Sürpriz qız

139 Baxış

shamil-sadiq-300x300

 f.ü.f.d.,dos. Şəmil Sadiq

- Salam, Həsən müəllim!

- Salam.

- Necəsiniz?

- Kəmşirin!

- :)) Maraqlıdır, niyə bəs kəmşirin?

- Şirin olsam, ürək vuraram.

- Sağ olun, müəllim, mən çıxmalıyam.

Həsən müəllim Fidanla arasında olan bu kiçik dialoqa anlam verə bilmədi. Çoxdan tanıyırdı bu gənc qızı. Onda hələ tələbə idi. Ağıllı qıza bənzəyirdi. Gözləri həmişə gülər, gəncliyin enerjisi ilə parıldayardı. İçində bir işıq vardı sanki qızın. Elə bil yerə-göyə sığmayan Tanrını sərçə ürəyi kimi döyünən qəlbinə sığdırmışdı. Bir tədbirdə tanış olmuşdular. O gündən bu günə “Facebook”da hərdən bir-birilərinin şəkillərini bəyənir, ara-sıra fikir bölüşərdilər. Bu qəfildən salamlaşma Həsən müəllimin ürəyincə olsa da, bir anlam verə bilmirdi. Səbəbini bilməsə də, bu qıza qarşı qəlbində bir simpatiya vardı. Çox istəyirdi. Statuslarından hiss olunurdu ki, həm səmimi, həm də incə bir şıltaqlığı da vardı. Bir-iki dəfə mesaj qutusuna baxsa da, sonra Fidan daha heç nə yazmadı.

Həsən müəllim bir az tanınan adam olduğundan fikirləşdi ki, Fidan ondan nəsə xahiş edəcəkdi. “Bəlkə, utandı deməyə” – düşündü. Ürəyindən keçdi ki, yəqin, onun cəmiyyətdəki nüfuzundan istifadə edib özünə bir iş tapmasını istəyəcəkdi. Əslində, Fidan bunun üçün ağız açsa idi, Həsən müəllim hökmən ona iş tapmaqda kömək edərdi.

Günlər keçdi. Hardasa az qala Həsən müəllim Fidanı unutmuş, ona qarşı qəlbində olan simpatiyanı da gizlətmişdi. Sonra bir gün yenə Fidan qəfildən Həsən müəllimə mesaj yazdı. Onlarla mesajın olmasına baxmayaraq, Həsən müəllim Fidanın mesajını ilk oxudu:

- Salam, Həsən bəy!

- Salam.

Həsən müəllim özünəməxsus soyuqqanlıqla cavab versə də, nədənsə bu dəfə onu qabaqladı:

- Necəsiniz?

- :) Kəmşirin, bəs siz?

- Hərdən kəmturş da oluram!

- Sizin bu hazırcavablığınıza heyranam da.

- Çox sağ olun.

- İşləriniz necədir?

- Belə də, şükür. Sənin işlərin necədir?

- Yaxşıdır, sağ olun. Üzrlü sayın, getməliyəm.

- Buyurun.

Birinci söhbətlə ikinci söhbətin arasında da bu tipli bir neçə yazışma olmuşdu. Yenə də “salam-sağ ol”, vəssalam. Artıq bu Həsən müəllimin diqqətini çəkirdi. Axı bunun bir səbəbi olmalı idi. Bu qız nə demək istəyir, görəsən. Ürəyi dözmədi. Əvvəlki mesajları diqqətdən keçirdi. Nəsə axtarırdı elə bil. Nəsə, bir işarə. Amma heç nə tapmadı. Bilgisayarı söndürmək istəyirdi ki, diqqətini bir şey çəkdi. Tələsik yenidən “Facebook”dakı səhifəsini açdı. Bu dəfə Fidan ona “müəllim” yox, “bəy” deyə müraciət etmişdi. Artıq qırxı haqlamış müəllimin gözlərində bir təbəssüm yarandı. Nədənsə, onu narahat edən, bəlkə də, xoşuna gələn bir fikri yaxın buraxmadı. Amma bu “bəy” müraciəti ilişib beynində qaldı.  Gülümsünüb: “Ax gənclik, gənclik”, – deyib bilgisayarı söndürdü. Sonra da qızlarının otağına keçib üzlərindən öpdü və yerinə girdi.

Yenə bir xeyli keçdi. Hər kəs öz işinə davam etdi. Günlərin bir günü Həsən müəllimə bir mesaj gəldi:

- Salam, necəsiniz?

- Sağ ol, sürpriz qız, sən necəsən? – deyə qarşılıq verdi Həsən müəllim. Cavab çox gözlətmədi özünü.

- Şükür, yaxşı! Sürpriz niyə?

Fidan yenə də gülüş işarəsini unutmadı. :)

Həsən müəllim bu dəfə bir az açıq danışmağa üstünlük verdi.

- Təki həmişə yaxşı olun. Hərdən qəfil gəlib salam verib gedirsən, ona görə. :)

- Hal-əhval tuturam.

Nədənsə, bu dəfə gülüş işarəsi yox idi.

- Bu da sürpriz olur da, qızı. İşlərin necədir?

- Şükür, yaxşıdır iş-güc. Vallah, iş o qədər çoxdur ki, ancaq salam yazmağa vaxt olur.

- Bizim xasiyyətimizdir axı, ancaq işimiz düşəndə bir-birimizi axtarırıq. Amma siz fərqlisiniz. Yorulmayın.

- Aaa, sizi təəccübləndirən də bu imiş. :)

- Yooo, təəccübləndirmir, sizi çox istəməyimin səbəbidir.

Həsən müəllim fikrinin yanlış anlaşılmasından diksinərək tez də fikrini dəyişmişdi bu cümlə ilə. Bu saf qızcığazın pak niyyəti qarşısında bir anlıq utanmışdı da. Sonra da “Sizi çox istəməyimin səbəbidir” fikrini yazdığı üçün peşmançılıq hissi keçirmişdi. Axı bir neçə dəfə yazışmaqla bu qıza niyə belə deməli idi. Amma şagirdlərinə qarşı həmişə səmimi olan müəllim o qədər də narahat olmadı. Lakin gəncin düzgün anlamamasından da narahatlıq hissi keçirdi. Heç bir səhifəyə keçmədən cavabı gözlədi.

- Şəxsiyyətinə hörmət etdiyim, dəyər verdiyim insanlara zaman ayırıb, hal-əhval tuturam.

Fidan adəti üzrə çox gözlətmədən : “Gecəniz xeyirə”, – deyib yenə getdi.

Bu dəfə isə Həsən müəllim bir anlıq qızardı. Özünü məzəmmət etməyə başladı. Axı niyə bu qədər fərqli fikirlərə düşmüşdü. Özünü qınasa da, haqq qazandırdı. Yadına salmağa çalışdı ki, görəsən indiyə qədər kimsə ona təmənnasız salam veribmi? Çox fikirləşdi, tapa bilmədi. Ən yaxın dostları belə hansısa işlə bağlı onunla hal-əhval tutmuşdu. Heç özü də uzun müddətdir ki, əzizləri, doğmaları ilə də heç bir iş olmadan hal-əhval tutmamışdı. Yenə özünü bağışlamaq üçün: “Bayramlarda olur”, – deyə gülümsündü. Hə, bir də ata-anasını hərdən soruşurdu, vəssalam. Bütün bunları düşünə-düşünə sonuncu mesajı yazdı:

- Xeyirə qarşı, bu qardaşı unutma. Hərdən hal-əhval tut!

Amma Fidan yenə getmişdi. Özündən asılı olmayaraq kitab rəfindən Cəlil Məmmədquluzadənin cildliyini götürdü. Ayaq üstə “Rus qızı” hekayəsini vərəqlədi. Kitabı yerinə qoyanda Məhəmməd Füzulinin “Şikayətnamə”sini gördü. Artıq gec olduğu üçün yataq otağına keçdi. Həyat yoldaşının yanılı qoyduğu işığı söndürüb yerinə girdi.

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10