Təbriz-FOTO

133 Baxış

11082670_806995462706477_1596707063867838541_nMuradxan Hüseyn

Artıq saat 8:00-da Biləsuvar kömrüyünə çatmışdıq. Bir az tez gəlməyimizə baxmayaraq Sərhəd Keçid Məntəqəsinin qarşısında xeyli növbə yaranmışdı. Bunların əksəriyyəti Naxçıvana gedənlər, bir xeylisi isə xırda ticarətlə məşğul olan insanlar idi. Bayramla əlaqədar olaraq Şimal Azərbaycanına keçənlərin sayında da çoxluq müşahidə olunurdu.

Artıq saat 11-də İran Biləsuvarında idik. O tayla bu tay arasındakı fərq çox tez – sərhədi keçən kimi aydın hiss olunurdu. İnsanların geyimindən danışığına , evlərin xarici görnüşündən avtomobillərə qədər…

Bir taksiylə qiymətləşdikdən sonra maşına əyləşib Təbrizə doğru üz tuturuq. O tay Biləsuvarından sonra yol üstündəki ilk şəhər Germidir. Yollar rahat və səliqəli olmasına baxmayaqaraq ətrafdakı kənd və qəsəbələr XIX əsr xatırladır. Boş ərazilər kifayət qədər olsa da, yaşayış sahələrindəki evlər çox sıx şəkildə inşaa edilmişdir. Yol qırağındakı məişət obyektləri: retoranlar, benzin doldurma məntəqələri, mağazalar, çayxanalar zövqsüz şəkildə tikilməklə yanaşı xidmət də çox aşağı səviyyədədir. Amma insanların simasındakı doğmalıq, mehribanlıq və qonaqpərvərlik o qədər səmimidir ki, heç İranda olmağım xəyalımdan belə keçmir. Ara-sıra İran bayrağını görəndə qəfil yuxudan ayılmış kimi hiss edirəm özümü…

Yol kənarında ingilis əlifbası ilə Meşqin şehir yazısını görəndə ustad Şəhriyarın bir beyti yadıma düşür:

O taydadır Şəki, Şirvan, Qarabağ,

Bu tayda da Meşqin, Əhər, Qaradağ.

Uzaqdan Savalan dağları və dağların arası ilə Ərdəbilə doğru burulub gedən yollar görünür. Savalan dağlarının zirvəsindəki qar da aydınca görünürdü. Hüzn və həsrət duyulan ağ saçlı bir ixtiyarı xatırladan Savalanı elə bil illərin ayrılığı qocaltmışdı. Sinəsindəki duman isə həsrətdən alışıb yanan, sonra da öləziyən bir ocağın tüstüsünü xatırladırdı…

Bahar isə bütün gözəlliyi ilə ətrafa hakim kəsilmişdi. Hər tərəfdə baharın ətri duyulmaqdadır.

Əhər şəhərini keçəndə günəş də qüruba enirdi.

Ümidim pənahım Təbrizdir, Təbriz,

O şəhərdə mənə doğmadır əziz…

Nəhayət, axşam saatlarında Təbrizə çatırıq. Təmiz küçələr, enli yollar, Təbrizi ikiyə bölən Meydan çayı şəhərə xüsusi gözəllik verirdi. Tipik şərq şəhərini xatırladan Təbriz tarixi abidələri ilə doğrudan da möhtəşəm idi.  Dəfələrlə zəlzələ olmasına baxmayaraq Təbriz öz qədimliyini qoruyub saxlaya bilmişdir.

Şəhərin qıraq məhəlləri daha çox müsair çoxmərtəbəli binalarla əhatə olunsa da, mərkəzdəki tarixiliyi gördükcə heyranlığını gizlədə bilmirsən…

İranın üçüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi olan Təbriz şəhəri azərbaycanlıların mənəvi paytaxtı hesab olunur.

2011-ci siyahıyaalınmasına əsasən əhalisi 1.494.998 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Aynalı ya Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.Tarixçilərin bəziləri  Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu iki qat qala müasir Təbriz şəhərinin yerində olmuşdur.

 İlk ziyarətimiz Ustad şairimiz Məhəmməd Hüseyn Şəhriyarın məqbərəsi  oldu. Bayram olmasına baxmayaraq bura ziyarət edənlərin sayı çox idi. Məqbərənin içində şairin öz səsi ilə “Heydər Babaya salam”  poeması oxunduqca içində böyük bir fəxarət hiss keçirməyə bilmirsən. Digər tərəfindən də şairin əzablı həyatını yada saldıqca təəssüflənirsən.  Məqbərənin hər bir küncündə qədim və orta dövr Azərbaycan şairlərinin şəkilləri və yaradıcılığı haqqında stendlər asılmışdı.

Sonrakı ziyarətimiz Təbrizin tarixi Göy Məsçid kompleksidir. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.

Tarixin bir çox hadisələrinə şahid olmuş bu şəhərdə olmaq çoxdankı arzularımdan biri idi. Təəsüflər olsun ki, vaxt azlığı və Novruz bayram bu şəhərin bir çox yerlərində omağıma mane oldu. Mən də gördüyüm yerlərini sizinlə bölüşürəm.

KÖŞƏ YAZARLARI
TOP 10