“Təğyiri – libasda” – Bahar Bərdəli

20 Baxış

berdeli

Senet.az oxucularına “Ustad” jurnalının “Yazıçının arxivindən” rubrikasından Bahar Bərdəlinin  “Təğyiri – libasda”  adlı hekayəsini təqdim edir.          

(hekayə)

 Rayon Daxili İşlər şöbəsinin rəisi Alməmmədov kabinetə girən kimi əlüstü küncə qoyulmuş rəngli televizorun düyməsini basdı. Sonra yerinə keçib kresloya yayxandı. Sağ tərəfində, xüsusi dolabçanın üstünə düzülmüş ağ, qırmızı, qara telefonları bir-bir yoxladı, işlədiklərinə əmin olduqdan sonra arxayınca  televiziyaya  baxmağa başladı.  Ekranda “İnsan və qanun”  verilişi gedirdi.  Hansı rayondasa baş vermiş bir cinayət  hadisəsindən  danışırdılar. Üç dost oğurladıqları malın üstündə  dalaşmış, ikisi birləşib üçüncünü öldürmüşdü. Kişi verilişə baxa-baxa öz-özünə hirsləndi:

– Əşşi, belə də zülüm olar dünyanın bu dar vaxtında  biz düşmüşük? Ölkə

kosmosa uçur. Amma bunlar… – O, əliylə bütöv ekranı tutmuş cinayətkarın  gözlərini  göstərdi, – oğru pişiyə dönüblər də. Özü də  bu qədər tuta-tuta, mübarizə apara-apara, təbliğat eləyə-eləyə. Düzəlmirlər də.  Molla Nəsirəddin demiş, kişinin sözü bir olar!  Kor tutduğun buraxmaz! Əh, bu dünya düzələn döyül,  vallah. – Əl atıb üst tərəfindən olan radioqəbuledicinin də düyməsini basdı. – Görək  bu nə deyir,  nə danışır dünyanın gərdişindən, gedişindən….

Radioda  uşaqlar üçün nağıl söyləyirdilər. Rəis qulaqlarını şəklədi. Qocalsa da, nağıldan, rəvayətdən yaman xoşu gəlirdi. Harda, kimdən nə eşitsə yığırdı  cinədanına. Deyirdi, əsl kişi söhbəti, kişi sözü bu nağıllarda qalıb. İndikilər bir-iki şüardan başqa  bir şey bilmirlər…

Diktor qız elə həzin, sakit, təmkinlə danışırdı ki, elə bilirdin yüz ilin qarısıdı, nağılı sinəsindən söyləyir: “Bir gün şah oğlu Şah Abbas gecə yarısı yatağından qalxıb sevimli vəziri Allahverdi xanı yanına çağırtdırır:

– Vəzir, yuxum ərşə çəkilib.  Heç cür yata bilmirəm. Deyəsən, məmləkətdə

daradüşənvar! Dur bir şəhəri dolanaq. Bəlkə, köməyimiz dəydi!

Vəzir bir söz demədən razılaşır. Onlar təğyiri-libas  olub şəhərə çıxırlar”.

– Aha, tapdım!  – Rəis bığaltı güldü. – Təğyiri-libas olub milislərin işini yoxlamaq! Görək bunlar yerlərdə necə mübarizə aparırlar ki, oğru-əyrilər azalmaq əvəzinə günü-gündən çoxalır? Hə… Bu lap yaxşı oldu! – O, tez dostlarından birinə zəng edib onunçün bir dəst köhnə kəndli paltarı, bir at, arabası ilə evinə gətirilməsini xahiş etdi. Sonra katibəni çağırıb tapşırıq verdi:

– Məni soruşub  eləyən olsa, həkimə getmişəm. Oldu?

– Baş üstə! – Katibə öz yerinə keçəndə  o kabinetindən çıxdı. Bir-bir bütün

şöbələri  gəzdi. Hamı obyektdə – yerlərdə cinayətkarlara qarşı mübarizə  aparmasında idi. Bircə növbətçi milis qalmışdı burda.  Binadan çıxıb  birbaşa evə yollandı.  Həyətdə onu at arabası gözləyirdi,  içində də  istədikləri  paltarlar.  Bir neçə kəlmə ilə arvadını başa salıb təğyiri-libas oldu. Ata minib həyətdən çıxdı. O, rayon mərkəzinin aşağı hissəsindən hərlənib üst tərəfdən yenə şəhərə girməli idi. Ayrı-ayrı küçələri, postları yoxlamalı, milislərin işinə gizlicə göz qoymalı idi.  Belə də elədi. Araba şəhərdən, şose yoldan uzaqlaşıb torpaq yola düşdü. Açıq hava, səhərin sərin mehi, Qarabağ  atının yorğa yerişi onu məst eləmişdi. Rəis elə bil tərs-avan geyindiyi cırıq çuxada yox, bəylik paltarında Məşədibad idi, adaxlıbazlığa gedirdi… Özünü sərbəst, göyün yeddinci  qatında hiss eləyirdi.  Hər şey yadından çıxmışdı.  Rəisliyi də,  milislər də,  oğru-əyrilər də… Bir həzin küləkli  çöllər idi,  bir xəyalları,  bir də yorğa yerişli Qara Kəhər… Cavanlığında kür boyunda şikəstə oxuya-oxuya o qədər at çapmışdı ki…  İndi də o vaxt çox sevdiyi, dillərdə əzbər olan bir mahnının  misraları düşdü yadına, dodaqaltı zümzümə eləməyə başladı:

Kür, Araz xəyaldadı,

İlin yaz, yay ayında.

Gör necə nəğmə yaşar

Səsində, harayında…

El onun nəğməsilə

Oyanar kür boyunda, kür boyunda…

Müfəttişin uzun fiti onu xəyaldan ayırdı. Şəhərə xeyli qalmış dörd yol ayrıcına bir dəstə müfəttiş, milis yığılmışdı.

“ – Afərin, yaxşı yerdə mövqe tutmusunuz! Bura lap Ümid burnudur”.  “Hər

oğru,  cinayətkar burdan yol  sala bilməz!” – Ürəyində milislərinə  təşəkkür eləyirdi ki, ala-bula çubuq  havada  “Düş aşağı!” əmrini  cızdı. Rəis əmrə tabe oldu. Atın boynundan sürüşüb  yerə düşdü. Onların yanına gəldi.

–Hardan gəlib hara gedirsən, kişi? – Baş müfəttiş sərt, qəzəblə dilləndi.

–Qış yaxınlaşır, qadan alım, gedirəm meşəyə odun yığmağa. – Sakit

səslə cavab verdi.

Baş müfəttiş qarnı atlana-atlana xeyli güldü:

– Hara?

Yanındakı milislər də züy tuturmuşlar kimi xorla cikgildədilər. Müfəttiş gülüşünü  kəsən kimi  onların da üzündən təbəssüm silindi.

– A kişi, o meşə hardadı elə, biz heç  görüb-eləməmişik?

–A bala, məni çaşdırmayın görüm, bu yol Kür boyuna getmir?

–Gedir…

–Bəs orda meşə yoxdu?  – Kişi əvvəl qısıla-qısıla, sonra ürəkli dilləndi.

Baş müfəttiş yenə qarnı atlana-atlana güldü və  birdən ciddiləşdi:

–De görüm  hansı kənddənsən?

–Çayırlıdan…

Hamı bir-birinə baxdı, sonra müfəttiş əmr verdi:

–Arabanı yoxlayın!

Milislər müxtəlif istiqamətdən arabanın üstünə şığıdılar. Bir az axtarışdan

sonra samanın altından konserva qutuları, çörək, bir şüşə konyak çıxdı.  Dostu, yəqin ki, onun gəzməyə gedəcəyini  düşünüb, arabaya bir günlük  yemək də qoyubmuş.

– Bunu da odunların şərəfinə içəçəkdin, ya meşədəki sığırçınların? –  Milislərdən biri konyak  şüşəsini az qala kişinin gözünə soxacaqdı.

– Yaxşı,  Çayırlıya axı  qaz çəkilib, sən neyləyirsən odunu? – Baş müfəttiş  sanki bir cinayətin izinə düşübmüş kimi ciddiyyətlə dedi. Bunu hiss eləyən kişi əsəbiləşdi:

–Əşşi, nə yapşmısınız yaxamdan ey… gəzməyə gedirəm, sonra?

– Xeyir, sən qarpız oğurluğuna gedirsən! – Milislərdən biri  qışqırdı.  – Elə

bilirsən, bizim dünyadan xəbərimiz yoxdu? Meşənin ağaclarının çoxdan kəsilib yerində qarpız əkildiyini bilmirik? Sənin ora oğurluğa getdiyini  başa düşməyəcəyik?  Bunun əl-qolunu  bağlayıb  şöbəyə aparmaq  lazımdı,  orda ayırd eləyərik.  – Onda   atın böyründə gözləsin, axşam apararıq. – Baş müfəttiş qəti qərar verdi.

Rəisin dil-dodağı təpidi. Deyəsən, bu zalımlar onun bu günkü böyük planını

həyata keçirməyə imkan verməyəcəkdilər! Bütün günü yolun qırağında  oturub qalmaq?  Dəhşətdi!.. Görəsən,  Şah Abbas  belə yerdə neyləyərdi?  Əşşi,  deyirsən, indi səndən Şah Abbas çıxacaq? Dədən soğan, nənən sarımsaq, istəyirsən olasan çinar ağacı!.. Durduğun yerdə durmursan,  başlamısan  özünə iş açmağa, təğyiri-libas olmağa.  Bu da təğyiri-libas! Kişi ürəyində  min dəfə özünə soyüb səkinin  qırağına çökdü.  At da boynunu burub ona baxırdı.  Neyləyəydi? Cilovu keçəl həmzələrin  əlinə keçmişdi.  Rəis ta dillənmədi.  “Çünki  oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!” Başladı müfəttişlərin işinə altdan-altdan göz qoymağa.

Sehrli çubuq yenə havanı yardı. Bir “jüquli” dayandı. Sürücü yayxanıb oturmuşdu,  yerə düşmək fikri yox idi.

–Hardan  gəlirsən? – Müfəttiş özü maşına yanaşdı.

– Dağdan.

–Yükün nədi?

–Ceyran südü.

–Sənədlərini gətir görək.

–Neçəsini?

–Nə qədər çox olsa, başının ucalığıdı.

–Sərraflarını göndər on ədədini  götürsün. Bəsinizdi!

Milislərdən  ikisi yüyürüb maşının arxa hissəsindən  on araq şüşəsi götürdü.

–Nuş olsun! – sürücü əlini yelləyib maşını işə saldı və uzaqlaşdı.

Sehrli  çubuq daha bir “jüquli”ni saxlatdı:

–Hardan gəlirsən?

– Şəhərdən.

–Sənədlərini gətir.

–Neçə razmer?

–Otuz doqquzdan qırx doqquza kimi hansı olsa “mojnadı”.

Kişi arxa oturacaqdan  bir bağlanca götürüb yerə atdı:

–Gəlin aparın, sağlıqla geyinəsiniz! – Maşını sürüb getdi.

Bu dəfə sehrə düşən “Qaz-69” idi.

–Hardan gəlirsən?

–Bağdan….

–Sənədlərini….

Kişi maşından yerə bir quzu salıb, – Nuşican! – dedi.

… Axşam düşmüşdü. Rəis arabasını da, özünü də unutmuşdu.  Bərəlmiş

gözləri baqqal  dükanına dönən müfəttişin maşınına  dikilib  qalmışdı.  Dünyanın gərdişini  düşünə-düşünə  gedişinə baxırdı…

Sehrli çubuq da öz işində idi.  Yüksəlirdi, enirdi, fırlanırdı və hər dəfə tora

bir maşın salırdı. Növbəti tora düşən Zil oldu. Sürücü maşından düşüb  onlara yaxınlaşan  kimi birnəfəsə başladı:

–Daşüzdən gəlirəm. Dostumgilə getmişdim.  Əlli dənə daş almışam. Evin

pilləkənləri  sökülüb, onları hörmək istəyirəm…

–Biz hələ səndən heç nə soruşmamışıq! – Baş müfəttiş qəzəbləndi.

–Amma bu əllimetrlik yolda əlli daşdan ötrü əlli dəfə məni saxlatdırıb

abrımı  büküblər ətəyimə!  – Sürücü də hirsləndi.

–Nolar, biz də o bükülü ətəyini  açıb tökərik yerə. Sənədlərini gətir!

Kişi maşının, özünün sənədlərini gətirib onlara  verdi.

–Bəs daşın sənədləri?

–Əlli daşa nə sənəd? Dedim ki, dostumdan almışam!

–Bir daşa da sənəd lazımdı! Yaxşı, onu şöbədə  ayırd edərik. Gözlə.

–Bir daşada…

– Ay canım, məni işə salmayın görüm.  Axşamdı.  İstəmirəm  o daşı,

götürün, maşını aparıb qaraja salmalıyam.

–Bizə sənəd lazımdı,  daş yox.  O ki, qaldı  dostuna,  onun da işini

yoxlayarıq.  Görək hardan alıb bu daşları ki, hələ pay da verir. Yoxsa  daş karxanası  var onun?

Sürücü suçlu-suçlu susdu. Nə edirlər barı ona etsinlər. Dostunu bu işə

qatmasınlar.

Rəisliyini “unutmuş” “kəndli”,  nəhayət, dilə gəldi:

–A bala,  səhərdən  o qədər maşın, adam yola salmısız, əcəb eləmisiz.

Qoyun  biz də çıxıb gedək xarabamıza də… Nigaran qalarlar axı evdə.

–Olmaz, dədəcanı. – Müfəttiş bic-bic güldü.

–Niyə axı? – Kişi təəccübləndi.

–Onda rəis bizdən soruşa bilər, balam, bütün günü dörd yol ayrıcında

dayanmısınız,  amma bir nəfər də  olsun oğruya, əyriyə rast gəlməmisiniz?  Yəni hamı belə qayda-qanun sevəndi? Yəni heç  qarpız oğurluğuna  gedən də olmayıb deyirsiniz? Bax biz də deyəcəyik ki, olub, özü də bir yox,  iki nəfər yaxalamışıq! İki böyük oğurluğun  qarşısını almışıq! Biri qarpız oğrusu, biri də budur  daş!  O da deyəcək, afərin! Həmişə belə işləyin! İndi siz bizi bağışlayın.  Burdan düz  gedirik şöbəyə. Qorxub eləməyin. Günahınız yoxdusa çıxıb gedəcəksiniz. Ta bizi üzürlü hesab eləyin, vəzifəmiz tələb eləyir  bunu. – Müfəttiş maşınına minib qabağa düşdü.  Arxasınca zil, onun arxasınca da araba sıralandı…

Rəisarabadaoturubfikrə getmişdi. Cilovmüfəttişin əlində idi. O, bugünkü  planını qismən  həyatakeçirə bilmişdi.  Yəniaxtardığı sualacavabtapmışdı. Səndemə, indiyə  kimionlaroduqoyub, külü ayaqlayıblar! Sonradaqışqırıbdeyirlərki, ayamanbizyandıq, buodniyə sönmür? Dağılasanzamana!!!

Sabah o həmkarlarına hansı cəzanı necə versinki, bütün bu həngamələr öz düzgün həllini tapsın?!

Görəsən, Şah Abbas belə yerdə nə edərdi?

 1982

Mənbə: Ustad jurnalının 9-cu sayı

KÖŞƏ YAZARLARI
TOP 10