Sumqayıt Dövlət Dram Teatrında yeni premyeralar

21 Baxış

 

Sumqayıt Dövlət Dram Teatrında bu yaxınlarda yeni premyeralar reallaşacaq. Dramaturq Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb” pyesi ailə-məişət mövzusundadır. Ailə, məktəb, cəmiyyət məsələləri tamaşanın məğzini təşkil edir. Sovet dövrünün eybəcərlikləri, cəmiyyətin idarə olunmasında baş verən təzadlar əsərin baş qəhrəmanı Qumrunu rahat buraxmır. Müəllif Qumrunun şəxsində aydın səmalı, sabahı, müstəqil cəmiyyəti arzuladığını dilə gətirir.

Quruluşçu rejissor Vasif Məmmədovdur. Rollarda əməkdar artist Fəranə Musayeva, Dağlar Rüstəmov, Akif Mirzəyev, Xatirə Süleymanova, Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova, Elmir Mehdiyev oynayırlar.

Atol Fuqardın “Qan qardaşları” psixoloji ailə dramına isə teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları əməkdar artist Rauf Ağakişiyev, aktyor Oktay Mehdiyev canlandırırlar.

Qara irqə mənsub, qul taleyi yaşayan iki qardaşın həyat uğrunda mübarizəsi əsərin süjet xəttini təşkil edir. Onlar acınacaqlı həyatlarını qismən dəyişməkdən ötrü yığdıqları qəpik-quruşla ferma almaq arzusu ilə yaşayırlar. Lakin ağların hökmranlıq etdiyi cəmiyyətdə hər şey qardaşların əleyhinə işləyir. Fəqət, onlar mənəvi keyfiyyətlərini qoruyub saxlamağı bacarırlar.

İsi Məlikzadənin “Sultanqulu körpüsü” sosial komediyasında baş verən hadisələr də sovet dönəminə təsadüf edir. Əsərdə 80-ci illərdə bir Azərbaycan kəndinin ictimai ab-havası öz əksini tapıb. Rollarda əməkdar artist İlahə Səfərova, aktyorlar Mövsüm Hüseynov, İlqar İbrahimov,  İlham Səfərli, Dağlar Rüstəmov,  Mətləb Səfərli, Yalçın Səlimov Şəhla Məmmədova, Şəmistan Süleymanlı və başqaları çıxış edirlər.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur.