Şuşasız Şuşa sevgisi – Elxan Nəcəfov

150 Baxış

elxxannecefov

8 May tarixi Şuşanı itirdiyimiz gündür. Şuşa artıq bizdə deyil. Biz Şuşanı itirməklə çox şey itirdik. Şuşa bizlərə kimləri bəxş etmişdi, nələri bəxş etmişdi? – Allah bilir!

Statistikaya getmək istəmirəm. Amma bir reallıq var. Şuşa qədim abidələrlə zəngin idi. Şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bunları niyə sadaladım? Bunların hamısı bizim idi. Hə, bizim idi, keçmişdə bizim idi. Şuşa hər daşı ilə, torpağı ilə bizim idi. Onun məhəllələri də bizim idi. Adlara baxın: Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dördlər Qurdu, Dörd Çinar, Çöl Qala, Köçərli, Mamayı,  Mərddinli,  Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə,  Xocamircanlı. Sizcə, bu adlar ermənin ola bilər?
Şuşa Azərbaycanda ilk ümumtəhsil ocağının beşiyi idi, qaranquşu idi. 1874-cü ildən etibarən Zaqafqaziyada şəhər məktəbləri Şuşa şəhər məktəbinə çevrilib. Bu təhsil ocağı 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbi olub.
Məşhur rus şairi Sergey Yeseninin deyib: “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”. Doğrudan da, Şuşada hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi.
Rus musiqi tədqiqatçısı V. Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”.
İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.
Şuşa “Zaqafqaziyanın konservatoriyası» adlandırılıb. Bu şəhər Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin,  İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Rəşid Behdudovun və s. məskəni idi – istedad  qaynağı Şuşa şəhəri. Onları onlar edən Şuşa idi. O Şuşa ki, dağları Qarabağın şikəstəsi ilə oyanar, elə bu şikəstə isə də yatardı.
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi
Günlərin birində Şuşa yenə də şikəstəyə oyandı. Qəribə səhər idi. Hamı həyəcanlı, hamı qorxu içində. Şuşa heç kəsi başa düşmürdü. Bu qorxu, bu həyəcan niyə axı? Sonradan anladı. Anladı ki, bu dağlara qara buludlar gəlir, müharibə gəlir. Bu dağlar nə qədər müharibə görmüşdü. Şuşa öyrəncəli idi. Nə qədər dedisə ki, qorxmayın, həyəcanlanmayın. Mən təslim olmaram. Siz yanımda olun, mənə bəsdir. Nə fayda?
Şuşa öz dağlarına və insanlarına arxayın idi. Bu dağlar, bu insanlar heç vaxt diz çökməmişdi. Amma bu dəfə belə olmadı. Dağlar həmin dağlar oldu, biz isə yox. Biz o dağları tərk elədik. Həmin axşam dağlar Qarabağın şikəstəsin eşitmədi. Dağlar yatmadı. Bəlkə, elə yenə də yatmayıb. Hey boylanır, hey baxır. Biz isə…
Şuşa saf idi: suyu ilə, havası ilə, torpağı ilə saf idi. Şuşa həqiqətən saf idi, yəni pak idi. Bir də Şuşanın bir ayrı saflığı var idi. O bizə inanmaqda da saflıq etdi. Gərək bizə inanmazdın, Şuşa!!!
22 il ötür Şuşasız Şuşa sevgimizdən. Onu bizdən “Dağlarda toy” adı ilə aldılar. Toy tutdular o dağlara. At oynatdılar o dağlarda. Biz isə “bir vaxtlar o dağlarda …”   demək qaldı. (Nöqtələrin yerinə o dağlarla bağlı istənilən xatirə yazıla bilər.)
Dana bilmərik. Şuşa sevgimiz ölməyib. Hələ də Şuşanı “sevirik”.  Şuşanı Şuşasız “sevirik”. Şuşa isə haqlı olaraq bizi daha sevmir. Çünki o daha bizim saxta sevgimizə inanmır. Təkcə 8 May günündə də sevməklə sevgi olar ?
KÖŞƏ YAZARLARI
TOP 10