Tənhalığın simfoniyası – Şahanə Müşfiq

26 Baxış

116652_p6qaadr5fi

Əlifbanı təzə öyrənməyə başlayanda bir faydasız vərdiş formalaşmışdı məndə – sözün ilk hərflərini oxuyub, qalanını öz fantaziyama uyğun düzüb-qoşurdum. Elə bil bir sözü sona qədər oxumağa səbrim çatmırdı. Demək olar ki, hər dəfəsində də ilk hərflərdən uydurduğum söz səhv çıxardı. Anam, atam tərəfindən az danlanıb, az cəzalanmamışam buna görə…

İllər keçməsinə baxmayaraq, bu vərdişim hələ də başımda gedir. Böyüdükcə daha təhlükəli olmağa başladı hətta. Çünki indi sözlərin yox, insanların ilk tanıdığım xüsusiyyətlərinə görə bütünlüyünü xəyalımda qururam. Təəssüf, yenə də heç biri uyğun gəlmir. O sözlər kimi insanlar da məni yanıltmağı bacarır. Sən demə, heç kim mən tanıdığım deyilmiş, hər kəs ayrı, hər kəs fərqli imiş… Amma bu dəfə cəza verən tərəf valideynlərim yox, həyatdır… Cəzam isə güvənsizlik, tənhalıq!..

Tənhalıq!

Çoxdan tanış olmuşuq onunla. İkimiz də bir-birimizi ilk baxışdan necə sevdiksə, sonra heç qopmadıq. Bir dünya insanın içərisində həmişə bir-birimizi axtardıq, həmişə bir-birimizə can atdıq, həmişə bir-birimizi tapdıq.

Hərdən ürküdücü olur tənhalıq. İnsan özü özünü dinləməkdən o qədər bezir, o qədər yorulur ki, yanında başqa bir səs, başqa bir nəfəs istəyir. Həmin an hər şeyini verməyə hazır olursan bəlkə də. Təki öz beynimin içərisindən çıxım, ağzımdan çıxan kəlməni eşidə bilən biri olsun, o da mənə cavab versin istəyirsən. Volter Vayt kimi…

Bir saat – min dollar…

Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı “Breaking Bad”in (“Çətinliyə baş vurmaq”) baş qəhrəmanından danışıram. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanıb. Ümumilikdə 62 seriyadan ibarətdir. Hekayə ağ ciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partnyor olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Kimyanı mükəmməl şəkildə bilən müəllimlə narkotik ticarətini, kriminal aləmi yaxşı tanıyan tələbənin ortaq hekayəsidir əslində “Breaking Bad”. Serialın orijinal adı olan “Breaking Bad” ABŞ-ın cənubunda işlədilən ifadə olub, “qiyamət qoparmaq” və ya “cinayətə yönəlmək” mənalarını verir.

Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır.

“Çətinliyə baş vurmaq” bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir. Teleserialın sonuncu seriyası yayımlandıqdan sonra ABŞ televiziyasının ən çox izlənən kabel seriallarından biri olur. Serial bir çox mükafat qazanıb: 16 Emmi mükafatı, 8 Peyk mükafatı, 2 Qızıl Qlobus mükafatı, 2 Pibodi mükafatı, 2 Tənqidçilərin Seçimi mükafatı və 4 Televiziya Tənqidçiləri Assosiasiyası mükafatı. Performanslarına görə Brayan Krenston 4 dəfə “Dram teleserialında ən yaxşı kişi roluna görə” Emmi mükafatı, Aaron Pol 3 dəfə “Dram teleserialında ən yaxşı ikinci plan kişi roluna görə” Emmi mükafatı və Anna Qann 2 dəfə “Dram teleserialında ən yaxşı qadın roluna görə” Emmi mükafatı qazanıblar. “Çətinliyə baş vurmaq” 2013-cü ildə bütün dövrlərin ən çox bəyənilən serialı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Əbəs yerə xatırlamadıq bu serialı. Serial 50 illik ömrünü dürüst, bütün mənəvi qayda-qanunlara uyğun şəkildə, vicdanla yaşamış kimya müəllimi Volter Vaytın xəstəlikdən sonra necə 180 dərəcə dəyişməsi, gün keçdikcə qorxunc bir insana çevrilməsindən bəhs edir. Volterin əsas məqsədi ölümündən sonra ailəsinə onların gələcək həyatını təmin edəcək qədər, yəni böyük miqdarda pul miras qoymaqdır. Bunun üçün o, kimyəvi biliklərindən istifadə edərək qaranlıq dünyaya qədəm qoyur və addım-addım faciəvi sona yaxınlaşır. Öncə bu faciəvi sonun ölüm olduğunu düşünə bilərsiniz. Amma son seriyalarda bir insan həyatının ən faciəvi səhnəsinin tənha qaldığı an olduğunun fərqinə varırıq. Uzun müddət polisdən ustalıqla gizlənməyi bacaran Volter sonda özünün kiçik səhlənkarlığı ucbatından aşkarlanır.

Amma onun məqsədinə çatmadan həbsxanaya girmək fikri yoxdur və buna görə də bütün cinayətkarlar kimi qanundan yayınmağa, qaçıb gizlənməyə qərar verir. Bu məqsədlə şəhərdən çox uzaqda ucqar bir kənddə gizlənir. Qarlı qış günlərində qəsəbədən çox uzaqda tək-tənha yaşayan Volter çox güman ki, həyatının elə ən çətin anlarını da burada keçirir. Əslində, burada o, güvəndədir. Təkcə yanına ərzaq gətirən və adını da bilməyən adamdan başqa hər kəs onun harda olduğundan xəbərsizdir. Amma Vayt məmnun deyil. Çünki yalnızdır. O, saatlarla deyil, günlərlə, həftələrlə yalnızlıq çəkir. Uzun müddət öz səsini belə eşitmir. Çünki danışmağa adam yoxdur. Hətta filmin ən təsirli və uzun müddətdir izləməyimə baxmayaraq, indiyə qədər də ağlımdan çıxmayan səhnəsi məhz bu daxmada yaşanır. Belə ki, artıq tənhalığın qulaqbatıran, ürək parçalayan, insanı dəli olmaq həddinə çatdıran mərhələsinə çatmış Vayt ona ərzaq gətirən adamdan yanında bircə saat artıq qalmağı xahiş edir. Bütün bu cinayətlərə, boğazına qədər bataqlığa puldan ötrü batan müəllim hətta bu bir saata görə ona min dollar təklif edir.

Artıq burada yalnızlığın o soyuq, ürküdücü nəfəsi iliklərinə qədər işləyir. Nə olur olsun, bir səs, bir nəfəs diləyirsən…

Mavi 52

1989-cu ildə Sakit okeanda tam fərqli, o zamana qədər heç zaman rastlanmayan bir səs eşidildi.

Müharibə zamanı Amerika tərəfindən okeanın müxtəlif yerlərinə özəl olaraq hazırlanmış mikrofonlar – səs siqnallarını tutmaq üçün istifadə edilən hidroforlar yerləşdirilmişdi. Məqsəd Sovet dəniz donanmasının səsini eşitmək idi. Fəqət iki böyük ölkə arasındakı Soyuq müharibə bitdikdən sonra bu xüsusi qurğular elm adamları tərəfindən istifadə edilməyə başladı. Bu dəfə isə elm adamları dünyanın içərisində başqa bir dünya olan okeanın dərinliklərindən gələn səsləri, əsas da balinaların səslərini dinləmək məqsədi güdürdülər.

Bax, 1989-cu ildə aşkarlanan o səsi də məhz bu qurğular “eşitmişdi”. Whidbey adasındakı köhnə hərbi limanın işçiləri bu qəribə siqnalın okeanda tək səyahət edən balinaya aid olduğunu aşkarlayırlar.

Siqnalların bir balinadan gəldiyini aydınlaşdıran səs mühəndisləri olduqca təəccüblənirlər, çünki balinanın göndərdiyi səs siqnalları 52 hers aralığında idi. Balinalar isə normalda bir-birləriylə 15-25 hers aralığında əlaqə qururlar. Sonralar buna bənzər səs yenidən, həm də dəfələrlə eşidildi və qeydə alındı. Araşdırmalar nəticəsində bu səslərin tək bir qaynaqdan gəldiyi anlaşıldı. Bircə balinadan. Təxminlərə görə, ya fin balinası, ya da mavi balina olmalı idi. Böyük ehtimalla mavi balina idi, ya da ikisinin qarışığı bir cins. Elm adamları çıxartdığı səsin frekansına uyğun olaraq balinaya Blue 52 (Mavi 52) adını verirlər.

Bəs doğrudanmı balinalar səs çıxarır? Səs çıxarmaq nədir, onlar mahnı belə oxuyurlar. Hətta disk belə çıxarıblar. “Kambur Balina mahnıları” adlanan diski 1970-ci ildə biyo-akustikçi Roger Payne tərəfindən özəl texniki cihazlar vasitəsilə hazırlanıb. Çünki 15-25 hers aralığı insan qulağının çox çətinliklə eşidə biləcəyi bir səs tezliyidir. Bu disk isə dünyada yüz mindən artıq satılaraq böyük məşhurluq əldə etdi. Bir çox sənətçilər bu səslərdən təsirlənərək öz musiqilərində istifadə etdilər. Hətta Karl Sagan bunları “Dünyanın səsləri” adını verdiyi səsyazmalara əlavə edib Voyager maşını ilə kosmosa da göndərdi.

Balinalar müxtəlif səbəblərdən səslər çıxarırlar. Bunlara okeanda istiqamətlərini təyin etmək, digərlərini çağırmaq, yem tapmaq, cütləşmə zamanı partnyor tapmaq üçün və s. aiddir. Müxtəlif növlərdən olan balinaların çıxardığı səslər ayrıdır, beləcə dişilər öz növlərindən olan balinaları rahatlıqla tapırlar. Erkək balinaların səsləri dişilərə nisbətən daha gur olduğundan onların səsi okeanda 1100 kilometr uzağa gedə bilir.

Mavi 52 öz cinsindən olan balinalarla eyni səsi çıxara bilmədiyinə görə onlarla ünsiyyət qura bilmir və böyük qaranlıq okeanda tək qalır. Buna görə də durmadan səs siqnalları yayaraq üzür, ta ki, hayqırışları səs mühəndisləri tərəfindən eşidilənə qədər.

Balinanın hansı növə məxsus olması və il ərzindəki hərəkət trayektoriyasını araşdırmağa başlayan Joe George ve Velma Ronquille (dəniz donanmasının işçiləri)  onun kimi başqa balinaların da olub-olmadığını araşdırırlar. Ancaq bu günə qədər onu görə bilən heç kim yoxdur. Araşdırmalara görə isə onun hərəkətlərində heç bir qəribəlik hiss olunmur. O da digər mavi balinalar kimi gündə 30-70 kilometr yol qət edərək Alyaskadan Meksikaya qədər uzanan köç yollarında üzür.

Mavi 52-ni daha dərindən tədqiq edib, anlamağa çalışan isə Massaçusettsdəki Woods Hole Okeanologiya İnstitundan (WHOI) dəniz məməlilərini araşdıran Bill Watkins oldu. Ancaq Watkins araşdırmalarını tamamlaya bilmədən dünyadan köçür. Ölümündən bir neçə ay əvvəl 12 illik səs qeydlərinin dəyərləndirməsini açıqlayır. Onun tədqiqatına əsasən, Mavi 52 tamamilə unikal bir canlı olması ilə yanaşı, səsi də özünəməxsus xüsusiyyətlərə sahib idi. Tədqiqatda alim yazır: “Bənzər xarakteristikaya sahib başqa heç bir səs eşitmədik. Hər dəfə sadəcə bir səs. 52 hers frekansında bir çağırış. Onunla uyuşan cavab çağırış isə heç olmadı”.

Mavi 52 haqqında məlumatlar yayımlandıqdan sonra dünyanın hər yerində onun haqqında əks-səda doğur, haqqında məqalələr, mahnılar  yazılır. Dünyanın ən yalnız balinası adlandırılan Mavi 52 tərk edilən, assosial və məhdudiyyətli insanların simvolu halına çevrilir. Onun tapılması və yaxından tədqiqatı üçün araşdırmalar edilsə də, nəhəng okeanda bir balina axtarmaq samanlıqda iynə axtarmaq kimi bir şey olduğundan bu, mümkün olmur. Bu yaxınlarda amerikalı film rejissoru Josh Zeman  “52:The Search for the Loneliest Whale in the World” (“52: Dünyanın Ən Yalnız Balinasının Axtarışı”) adlı sənədli film hazırlayır. Sakit okeanda 50 günlük araşdırmanı əhatə edəcək film dünyanın hər yerindən dəstək görür.

Bu məlumatları oxuyarkən o mavi balinanı tapmaq, onun yalnızlığına şərik olmaq hissi yarandımı sizdə də? Niyə bilirsinizmi? Biz də yalnızıq çünki. Bu böyüklükdə dünyada öz okeanımızın içərisində tək-tənha üzməklə məşğuluq. Bəzən səni heç kimin anlamadığını hiss etmək kimi deyilmi səsini heç kimə eşitdirə bilməyən balina haqqında düşünmək? Səsimiz var, amma eşitdirə bilmirik. Hayqırışımız isə fəlakətlərə səbəb ola bilər. Özümüzün sonumuz kimi, məsələn…

Demişdik ki, hərdən ürküdücü olur tənhalıq, hərdən isə ən sadiq dostun, ən çox ehtiyac duyduğun həmdəmin. İnsanlarla, sevdiklərin, sevmədiklərinlə əlaqəsi yoxdur, məncə, bunun. Əslində, kainat ayrı-ayrı tənhaların bir-birinin yanında yaşamağa məhkum olduğu yerdir bəlkə də. Hər birimiz öz-özlüyümüzdə tənhayıq. Çünki bizi bizdən başqa anlayan, bizi bizdən başqa hiss edən heç kim yoxdur. Və bu durumu daha da çətinləşdirən məsələ budur ki, heç birimizin başqasını anlamaq, duymaq vəzifəmiz də yoxdur. Yəni kimdənsə nəsə uma da bilmirsən.

Heç kim sən olmağın nə demək olduğunu tam mənası ilə anlamaz. Heç kim bu dünyaya sənin gözlərinlə baxa bilməz. Biz də öz səsini heç bir öz cinsindən olana eşitdirə bilməyən o balina kimi öz iç dünyamızda doğularıq. Bəlkə nə zamansa, hardasa, kimlərsə səsimizi eşidər deyə öz içimizdə danışar, bağırar, mahnılar söyləyər, susarıq. Ən sonda isə yenə də yalnızlığımıza bürünüb bu dünyadan əbədilik gedərik.

Dünyanın ən yalnız canlısı dediyimiz Mavi 52 balinamıdır yalnız, yoxsa biz?! Qərar vermək çox çətindir. Amma ən azından biz də onun kimi nadir olduğumuzu bilək, buna inanaq. Biz yalnız deyilik, biz nadirik əslində!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10