Süleyman Rüstəmin senzurası haqqında Almas İldırımın yazdıqları: “Sizdən proletar şairi çıxmaz”

94 Baxış

bn

 

Bir müddətdir Azərbaycan mühacirət ədəbiyyatının önəmli simalarından olan Almas İldırım haqqında xatirələri toplayıram. Onunla bir məktəbdə işləmiş müəllimlərin, siyasi mücadilə dostlarının, ailə üzvlərinin xatirələri Almas İldırımın şəxsiyyətini öyrənmək baxımından çox maraqlıdır. Mühacirətdə çap olunan dərgilərdə isə ara-sıra Almas İldırımın özünün xatirələri də çap olunub.

Berlində dərc olunan “Kurtuluş” dərgisinin 1936-cı il (aprel) 18-ci sayında şairin “Bakı xatirələri – Ədəbiyyat Cəmiyyətində” adlı bir xatirəsi yayımlanıb. Həmin yazıda Almas İldırım sovet rejiminin qızğın müdafiəçisi olan Süleyman Rüstəmin gənc şair və yazarların əsərlərinə necə müdaxilə etməsi, onlara “yol” göstərməsi haqqında yazır.

Bir çox maraqlı məqamları özündə əks etdirdiyi üçün yazını dilimizə uyğunlaşdıraraq “Ustad”ın oxucularına təqdim edirik:

Dilqəm ƏHMƏD

 

Ədəbiyyat Cəmiyyətində

 

“Sizdən proletar şairi çıxmaz. Gözləriniz həyatda daim gözəllik və eşq ilahəsi axtarmaqdadır. Siz neft və mazut içərisinə girə və orada işləyənlərin duyğu və düşüncələrini ifadə edə bilməzsiniz. Siz ancaq burjua sinfinə aid bir ədəbiyyat sahəsində çalışırsınız!…” – deyə cəmiyyətin katibi Süleyman Rüstəm yenə də gənc şairləri töhmətləməyə başlamışdı.

Onsuz da bu, bir adət idi. Yuxarıdan yeni bir əmr gəlincə, bizim Süleyman bu kimi müqəddimələrlə tez-tələsik işə başlayırdı. Bu dəfə də eyni klassik sözə metodla başlamış, “ciddi” bir görkəm almışdı: “Ona görə də sizin bu gün Ədəbiyyat Cəmiyyəti üzvləri arasında qalmanızın heç bir faydası yoxdur. Bu nə firqənin, nə də hökumətin işinə yarayır.

Dostum N:  Yenə nə olub, məgər?

Süleyman Rüstəm: Niyə soruşursan? Onu sən məndən daha yaxşı bilirsən. Hanı, bir fəhlə klubunda oxumaq üçün proletar məfkurəli yazılarınız varmı? Bu gecə mədəndə, işçilərin qarşısında nə oxuyacaqsınız?

– Yenə zakaz məsələsidir.

Mən: Təbii, bir şey tapıb, oxuyarıq.

Süleyman Rüstəm (mənə): Səni bilirəm. İzah etməyə lüzum yoxdur. Ya “Gürcü qızı”nı oxuyacaqsan, ya “Dağlar”ı, onlar da olmasa, “Ay ilə Günəş”i qırıldadacaqsan… Hey, proletar şairi, hey! Hələ ötən gün “Maarif evi”ndəki tədbirdə oxuduğun şeirin mənası nə idi? Hamınızın qafası dəyirman daşında üyüdülməlidir!…

N: Əgər şair qafası dəyirman daşını əzərsə?

Mən: Yox, canım, onlara fikir vermə, yenisini yazdım, onu oxuyaram.

Süleyman Rüstəm: Hansıdır? Təbii ki, mən görməsəm, hər yerdə oxuya bilməzsən. Əvvəlcə cəmiyyətdən keçməlidir. Yoxsa hər yazılan şeir məclislərdə oxunmaz.

Mən: Onsuz da hamımız elə edirik… Budur, baxa bilərsən.

Süleyman Rüstəm: Oxu, görüm.

Mən: Sərlövhəsi “Düşmənə”dir.

Süleyman Rüstəm (tez sözümü kəsərək): Hansı düşmənə?… Bax, görürsənmi?… Siyasi yanlışlıq… Düşmən olduğu kimi yazılmalıdır.

Mən: Əzizim, bir dayan. Şeirin mövzusundan anlaşılacaq.

Süleyman Rüstəm: Yox.Yox… Şeirin sərlövhəsi əsasdır. Düşmənin kimlər olduğu yazılmalıdır… Düşmən kimdir?…

Mən: Bəlli ki, düşmənimiz birdir. Ona qarşı yazılıb.

Süleyman Rüstəm: Kim, kapitalizimmi, imperialistlərmi?… Bax, o yazılmalıdır.

Mən (artıq onun israr edəcəyini bildiyim üçün) “Yaxşı” dedim və şeiri oxumağa başladım.

Yenə qanlarla dolmuş afaqın,

Canavar gözlərində kin parlar.

İti caynaqlı pəncəndə,

Dedilər pək çox ağlayanlar var.

Süleyman Rüstəm: Belə, belə… Sərlövhəsini “Kapitalizmə”, yaxud da “Qərbə xitab” qoymalısan.

Mən:

Ey qızıl qan, ölüm saçan qüvvət,

Nə rəzil, kirli şöhrətin vardır;

Varlığından usandı həp xilqət,

Hakimin qanlı diplomatlardır.

Süleyman Rüstəm: Dayan, dayan… Orası bir qədər anlaşılmır. Şübhəlidir, birinci misranı dəyiş.

Mən: Necə olsun?

O (düşündü…düşündü…): Bunu belə elə: “Ey qara üzlü, vəhşi ifritə…”

Mən: Yaxşı, bu da sən deyən olsun.

Qəlbimdə isə “xainlər özlərindən şübhə edərlər, qan və ölüm saçan qüvvətin özləri olduğunu yəqin ki düşündü, – dedim.

Süleyman Rüstəm: Nə yaman fikrə getdin, olmadımı?

Mən (bilaixtiyar): Bəli, oldu, oldu… Fəqət qafiyəsi düz gəlmədi…

O: Zərəri yoxdur. Belə bir vaxtda qafiyəyə baxmazlar. Hələ o “diplomatlar” yerində də “hakimin qan içən krallardır…” yaz.

Mən: Bu da yazıldı, sonra?

Süleyman: Sonrasını oxu.

Mən:

O rəzillər, o kinli cəlladlar,

Hökm edər duyğusuzca hər yerdə.

Qopur ölkələrdə fəryadlar,

Nerdədir vicdan, ədalətin nerdə?…

Süleyman Rüstəm: Dayan, dayan, burda lap korladın. “O rəzilləri” poz, “o kralları” yaz!… Daha sonra harada hökm etdiklərini göstər.

– Harada?

– Misal üçün, müstəmləkələrdən birini oraya sal.

– Hansı müstəmləkələrdən? Müstəmləkə çoxdur…

– Hindistan, Misir, Əlcəzair, Ərəbistan, Çin… Hansı gəlirsə, misra qoş.

– Bunların heç biri gəlmir, yazdığım misra uymur, doğru çıxmaz.

– Niyə? Uydur, çıxsın da…

– Niyəmi? Yazdığım şeir əruz vəznindədir. Ona görə də oraya ölçüyə uyğun müəyyən kəlmələr salınmalıdır.

O bir az düşündü, düşündü və nəhayət, dedi: Belə olacaq… “Hökm edər, Fasda, Çində hər yerdə…”

Mən: Bu da belə oldu… hmmm… baxaq şeirin daha harası söküləcək.

Varlığın həp dəmirlə, daşlarla

Parçalanmış da, qanlı yaşlarla.

Nə deyim, ah, o gözlərin batsın.

Səni düşmən, fələklər ağlatsın!

Süleyman Rüstəm: Burada dayan. “Düşmən”i qarala, yerinə “Ey, Qərb” yaz. Belə olsa, düşmən məfhumu anlaşılar.

Mən: Bu da oldu.

Yox, yox, əsla, fələklər, ağlatmaz,

Azacıq gözlə, sən də, sən də bir az.

Səni yalnız bir ağladan olacaq.

Bəlli bir gün başında qan qopacaq.

Süleyman Rüstəm: Yox, yox, sonu heç yaramadı. Haradadır qayə, haradadır məqsəd?

– Nə məqsədi?… Zülmü yıxacaq yenə bir qan fırtınası deyilmi?

– Qan, amma Qərbi kimlər yıxacaq? O qüvvəti göstərməli… Bir cahan inqilabı.

– Eee, indi mən bu “cahan inqilabı”nı bu kiçik misraya necə sığışdırım?

– Bax, elə ona görə sizə deyirəm ki, sizdən proletar şairi çıxmaz. Yox, belə bitməsi məqsədəuyğun deyil. Sonunda dünya inqilabını yaradacaq qüvvələrdən, yəni kommunizmdən, sosializm inqilabı, qızıl bayraq məfhumlarından birini yerləşdir.

– Demək, sonunda “inqilab” yaratmalıdır.

– Bəli, bəli, yoxsa, nə oxuya bilərsən, nə də nəşr edilər.

Süleyman, nəhayət, sonuncu misranı belə elədi:

“O da yalnız, yalnız qızıl, qızıl bayraq!…”

Mən:

Hə, deməli, yaratdıq. İndi bu mənzuməni oxumaq olarmı?

– Bəli, bəli, həm də bu gecə gedəcəyik, mədəndəki tədbirdə oxuyacaqsınız. Başqalarının nəyi var, görək. N, sən nə oxuyacaqsan?

N: Mən də gedəcəyəm ki?

Süleyman Rüstəm: Bəli, sən, Almas, bir də R. Üç adam getsə, bəsdir. Üç də rus, üç də erməni, kafidir.

R: Mən heç nə yazmamışam!…

Süleyman: Allah bəlanızı versin…

 

P.S. Qeyd edək ki, sonralar məcmuələrdə və Almas İldırımın kitabında yayımlanan bu şeir “Qərbə” sərlövhəsi ilə Süleyman Rüstəmin istədiyi formada çap olunur. Almas İldırımın bu xatirəsi o dönəmin şairlərinin şeirlərinin necə senzor tərəfindən korlandığı və mövcud quruluşun tərənnümünə çevrildiyini göstərir. Kim bilir, daha neçə gənc şairin şeirləri Süleyman Rüstəm tərəfindən bu cür təhrif olunub.

Almas İldırımın 2004-cü ildə “Öndər” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərlər”ində bu şeir Süleyman Rüstəmin redaktəsində olduğu kimi verilib, amma 2007-ci ildə “Avrasiya Press”də çap olunmuş “Boğulmayan bir səs” adlı kitabda isə orijinallıq daha çox qorunub, yəni şeirin ilkin variantına yaxın forma çap olunub.

KÖŞƏ YAZARLARI
TOP 10