Tənbəllik mikrobları – Əhməd bəy Ağaoğlu

7 Baxış

22

Amerikalı alim yankilərə xas olan ciddiyətlə, əsla zarafat etmədən bu mikrobun formasını və həyat tərzini təsvir edir. Lakin təəssüf ki, alim hələlik həmin mikrobun kulturasını tapa bilməmişdir və bu xəstəlikdən əziyyət çəkən adamları, məsələn, quduzluğa tutulmuş adamların müalicəsində olduğu kimi, peyvənd yolu ilə sağaltmaq üçün tənbəllik zərdabı hazırlayır.

Lakin məyus olmağa dəyməz. Başqa mütəxəssislər də amerikalıların köməyinə çatacaq və onlar bu xilaskar zərdabı kəşf edəcəklər.

Həmin günü bizim müsəlmanlar özlərinin dirçəliş günü kimi bayram etməlidirlər. Onlar tənbəllik mikrobunun tədqiq edilməsi təşəbbüsünü irəli sürən və bu mikrob əleyhinə zərdab kəşf edən alimə bütün ictimai yerlərdə möhtəşəm abidələr ucaltmalı və həmin abidənin üzərinə “Müsəlmanları dirçəldənlərə” sözlərini yazmalıdırlar…

Ola bilsin ki, müsəlmanlar hələ uzun müddət, bir neçə nəslin həyatı boyu gözləməli olacaqlar. Amma eybi yoxdur, onlar tənbəllik mikrobunlarını o qədər uzun müddət öz bədənlərində daşıyıblar ki, gözləməyi, dözməyi, tələsməməyi, irəliyə doğru heç bir addım atmamağı bacarsınlar! Bu nəcib zərdab kəşf ediləndə heç olmazsa, bizim nəvə-nəticələrimiz çiçək xəstəliyinə qarşı peyvənd edilən kimi, bu zərdabla da özlərini peyvənd etdirəcək və nəhayət, müsəlmanları pis günə qoyan tənbəllikdən xilas olacaqlar.

Lakin xoş ümidlər səmasında yenə bəzi qara şübhələr oyanır, qorxuram ki, o vaxt müsəlmanlar bu xilaskar zərdabla özlərini könüllü peyvənd etdirməyib, dədə-babadan qalma tənbəlliyi üstün tutsunlar. Buna görə də mən elə indidən təklif edirəm ki, o dövrün hökümətləri müsəlmanları ciddi cəza ilə qorxudaraq bu zərdabla peyvənd etdirməyi müsəlmanlar üçün zəruri tələbə çevirsinlər.

Doğrudan da, adi inandırma tədbirləri müsəlmanlara təsir etmir. Onlar öz ətrafında baş verənlərin hamısına, ətrafdakı insanların hamısına münasibətdə kar və kor olaraq qalmaqdadırlar. Məsələn, elə həmin tənbəlliyi götürün. Müsəlmanlar bütün qüsurların ən birinci səbəbi olan tənbəlliyin onları haraya apardığını, onları məhv etməyə hazırlaşdığını aşkar görə-görə bütün xalqların, bütün bəşər tarixinin adi sınaqları, tənbəlliyə qarşı mübarizə vasitələri elə bil həmin müsəlmanlara yaramır. Başqa xalqlar əzm və səy göstərərək, adicə mümumbəşəri hörmət yoluna qədəm qoymaq arzusu sayəsində tənbəllikdən xilas ola biliblər. Təkcə müsəlmanlar qəflət yuxusunda qalmaqdadır. Özü də belə bir vaxtda ki, müsəlmanlar bu mürgüləmə üzündən hər hansı başqa xalqla müqayisədə daha çox zərbə almış, daha çox sarsıntı keçirmişlər.

Müsəlmanların yaxınlığındakı bütün başqa adamlar da mürgüləyəndə və qızınanda, münbit torpaq və bərəkəlli günəş süaları bizim əcdadlarımızın və ümimiyyətlə, bütün bəşəriyyətin adi qidası olan bir ovuc düyü və bir dəstə göyərti yetişdirməyə kifayət edəndə günəşin qabağında rahatda uzanıb mürgüləmək və hətta qızınmaq heç də pis deyildi.

İndi isə həyat şəraiti tamam dəyişmişdir, indi mürgüləməyə, günün altında uzanmağa vaxt yoxdur. İndi həyat çox geniş və dəhşətli bir döyüş meydanına çevrilmişdir. Burada hər gün, hər dəqiqə mübarizə aparmaq lazımdır, bir tikə çörəyə onlarca adam göz dikib. Aşkardır ki, kim daha çox güc və məharət göstərsə, biliklərə daha yaxşı yiyələnmiş və həyata daha yaxşı hazırlaşmış olsa, o çörək tikəsini həmin adam götürəcəkdir.

Müsəlmanlar isə məktəblərin köməyi ilə müdafiə və mübarizə vasitələrinə yiyələnməyə can atmamaları bir yana, hətta mürgüləyən əcdadlarımızın bütün atributlarını ciddi-cəhdlə qoruyub saxlayırlar.

- Küçədə lovğa-lovğa, tələsmədən, özündən çox razı halda gedən kimdir?

- Müsəlman.

- Öz qüsurları və hətta əzabları barədə dinib-danışmayan kimdir?

- Müsəlman.

- Bu günün işini sabaha qoyan kimdir?

- Müsəlman.

- Əlini ağdan-qaraya vurmadan yalnız Tanrıya ümid bəsləyən kimdir?

- Müsəlman.

- Müsəlmanların heç ağlına da gəlmir ki, küçədə onu qabaqlamış cənab bununla bir tikə çörəyi müsəlmanın lap burnunun qabağından götürmüş olur. Onun heç ağlına da gəlmir ki, başqa dərnək və yığıncaqlarda adamlar ciddi, qızğın söhbətlər aparır, özlərinin əqli, mənəvi və maddi ehtiyacları barədə mübahisə aparır və elə bunun sayəsində həyat uğrunda mübarizədə geridə qalmış müsəlmanları qabaqlayırlar.

Müsəlmanın heç ağlına da gəlmir ki, məsələn, məktəbə ərizə verilməsini sabaha saxlamaqla çox vaxt  öz uşaqlarını həmin məktəbdəki vakansiyadan mərhum edir və bu vakansiyanı dərhal rəqiblər tuturlar.

Onun heç ağlına da gəlmir ki, bütün göy cisimləri bütün insanlar üçün eyni dərəcədə şəfəq saçır və başqalarının ziyanına müsəlmanlar barədə qayğıları öz üzərinə götürmək üçün nə bəhanə var, nə də əsas.

Belə getsə, müsəlmanlar bu həyat tərzi ilə amerikalı və ya avropalı alimlərin onlardan ötrü tənbəllikdən xilasedici zərdabın ixtira ediləcəyi dövrü görməyəcəklər. Bu tənbəllik onların evini yıxacaq və müsəlmanlar bir də o vaxt ayılacaqlar ki, daha heç bir peşmançılıq onlara kömək etməyəcək…

“Kaspi” qəzeti, 1904-cü il, N495

KÖŞƏ YAZARLARI
TOP 10