Tək səbir – Şəmil Sadiq yazır

35 Baxış

semilsadiq-1

Senet. az oxucularına görkəmli yazar Şəmil Sadiqin “Tək səbir” hekayəsini təqdim edir.

O, həmişə tək asqırardı. Elə ucadan və ürəkdən asqırardı ki, elə bil, göy guruldayır, ildirim çaxır, ya da meteoritdən zaddan bir şey qəfildən yerə düşürdü. Hələ onun asqırmağa hazırlığını görəydiniz!  Asqırmamışdan öncə sanki daha güclü asqırması üçün hazırlaşardı. Bir-iki dəfə tələsik nəfəs alar, sonra da beyninin burunlarından töküləcək gücdə asqırardı. Hündür boya, enli gövdəyə, çox da yekə olmayan qarına sahib olan bu nəhəng adamın burun deşiklərinin iri olması heç də onun işgüzarlığından xəbər vermirdi. Amma asqırdığı zaman burnunun yekə deşikləri onun işinə çox yarayırdı. Bir də burnunda danışması sanki onun xarakterindən xəbər verirdi.

Hər dəfə asqıranda hasar qonşuları Bayramqulu kişiyə ucadan “sağlam ol” deyərdilər. Amma bu tək səbir qonşu Məhəmmədi çox əsəbləşdirirdi. Ondan başqa heç kim bu asqırıqdan narahat olmurdu. Əksinə, məclislərin söz-söhbəti, uşaqların yamsılama obyekti idi. Bayramqulu, adətən, ya sübh tezdən, ya da axşamlar asqırardı. Məhəmməd kişi də işə sübhdən gedəndə həmişə çalışırdı ki, səhər tezdən bu tək səbirin sədaları altında işə yollanmaqdan canını qurtarsın. Amma son yeddi ildə bu asqırıq səsini eşitmədiyi səhər çox az olmuşdu. Elə bil, Bayramqulu onu güdürdü. Məhəmməd kişi Bayramqulugilin qapısına çatanda hava guruldayar, qara yağış Məhəmməd kişinin başına tökülərdi. Hər işini xalq inanclarına söykənərək edən Məhəmməd kişi “tək səbir”, “qara pişik”, “qarşına çıxan pis adam” kimi inanclara çox dəyər verirdi. Hərdən özü ilə tək qalanda düşünürdü ki, neçə ildi mənim övladım olmur, bunun səbəbi səhər duranda, axşam yatanda Bayramqulunun asqırması olub. Bir neçə dəfə sınamışdı ki, Bayramqulunun asqırığını eşitmədiyi gün işləri yaxşı gedir. Bir sözlə, cana gəlmişdi Bayramqulunun bu bədxəbər asqırığından. “Tək Allahın adıdır”,- deyib hər dəfə deyinə-deyinə gedib-gəlirdi. İş orasındadır ki, o bir dəfə də olsun Bayramqulu kişini asqırdığı zaman üzbəüz görməmişdi, həmişə də “öz başını yeyəsən, bir gün elə bu asqırmaqdan öləcəksən”, – deyərdi.

Bayramqulu həmin Bayramqulu idi ki, o boyda pambıq zavodunun direktorunu diz üstə çökdürmüş, qisasını almışdı. Bu hadisədən sonra bütün rayon ondan çəkinər, rəsmi idarələrdə heç kim ona gözün üstə qaşın var deyə bilmirdi. Hadisə belə olmuşdu…

…Bir gün pambıq zavodunun direktoru Niyaz müəllim zavodun məsul şəxslərini yığıb çox ciddi bir məsələ barəsində razılıqlarını aldı. O zaman Bayramqulu zavodun mühasibi işləyirdi. Niyazi müəllimin də, demək olar ki, sağ əli idi. Bütün əyri işləri bir yerdə edər, qazandıqları pulları birgə bölüşərdilər. Bir gün Niyazi müəllim iki müavini və Bayramquluya 300 min manatlıq bir sənədi imzalatdırdı. Bu o sənəd idi ki, balansda olan böyük məbləğdə pullar silinirdi. Bunun müqabilində Niyazi müəllim Bayramquluya 20000 manat pul verəcəkdi. Pula həris olan Bayramqulu da tərəddüd eləmədən bir günün içində qazana biləcəyi bu puldan vaz keçmədi. Bütün həngamə də elə bundan sonra başladı. Hər şey bitəndən sonra pulun bölüşdürülməsinə gəldikdə Niyazi müəllim cığallıq etdi.  Sənədə qol çəkənlərə vəd edilən məbləği on dəfə azaltdı. 20000 manat əvəzinə Bayramquluya 2000 manat təklif etdi.

-Sən nə danışırsan, mən bütün həyatımı, arvadımı, iki oğlumu təhlükəyə atmışam, indi deyirsən, qəpik-quruşa razı olum? Yoox, yoldaş Niyazi müəllim, bu mümkün deyil, – deyib etiraz etdi.

- Bayramqulu, artıq hər şey bitib, istəsəm, sənin özünü də içəri basdıraram, indiyə qədər kəsdiyimiz çörəyə hayıfım gəlir. Al bu pulu, dinməz söyləməz xərclə. Olmasa nə edəcəksən, həə? Kimə sübut edə bilərsən bunu?,  – ironiya ilə öz dediklərinə heyranlıq və əminliklə güldü.

Bayramqulunun təpəsindən tüstü çıxırdı. Necə yəni “nə edə bilərsən?” Axı o indiyə qədər heç vaxt haqqını kiməsə yedirməmişdi. Bu haqq haram yolla qazanılsa da, onun haqqı idi. Neçə kalxoz sədri ilə işləmişdi, hamısında da öz payını artıqlaması ilə əldə etmişdi. Şamaxıda işlədiyi zamanlarda neçə-neçə kolxozçuya mükafat yazdırmışdı. Üzüm lapetlərinə yarıdan çox su, torpaq tökməyi belə bəzən işçilərə öyrədib, onların mükafatına və əməlinə şərik olmuşdu. İndi isə Niyazi müəllim ona fırıldaq gəlmək istəyirdi.

- Niyazi müəllim, biz söz danışmışıq, mənə verdiyiniz sözə əməl edin. Yoxsa sizin üçün pis olar.

Niyazi müəllim kreslosuna yaylanaraq ucadan güldü. Sonra da ciddiləşib ona tərəf əyilərək pıçıltı ilə:

- İndi deyirsən ki, camaata deyəcəksən ki, biz dövlətin puluna göz dikmişik, malını oğurlamışıq, sənədləri “fiktivni” düzəltmişik? Ay bədbəxt, elə bilirsən, sənə medal taxacaqlar? Yoxsa bunu eşitsələr, kimsə sənə inanacaq? Özün bilərsən, ya pulu götür, ya da əlindən gələni lap beş qazana çək! Sənə bundan artıq verə bilmərəm, xərcim çox çıxıb.

- Yoldaş Niyazi, o pulun on qatını səndən alacağam. Necə olur, olsun. Bunu qulağında sırğa elə. Sən hələ məni tanımırsan. Canın sağ olsun, Bayramqulunun kim olduğunu tanıtdıraram sənə, – deyib otağına keçdi. Elə ordaca hadisəni öz maraqları naminə kağıza yazdı. On sürət çıxarıb, müxtəlif rəsmi orqanlara göndərdi.

Hər gün məktublarına nə cavab gələcəyini gözləyirdi. Bir axşam yazdıqlarına cavab gəldi. Amma məktub yox, KQB. Gecə ilə Bayramqulunun qolunu qandallayıb apardılar. Kiçik bir məhkəmə edib anonim məktublar yazmaqda günahlandırıb iki il iş verdilər. Bayramqulu yaxşı bilirdi ki, bu işlərin həqiqət tərəfi Mərkəzi Komitəyə çatdırılmayıb. Bunu Azərbaycan daxilində Niyazinin əlaltı və qarındaşlarının elədiyini də yaxşı bilirdi.

Qələmdən istifadə etməyi hamıdan yaxşı bacaran adam idi Bayramqulu. Onunla “baş da kəsməyi, yaş da kəsməyi” bacara bilən bir adamdı. Yazdığı ərizələr daşdan keçərdi. İnandırma qabiliyyəti, əlində olan faktlardan məharətlə istifadə etmək onunçün su içmək kimi bir şey idi. Elə həbsxanada da bu mirzəliklə məşğul olmaqla gününü keçirb gəlmişdi. Qeyri-rəsmi olaraq dustaqlara vəkillik, mirzəlik edirdi. Öz işi qalsın bir tərəfə, neçə-neçə dustağın işini yüngülləşdirmiş, haqsız həbs edilənləri buraxdırmışdı. Bunu sadəcə onlar üçün yazdığı məktubları ünvanına göndərməsi ilə bacara bilmişdi. Bunun da müqabilində azadlıqdakından daha çox qazanırdı. Evlərinə televizor da, soyuducu da almışdı. Hər ay da pul göndərirdi. Amma öz işini də buraxmamışdı. Bir neçə ay keçəndən sonra yanına gələn qaynına bir neçə məktub verib, təcili Moskvaya uçmasını və məktubları yazdığı ünvanlara çatdırmasını istəmişdi.

Fəaliyyətinin nəticəsini bir neçə ayın içində görmüşdü. Heç ili tamam olmamış Moskvadan göstəriş gəlmiş, Bayramqulunun üzərindən həbsi götürmüşdülər. Bu xəbər rayonu bir-birinə vurmuş, Bayramqulunun “hörməti” birə-beş artmışdı. Təcili olaraq Raykomun Katibi də onu qəbul etmiş, bu rayonda istədiyi işi ona verməyə hazır olduğunu bildirmişdi. Təki qələmini rayonun xeyrinə işlətsin. Bayramqulu da hər şeyi başa düşürdü. Ona görə də ilk olaraq rayon mərkəzində ev tikmək üçün torpaq istəmiş və almışdı. Sonrakı müddətdə də heç bir işlə məşğul olmamış, camaatın işini düzüb qoşmaqla güzəranını keçirmişdi. Birini polisdən qurtarıb, birinin pensiyaya çıxmasına kömək edib günləri yola salırdı. Daha nəsə yazmağa da ehtiyac yox idi. Neçə müddətdir ki, qələm üçün çalışan Bayramqulu indi qələminin “barını” yeyirdi.

Bir gün rayon mərkəzindəki çayxanalardan birində oturub nərd oynayırdı. Bu dəm Niyazi müəllim də çayçıya gəldi. Ortaq dostlar aradakı nifaqın azalması üçün onları bir araya gətirdilər. Amma, söhbətləri yenə düz gəlmədi. Niyazi ironiya ilə:

– Necə oldu? Bir il yaman dincəldin ha! Sözümə qulaq asmadın, qarşılığını bir il aldın, – deyib qəlibləşmiş müdir gülüşü ilə qələbə çalıbmış kimi güldü.

Bu tənəli sözlər camaatın yanında Bayramqulunu yaman tutdu. Ayağa duraraq ucadan dedi:

– Qoy hamı eşitsin, əgər mən səndən 200000 almasam, soyadımı dəyişib sənin soyadını – Məmmədovu götürəcəyəm. Bu sözü o qədər əminliklə dedi ki, Niyazi belə diksindi. Özünü o yerə qoymasa da, gözlərində qorxunu rahatlıqla hiss etmək olurdu. Bəlkə də, onun iki yüz mini olmasa idi belə qorxmazdı. Fikri artıq özündə deyildi. Canına çoxdan vəlvələ düşmüşdü. Oğurluqla topladığı və hamıdan gizlətdiyi pulları ona bu qorxunu bəxş etmişdi. Sadəcə “görərik”-, deyib çayxanadan çıxdı.

Bu söhbətdən bir xeyli müddət keçmişdi. Bəlkə də, Niyazi Bayramqulunun verdiyi vədi unutmuşdu. Amma Bayramqulu ov güdən timsah kimi qisas alması üçün fürsət gözləyirdi. Bayramqulunun üstün xasiyyətlərindən biri də çox səbrli olması idi. Bütün işlərini təmkinlə, heç tükünü də tərpətmədən edərdi. Ən ağır günlərdə belə hər şeyin yaxşı olacağı inamını əldən verməz, gözləyər, əldə etdiyini də iştahla, ağız dadı ilə yeyərdi. Həyatın nəbzini tuta bilməyənlər, bu zövqü ala bilmirlər.

Bayramqulu bir gün axşam fikirli-fikirli rayon univermağının yanı ilə evinə doğru gedirdi. Birdən görür ki, Niyazi müəllimin “Volqa”sı univermağın şüşə qapısını sındırıb, maşının faralarından biri içəri girib. Niyazi müəllim isə başını maşının roluna qoyub yatıb. O, heç tələsmədən astaca yaxınlaşıb onun başını qaldırır. Niyazi müəllimin ağzından gələn arağın üfunəti onu vurur. Bu iyi duyan Bayramqulunun üzündə təbəssüm yaranır. Sanki həyatın öz iyini iyləyirmiş kimi bir də ona tərəf yaxınlaşıb: “həəə, Niyazi müəllim, indi nə deyirsən?”, – deyə pıçıldadı. Sonra o tərəf-bu tərəfə baxıb ehmalca sınmış qapıdan univermağa girir. Bir-iki top parçanı maşının salonuna atır. Sonra da univermağın qabağındakı telefona jeton salaraq polisə zəng edib deyir: Tez olun univermağın qabağına polis göndərin, oğru girib, saxlaya bilmirəm.

Dəstəyi üstünə qoyandan sonra Niyazi müəllimi oyatmağa başlayır. Niyazi müəllim qarşısındakının kim olduğunu belə tanımayacaq qədər dəm idi. Bayramqulu məqsədinə çatmaq üçün onu univermağın qapısına qədər gəlməsi üçün kömək edir. İçəriyə keçən kimi onu yerə yıxır.

Artıq hər şey bitmişdi. O boyda Niyazi müəllim Univermağı yarmaq istəmiş, söz ustası, gözündən heç nə yayınmayan Bayramqulu isə tək şahid idi. Sən demə, univermağı yarmaq istəyən Niyazi müəllimi saxlaya bilməyən Bayramqulu onu vurub yerə sərmiş, oğurluğun qarşısını almışdı.

Sonra necə olubsa, Bayramqulu şahidlik ərizəsini dəyişmiş, Niyazi müəllimi də cərimə kəsməklə buraxmışdılar. Camaat arasında Bayramqulunun ikinci qələbəsi kimi dəyərləndirilirdi bu hadisə. Hamı deyirdi ki, Bayramqulu ərizəni geri götürmək üçün iki balon qızıl alıb Niyazi müəllimdən. Amma Bayramqulu bu haqda heç kimə heç nə demədi. Heç arvadına da.

Arvadı Bayramqulunu yaxşı tanıdığı üçün Niyazini elə-belə buraxmadığını yaxşı bilirdi. Amma kişinin pulları hara qoymasından xəbəri yox idi.

İki balon qızıl əhvalatı sadəcə dillərdə bir əfsanə kimi qaldı. Bayramqulu da bu mövzuda heç nə danışmır, bu mövzulardakı zarafatı belə yaxın buraxmırdı.

Artıq Bayramqulunun oğlanları böyümüş, Moskvada oxumuş, hərəsi bir iş sahibi olmuşdular. Uşaqlar oxuduqları müddətdə atalarının “zəhmətkeşliyi” nəticəsində heç bir korluq çəkməmiş, ailə quran kimi də ataları onlara növbəsiz filansız ev aldırmışdı.

Bir axşam yemək zamanı Bayramqulu arvadına: “Bəlkə bir gedək Moskvaya uşaqları görək, bir az onlarla qalıb istirahət edək? Nə düşünürsən, arvad?”,- deyir. Leyla xanımın ürəyindən olan bu təklifə sadəcə bir cavabı ola bilərdi: -Əlbəttə.  Beləcə ayın-oyundan götürüb uzunmüddətli səfərə çıxdılar. Bu səfər bir aydan çox çəkdi. Rayondan “evinizə oğru girib” teleqramı gəlməsə idi, bir neçə ay da qalardılar. Oğlanları təcili bilet alıb ataları ilə birgə rayona qayıtdılar. Həyətə girəndə bütün ailə hələ də atasının iki balon qızılı hara qoyduğunu düşünür, atasının ilk olaraq hara baxacağını gözləyirdilər. Atası gözucu zirzəmiyə baxıb, diqqət çəkmədən yuxarıya qalxır, kostyumlarının cibini axtarıb: elə bir şey götürməyiblər, sadəcə cibimdən 2000 manat götürüblər,- deyir. Sonra üzünü onlarla birgə evə gələn “uçaskovı”ya deyir: Sabaha qədər 2000 manatı tapıb gətirməsən, yenicə tumurcuqlanmaqda olan paqonlarından möhkəm yapış.

Ailə artıq iki balon qızılın, doğrudan da, bir dedi-qodu olduğuna inanmışdı.

Hər şey yat-yut olandan sonra Bayramqulu axşam xəlvətcə zirzəmiyə enir. Neçə illər bundan qabaq basdırdığı “ölü”nün “diri”liyini yoxlamaq istəyir. Nə qədər qazsa da, daşın altından bir şey çıxmadı. Bunu görən o boyda Bayramqulu “vayyyy, sizin nəslinizə lənət!”, – deyib dizi üstə çökür. Səsə yığılan ailə tələsik çölə çıxıb Bayramqulunu axtarırlar. Zirzəmidəki işığının yandığını gördükdə içəri girirlər. Bayramqulunun qazılmış çalanın yanında dizi üstə çökdüyünü görən ailə üzvləri bir anlıq duruxsa da, Leyla arvadın ucadan şaqqanaq çəkərək gülməsi vəziyyəti dəyişir.

- Ay ata, ha dedik belə bir şey varsa, bizə də de, yaxşı bir yerdə gizlədək. Görürsən nə etdin, – deyə böyük oğlu Zaur gileyləndi. Amma Leyla arvadın da, Bayramqulu kişinin də ətini kəssə idin, xəbərləri olmazdı, Bayramqulunun əsəbindən, Leylanın isə gülməyindən. Bayramqulu artıq səbir və təmkinini itirmişdi:

- Mən bura qoymuşdum, iki balon idi. Yarısını sizi oxumağa göndərəndə götürmüşdüm. Baxın bu daşın altında olmalı idi. İndi daşın altında heç nə yoxdur. O alçaqlar götürüblər yəqin. Heç cibimdə də iki min pul yox idi. “Uçaskovı”nı qorxudaraq aldım ondan. O yazıq da yəqin qoruxusundan borc zad alıb gətirib. Haram mənə düşmür, deyəsən. Gərək harama əl atmayaydım. Gülmə Leyla, gülmə. Biz batdıq. Bundan sonra mən ölərəm, – deyə deyinməsini qəfil gələn tək səbir kəsdi. Öz səbirinə güvənən, tək səbirin ona uğur gətirdiyini düşünən Bayramqulu bu dəfə buna önəm vermədi. Çünki artıq gec idi. Bu səbir sadəcə onu susdurdu. Əlini dizlərinin üstünə qoyub gözlərini çalaya dikdi. Birdən Leyla gülməyini saxlayıb, ciddiləşdi. A kişi, əminsən ki, orda gizlətmişdin? Axı Fatma xalanın iti hərdən bizim zirzəmiyə girirdi, bəlkə, daşın yeri dəyişib. Bunu eşidən kişinin gözlərinə işıq gəldi. Son ümid idi. İnanmaq istəyi ona bu fikrin həqiqət olduğunu inandırdı. Oğlanları ilə birgə bütün zirzəmini qazdılar və balon yarım qızılı tapdılar.

Bayramqulu artıq həmin Bayramqulu idi. Özünə olan güvəni, inamı, bacarığı və qabiliyyəti ilə qürur hissi keçirdiyi, özünə vurğunluğu gözlərində işarırdı. Yenə ailədəki hakimliyini əlinə almış, öz bildiyinin və etdiyinin ən düz əməl olduğuna əmin idi.

“Başına gələn başmaqçı olar” deyirlər. Bayramqulu əlində olan bütün qızılları “zayom”a – uduşlu pula çevirib “sberkassaya” – banka yatızdırdı. Pulları əmin əldə olduğu üçün gecələr elə rahat, elə mışıl-mışl yatırdı ki, heç yediyi haramların səsini belə eşitmirdi.

Zaman gəldi, milli oyanış oldu, xalqlar öz azadlığı üçün ayağa qalxdı, SSRİ tərkibində olan ölkələr öz müqəddəratını həll etdi, yeni siyasi quruluş başladı. Bunun üçün də bütün vahid maliyyə sistemi də dəyişdi. Banklar bağlandı, inflyasiyalar yarandı və beləcə xalq dili ilə desək “zayom”lar öldü.

Bayramqulu o “zayom”ları özünün əsgərlikdən gətirdiyi kiçik çamadanında saxlayırdı. Bu çamadan onun üçün o qədər əziz və doğma idi ki, o çamadana ondan başqa heç kim dəyə bilməzdi. Əvvəllər yalnız əsgərlik xatirələrini əks etdirən xüsusi hazırlanmış albom var idisə, sonralar ölkədəki zavod və fabriklərin özəlləşdirilməsi üçün dövlətin verdiyi çeklər də çamadanı doldurmuşdu. Bir də bu çamadan onun üçün doğma idi ki, Bayramqulunun Voronejdə hərbi xidmətdə olduğu zaman sevgilisi olmuş rus qızı Svetlananın şəkilləri onun içində idi. Onunla o qədər şirin xatirələri var idi ki, hər qiymətli kağızlara baxmağa gələndə o sarışın qıza baxar və dərindən bir köksünü ötürərdi.

Beləcə aylar, illər ötdü. Bayramqulu qocaldı, amma pullarına olan inamı və məhəbbəti qocalmadı. O qiymətli kağızlar qiymətsiz kağıza çevrildi və heç bir işə yaramadı. Amma onun üçün heç bir zaman dəyərini itirmədi. “Bəlkə də qaytardılar”, – deyib Sovet hökumətinin geri dönəcəyini və onun “halal” pullarının dəyərə minəcəyini gözlədi.

Bir gün yenə səhər-səhər həyətə çıxmışdı. Günəşin çoxdan doğduğunu görüb yuxuya qaldığını hiss etdi. Və adəti üzrə yenə asqırmağa hazırlaşdı. Bu asqırmaq da insanın xarakterini açan bir əlamətdir əslində. Asqıranda yanındakıları narahat etməsin deyə asqırığını içində boğan adamlardan fərqli olaraq, dünyada özündən başqa heç nəyi düşünməyən, ətrafın narahatlığının fərqinə varmayan, varmaq istəməyən adamlar kimi Bayramqulu güclü bir leysan yağacağından xəbər verən bir hava kimi guruldadı və asqırdı. Sanki rahatlamışdı. Amma bu dəfə bu səbir tək olmadı. O, yenə yağmağa hazırlaşdı. Silkələndi. Titrədi və nərə çəkib ikinci dəfə asqırdı. Bu zaman başının gicəlləndiyini hiss etdi. Səndələdi və stola söykənə-söykənə “arvad”, – dedi.  Arvadı gəlincə artıq gec idi. Böyük cüssəli nəhəng adam yerə yıxıldı və öldü.

Ölümündən sonra onun albomunu arvadı qoruyub saxlasa da, nəvələri kəndə gələndə Bayramqulunun göz bəbəyi kimi qoruduğu qiymətli kağızlardan quş düzəldib uçurdur, əylənirdilər.