“ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabı çapdan çıxdı

1 Baxış

hg

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanındakı uğurları geniş təhlil olunub. Xüsusilə, Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərməklə, Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi dəyərləndirilir. Bundan başqa, Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir.

Kitabda Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salnaməsi açıqlanır. Şuşa Azərbaycanın çoxəsirlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi göstərilir. Kitabda ümummilli lider Heydər Əliyevin ermənilərin əsassız iddialarına qarşı mübarizəsi və Şuşaya zəngin tarixi abidə kimi qayğısı vurğulanır. Bununla yanaşı, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması təsdiq olunur və bu fotolarla diqqətə çatdırılır. Həmçinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətlərinin fotoları da kitabda öz əksini tapıb.

Bununla yanaşı, ötən il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də 2021-ci ildə şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər geniş tədqiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti açıqlanır. Kitabda bütün bu mühüm hadisələr də rəsmi fotolarda öz əksini tapıb.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab beş bölmədən – “Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər: hərbi-diplomatik və informasiya məkanında uğurlar”, “Şuşa- Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər”, “Şuşa işğaldan əvvəl”, “Şuşa Ermənistan silahlı qüvvələrinin işğalından sonra”, “Şuşa işğaldan azad ediləndən sonra”.

Qeyd edək ki, kitabın 5-ci bölməsindəki rəsmi fotoların müəllifi AZƏRTAC-ın Fotoinformasiya redaksiyasının baş redaktoru Vüqar Əmrullayevdir.

“Zərdabi Nəşr” MMC-də nəfis tərtibatla, yüksək poliqrafik üslubda çap edilən 180 səhifəlik bu kitab Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə nəşrə hazırlanıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10