Təranə Fazilqızı – “Atılmışlar”

101 Baxış

 teraneAzərbaycanda ta qədimdən ağsaqqala, ağbirçəyə hörmət, ehtiram göstəriblər. Dilimizdə çox məşhur bir məsəl var : “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Elə təkcə bu məsəl dediklərimizin ən parlaq sübutudur.

Bu yaxınlarda telekanalların birindən baxdığım “Atılmışlar” filmi məni yaman sarsıtdı. Ürəyimdən keçdi ki, çoxdan bəri məni ağrıdan bir məsələ ilə bağlı düşüncələrimi sizinlə bölüşüm. Deyirlər, valideyin ağac, övlad meyvədir. Ağaca nə qədər çox qayğı göstərsən, o qədər də meyvəsi yaxşı olar. Övladının fərqli olmasını arzulayırsansa, sən də ata- anana layiqli övlad ol. Nankor övlad həmişə olub, olacaq. Ancaq mən bu amansız həqiqəti başa düşə bilmirəm. Necə olur ki, bizi dünyaya gətirən, min bir əziyyətlə böyüdən, az qala gözünün yağını yedirdən ata-anaya qocalanda qayğı göstərmək əvəzinə, onları qocalar evinə atırıq? El dilində desək onları başımızdan edirik. Necə olur ki, övladımıza evdə yer olur, valideynimizə yox? Balamıza çörək tapırıq, atamıza anamıza yox? Ata və anaya ən azı ona görə hörmət eləmək lazımdır ki, onların hər ikisi səninlə yaradan arasında vasitədir.

Sən özünə və yaradanına hörmət etdiyin qədər, valideynlərinə də hörmət eləməlisən. Ağlı başında olan övlad, heç vaxt ata-ana haqqını itirməz. Biz uşaq olarkən atamdan eşitdiyim : “Böyük olan evdə ruzi, bərəkət olar yaxud qocalar uşaq kimidi ay bala, fikri həmişə qulağımdadır. Fərqinə varmadığım bu sözləri boyüdükcə daha çox dərk eləməyə, anlamağa başladım. Böyüklər həyat təcrübəsinə əsasən irad tutmağı, məsləhət verməyi xoşlayırlar. Həmişə də həyat göstərir ki, onlar haqlıdır. Övladları tərəfindən atılmış kimsəsiz qocalar, ruhən sınsalar da, incisələr də çox zaman nankor övladlarına haqq qazandırmağa çalışırlar. Evin darısqallığından, uşaqların səs küyündən yorulub, öz arzuları ilə qocalar evinə pənah gətirdiklərini deyirlər.

Əslində onların bu hərəkətinin arxasında da övlada məhəbbət durur. Onlar özlərinin böyüklüyünün, qürurunun tapdanmasını qəbul eləmir, buna inanmır bəzən düşünürlərki elə günü sabah övladı qaçaraq gəlib dizlərindən yapışacaq, ona yalvaracaq, göz yaşları içində əfv edilmələrini diləyəcək lakin… Axşamdı yağış yağır, hava soyuqdu. Qocalar evindəki bir pəncərədən işıq gəlir. O, gecənin zülmətində ömrünə işıq salacaq işartını axtarır. Yuxusu ərşə çəkilib. Hər gecə belədir. Amma bu gecə o birilərinə oxşamır. Yaman qəribsəyib ana. Çiyninə saldığı nimdaş şal da isitmir buza dönən canını. Əslində heç fərqində də deyil nə istinin, nə də soyuğun.

Heç xəstələnib öləcəyindən də qorxmur. Yox hələ ölmək istəmir, istəyirki övladı öz səhvini başa düşsün, ya sabah ya o birisi gün nə zamansa qoy gəlib üzr istəsin. Sonra bir gün də yaşamaq istəmir. Təki Allah bağışlasın günaha girməsin. Qəm kədərin kök saldığı ananın ağrı acının əzabından qırışları açılan üzünə təbəssüm qondu. Yenə keçən günlər yadına düşdü. Yəqinki bu atalar sözünü eşitməyən yoxdur. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bu bir həqiqətdir. Bir övlad kimi elə yaşayaqki, sabah əməllərimizdən peşman olmayaq.

Ata-ana haqqı danılmazdır. Bu haqqı dananların getdiyi yolun sonunda işıq görünmür.

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10