Təhminənin kitabı

57 Baxış

14442652_888414691289806_809452613_n

Nizami Əlisoy

Zaurun gözləri kiçik iş otağında həyatı boyunca yığdığı kitabların arasında dolaşarkən Təhminənin hədiyyə etdiyi kitaba sataşdı. Təhminənin gözlərini görürmüş kimi kitaba mənalı-mənalı baxdı, ölümə gedən əsgərin dönüb arxasına baxarkən hiss elədiyi eyni həyacanı hiss elədi, köks ötürdü, Təhminəyə sarı addımlayırmış kimi kitaba yaxınlaşdı. Duruxdu. Kitabdan gözlərini ayırmadan, nəvazişlə, Təhminəyə toxunacaqmış kimi kitaba toxundu.

Asta-asta, sanki onu incidəcəkmiş kimi kitabı əlinə aldı. Ürəyində anlamadığı sıxıntı hiss elədi. Ürək döyüntülərini, damarında axan qanınının səsini eşitdi. Əlləri əsməyə başladı. Başı gicəlləndi. Düşünməyə imkanı olmadı…

Qəfilcən sükut çökdü. Eynilə, otuz il əvvəl olduğu kimi gecəyarını keçmişdi. Necə ki, o vaxt Firəngiz yuxunun yeddinci qatında yatarkən Zaur xatirələrə dalmışdı, indi də elə oldu. Bircə dəniz və onun eşidilməyən uğultusu çatışmırdı. Ümumiyyətlə, çatışmayan çox şey var idi, lakin Təhminə və Zaur indi xatirəyə dönən həmən günlərdəki kimi yanaşı dayanmışdılar.

Qapı və pəncərə açıq olduğu üçün otaqda sərin meh əsirdi, lakin onların arasından sızmırdı. Onlar bir birinə zəncirləyən, ölən Təhminənin sonsuz məhəbbəti, Zaurun qorxaq, hürkək sevgisi idi.

Məhkəmə zalında cinayəti etiraf edən məhkum sayağı Zaur da Təhminəyə laiq olmadığını etiraf eləyirdi özlüyündə. Əlbəttə etiraf edirdi, amma bunun bir mənası varmıydı?!

O vaxt, atasının bahalı hədiyyələri, anasının təzyiqləri, yenə atasının təzyiqləri, yenə anasının hədələri və nələr, nələr… Zaur indi, bir ayağı görda, bir ayağı həyatda olanda anlamışdı bunu, Təhminəni lazımi qədər dəyərləndirməmişdi. Dəyərləndirməmişdi deyəndə, səhv anlamayın, əlbəttə əşya kimi ona dəyər biçmirdi, yox, əksinə, Zaur onun sevgisinə qarşılıq, onun sevgisi qədər qarşılıq vermədiyi üçün peşman idi.

İllər əvvəl Mədinə, Təhminənin ən yaxın rəfiqəsi deyəndə ki, bəs Təhminə son gününə kimi içdi, səni sayaqlayaraq içdi. Hətta öləndə də səni sayaqlayırdı, Zaur indi olduğu kimi onda da sarsılmışdı. Məhz bu sarsıntı üçüncü, elə sonuncu infakta səbəb oldu. Zaur ölümə sonuncu addımını atdı…

Səssiz otaqda Zaur üçün həyat dayandı. Yerə yıxılarkən gözləri yerdə açıq qalan kitaba dikilmiş halda tapacaqdılar onu. Ən qəribəsi isə heç kim bilməyəcəkdi ki, bu kitabı Təhminə hədiyyə edib ona. “Həyatımın ən gözəl anı, Təhminəli günlər imiş” – deyə Zaurun beynindən keçdi. Qəribədir, heç ölən insanın da beynindən belə şey keçər? Hər şeyə rəğmən, artıq gec idi. Nə Təhminə var idi, nə də ki, yaş o yaş idi… Uzaqdan səs ucalırdı. Get-gedə ucalan səs Təhminənin səsinə bənzəyirdi.

Səs, “ey Allahım! Ey Yusifi Yaquba qaytaran Allahım, onu mənə qaytar” deyirdi…

 

Bölmə : Nəsr, Ədəbiyyat