Təbəssüm ordenini alan Şərqdə ikinci xanım

6 Baxış

Aygün Bünyadzadə.

Aygün Bünyadzadə

“Mən də indi cəngavərəm!”

Senet.az “Ustad” jurnalının ikinci sayında dərc edilən yazını təqdim edir.

2010-cu ilin əvvəlləri idi. “Cırtdan” uşaq jurnalında baş redaktor işləyərkən dostlaşdığım uşaqlar bu orden üçün mənim namizədliyimi irəli sürdülər. 2010-cu ilin sentyabrında isə, Polşada, Ordenə layiq görülməyim barədə əmr imzalandı.

10-12 martda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Polşada oldum. Məqsəd – layiq görüldüyüm, “uşaqlar qarşısında xidmətlər üçün” beynəlxalq Təbəssüm Ordeninin təqdimatında iştirak etmək idi. Etiraf edirəm – Polşaya ilk dəfə getdiyim və dillərini bilmədiyim üçün çox həyəcanlı idim. Bu barədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova məktub yazıb, vəziyyəti izah etdim. Çox keçmədi ki, səfirlikdən mənə zəng edib əmin etdilər ki, ürəklə gələ bilərəm, bir səfirlik olaraq, qayğılarını məndən bir an belə əskik etməyəcəklər.

Həqiqətən də, səfər zamanı, Həsən Həsənovun şəxsi göstərişi ilə, məni hələ hava limanında səfirlik nümayəndesi qarşılayıb, oteldə yerləşməyimə yardım etdi, axşamüstü isə Həsən müəllim özü şəxsən məni qəbul etmək istədiyini bildirdi. Çox səmimi görüş oldu. Sabahı gün səhər saat 7-də, Ordenin idarə heyətinin sədri, eyni zamanda Avropa beynəlxalq uşaq hüquqları üzrə baş ombudsman vəzifəsini yerinə yetirən Marek Mixalakla birgə Mıslitsa şəhərinə yola düşdük. Mareklə hələ 9 il əvvəl, rəhmətlik Ələkbər əmiyə Orden təqdim etmək üçün Bakıya gəldikdə tanış olmuşduq, o vaxtdan da dostluq əlaqələrimiz vardı. Polşaya gəlməmişdən əvvəl, o da, Həsən Həsənov kimi, məni əmin etmişdi ki, Polşada bir an məni tək buraxmayacaq, çünki, biz, böyük bir ailəyik – Təbəssüm Ordeni kavalerləri ailəsi! Və alə üzvü olaraq, mənim hər an, hər dəqiqə qayğıma qalacaq.

Aygün Bünyadzadə 2

Tədbirin Mıslitsa şəhərindəki 3 saylı ibtidai məktəbdə keçirilməsi nəzərdə tutulmuşdu. Səfirliyimizdən Elnarə xanım Məmmədova da bizimlə idi – o, bu səfərdə mənim danışan dilim, eşidən qulağım idi. Belə ki, tərcüməçi kimi, Elnarə xanım olmasaydı, işlər necə olacaqdı, təsəvvür də etmirəm. Təxminən 4 saatlıq yol boyu maraqlı söhbətlər etdik, bunlardan ən maraqlısı isə o oldu ki, təsadüfən çantamdan, Bakıdan götürdüyüm limonu çıxardım – bu limonu evdən çıxarkən, son anda çantama atmışdım ki, birdən, təzyiqim və ya şəkərim qalxar, gərəyim olar. Limonu görən Marek necə ürəkdən güldüsə! Dedi:“Aygün, ordenin yarandığı gündən ilk kavalersən ki, mərasimə öz Vətənindən gətirdiyin limonla qatılırsan”. Mən də daha üstünü vurmadım və təqdimat zamanı, uşaqlar mənim üçün içməyə limon suyu sıxarkən, Marek mənim gətirdiyim limonu bütün zaldakılara nümayiş etdirib dedi: “Bu isə Azərbaycandan gələn limondur, tanış olun. İndi onu bizim Polşa limonları ilə birgə qədəhə sıxacaqlar və Aygün onu içəcək!” Bu yerdə sizə bir sirr də açım – Təbəssüm Ordeni kavalerləri sırasına qəbul olmaq üçün namizəd mütləq və mütləq belə bir sınaqdan keçməlidir: uşaqlar, bir neçə limonun suyunu bir qədəhə sıxırlar. Ordenə namizədliyi verilən şəxs bu qədəhdəki limon suyunu birnəfəsə içməli və içdikdən sonra, yenə də üzündəki təbəssümü saxlamalıdır. Bu isə, “həyatın ən çətin anlarında belə, heç nəyə baxmayaraq, balaca dostlarımın üzünə təbəssüm bəxş etməyə davam edəcəyəm” mənasını verir. Yalnız bu sınaqdan keçənə beynəlxalq “Təbəssüm Ordeni kavaleri (cəngavəri)” fəxri adı verilir.

Limon suyu ilə dolu qədəhi necə başıma çəkdimsə, son damlasına qədər necə içib, boş qədəhi başıaşağı vəziyyətdə, özü də üzümdə böyük bir təbəssümlə zaldakılara nümayiş etdirdimsə! Ordenin kansleri mənə yaxınlaşıb əlindəki qızılgülü çiynimə toxundurdu və xəbər aldı: “Aygün, sən bu sınaqdan üzüağ çıxdın. İndi isə sualıma cavab ver – qalan həyatını bir cəngavər kimi, uşaqlara təbəssüm bəxş etmək uğrunda mübarizəyə həsr etməyə hazırsan?” “Əlbəttə!” deyə cavab verdim, eyni zamanda çox qürurlu idim, çünki, hələ uşaqlıqdan, filmlərdə gördüyüm, kitablarda oxuduğum “cəngavər” titulunu almışdım. Və Marek Mixalakın səsi eşidildi: “Aygün Bünyadzadə – bu gündən rəsmən beynəlxalq Təbəssüm Ordeni kavaleri elan edilirsən! Sıramıza xoş gəldin!”

Onu da qeyd edim ki, hələ məktəbə çatar-çatmaz elə hərarətlə qarşılanmışdıq ki! Doğrusu, çox xoş idi. Direktorun otağında Mıslovitse şəhərinin icra başçısı Edvard Lasok, şəhər şurasının sədri Gjegoj Lukaşek, məktəb nəzdində fəaliyyət göstərən kilsənin keşişi, Polşa seyminin üzvü və digər qonaqlar bizi salamlamaq üçün gözləyirdilər. Daha sonra, məktəbin zalına, təqdimat mərasiminin keçiriləcəyi əsas məkana daxil olduq və… Zaldakı hər kəs ayaq üstə bizi alqışlamağa başladı! Bu, möhtəşəm idi! Mərasim boyu məktəbin müəllim və şagird heyəti də çox aktiv idilər. Tədbir zamanı Polşa prezidentinin də tədbir iştirakçılarına məktubu oxundu. Əsas hissə bitər-bitməz Polşa televiziyasına müsahibə verdim, müsahibədən sonra direktorun otağına keçmək istəyirdim ki, əsl sürpriz burda oldu – təxminən 30 uşaq məndən imza almaq üçün, sən demə, dəhlizdə gözləyirmişlər. Məni görər-görməz əhatəyə aldılar. Özümü lap şou-biznes ulduzu kimi hiss etdim və əlbəttə ki, uşaqların hamısına bir-bir imza verdim. Ayrılarkən, məktəbə ingiliscə dərc edilmiş nağıl kitabından 2 nüsxə bağışladım. Kitabları ona təqdim edərkən direktor o qədər məmnun və xoşbəxt görünürdü ki!

Aygün Bünyadzadə 3

Tədbirdən geri dönərkən, yolüstü, Marek Mixalakın himayədarlıq etdiyi bir hospitala da baş çəkdik. Bu, çox qəribə yer idi – ölümcül xəstələr qohumları tərəfindən ora gətirilir, onların ən böyük arzuları həyata keçirilirdi. Məsələn, orda təxminən 7-8 yaşlı bir oğlan vardı, ən böyük arzusu, ömründə 1 dəfə də olsun vertolyota minmək imiş. Həmin oğlan üçün məxsusi olaraq vertolyot gətirilib və xəstə ona mindirilib, havada bir neçə dövrə vurub. Cəmi bir neçə gün sonra isə, ən böyük arzusuna çatmış xəstə oğlan həyata əlvida edib.

Daha bir ortayaşlı xanımla bağlı baxdığım süjet mənə çox təsir etdi – o xanımın ən böyük arzusu Yunanıstanı görmək imiş. Lakin, xəstəliyi imkan vermirmiş ki, onuYunanıstana aparıb arzusuna çatdırsınlar. Belə olduqda, tibbi personal ona sürpriz hazırlayıb: bir səhər, əlil arabasında olan qadını otaqlardan birinə dəvət ediblər – qapılar açılar-açılmaz qədim yunan geyimləri geyinmiş tibb işçiləri həmin xəstə qadın üçün qədim yunan rəqsi ifa edib, onu yunan yeməklərinə qonaq ediblər. Qadın elə xoşbəxt idi ki! Bu hadisədən cəmi 3 gün sonra xəstə həyatını dəyişib.

Biz orda 1-ci mərtəbədə yatan xəstə uşaqlara baş çəkdik, çox ağır səhnələr vardı, amma, tibbi personal elə şövqlə çalışırdı ki! Əlbəttə ki, bütün bu gördüklərim bir yazıçı kimi mənə çox böyük mövzular verirdi. Polşadakı 3-cü gün Marek Mixalak öz yardımçı heyəti ilə məni Varşava ilə tanış etdi – əvvəlcə, Varşavanı 2 saatlıq gəzintiyə çıxdıq, sonra, İrena Sendlerovanın məzarını ziyarət etdik.

İrena Sendlerova da Təbəssüm Ordeni kavaleri olub, Böyük Vətən müharibəsi illərində 2500-dən çox uşağı hitlerçilərin əlindən – real ölümdən xilas etmişdi. Onun məzarını ziyarət edib, məzarına çiçək qoymağı özümə mənəvi borc bilirdim. Daha sonra, Təbəssüm Ordeni kavalerləri barədə xüsusi kitab yazan müəllif mənimlə görüşüb xeyli söhbət etdi – növbəti kitabda, barəmdə bir neçə səhifəlik material yazmaq üçün məlumat topladı. Ən sonda sevimli bəstəkarım, Frederik Şopenin ürəyi dəfn edilmiş kilsəni zayarət etdik.

Günün axırında isə, yenidən tam sürətlə Bakıya geri döndüm. Həyatımın ən gözəl, ən səmərəli 3 günü beləcə, arxada qaldı. İrəlidə isə, bir Təbəssüm Ordeni cəngavəri kimi, nə qədər görüləcək işim var. Amma, bir nüans var – cəngavərlər, adətən, qılıncla döyüşürlər, mənim isə qılıncım qələmimdir və bu qələmin qüdrəti ilə dünyanın ən qəmli uşağının da üzünə təbəssüm bəxş etməyə çalışacağam.

Çox adam maraqlanır – niyə 6 il sonra? 2010-cu ildə, Polşada əmr veriləndə mən Türkiyədə idim və 3 il yarım sonra Bakıya geri döndüm. Bakıda, həkimlər məndə şəkərli diabet xəstəliyi aşkar etdilər, bu dəfə başım müalicəyə qarışdı. Zaman tapan kimi, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə məktub yazıb vəziyyəti izah etdim, Polşaya gedib, Ordenimə qovuşmaq üçün yardım etməsini xahiş etdim. Çox keçmədi ki, nazir, Polşaya – Ordenimin təqdimat mərasimində iştirak etməyim üçün xüsusi əmr imzaladı ki, bunun üçün ona minnətdaram. Beləcə, iş həll oldu. Necə deyərlər, “gec olsun, güc olsun”.