Təzə bizik dünyada, dünya köhnə dünyadır… Firudin Rzayev

34 Baxış

unnamed (1)

 

Təzə bizik dünyada…

(Atamla söhbət)

Elə öz gərdişində, elə fırlanmağında,

Elə zirvəsində qar, elə duman dağında,

Qəssabı piy axtaran, keçi can harayında…

Üzümüzə yağışı, bir az qarı azalıb.

Qarğası balalayıb, bir az sarı azalıb,

Bir az da insanlığın etibarı azalıb,

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

Qana qurd iştahası, min illərdi, qalandır,

Yenə aslan tülküyə yenib, səcdə qılandır…

Dünya nahaq dünyası, haqqı yenə yalandır….

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

Bu gəldi gedişlərin üzü birdir-həməndir,

Bədzatlıq, nankorluq- o dövrandır, o dəmdir,

Yadlığa boyun əymək, tək-tək idi, çəməndir…

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

Bir vaxt Şeytan tor qurub babamın babasına,

Balası qənim indi babamın balasına…

Toyuna yas tutmaqda, toy tutmaqda yasına…

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

Dədə-baba adətim, əzəl mərdliyim itib.

Xəyanətə sədd olan, əzəl sərtliyim itib.

Vətən, yurd təəssübüm, dönməz ərliyim itib…

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

Bu çək-çevir gərdişdə, əllərdə qalıb yaxam.

Nahaqqı haqqı kəsən, əyrisi düzünə xan…

Həsənoğlu, fələkdir qaldıran, sökən, yıxan…

Təzə bizik dünyada, dünya köhnə dünyadır…

20 iyul, 1980, kəndim, evim.

 

 

İnsanlıqdan daşlığa …

 

Min illərdi İlan dağdır beləcə,

Yağış udub, duman yarıb, yel biçər…

Harayına hayçı olar Əlincə.

Bu dostluğun yox vədəsi, aramı,

O dağ məni daş olmağa qoyarmı?

Mən görəni görkəmi sərt, üzü bir,

Min uçurumu, min gədiyi, özü bir.

Çınqılının daşının da sözü bir…

Şeytan-çuğul vura bilmir aranı,

O dağ məni daş olmağa qoyarmı?

Ya Adəmin, ya da Nuhun yaşıdı…

Bu əllərim onu diddi, daşıdı.

Ünvanına daş atmışıq, daş udub,

Yenə dağdır, əsirgəməz varını.

O dağ məni daş olmağa qoyarmı?

Şər bitirib yol azıram min ildir,

Külüng vurub gor qazıram min ildir,

Atlar öldü, kor yabılar minildi…

Gözlər tutub haqqa calaq haramı…

O dağ məni daş olmağa qoyarmı?

Mayası da, cövhəri də dağ oğlu.

Yar yoldaşı şimşək, duman, qar, dolu.

Mənim dostum…Keçəl Həmzə, Koroğlu…

İkiliyim yudu sildi arımı,

O dağ məni daş olmağa qoyarmı?

Əsrlərdi ömrü bəlli, işi mərd,

Baharı mərd, payızı mərd, qışı mərd.

Bu ağılla olmadım da daş qədər,

Nəyə verdim, nəyə satdım ağlımı?…

O dağ məni daş olmağa qoyarmı?

Mən “əşrəfəm”?

Nə bəşərəm bilmirəm…

Fitnə, fəsad, xeyir, şərəm bilmirəm.

İnsanlığı başa düşə bilmirəm.

Yoxsa insan bu dünyanın qırımı?

O dağ məni daş olmağa qoyarmı?

Xislətim sirr, yolum əyri, izim kəm…

O yaşadıb, mən kökündən üzmüşəm

Tanrım haqqı insanlıqdan bezmişəm!…

İstəmirəm insanlıqda qalımı…

O dağ məni daş olmağa qoyarmı?

Həsənoğlu zirvəsində qıya bax,

Şüurumda şeytan quran toya bax…

Bəlkə hamı Nəsimi tək soyulaq,

Sonra tapaq “ənəlhəq”dən o yanı?

O dağ məni daş olmağa qoyarmı?…

03 avqust, 1979, İlandağın ətəyi.

 

 

 

Nənəmin qarğişi…

 

Nənəm qarğış eyləyərdi…

-“Yar yaxası açmayasan…”

Nənəm qarğış eyləyərdi:

- “Bəy papağı tapmayasan…”

Nə müstəcəbmiş qarğışın,

Yar yaxası açiq, nənə!

Bəy papağı çoxdan itib…

Bəy yuxusu qaçıb, nənə!…

21 iyun, 1980, Bakı şəhəri.

 

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10