Şuşa həsrəti – Həzi Həsənli                                              

442 Baxış

16900409_585004238364907_1404692005_n

Respublikanın Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasının 100 illiyinə həsr olunur.

Vikipediyada onun haqqında bu məlumatlar yer alıb: Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı bir saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsində təhsilini başa vurub. Tibb təhsili aldığı zaman rəqs və dram dərnəklərində də məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında işləyib.

Otuz ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova Akademik Milli Dram Teatrında onlarca əsərlərdə rollar ifa edib.

O,  1949-cu ildə Azərbaycan SSR əməkdar artisti və  1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülüb.

 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Başı kəkilli kənd uşaqlarıydıq. Bir – birinə arxa duran dağlarımıza baxıb arxa – dayaq durmağı öyrənirdik. Məskənimiz arxalı dağlardı, şır – şır axan bulaqlardı. Dağlar qoynunda, bulaq başında, uşaq yaşında Vətən hənirli, saz qənirli bildiklərimizdən oxuyardıq. Bir də ayılıb gördük ki, Borçalıda, Faxralının Təhməz bulağının daşlı, yaşlı, eşməli, çeşməli gözündən süzülən suların səsinə bir bulağın da zümzüməsi qarışıb. Azərbaycan efirindən gələn “Bulaq” yaz sorağı kimi gəlmişdi. Munis bir dillə könlümüzü oxşayırdı. Ayın aydınlığında, durna qanadında gətirdiyi yaylaq sərinliyi könüllərdə binələşdi, ayladı, illədi – sənələşdi. “Bulağ”ın ömrü uzandıqca uzanır, gələn il 50 yaşı tamam olur.

Cəhrəli, nehrəli, ətirli, fətirli nənələrimiz, ağır elli, atı yelli babalarımız “Bulaq” başına yığışdı. Ellərimiz, çöllərimiz onların allı – güllü sözünə – söhbətinə qulaq kəsildi. “Bulaq” bizləri ululuğa inandırdı, yurdun başına dolandırdı. İnsanlarımızın  özünüdərki bulaq kimi qaynadı. “Bulaq” verilişinin efir təcəssümü qatar – qatar saz havalarının üstündə köklənəndə  dinləyicilərini də könül – könülə məhrəmləşdirdi.

“Bulağ”ın əvəzsiz aparıcıları Səməndər Rzayevlə Məhluqə Sadıqovanın səsində pəri durnaların lələk sala – sala köç etməsi də, bərəkət ətəyi zəmilərin sünbül vaxtı da, ağır ellərimizdə saz – söz yığnağı quran Aşıq Alı da, Dədə Ələsgər də, Dədə Şəmşir də, Dədə Hüseyn Saraçlı da, Dədə Əmrah Gülməmmədov və başqa dədə ozanlarımız da bulaq biçimində uşaqdan –  böyüyə hamının yaddaşına həkk olundu. Verilişin ilk redaktorlarından olan Xalq yazıçısı Mövlud Süleymanlı dinləyici sayğısını qorumaq üçün davamçılarını yetişdirmək zəndində yanılmamışdı. İndi də Əhməd Oğuzun və Tahir Talıblının qələmiylə öz axarında çağlayır “Bulaq”.

“Bulağ”ın ilk ssenarisini yazan Mövlud Süleymanlı, onu dinləyicilərin qulluğuna yetirənlər isə Məhluqə Sadıqova ilə Səməndər Rzayev olmuşdur. İndi o verilişdən ötən dövr bir qərinəyə yaxınlaşır. Bu uzunömürlü veriliş haqqında düşünərkən Məhluqə Sadıqova ilə  söhbətmizi xatırladım. Məhluqə xanım ömrünün sonunadək “Bulağ”ı qırçın, laçın səsi ilə dinləyicilərə sevə – sevə çatdırdı.

Özü də, sözü də bulaq suyu kimi saf idi. Bu azman sənətkarımızla ömrünün ağbirçək vaxtında görüşəndə çöhrəsi cökə çiçəyi kimi puçurlamışdı. Sərincə – sərincə yaz günlərinin birində radionun səsyazma studiyasında üz – üzə oturub kəlmə kəsmişdik. Hər kəlməsindən bulaqların yarpız ətri, lilpar ətri gəlirdi. Bir bayatıda deyildiyi kimi:

Bu bulağın yanı yarpız,

Bu bulağın tamı yarpız.

Yarpız ətri vurdu məni,

Hanı bulaq, hanı yarpız?

 … Səs o səs idi, həvəs o həvəs. Səbəbini də izah edəndə deyirdi ki, “Bulaq” elimizin halalca sərvətidir. Bulaq başına gedən yol da duruluğa, saflığa aparan yoldur. Mənzili bəlli yollar insanı yormaz. Mən buna ayrıca bir sənət kimi baxıram. Dilimizin saflığını, rəngarəngliyini duyub sevmişəm. “Bulağ”ın dili kökümüzə, binəmizə bağlı ana laylası şirinliyindədir, – deyirdi Məhluqə xanım.

O, ilk təhsilini Şuşada almışdı. Cəmisi yeddi sinif bitirmişdi. Teatr isə onun sənət universitetinə çevrilmişdi. Məktəbli olduğu illərdə onun qəlbində şeir – sənət odunu alovlandıran müəlliməsi Südabə xanım olmuşdu. Aktrisanın nitq mədəniyyətinin formalaşmasında da  onun rolu var idi.

Məhluqə Sadıqova 30 – cu illərdə teatra gedəndə bənövşə boylu utancaq bir qız idi. Tuqanov, İsmayıl Hidayətzadə, Ədil İsgəndərov, Tofiq Kazımov, Ələsgər Şərifov ( həm də Məhluqə xanımın həyat yoldaşı olub) kimi rejissorlardan səhnənin sirlərini öyrənmişdi. Elə bu səbəbdən də  “Bulağ”a qədərki yolu teatr səhnəsindən keçib. Xalqımızın təbiətinə uyğun tariximizdən, milli mədəniyyətimizdən, ağız ədəbiyyatımızdan danışan “Bulaq” Məhluqə xanım üçün yeni bir sənət məktəbinə çevrilmişdi. Onun hər sayında Ana, Vətən, Millət sevgisi boy verirdi. Xalqımızın torpağı əzizləməsi, ulularımızın müqəddəs sayılması, qədim el adətlərimizi yaşatması “Bulağ”ın əsas mayasını təşkil edirdi.

Mərhum sənətkarlarımız Məhluqə Sadıqova ilə Səməndər Rzayevin səslərinin qoşalaşdırılmasının əvəzi yox idi. Səməndər Rzayev rəhmətə getdikdən sonra Məhluqə xanım “Bulaq” verilişini bir müddət sevilən aktyorumuz Rasim Balayevlə oxumuş, sonra isə teatrımızın daha bir istedadlı aktyoru İlham Təvəkküloğlu ilə davam etdirmişdir. Beləcə, Məhluqə xanım “Bulaq” verilişində ağbirçək urvatını yaşadaraq ömrünün sonunadək çalışmışdır.

Məhluqə xanımın bir fikri heç yadımdan çıxmaz. Deyirdi ki, bir adam ki, Şuşada doğula, şeirdən – sənətdən ayrı dura bilməz. Böyük bacısının yoldaşı jurnalist olduğundan, Qulam Məmmədli, İsrafil Nəzərli, Abbas Mirzə Şərifzadə, Səlimbəyov, Əsəd Tahirlə sıx təmasları varmış. Əsəd Tahir “Büdcə” teatrının ( indiki Akademik Milli Dram Teatrının) müdiri idi. Məhluqə də onun sayəsində teatra gəlib. Görkəmli aktyorlar Sona Hacıyeva və Barat Şəkinskaya ilə yaxınlıq eləməyə başlayıb və o vaxtdan taleyini səhnə ilə bağlayıb.

O, “Şahnamə”də Firuzə Xatun, “Həyat”da  Tərlan, “Pəri cadu”da Səlimə, “Solğun çiçəklər”də Pəri və bir çox başqa rollarda oynayıb. Kino filmlərə isə çəklimədiyinə çox təəssüflənirdi, sadəcə xırda epizodlarda  göründüyünü deyirdi. Məhluqə xanım onu da qeyd edirdi ki, 30 – cu illərdə teatrla yanaşı, radioda da çalışıb və uşaqlar üçün şeirləri, hekayələri verilişlərdə canlı oxuyub. Eyni zamanda radio quruluşlarında, radio teatrında elə olub ki, eyni vaxtda həm rolunu oynayıb, həm də aparıcılıq edib. Amma mikrafon qarşısında xarakterlər yaratmağı əvvəl – əvvəl elə də asan olmayıb. Sınaqlardan, əziyyətlərdən keçib. Uzun bir yol keçdikdən sonra isə “Bulaq” verilişində fəaliyyətə başlayıb. Səsinə – sənətinə yaxından bələd olduqdan sonra radioda ona geniş meydan verilib. Beləcə, səsi uzun illər “Bulaq”dan su içib.

Dinləyicilər  Məhluqə xanımın səsinə elə öyrəşmişdilər ki, hansısa üzürlü səbəbdən efirdən səsi gəlməyəndə darıxırdılar, narahat olurdular. Özü də bu barədə deyirdi:

-Bir dəfə qastrola getmişdik. Oranın havası mənə düşmədi, xəstələndim. Sevimli diktorumuz Roza Tağıyeva əvəz elədi məni. Həmin ərəfədə çoxlu sayda quş qanadlı məktublar gəlmişdi “Bulağ”ın ünvanına. Dinləyici məktubu almaq da bir ayrı səadətdir. Soruşurdular ki, Məhluqə Sadıqovanın səsi niyə gəlmir?! Naxçıvandan Qaşdar Əliyevin məktubu hamımızı kövrəltmişdi. O, yazmışdı ki, “ malımı – mülkümü sataram, Məhluqə xanımın sağalması üçün xərcləyərəm. O, təkcə öz ailəsinə yox, bütün Azərbaycan xalqına lazımdır.” Belə məktubları əziz xatirə kimi saxlayıram. Bu, mənə xoşdur. Əlbəttə, verilişi Roza xanım da, bəlkə bir başqası da oxuya bilər. Amma mən özüm “Bulaq”sız yaşaya bilmərəm. Dəfələrlə demişəm, yenə də deyirəm ki, mən buna ayrıca bir sənət kimi baxıram.

Məhluqə xanım dinləyici məhəbbətindən ağızdolusu danışırdı:

-O qədər gözəl məktublar yazırlar ki…Dönə – dönə oxumaq istəyirsən. “Bulağ”ın başına cəm olanların, arayıb – ərsəyə gətirənlərin hamısını öz evlərinə qonaq çağırırlar. Bu məktublar bizim əvəzolunmaz mükafatımızdır.  Bizi övladlarının toyuna, özlərinin ad günlərinə dəvət edən dinləyicilərin sayı o qədərdir ki… Verilişlərimizdə dinləyici məktublarına da geniş yer ayırırıq, adımızı anan cəmi dinləyicilərə könül xoşluğu arzulayırıq. Könülləri xoş olduqca “Bulağ”a qonaq – qara qismində gələn dinləyicilərimiz də çox olur.

Məhluqə xanımla ünsiyyətdə olan  zaman  bir “Bulaq”lıq  sözü – sovu araya – ərsəyə gətirdik. Söhbətinin sonunda demişdi:

-Yaşımın bu çağında “Bulaq” məni gümrah saxlayıb. Bircə Şuşa həsrətim var. Qalan heç nədən gileyim yoxdur. Evim – eşiyim var. Övladlarım, nəvələrim də dörd yanımı bürüyüb.

KÖŞƏ YAZARLARI
TOP 10