Müxtəlif sənət sahibləri “Yuğ” teatrının sökülməsinə etiraz edir – SORĞU

172 Baxış

yugAzərbaycan Dövlət “Yuğ”Teatrının binasının sökülməsi xəbəri heç də birmənalı qarşılanmadı. Artıq bir neçə gündür ki, bu xəbərlə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fərqli fikirlər səsləndirilir. Tarixi bir tikili kimi binanın sökülməsi həm də teatrın gələcək fəaliyyətini sual altında qoyur. Bununla bağlı hansı addımın atılacağı hələlik tam bəlli olmasa da, yəqin ki, ictimai fikirlər də nəzərə alınacaq. Ədəbiyyat və sənət dərgisi olaraq Sənət.az da sorğu keçirib. Sorğuda “Yuğ” Dövlət Teatrının sökülməsi ilə bağlı rəylər öz əksini tapıb.

 

SadiqŞəmil Sadiq (Fil.ü.f.d., dos): “ “YUĞ” teatrı ilə yaxından tanışlığım 3-4 il olsa da, elə bilirəm sənətə olan aclığımı yalnız orda doyururdum. Hər dəfə içəri girəndə qədim tikilinin ağır vəziyyətini görür, “görəsən kiminsə yadına düşəcəkmi” – deyə ürəyimdən təəssüf dolu bir hiss keçirirdim. Amma səhnə başlayanda bütün bu kasıblıq, təmirsizlik bir anda yox olur, özümü dinamikanın içində hiss edirdim. Aktyorlarla bir gülür, bir kədərlənir, bir heyfslənirdim. Bu Teatrın ən böyük özəlliyi mənə görə tamaşaçı ilə iç-içə olmasıdır. Hətta bir neçə dəfə kollektivimizi, şagirdlərimi məxsusi ordakı tamaşalara dəvət etmiş, bu dəvətimdən məmnun qaldıqları üçün çox şad olmuşdum.

Teatra çox az gedən millətlərdən biri olsaq da, bu gün nostalji hisslərimizin buldozerin qarşısında kobudcasına dağıdılmasına biganə qala bilmərik. Yadıma “Leyli və Məcnun” poemasından bir hadisə düşür. Leyli sonuncu dəfə Məcnunun yanına gələndə Məcnun onu rədd edir. Leyli gedir və xiffət edib ölür. Zeyd bu acı xəbəri gətirəndə Məcnunu bir ağlamaq tutur ki, gəl görəsən. Buna təəccüblənən Zeyd soruşur: – Sən ki Leylini özün rədd etmişdin, bəs indi niyə ağlayırsan? Məcnun da cavabında deyir: -Axı mən bundan sonra kimi sevəcəyəm?!

Bəli, Məcnun kimi hamımızın ağlına indi gəlir ki, “YUĞ” teatrı olmasa, biz bundan sonra kimi sevəcəyik?! Teatrın tamaşalarına gedənlərimizin sayı az olsa da, hamımız sevirik o teatrı. Bina tarixidir, aktyorlar sadədir, mehribandır, sənətkardır. Çünki çox az kollektivi var. Özlərini idarə edə bilirlər. Çünki hamısı fədakarlardır. Məcnun kimi sənətə təmənnasız sevdalananlardır. Biz isə “orda, bir ev var uzaqda, getməsək də, gəlməsək də, o ev bizim evimizdir” deyənlərdənik.

Zənn edirəm ki, belə bir teatrın yerini dəyişdirmək, binasını sökmək heç bir yeniliklə uzlaşa bilməz. Digər bir tərəfdən də binanın tarixi bir abidə xarakteri daşıması da buna səbəb verir. Orda aparılan yenidənqurma işləri zamanı binanı yaxşıca təmir edib, bir muzeyə çevirmək olar ki, şəhərin mərkəzində olan bu binaya turistlərin də yolustu baş çəkməsi asan olsun.

Uzun illər ərzində formalaşan bu konsepti köçürmək, ləğv etmək Axundzadənin, Cəlilin ruhunu sızlatmaq kimi bir şeydir. Ümid edirəm ki, dövlətimiz bu tarixi abidəsinə də sahib çıxacaqdır.”

 

smile-musfiq-xanMüşfiq Xan: ““Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.”

Azərbaycan Respublikası Konstitusiyası, maddə 77, III fəsil

Dərin bir ah çəkin, cənablar…

Orda həm də deyilir ki, “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir” …

XALQIN! Narahat olmayın, söhbət bizdən getmir.

Kim nə deyir, desin, “YUĞ”u dövlət yox, xalq, tamaşaçılar qoruya bilmədi. Pulsuz biletlər olanda belə teatrda min bir zəhmət hesabına ərsəyə gətirilən tamaşalara yaxın düşən olmadı. Amma hələ də gec deyil. Hamımız istəsək, “YUĞ”u qoruya bilərik.”

“Dünya ictimaiyyəti və ABŞ hökuməti Qarabağda ermənilər tərəfindən mədəniyyət abidələrinin dağıdılması məsələsinə ciddi diqqət yetirməlidir”

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir”

Bu manşetlər hamınıza tanışdı da, hə? Bəlkə “YUĞ”un sökülməməsi üçün də ABŞ hökumətindən xahiş edək?!

 

zümrüd qasımovaZümrüd Qasımova(aktrisa): “”Yuğ” teatrının yerləşdiyi bina tarixi binadır. Biz də neçə illərdir ki, orda fəaliyyət göstəririk. Demək olar ki, “Yuğ” o bina ilə vəhdət təşkil edir. Vaqif İbrahimoğlundan sonra o binanı itirmək bizim üçün çox ağırdır. Mən teatrımı çox sevirəm. Əlbəttə ki, “Yuğ” hər yerdə fəaliyyət göstərə bilər. Ancaq bina bizimdir, artıq orda biz özümüzün bütün istək və arzularımızı reallaşdıra bilirik. Həm də Vaqif müəllimin ruhu var o binada. Sökülsə, əlbəttə ki, biz istərdik ki, ən azı yaxşı bir bina versinlər bizə. O şərtlə yəqin ki, bir az rahatlaşa bilərik. Amma çox yaxşı olardı ki, binamız sökülməsin və biz yenidən “Yuğ” teatrı kimi orda fəaliyyət göstərə bilək… Hal-hazırda bizim teatrda hər gün tamaşalar gedir. Və bir şeyi də qeyd etmək istərdim ki, anşlaqla gedir. Əvvəl də yerlər dolurdu. Bu xəbəri eşidəndən sonra isə heç yer olmur, hamı ayaq üstə izləyir tamaşaları. Gəlirlər yerdə otururlar. Sağ olsunlar, bizə dəstək olurlar.”

 

elxan 25Elxan Nəcəfov: “YUĞ Azərbaycanda ən fərqli, ən orijinal teatrdır. Elə bir teatrdır ki, tamaşaçı səhnənin içindədir. Özünü tamaşanın iştirakçısı kimi hiss edə bilir. Doğrudur, səhnənin xüsusi təmtərağı yoxdur, kasıb teatrdır, amma həm quruluşuna görə, həm də aktyorların peşəkarlığına görə möhtəşəmdir. İmkan (vaxt) olduqca YUĞ teatrının tamaşalarına böyük həvəslə baxıram. Son günlər bu teatrın söküləcəyi xəbərini eşidirik. Əlbəttə xoş xəbər deyil. Nəzərə alaq ki, bu teatrın aktyorlarının əksəriyyəti gənclərdir. Ciddi səbəbi olmayan söküntülərdən əl çəkmək lazımdır. Hər bir sökülən bina özü ilə bərabər xatirələri də silir, aparır. YUĞun fəaliyyət göstərdiyi bina özü-özlüyündə memarlıq nümunəsidir. Onun hətta təmirində belə diqqətli olmaq lazımdır.

İnanıram ki, teatrı, ədəbiyyatı, incəsənəti anlayan insanlar YUĞun binasını da qoruyacaq, YUĞun əməkdaşlarını da qoruyacaq, YUĞun tamaşaçılarını da qoruyacaq.”

 

mehemmed12Məhəmməd Xankişiyev: “İllər öncə KİV-dən, tanışlardan, yaxınlardan “YUĞ” teatrı haqda eşitmişdim. Çox qəribə tamaşalarının olduğunu bilirdim. Və bir gün bu teatrın tamaşalarından birini izlədim. Heyranlığımı və marağımı tamaşa boyu gizlədə bilmədim. Aktyorlar rollarını az qala tamaşaçı ilə nəfəs-nəfəsə oynayırdılar. Tamaşadan sonra belə bir teatrın niyə məhz belə köhnə binada yerləşdirildiyinə təəccüb və təəssüf etmişdim. Və bu günlərdə teatrın sökülməsi məsələsi gündəmə gəldi. Belə bir deyim var ki, mədəniyyət yoldan başlayır. Amma mədəniyyəti yaratmaq istəyiriksə, digər bir mədəniyyəti məhv etməyə dəyərmi?! Hətta ötən əsrin əvvəlində görkəmli dramaturqumuz C.Cabbarlı “Oqtay Eloğlu” əsərində teatrın müqəddəs bir yer olduğu fikrini oxucuya, cəmiyyətə çatdırmağa çalışırdı. Görəsən, müasir dövrümüzdə teatrlara qarşı belə soyuq münasibət hardan yaranır? Maddi imkanları onsuz da məhdud olan “YUĞ” teatrının binasının sökülməsini eşidəndə istər-istəməz narahat olmaya bilmirsən. 25 ildən çox bir müddətdə fəaliyyət göstərən, qeyri-adi ssenarilərə, quruluşlara, səhnə performansına malik bir teatrın binası, düşünürəm ki, dəyişilməli və daha yaxşı və geniş imkanlara malik bir binaya köçürülməlidir.”

 

rovshendanyeriRövşən Danyeri: “Hazırki vəziyyətdə teatrlarımızın vəziyyəti heç də yaxşı deyil. Demək olarki, hamısı gündüz çıraq ilə tamaşaçı axtarırlar. Belə olan təqdirdə YUĞ teatrının binasının sökülməyi və Əhmədli metrosunun yanına köçürülmək istəyi heç cür başa düşülən deyil. Hələ, bu bina tarixi bir binadırsa. Və Prezident İlham Əliyevin sərəncamına əsasən həmin bina 2020-ci ilə qədər Bakının baş planında yer alırsa. Hər halda ümid edək ki, YUĞ teatrı sökülməyəcək və bu qərar texniki səhv olduğu üçün ləğv ediləcək. Yoxsa Vaqif İbrahimovun yadigarının – onca istedadlı aktyorun hansısa bir qəsəbəyə sürgün edilməyi Azərbaycan teatrını heç də irəliyə aparmayacaq. Məncə teatrsevərlər və ictimaiyyət nümayəndələri bu teatrın qorunmağı üçün əlindən gələni etməlidirlər.”

 

SƏMA FUADQIZISəma Fuadqızı: “YUĞ teatrının binasının söküləcəyi xəbərini oxuyanda yadıma Arif Babayevin “Gün keçdi” filmi düşdü. Gözümün önündə ekskavatorun İçərişəhərin qədim daşlarını “pəncə”sinə alıb bir yerdən başqa yerə tökməsi səhnəsi canlandı. Bu səhnəni Arif Babayev İçərişəhərdə söküntü işləri aparılarkən çəkmişdi. Hətta filmdə Oqtayın iş yoldaşının (Həsən Turabov) Oqtayla (Həsən Məmmədov) belə bir dialoqu var: -…ən qiymətli memarlıq abidələrini saxlamaq, qalanlarını isə söküb dağıtmaq lazımdır. Bütün bu kir, antisanitariya Bakıya yaraşmır. – Sənin sözündən belə çıxır ki, saçın kəpəyini təmizləmək üçün gərək başı kəsəsən. Bu film İçərişəhərin binalarının sökülməsinə həm də bir etiraz idi, desəm yanılmaram. Bir həftəyə yaxındır ki, YUĞ teatrının binasının sökülməsi əsas mədəniyyət mövzusudur. Bir tamaşaçı kimi mən də narahatam. YUĞ teatrının binası sıradan bir bina deyil, tarixi binadır. Bildiyimiz kimi bu bina əvvəllər hamam olub. Vaxt var idi, XIX əsrin adamları bədənlərinin kirini təmziləmək, xəstəliklərdən sağalmaq üçün bu hamama üz tutardılar. İndi isə XXI əsrin adamı ruhunu təmizləmək, dincəlmək üçün bura təşrif buyurur. Bəli, YUĞ teatrı binadan ibarət deyil. Amma YUĞ-u başqa bir binada təsəvvür etmək çətindir. Bu tarixi məkanın ruhu teatrın ruhuna qarışıb və mənəvi təmizlənmə fəlsəfəsinin məbədinə çevrilib bu bina. İstəmirəm ki, “saçın kəpəyini təmizləmək üçün başı kəssinlər”. Bəli “baş” deyirəm, çünki tarixi abidələr şəhərin baş tacıdır. Onları qorumaq, tariximizi qorumaqdır.”