könül

Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş.

 

Uzun illərin ayrılıq dərdini yaşadan qoca şair Süleyman Rüstəm cənublu qardaşının mənəvi sarsıntılarına, işgəncələrinə dözə bilmir və sazını sinəsinə basıb ürək ağrısını hayqıran dastan qəhrəmanları kimi belə ifadə edir: Aman, nə uzunmuş bu hicran yolu, Gedirəm, mənzilə çata bilmirəm. Qəlbim məharətlə, ümidlə dolu, Bunsuz bir addım da ata bilmirəm. Ayrıla bilmirəm düşüncələrdən, Qardaşım göz açmır işgəncələrdən. Keçirəm qaranlıq dar küçələrdən, Gecələr sübhədək yata bilmirəm. Cənub mövzusunu şimalda ən gözəl işıqlandırmağa müvəffəq olan qoca şairin ən ümdə, lakin reallaşmayan arzusu o taylı qələm dostu, şair Şəhriyarla görüşmək, onunla dərdləşmək idi. “Şair qardaşıma məktub” şeirində Süleyman Rüstəm bu görüşün baş tutmamasından gileylənir, yaxın yolun uzadılmasından şikayət edirsə də, ümidini gələcək nəslə bağlayır:

Beşikdəki quş yuxulu körpələr,

Dodaqları süd qoxulu körpələr,

Babaları dağdan ulu körpələr

Bizi əvəz edəcəklər, Şəhriyar,

Yolumuzla gedəcəklər, Şəhriyar.

Vaxtı ilə böyük proletar şairi adlandırılan Süleyman Rüstəm Cənub şeirlərində, öz ülvi arzularında, Şəhriyyar şeirinin ölməz misralarında yaşayır, gələcəyə ümidlə baxır və şimallı-cənublu vahid vətən eşqi ilə mübariz bir əsgər kimi amalı uğrunda döyüşür:

Ürəyimin yaxınları, eşidin.

Diləyimin yaxınları eşidin;

İllər yaman artırır bu yaşımı,

Ya tez, ya gec yerə qoysam başımı,

Nə ağlayın, nə də fəryad qoparın,

Vədinizə əməl edin, nəhayət,

Məni Araz sahilinə aparın,

Məzarımı o torpaqda qazdırın,

Gözyaşımdan yaratmışam bu çayı,

Məni üzü Təbriz sarı basdırın,

Qibləm olsun Arazımın o tayı.

Ancaq yalnız bircə bunu etməyin,

Gözlərimin qapağını örtməyin.

Vaxtında köçdüyüm gündə

Tutsun tabutumu otaylı əllər

“Yasin” əvəzinə qəbrim üstündə

Bir vüsal mahnısı oxusun ellər!

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10