“Təxəyyül” qısa metrajlı filminin çəkiliş prosesi yekunlaşıb.
Bu barədə Senet.az-a açıqlamasında filmin rejissoru Cavad Nur məlumat verib. O, filmin Rövşən Danyerinin eyni adlı hekayəsi əsasında çəkildiyini bildirib.
Film ümumilikdə yazıçının obrazları ilə üz-üzə dayanmasından bəhs edir. Kitabın qəhramanı ölümdən xilas olmaq üçün yazıçı ilə görüşür və hadisələrin gedişatı bundan sonra daha qarmaqarışıq hal alır.
“Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır. Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova, Nuridə Musabəyli bölüşüblər.
Qeyd edək ki, film Hədəf Multimedia Mərkəzinin təşkilati dəstəyi ilə çəkilib .