Şuşanın bulaqları – Mütəxəssis rəyi

2 Baxış

hg

 

Tarixən su çəkdirmək, bulaq tikdirmək xeyirxah və savab əməl sayılıb. Bu işi görənlər həmişə xalqın yaddaşında yaşayıb və xatırlanıb. Su sarıdan korluq çəkən Şuşa qalasına su çəkdirənlər də həmçinin…

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-ın müxbirinə Şuşanın bulaqları haqqında məlumat verərək deyib: “Xurşidbanu Natəvanın tikdirdiyi Xan qızı bulağının mənbəyi şəhərdən yeddi kilometr aralıda – Sarıbaba dağının ətəyindədir. 1872-ci ilin yazında Xurşidbanu bəyim Qarabağdan və İrandan ən yaxşı mühəndisləri, usta və fəhlələri su kəmərinin çəkilişində iştirak etmək üçün Şuşaya topladı. 1 il 6 ay davam edən işlər 1873-cü il avqustun 18-də uğurla başa çatdırıldı. Su qala divarlarının altından “Yastı bürc”ə qalxırdı, Xan qızı su kəmərini burdan iki qola ayıraraq birini sarayının qarşısına çəkdirərək gözəl və yaraşıqlı səkkizgözlü bulaq tikdirdi. Su mənbəyindən bulağa qədər saxsı borularla gəlirdi və altı gözdən axaraq iki dəqiqə ərzində altı çəllək su verirdi. Həmin su kəmərinin çəkilməsi şəhərdə suyun qiymətini ikiqat aşağı salmışdı. Xurşidbanu bəyim bu xeyirxah işə 100 min manat qızıl pul xərcləmişdi. O, suyun çəkilişində iştirak edənlərə puldan əlavə, 180 qoyun və 20 dəst bahalı xələt bağışlamışdı. Böyük el bayramına çevrilən bulağın açılış mərasimində iştirak etmək üçün beş min nəfər toplaşmışdı. Şəhərin nüfuzlu şəxsləri Xan qızına sonsuz minnətdarlıq və təşəkkürlərini bildirmək üçün bulaq başına yığışmışdılar. Şair və rəssam Mir Möhsüm Nəvvab suyun çəkilməsinə maddeyi-tarix yazmış və Xurşidbanu bəyimin xeyirxah işini təqdir etmişdir.

Həmin gün Xan qızı Xanlıq bağında böyük ziyafət düzəltmiş, Şəki, Şirvan, Gəncə, Bakı, Naxçıvan və İrəvandan yüzlərlə qonaq dəvət etmişdi. O vaxtdan həmin su kəməri el arasında “Xan qızı bulağı” kimi məşhurlaşıb və onun haqqında bir çox şeir, mahnı və rəvayət yaranıb”.

Tarixi şəhərin digər bulaqları haqqında danışan həmsöhbətimiz bildirib: “Şuşa şəhər sakini Mustafa bəy Mehmandarov qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə məhəllə sakinləri üçün su çəkdirib və hər ikisinin vəsaiti hesabına yerli daşlardan inşa edilən bulaq-memarlıq abidəsi yerləşdiyi məhəllənin adı ilə “Təzə məhəllə bulağı” adlandırılıb. Bulağın kitabəsində gələcəyə yadigar qalması üçün bir sıra sözlər də yazılmışdı. Həmin bulaq bir əsrə yaxın məhəllə sakinlərinin içməli suya olan tələbatını ödəyib.

1899-cu ildə Hacı Nəsir Rza oğlu Çöl qala məhəllə məscidinin qarşısındakı açıq meydanda daşdan bulaq tikdirib. Bulağın saf və şirin suyu vardı. Bulağın fasadı dekorativ elementlərlə işləndiyindən məscidlə həmahənglik təşkil edir və ümumi bir kompleks kimi baxılırdı.

1873-cü il avqustun 18-də şəhərin qərb tərəfində Xan qızı Xurşidbanu bəyim tərəfindən Şərq üslubunda künbəzəbənzər “Kilsə meydanı bulağı” tikilib. Yeddi verstlikdən saxsı borularla axan su “Yastı bürc”də iki yerə ayrılaraq bir hissəsi Natəvanın sarayının qarşısındakı Xan qızı bulağına, bir hissəsi isə “Kilsə bulağı”na axırdı.

Şəhərin qədim bulaqlarından olan “Şor bulaq” 1854-cü ildə şuşalı Rəsibala Zəkəriyyə oğlu tərəfindən çəkilib. Bu ad bulağa suyunun şorluğuna görə verilib. Ötən əsrin axırlarına qədər onun suyu çağlayırdı.

Məşhur şuşalı tacir Tatevos Tamirov 1895-ci ildə Xan qızı Natəvanın çəkdirdiyi su kəmərindən bir qol ayıraraq səkkiz borulu ikinci böyük su kəməri çəkdirib. “Tatevos bulağı” adlandırılan həmin kəmərin açılışı 1896-cı il sentyabrın 8-i bayram kimi qeyd olunub”.

Bölmə : Tarix
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10