Tərcüməçilik yaradıcılığıma vaxt azlığı baxımından mane olur.

247 Baxış

elxan yurdoglu

Müsahibimiz AMEA Naxçıvan Bölməsinin Dil və Ədəbiyyat İnstitutunun “Folklorşünaslıq” şöbəsinin elmi işçisi, rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, şair Elxan Yurdoğludur. 

Senet.az-ın suallarını Elxan Yurdoğlu cavablandırır.

– Elxan müəllim tərcüməçisi olduğunuz kitabların müəllifi Kahraman Tazeoğlu Bakıya gəlmişdi. Onunla görüşdünüz, hisslərinizi bizimlə bölüşərdiniz.

– Hiss etdiklərim ifadə olunmazdır. Bilirsiz ki, tərcüməçi də qismən müəllif sayılır. Çoxları Türkiyə türkçəsindən tərcüməni, çevirməni asan sayır. Amma qətiyyən elə deyil. Yaxın və qohum dildi, hamı anlayır deyə çoxlarına asan gələ bilər. Ən çətini də budu ki, hamının anladığını Azərbaycan türkçəsində onlara elə verməlisən ki, orijinalıyla müqayisədə kölgədə qalmasın. Bu kitabları Nargiz xanımla birlikdə çevirdik. Qürur idi mənim üçün də, Nərgiz xanım üçün də. Çünki bizim çevirdiyimiz kitabların müəllifi ilk dəfə Azərbaycana gəlirdi, imza günü keçirirdi. Sevincli idi. Amma bilirəm ki, hisslərimi bu mənada heç də tam ifadə edə bilmərəm. Bəzi hisslərin sadəcə şəkli olur, rəngi olur, söz ifadə etmir.

– Elxan müəllim, bildiyim qədəri ilə sizin bu kitabı seçməyinizdə təsadüf rol oynayıb. Bəs bundan sonra hansı əsərləri tərcümə etmək fikriniz var? Yoxsa onu da təsadüfün öhdəsinə buraxırsınız?

– Etiraf edim ki, bundan əvvəl də Türkiyəli bir müəllifi–Hayrettin İvginin “Melankolik şiirler” kitabını “Hüzünlü şeirlər” adı ilə tərcümə etmişdim. Onda da bu kitabı təsadüfən seçmişdim. Yəni müəllifi tanımadan şeirlər ruhuma xitab elədiyi üçün çevirmişdim və müəllifdən çapı üçün icazə istəmişdim. Cavab olaraq tərcüməyə  baxmaq istədiklərini dedilər. Göndərdim. Əvəzində 1 ay sonra həmin kitab Ankarada “Kültür Ajans” yayınlarında nəşr olunmuş halda mənə göndərildi. Yüksək tirajla çap olunmuşdu və 500 ədədini mənə göndərmişdilər.

Kahraman bəyin kitabını da təsadüfən aldım, oxudum və sırf ruhumu titrətdiyi üçün çevirməyə başladım. Nərgiz İsmayılovaya bərabər çevirməyi təklif etdim, beləcə bu kitablar da da o şəkildə ərsəyə gəldi. Bu iki kitabdan sonra tərcümə işinə daha çox üstünlük verəcəyimi düşünürəm. Təbii ki, bundan sonra əvvəlki kitablarda olduğu kimi, ilk öncə mənə təsir edən, bədii cəhətdən söz ifaədliliyi baxımından mükəmməl olan kitabları çevirəcəyəm. Həm də bundan sonra Azərbaycandakı nəşriyyatlarla da müqavilə əsasında tərcümə edə bilərəm. İnanıram ki, “Bukre” və “Səni içimdən tərk edirəm” kitablarından sonra bu cəhətdən təkliflər ola bilər.

– Tərcümə vaxt aparan bir peşədir. Həm də belə bir fikir var ki, tərcüməçi onun yazdıqlarını hiss etmək üçün müəlliflə eyni ruha köklənir. Bu da istər-istəməz onun öz yaradıcılığına mənfi təsir göstərir. Bəs sizdə necədir? Tərcüməçiliyin yaradıcılığınıza hansı təsirləri var?

– Düzü mən həm elmi fəaliyyətlə, həm jurnalistlik fəaliyyəti ilə, həm də bədii yaradıcılıqla məşğul olduğum üçün onsuz da öz işlərim bir-birinə istər-istəməz mane olur. Tərcüməçiliyi də bura əlavə edəndə ciddi vaxt məhdudluğu yaranır. Amma mən ümumiyyətlə bunların heç birini bir-birinə qarışdırmıram. Ola bilər ki, elmi məqalələrimdə publisistik ünsürlər olsun, publisistikamda elmi tərəf üstünlük təşkil eləsin. Amma düşünürəm ki, bu da müsbət haldı. Quru elm bədiiləşəndə, bədiilikdə elm olanda, publisistika ədəbi detallarla zənginləşəndə maraqlı nəticələr ortaya çıxır. Təsirə gəldikdə isə tərcüməçilik yaradıcılığıma sadəcə vaxt azlığı baxımından mane olur, təsir edir. Yoxsa üslub olaraq, yazı texnikası olaraq heç bir təsirini hələ ki, hiss eləməmişəm. Ola bilər ki, gələcəkdə bu özünü göstərsin. Bunu da istisna etmirəm.

– Siz Naxşıvanda yaşayırsınız. Ancaq paytaxtda gedən ictimai, ədəbi proseslərdən də tam xəbərdarsınız. Bəs paytaxtda qalıb, işləmək barəsində düşünmürüsünüzmü?

– Xüsusilə interneti, sosial şəbəkələri qabardardım. Amma ədəbiyyata üstünlük verən “525-ci” , “Kaspi” , “Ədalət” , “Ədəbiyyat” “Aydın yol” qəzetlərini mütəmadi alıb oxuyuram. “Ulduz” jurnalının redaksiya heyətinin üzvüyəm, DGTYB-nin məsləhət şurasının üzvüyəm. Ədəbi saytları da əlavə etsək maraq dairəm haqqında mənzərə aydınlaşar. Bu da mənə imkan verir ki, fərqli cəbhələrdə, fərqli üslublarda, fərqli janrlarda, fərqli qruplaşmalarda cəmləşən,  yazan imzaların hamısı ilə tanış olum, münasibət qurum. Bakıda yaşamağa gəlincə, nə qədər paytaxt olsa da, mərkəz olsa da, gözəlliyindən bəhs edilsə də mənim Naxçıvandan ayrılmaq fikrim yoxdu. Dəfələrlə Bakıda işləmək təklifi də almışam. Amma Bakıda 3 gündən sonra darıxıram, sıxılıram. Ona görə əminliklə deyə bilərəm ki, əmək fəaliyyətimdə Bakı şəhəri sözünün olacağına özüm belə inanmaq istəmirəm.

– Bu yaxınlarda Tərcümə Mərkəzi yarandı. Daha sonra Tərcümə Mərkəzi tərcüməçilərin elektron bazasını yaratmaq üçün müraciət qəbulu elan etdi. Siz bura müraciət etdinizmi və yaxud etmək fikriniz varmı?

– Düzü bu barədə fikrim var. Amam hələ müraciət etməmişəm. Gərək maraqlanam, müraciət üçün tarix bitməyibsə mütləq müraciət edəcəm. Çünki Naxçıvanda ola-ola bu proseslərin içində olmağı istəyirəm.

– Tərcümə edərkən ən çox çətinlik çəkdiyiniz məqamlar hansılardır? Çox müzakirə olunan mövzulardan biri də müəllifə sadiqlik məsələsidir. Bu barədə siz nə düşünürsünüz?

– Yuxarıda da qeyd etdim. Türkiyə türkçəsində elə sözlər var ki, Azərbaycan türkçəsində də eyni şəkildə yazılır, işlənir. Məsələn, “düşmək”. Hər iki dildə mənalar tam fərqlidi. Türkiyə türkçəsində düşmək – yıxılmaq deməkdi. Bu cür sözlər yüzlərlədir. Ona görə də çox çətinlik yaradır. Təbii ki mən ilk olaraq tərcümə elədiyim müəllifin bütün kitablarını oxumağı üstünlük tuturam və oxumuşam da. Bu mənada xüsusilə Kahraman bəyin həm romanında, həm şeirlərində əsas məqsədimiz üslubu qorumaq idi. Hətta bəzən bir misrası üzərində 3 gün düşünmüşük. Halbuki bu bir roman cümləsi idi. Kimi yaralar, kimi yaralar… Bu misranı üç gün müxtəlif şəkildə çevirəndən sonra Nərgiz xanımla ortaq qərarımız bu oldu –Bəzi yaralar bizi yaralar. Burda müəllifin ümumi söz oyunu texnikası, romanın həmin hissəsindəki obrazların bir birinə çatdırmaq istədiyi fikir, cinaslıq, bunların hamısını düşünməli olursan. Bu baxımdan Kahraman Tazeoğlu Türkyədə başqa dilə tərcüməsi ən çətin olan yazardır. Çünki bütün sözlərinin iki mənası olur.

Suala gəlincə, mən müəllifə sadiqliyi üstün tuturam, bu həm də müəllif vasitəsiylə müəllifin oxucularına sadiqlikdi, oxuculara demək istədiyi fikrə, çatdırmaq istədiyi mesaja sadiqlikdi. Həm də tərcüməçinin öz məsuliyyətinə və tələbkarlığına sadiqlikdir.

– Tərcüməçiliyinizdən danışdıq, ancaq istəyirəm indi də şəxsi yaradıcılığınızdan danışaq. Hazırda nə yazırsınız?

– 10 gün olar ki,  “Elm və Təhsil” nəşriyyatında ədəbi-bədii məqalələrimdən ibarət “Ömrüm–ədəbi kitab” adlı 400 səhifəlik bir kitabım nəşr olunub. Naxçıvanda “Əcəmi” Nəşriyyatında poema, şeir və “Oğlumun nağılları və yaxud bizim həqiqətlərimiz” silsiləsi altında yazdığım essellərdən ibarət kitabım nəşrə hazırlanır. Eləcə də tədqiqat işimlə əlaqədar olaraq Eynəli bəy Sultanovun ayrı-ayrı arxivlərdən, 1880-1890-cı illərdəki Tiflis mətbuatında, Bakı mətbuatında dərc olunmuş hekayələrindən ibarət “Eynəli bəy Sultanov – Hekayələr” kitabını hazırlamışam. Elmi rəhbərim akademik İsa Həbibbəyliyə ön söz üçün təqdim etmişəm. O kitab da bu ilin 3-cü rübünə kimi nəşr olunacaq. Həmçinin hələlik sürpriz olsun Türkiyəli bir müəllifin romanını özüylə razılıq əsasında dilimizə çevirirəm. O da aprel ayının sonuna kimi bitəcək. Yay ayına kimi çapını düşünürəm. Dissertasiya işim Ali Attestasiya Komissiyası tərəfindən müdafiəyə buraxılıb. Əgər qismət olsa ilin sonuna kimi onu müdafiə etməyi arzulayıram. Və əgər səbr, zaman və imkan olsa Türkiyə türkçəsində öz şeirlərimin çapını da planlaşdırmışam.

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10