Tərəzi

256 Baxış

11297791_674654459330665_1353614543_n

Axı o bunları necə edə bilərdi? Yox ağılsız deyil. Bəlkə də, yaxından tanıdığım ən parlaq zəkalı şəxsdir. Dəli olub, amma ağlını itirməyib. Yenə də heç bir şey onun əməllərinə bəraət qazandıra bilməz. Sevdiyim şəxs qarşımda durur, insan haqlarını, ətraf aləmi həmişə müdafiə etmiş insan əlində tapança, içi al-qırmızıya bürünmüş gözlərlə mənə baxır. Mənsə orada ancaq boşluq görürəm.

Bir gün əvvəl ilk dəfə ana oldum. Təbii yolla övladımı dünyaya gətirdikdən sonra daxili qanaxma nəticəsində huşumu itirdim. Məni xilas ediblər, hər şey qaydasına düşüb, sadəcə on saata yaxın yatmışam. Gözlərimi açanda yüngülvari ürəkbulantım azca da qarınaltı nahiyədə ağrılarım vardı. Özmü o qədər də zəif hiss etmirdim, sadəcə yorğun. Palatamda tək uzanırdım, başımın yanında meyvə şirəsi qoyulmuşdu, dadına baxmadım, ehtimal portağal idi. Bir küncdə səssiz işləyən tv-də körpünün üstündə baş vermiş avto-qəza xəbəri yayımlanırdı. Yanğın söndürənlər maşınların külləri ilə əlləşirdilər, ekranı rahat görə bilmirdim, amma 5-6 ölü olduğu yazılmışdı qəza başlığı altında. İndiki dövrdə belə şeylər həmişə olur düşünüb tibb işçilərindən çağırmaq üçün düyməni sıxdım. Tibb bacısı bir neçə saniyə sonra qapımın ağzında göründü, hər şeyin qaydasında olduğunu tələm-tələsik yoxlayıb palatını tərk etdi. Belə bir məhşur özəl klinikada heç bir işçi müştərisiylə belə davranmaz, bunu bilirdim. Özüm hüquqşünasam. Deməli, nəsə baş verir.

Qapı tam bağlanmamışdı, şap-şup ayaq səslərini eşidirdim, haqlıymışam, nəsə qaydasında deyildi. Tam açılan qapıdan içəri bir neçə xələtli həkim, tibb bacıları ilə birlikdə iki qara geyimli şəxs də daxil oldu. Bu qədər həkimin burada nə işi var? Mən özümdən gedəndən sonra məni xilas etməkçün ayaqlarımı mı kəsiblər yoxsa? Dirsəklərimi döşəyə sıxıb ayaqlarıma boylandım, yox. Barmaqlarımı görürəm və tərpədirəm. Övladım!!!!! Qışqırmağa başladım, qalxmağa çalışdım, dikələndə qolumdakı sistemlərdən biri qopdu, tibb bacıları qollarımdan yapışdılar. Sanki dəliymişəm kimi məni tutdular.

- Nə baş verir? Uşağım hanı? Ona nə olub???

- Sakitləşin, xanım . . – qara geyimlilərdən biri nişannı çıxarıb özünü təqdim etdi. Polis, özüdə ki federal. Sakitləşdim. Özümü nə qədər tez ələ olsam, federal mətləbə o qədər tez keçəcəkdi. Belə də etdim, o sözə başladı, – xanım, sizin oğlunuzu xəstəxanadan qaçırıblar. .

Söhbətdən agah oldum, oğlumu məni tənha analığa məhkum etmiş, 6 ay əvvəl uşağı görə atmış sevgilim, körpənin bioliji atası qaçırıb. Gecə xəstəxanaya daxil olub balacanı götürüb. Axı niyə? Halım pisləşirdi, tibbi heyət üzərimə atıldı, insanların üzünə baxmaq istəmirdim, məni yenidən çarpayıya uzadanda tv ekranına tərəf döndüm. Hələ də yanğın söndürürlər, ancaq onların heç biri daxilimdəki alovun öhdəsindən gələ bilməzdi.

10-15 dəqiqə sonra özümə gəldim, sakitləşmişdim, onlar məni vəziyyətdən bixəbər saxlamırdılar. Oğlumun atasının axtarışı davam edirdi. Məni kamera yazıları göstərildi, o olduğunu təstiqlədim, portağal suyunu başıma çəkib mental olaraq dondum. 4 il əvvəl evsiz heyvanlara qarşı törədilmiş vəhşiliklərlə bağlı cinayət işində məhsul şəxs idim, heyvanların hüquqlarını müdafiə edirdim. O isə aktivist cərəyanın aparıcı üzvləri arasındaydı. Məhkəmə prosesində qalib olduq, təzminatı heyvanların lehinə yararlı xərcləməkdə də onlara dəstək oldum. Bu arada bir-birimizi daha yaxından tanıdıq, mən ixtisasca mühəndis olan bu qatı envaynrimentalist(təbiət mühafizəkarı) kəşf etməyə başladım. Görüşlər, xoş münasibət və sevgi. 2 ildən artıq bir yerdə yaşadıq, evlilik barəsində planlar qurduq. Ev, iki it və biz. Geriyə uşaq qalırdı. Yaşım keçirdi, ana ola bilməyəcəyimdən qorxurdum, o isə uşağın qəti əlehinə idi. Çox yaxşı biri olduğundan hamiləliyi ilk əvvəl ona deməsəm, sonradan öyrənsə, hər şeyin yaxşı sonlanacağına çox ümid edirdim. 3-cü ayımda ona həqiqəti açdım və tərk edildim. Artıq iş işdən keçmişdi, nə o, nə də mən geriyə addım atmadım. Maddi və mənəvi olaraq övladımı tək, rahat böyütmək iqtidarındaydım. Hər şeyin proyektini övladımın gələcəyini cızma qara etmiş, ancaq istisnanı nəzərə almamışdım. Onun mənim uşağı qaçıracağı istisnasını. Bu fikirlər beynimdə səyahət edərkən federallardan biri içəri daxil oldu. Reallığa qayıtdım. Onu tapmışdılar. Bələyə bölünmüş körpə qucağında dəfələrlə istirahət vaxtı göl kənarında kirayələdiyimiz evdə oturub, məni gözləyirmiş. Əlində silah olan dünya mühafizəkarı məni gözləyirmiş. . .

Ağrı kəsicilərin köməyi ilə birtəhər özümə gəlib ora yollandım. Evin qarşına çatanda federallar mənə tapança verib ən pis ehtimalda nə etməli olduğumu dedi, Glock-u gödəkçəmin altına saldım. İçəri keçdim. İkinci mərtəbədəki yatağ otağına qalxdım. Bu ev gölə yaxın olduğundan ətrafda hündür, snayperlərin rahat nişan ala biləcəyi yer asan tapılmazdı, üstəlik olsa belə, o özünə çox uğurlu yer seçmişdi. Ora qalxanda bələyə bürünmüş körpəylə oynayır, onu yedizdirməyə çalışırdı, taxta pillkənlərdən yüksələn məni gördü, gülümsündü. Əmziyi kənara qoyub tapançanı götürdü, dodağının üstünə gətirib çşşşıldadı. Yatağın kənarında oturduğundan və bələk başını örtdüyündən oğlumu görə bilmirdim. Ağzımı açmaq istirdim ki, pıçıldadı.

- Sənə neçə dəfə dedim, hə? Mən bu alçaq dünyaya başqa qurban bağışlamaq istəmirəm? Deməmişəm? – o, titrədi, sonra yenidən çşş ederək körpəyə toxundu, – sən axı ağılsız deyildin. Bunu necə edə bilərdin? Özdə məndən xəbərsiz!!! Axı məndən xəbərsiz belə şey etmək olar? Başa düşmürsən ki, bizim kimi gözəl insanların övladı olmamalıdır? Dünya hər gün bir addım geriləyir, düşür. Dibdəki bataqlıq isə artıq görünür, əzizim. Biz ölüm bu cəhənnəmdən gətməyə imkan tapa bilsək də, o bu bataqlıqda boğulacaq. Bilirsən niyə belə tez? Biz aşağı düşdükçə dünyada suyun səviyyəsi qalxır, aramızdakı məsafə azalır. Bəs bizi idarə edən qüvvələr hanı axı? Yoxdu, boşluqdu ancaq!!! Bizdən ancaq qurban alır, öz rituallarında istifadə edirlər. Əvəzində nə alırıq hə? Çəkisi eyni olan boşluq!!! Necə tanış olmuşduq xatırlıyırsan da. 3 milyon təzminat de görək, nəsli bitmiş həmin tülküləri geri qaytara bildi? Yox!!! Biz onu başqa heyvanlara xərclədik, amma onların da kökü kəsilir. Hə de hüquqşünas!!! Hanı e, sizin ədalət tərəziniz? Bir gözündə beş kilo mis olan tərəzinin digər tərəfinə 5 kilo platin qoyanda tərəzi nə göstərir? – nəfəs almaqda çətinlik çəkirdim, o üstümə çığırdı və ayağa qalxdı, – cavab ver mənə!!!! – sonra yenidən körpəni sakitləşdirməyə çalışdı, uşağın səsi gəlmir, o isə tapançanın lüləsi ilə onun xırda bədəninə toxunurdu.

- Bərabər olduqlarını, – səsimi özüm də zorla eşitdim, ancaq cavabım onu qane etdi.

- Görürsən, elə belədən bir yerdə olmamışıq. Cavabı bilirsən əzizim!!! Tərəzinin gözlərində nə olduğu önəmli deyil. Əsas odur, çəkiləri bərabər olsun. Sənin lənətə gəlmiş həmsakinlərin, səndən aşağı kasta, yuxarı palatadakı həmdünyalıların da belə edir. Ancaq 5 ver, 5 al. Heç birimiz sabahı düşünmürük. Xəstəliklər yaranır, hamımız dərd çəkirik, amma çözüm axtarmırıq, axtaranlara kömək etmirik. Hər ay adama 10 sent xərçəngin müalicəsinə, qiçşin aradan qalxmasına yatırsaq, bilirsən neçə pilləkən yüksələrdik? Yox o 10senti qəpik yığmaq üçün xəzinəyə ataq, ya da banka qoyaq, ya da qızıl alaq, amma xeyriyyəyə olmaz, xeyriyyə sənə gəlir vermir. Ya da yox e! Gözəl işlər görək!!!! Və bir dəqiqəlik işi 30 selfie ilə ölümsüzləşdirək, bir dəqiqəlik yerdən qalxan plastik tullantının 30 dəfə şəklini sən neçə dəqiqəyə çəkə bilərsən əzizim?

- Bilmirəm, – anında ona cavab verdim.

- Əlbəttə, bilmərsən, çünki sən belə boş işlərlə məşğul olmursan öz aləmində, amma məndən başından bir vedrə su tökərkən səni çəkməyi tapşırmışdın. Olmazdı ki, normal şəkildə ora pul köçürək hə? Yox olmazdı, axı trendləri, lənətə gəlmiş həştəgləri izləmək lazımdır. Aşağı qonşumuzun yoldaşı veqandır və mənə imza topladığım kampaniyada dəstək olmaq istəmədi, hədiyyə etdiyimiz gülü də zibilə atdı, gündə bir dəfə sulamadı. Təsəvvür edirsən, dəri kürklə sənin partində iştirak edən o alçaq ət yeməmək üçün nə zülmlər çəkir? Amma qorxma, bir azdan hamı ya məcburi vegetarian olacaq, ya da hannibal. Çünki yeməyə lənətə gəlmiş ət qalmayacaq!!! Qlobal krizis də çökəcək üstümüzə, dünya bizi öz tostuna çevirəcək, fırını da nüvə silahlarının odu ilə yandıracaq!!!!! Hər kəs bunu görür, amma tərəzinin gözləri bərabər olduğu müddətdə heç kəs orada nə olduğuna fikir vermir. Biz su yerinə zəhər içir, ağ yerinə qara rəngi seçirik. Sənsə, bu dünyadakı tərəzilərə xammal verirsən, mənim müəllif hüququm olan xammal!!! Oğlumuz bilirsən neçə kilodur?

-. . .nə olar??? –hönkürərək onlara tərəf getmək istədim, başını sağa-sola tərpətdi.

- Dayan görək. Deməli, balaca 2 kilo 833 qram. Elektron tərəzi əla işləyir. Xammalın dəqiq çəkisində indidən deyir ki, xəta olmasın, – o başını aşağı salıb körpəyə baxdı, uşağın üstünü elə örtmüşdü ki, boğulacağından qorxurdum. Qızdırmam da qalxmışdı, sanki yanırdım. Yenidən başını qaldırdı, – balaca ayıya oxşayır lap. Aaaaa. Doğurdan. Yadında mən sənə burada ayı bağışlamışdım. Elə bu boyda olardı. Çəkisi azdır da. Amma içindəki pambığ çıxarsaq, bir az 10 sentlik doldursaq, 2 kilo 824. . . – o atəş açdı, qışqırdım. Döşəməyə atəş açmışdı. Aşağıdan səslər gəldi, polislər içəri şığıdılar, mənim sağlam olduğumu gördülər, pilləkənləri qalxmamaqlarını işarə etdim. O dizləri üstə çökdü balacanı düz qarşısına qoydu, ətrafına baxdı. Yerdən güllənin gilzasını götürdü. Onu izləyəndə ayaqlarım idarəmdən çıxdı mən də yerə çökdüm. Gilzanı açıq mavi bələyin üzərinə qoydu, – 9mm-lik, çəkisi 8qram. Bir qram nisbi xətanı gözlü tərəzi tutan deyil. Götür balacanı və get buradan, əzizim.

Süründüm, balacamın başına toxundum, onu əlimə aldım, – yox!!! Hanı o? – bu onun mənə hədiyyə etdiyi ayı idi içi deşilmiş, on sentliklər, xidmətlərinə görə ona verilmiş mükafatlarla doldurulmuşdu.

- Əzizim, qarşındadır da, ədalət tərəzindir də. Axı nə istəyirsən? Siz insanlar niyə hər şeydən narazısınız, həmişə?

- Oğlum hanı???? – çığırdım, səs tellərim sanki çat verdi.

- Kim? Tərəzinin o biri gözü? Gələcəkdə bir az daha artıq ət yeyəsən deyə Xuçla Spayka ziyafət çəkdirmişəm, əsas tərəzidir, qorxma əvəzi burda olmasa da, alacaqsan, dünya onu sənə verəcək, axı sizin tərəzi bərabər hüquqludur, – o tapançanı başına dayadı, nəsə dedi, ancaq mən artıq yerimdə döyünürdüm, özümü sağa sola çırpırdım, onu görmürdüm, güllənin səsinə keyidim, ona baxdım, mənə bağışladığı ayının üzərinə çökdü, ancaq məndən uzaqlaşırdı. Yox. Məni dartırdılar. Huşumu itirirdim, gözlərim qaraldı, son dəfə qırmızıya boyanan ayıya və ona baxdım. Sonra isə boşluq. . .

Oyandım. Eyni palata, tv işləmir. Sakitlik. Dərhal düymənı sıxdım. İçəri həkimlə tibb bacısı daxil oldu. Yuxu görürdüm? Axı onlar gülümsünürlər. Oğlumu soruşdum. Hər şeyin qaydasında olduğunu dedilər. Tibb bacısı onu gətirməyə yollandı. Bir az sonra o, uşaq əlində, federal yanında içəri daxil oldu. Oğlumu qucağıma almaqçun dikəldim, sarışın körpəmin axır ki, üzünü gördüm. Başımı qaldırdım, federal mənim nə soruşacağımı təxmin etmişdi.

- Balacanı yatağ otağındakı hamamda vannanın içindən tapdıq. Ona heç bir xələl gəlməyib. Həkimlər onu yoxlayıblar, tam sağlamdır, – bəs atasının dediklərinin necə olduğunu soruşdum, – biz onun evinə getdik, itləri doğrayıb. O, ağlını itirmişdi, çox təəssüf edirəm. Siz narahat olmayın artıq. Hər şey geridə qaldı. Sizin də balacanın da. .

- Skeyl, – sözünü yarım sağlayıb dedim, – onun adı Skeyldir.

- Sizin də, – federal gülümsündü, – Skeylin də istirahətə ehtiyacı var.

Oğlumu götürdülər, son dəfə ona baxanda atasına və mənə necə bənzədiyini gördüm. Federala təşəkkür etdim. Hamı otağı tərk etdi, yerimi rahatlayıb tv-ni işə saldım. Məzənnələr və Avropa Amerika münasibətləri müzakirə olunurdu, kanalı çevirdim, kommersiya reklamlar, yenə çevirdim, heyvanlarla bağlı sənədli film gedirdi, həvəslə izləməyə başladım. Tədricən gözlərim yumuldu.

Klinikanın parkinqində qara Buick-də ab-hava kəskin sərt idi. Tünd-qəhvəyi geyimli federal qara kostyumlu həmkarına dedi:

- Bu üzə çıxsa necə olacaq bəs?

- Üzə necə çıxacaq ki, sən və məndən başqa heçkəs bunu bilmir.

- İşimizdən ola bilərik e!! Mən sənə niyə inandım axı. Bəs indi biri çıxab desə ki, hanı o?

- Səni görən olub dəqiq? – qara kostyumlu çox rahat idi, – sənki yanğın söndürənlərlə çiyin-çiyinə mübarizə aparırdın, özün də dedin ki, şahid yoxdur. Bəs indi niyə belə qorxursan?

- Yol bərbad vəziyyətdəydi, təcili yardım ora keçə bilmirdi, yanğınsöndürənlərdən onu alıb alovun ortasından çıxdım. Maşın havaya uçdu sonra da ən yaxın birliklərə kömək üçün zəng elədim, sən də birinci gəldin. Sonra da bir ipi o birisinə bağladın.

- Bax mən 30 ildir, hər həftə kilsədə dua edirəm və bunu tanrıdan göndərilmiş bir lütf, günahlarımızı yumaq üçün bir fürsət kimi görürəm. Onun o məqamda alovlar arasında ortaya çıxması və tüstüdən ölməməsi möcüzə deyil mi? Sonra isə bütün şahidlər aradan götürüldü. Sən mənə zəng etdin, mən isə o axmağın evini gedib ikinci dəfə yoxlayacaqdım. Tanrı bizi görüşdürdü. Sən də orada mənlə razılaşdın. Mən gələnə qədər məni maşında gözlədin, etiraz etmədin, işimizin düz əməl olduğunu sən də bilirsən.

- Yaxşı bəs köynəyinin üstündə niyə qan vardı çıxanda? – qəhvəyi geyimli soruşdu.

- Mən, – qara geyimli içini çəkdi, – itləri parçaladım, o alçaq yalan demirdi. Hələ də inana bilmirəm.

- Amma bizim etdiyimiz də düz deyil axı. Ondan nə fərqimiz var?

- Biz iki ümidsizi birləşdirdik, mən maşının nömrəsi və ölənlərin ətrafını araşdırmışam, onların elə bir yaxını yoxdu. Bu etdiymiz şey isə həm onu, həm də hüquqşünas qadını həyata yenidən bağlayacaq, çünki tanrı belə istədi, sənlə mən vasitəçiyik.

- Yox, – qəhvəyi geyimli üzünü tutdu, – birdən öyrənsə necə olacaq? Onda hamımızın sonu çatar.

- Yaxşı bəsdir, özünə gəl, – qara geyimli əlinin onun çiyninə qoydu, – elə ağladın ki, uşaqlığımı xatırladım. O vaxt bir oyuncaq xoşuma gələndə valideynlərim onu almırdılar, mən də üzümü tutub bax belə ağlayırdım. Sonra könlümü almaqçun başqa, oxşar oyuncaqla yanıma gəlirdilər və mən qabaqkindən də xoşbəxt olurdum.

- Niyə ki? – qəhvəyi geyimli burnunu çəkdi.

- Çünki çəkisi və forması oxşar olduğundan istədiyin şey əvəzinə sənə başqasını versələr belə onu gözəl görürsən.

 

SON

 

Fərid Hüseynli

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10