Suriyalı körpəyə elegiya

121 Baxış

kurdinMəhsəti Musa

 

Egey dənizində boğulan 3 yaşlı suriyalı uşaq Aylan Kurdinin simasında müharibənin qurbanına çevrilən bütün körpələrə…

 

Qırmızı köynəyi
sevə-sevə almışdılar sənə
Çox yaraşmışdı…

Gözəl günlərdə,
şad günlərdə geyinəsən deyə
saxlamışdı anan…

Amma səni zülmün əlindən qaçıranda
rənginə baxmadı….
Ya bəlkə də
qarşıdakı qırmızı günlər arzusuyla
həmin köynəyi geyindirdi sənə…
Çox yaraşmışdı…

Hətta o qədər çox ki,
əcəl də yan keçə bilmədi səndən…

Ananın şirin nağıllarına inanıb
“Gözəl yerlər”ə
“Gəzməyə” getmişdin…
Sən nə bilirdin ki,
didərgin düşmək deyirlər buna…
Öz yuvanda yerin olmadığı kimi
Sular da qəbul etmədi səni…

Bu dünyada sənə ən sadiq olan
totuş ayaqlarındakı
balaca ayaqqabıların oldu…

Onlar da yaraşmışdı sənə
fotolarındakı saf gülüşün kimi…

Sənə yaraşmayan
bircə ölümün oldu, yavrum!
Dünyanın gözlərinə
əksi düşən ölümün…

Nə düşündün o anda?
Oyandınmı nağıllardan?
Tüpürə bildinmi
dünyanın gerçək üzünə?

Balaca ürəyin partlayanda
Anan keçdimi xəyalından?
Axtardınmı
səni xilas edəcək əllərini?

Və öldümü
son ümidin də?

Bu nə”yatışdır”?
Bu nə sakitlikdir?
Bu yaşda
belə səssiz ölüm qarşılayarlarlarmı, yavrum?

Bütün sevgisizliklərə şahid olan
körpə gülüm!
Üşüyürsənmi oralarda?

Budur, körpə qızım
Məni səsləyir,
məni gözləyir
İndi yedirəcəyəm, içirəcəyəm
Sonra şirin-şirin layla çalacağam ona…

Sənə də layla çalımmı, yavrum?
Eşitmək istəyəcəksənmi məni?
İnana biləcəksənmi -
Səni xilas edə bilməyən
Bu dünyanın adamına?

İnana biləcəksənmi???

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10