Təyini söz birləşmələrində söz sırası

502 Baxış

ülviyyə əliyeva

Ülviyyə Əliyeva

Təyini söz birləşmələrində söz sırası

Bildiyimiz kimi, söz birləşmələri iki və daha artıq leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Söz birləşmələrinin növləri çox zəngindir və hər birində komponentlərin sıralanması semantik, qrammatik əsaslara söykənir.

“İsmi birləşmələr adı altında əsas sözü adlarla və ya substantivləşmiş hər hansı bir sözlə ifadə olunan birləşmələr nəzərdə tutulur”. [Yusif Seyidov. Azərbaycan dilində söz birləşmələri. BDU nəşri. B., 1992.] İsmi birləşmələr özü də “təyini söz birləşmələri” və “qeyri-təyini ismi birləşmələr” adı altında iki qrupa bölünür.

Təyini söz birləşmələri atributiv münasibətlər əsasında yaranır. Bunları səciyyələndirən ən əsas xüsusiyyət birinci tərəfin təyinedici xüsusiyyətə malik olmasıdır. Bu mənada tərəflərin  sıralanmasının birinci amili kimi məhz bu cəhət- asılı tərəfin birinci tərəfdə təyinedici üzv kimi çıxış etməsi əsas rol oynayır. Bu hal hər üç növ təyini söz birləşməsinə aiddir. Bununla yanaşı, hər bir təyini söz birləşməsində komponentlərinin qarşılıqlı semantik –qrammatik əlaqələnməsi sıralanmanın normativ və üslubi tərəflərinə də müəyyən təsir göstərir.

I növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir qrammatik-morfoloji əlamətdən istifadə edilmir. Belə birləşmələr sözlərin semantik cəhətdən əlaqələnməsi, bir tərəfin digər tərəfə yanaşması əsasında əmələ gəlir. Burada birinci tərəf atributiv, ikinci tərəf isə həmişə substantiv xüsusiyyət daşıyır (yaxşı kitab, maraqlı dərs və s.). Tərəflər yanaşma əlaqəsi ilə birləşdiyi üçün yanaşmanın təbiətinə uyğunlaşır, yəni yanaşan söz əvvəl, yanaşılan söz isə sonra gəlir.

I növ təyini söz birləşmələrində söz sırası mühüm əhəmiyyət kəsb edir. Belə ki, birinci tərəfi isimlə, sifətlə, sayla, əvəziklə, zərflə, feili sifətlə, ikinci tərəfi isim və isimləşmiş sözlərlə ifadə olunan belə birləşmələrdə söz sırasını dəyişə bilmərik. Belə birləşmələrdə söz sırası sabitdir. Çünki bunlar analitik yolla, yəni xüsusi şəkilçi olmadan yaranır. Burada komponentlərin semantik əsasda sıralanması əsasdır. Buna görə də əsas rolu söz sırası oynayır. Məhz söz sırası  belə birləşmələrin həm yaradıcısı, həm görüntüsüdür. Nəzər salaq: “taxta qaşıq”, “gözəl çəmən” kimi I növ təyini söz birləşmələrində tərəflər arasında yerdəyişmə aparsaq (aparmaq mümkün deyil), ya məna itəcək, “qaşıq taxta” kimi yanlış ifadələr, ya da “çəmən gözəl” kimi predikativlik əlamətindən məhrum olan cümlə strukturunu xatırladan birləşmələr yaranacaq.

Ancaq I növ təyini söz birləşmələrində inversiyaya da –tərəflərin yerdəyişməsi hadisəsinə də təsadüf edilir. Məsələn: Reyhan yazıq ona, doğrudan da, qəlbən bağlanmışdı (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988). Aldığı kiçik məvacibin yarısını nəzir-niyaza paylamışdı Asya səfeh (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988).

Bu cür inversiya faktı, sadəcə, üsluba xidmət etmir; burada ciddi semantik özəllik və qanunauyğunluqla qarşılaşırıq. Belə ki, təyinedici söz semantik cəhətdən aparıcı mövqeyə malik olduğu halda əvvəldə gəlir və birləşmə daxilində məntiqi vurğu qəbul edir. Əks halda isə, yəni təyinedici sözün semantik cəhətdən ikinci olduğu halda komponentər yerini dəyişir.

Dilimizdə “Əhməd bəy, bəy Əhməd”, “xanım Arzu, Arzu xanım”, “İlqar əmi, əmi İlqar”, “İbrahim xan, xan İbrahim” və s. Bu kimi dil faktları da mövcuddur. Buradakı yerdəyişmə təbiidir, sözlərin işlədilmə məqsədi ilə bağlıdır. Müraciət, işarə məqsədilə işlədiləndə “bəy”, “xanım”, “əmi”, “xan” kimi sözlər ikinci sırada, təyinlik, titul semantikası önə çəkiləndə isə birinci sırada işlədilir. Bu birləşmələrdə  “bəy”, “xan”, “əmi” və s. kimi sözlərin sonra işlənməsi həm də əlavə məlumata xidmət edir. Düzdür, burada da təyinlik var, amma bu təyinlik əlavə xarakterli olduğu üçün əsas sözdən sonra işlənmişdir.

Bundan başqa, peşə, vəzifə bildirən sözlərin əvvəldə gəlməsi məlum olsa da (Katibə Nelli, dekan Zülfüqarov, professor Əliyev, baş mühasib Əmirov, akademik Musayev, prokuror Əlibəyli və s.), “müəllim, doktor…” tipli sözlər istisnalıq təşkil edərək ikinci sırada da işlənə bilir ( Zeynal müəllim, Arif doktor və s. ). Bu, ondan irəli gəlir ki, müəllimlik, həkimlik daha geniş yayılan ali sənətdir. Hörmət əlaməti olaraq, müraciət məqsədilə işlənərək dildə sabitləşib. Daha dəqiq desək, həmin sözlər də yuxarıda verdiyimiz nümunələr kimi, təyinlikdən daha çox, əlavəlik xüsusiyyətinə malik olduqları üçün bu formada da işlənə bilir.

Tərəfləri, əsasən, isimlə (bəzən də isimləşmiş sözlərlə) ifadə olunan II növ təyini söz birləşmələrinin 1-ci tərəfi qeyri-müəyyən olur və onların arasına heç bir söz daxil ola bilmir. Yiyəlik hal sahiblik bildirdiyi üçün, adətən ona mənsub əşyanı bildirən sözdən əvvəldə işlənir. Məsələn: məktəb direktoru, bağ hasarı, kitab üzü və s.

Burada biz xüsusilə, hallara aid bir xüsusiyyətə toxunmağı lazım bilirik. Məlumdur ki, hal kateqoriyası sözlər arasında əlaqə yaratmağa xidmət edir. Bu zaman ismin hər hansı halında olan söz özündən sonra (ya bilavasitə, ya da arasına başqa söz daxil olmaqla) gələn sözlə əlaqəyə girir. Daha dəqiq desək, idarə əlaqəsində asılı söz əvvəl, əsas söz isə sonra gəlir. Ona görə də ikinci və üçüncü növ təyini söz birləşmələrində yiyəlik hallı söz birinci tərəfdə yerləşir.

Bəzən də belə birləşmələrin tərəflərində mücərrədləşmə özünü göstərir; tərəflər həqiqi mənsubiyyət münasibətindən uzaqlaşır, əşyalar arasındakı obyektiv əlaqələri bildirməkdən daha çox, birlikdə bir ad, bir məfhum bildirməyə meyil edir. Yəni bunlar arasında sahiblik və aidlik münasibəti şərti olur. Məsələn: meyvə bağı, Bakı şəhəri, ayaqqabı dükanı, Xəzər dənizi kimi birləşmələrdə mənsubiyyət şəkilçili söz heç də yiyəlik halda olan sözün ifadə etdiyi əşyaya mənsub əşyanı bildirmir. Məhz buna görə də buradakı sıralanmanın səbəbini semantikadan daha çox, qrammatik baxımdan axtarmaq lazımdır. Belə birləşmələrin tərəfləri arasındakı qrammatik əlaqələr onların sıralanmasını şərtləndirir. Belə ki, qarşılıqlı tabelilik əlaqəli –idarə, uzlaşma əlaqəli bu birləşmələrdə idarə əlaqəsinin tələbinə uyğun olaraq, tabe olan, yəni ismin adlıq halından çıxıb başqa hala düşən (burada qeyri-müəyyən yiyəlik halda) söz birinci, tabe edən tərəf isə ikinci sırada gəlir (vətən həsrəti, gözəllik dünyası, ceyran sürüsü və s.).

“Uzlaşma əlaqəsi atributiv əlaqəli birləşmələrdə mənsubiyyət şəkilçiləri vasitəsilə yaranır. Burada tabe tərəf mənsubiyyət şəkilçiləri qəbul etməklə əsas sözün şəxs və kəmiyyətini özündə ifadə edir, yəni ikinci tərəflər birinci tərəflə uzlaşır”. [Yusif Seyidov. Azərbaycan dilində söz birləşmələri. BDU nəşri. B., 1992.] Beləliklə, uzlaşma əlaqəsinin tələbi ilə mənsubiyyət şəkilçili söz−tabe tərəf ikinci, tabe edən söz isə birinci sırada durur (kənd səhəri, şəhər havası, dünya işığı). Ümumiyyətlə isə, II təyini söz birləşmələrində idarə əlaqəsinə görə idarə olunan, uzlaşma əlaqəsinə görə uzlaşdıran tərəf əvvəl, idarə edən və uzlaşan tərəf isə sonra gəlir.

I və III növ təyini söz birləşmələrindən fərqli olaraq, II növ təyini söz birləşmələrində inversiya yolverilməzdir. Burada sabitlik çox güclüdür. Çünki belə birləşmələrdə 1-ci tərəf qeyri-müəyyən yiyəlik halla ifadə olunur. Qeyri-müəyyən hallar isə birbaşa aid olduğu üzvün yanında işlənir. Təsadüfi deyil ki, mürəkkəb adlar daha çox bu birləşmələrlə ifadə olunur. Məsələn: Qız qalası, Novruz bayramı və s.

Bundan başqa, I və III növ təyini söz birləşmələrinə aid olan söz birləşmənin ayrı-ayrı komponentlərini izah edə bilirsə, (“birinci sıradakı qız”, “qızın gözəl paltarı” kimi birləşmələrdə “birinci” sözü I növ təyini söz birləşməsinin birinci tərəfinə − “sıradakı” sözünə; “gözəl” sözü III növ təyini söz birləşməsinin ikinci tərəfinə − “paltar” sözünə aiddir).

II növ təyini söz birləşmələrində isə belə deyil. Yəni bu birləşmələrə aid söz birləşmənin ayrı-ayrı tərəflərinə deyil, bütövlükdə birləşməyə aid olur. Məsələn: “bu məktəb direktoru” birləşməsində “bu” sözü ayrılıqda “məktəb” və ya “direktor” sözlərinə deyil, bütövlükdə “məktəb direktoru” birləşməsinə aiddir. Bu, II növün tərəflərinin daha da möhkəm birləşməsi, tərəflər arasında əlaqənin daha sıx olması ilə bağlıdır. Təsadüfi deyil ki, mürəkkəb sözlərin də böyük bir qismi II növ təyini söz birləşməsi əsasında yaranır (suiti, kəklikotu, ayaqqabı və s.). Bu faktlar belə birləşmələrdəki konkretliyi, mücərrədliyi göstərən digər arqumentlərdir. Məhz bu səbəblərə əsaslanaraq deyə bilərik ki, II növ təyini söz birləşməsində tərəflərin yerdəyişməsi-inversiyası yolverilməzdir.

Birinci tərəfi müəyyən yiyəlik hal şəkilçisi, ikinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən, qarşılıqlı tabelilik əlaqəsində (uzlaşma və idarə) olan  III növ təyini söz birləşməlində söz sırası həm qrammatik quruluşa, həm də semantikaya əsaslanır. Belə birləşmələrdə ikinci tərəf hər üç şəxsin mənsubiyyətinə görə dəyişir. Birinci tərəf ikinci tərəfin hansı şəxsdə işlənməsini doğurduğu üçün, yəni ikinci tərəf birinci tərəfə müvafiq mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün ondan sonra işlənir (mənim kitabım, bizim kitabımız, sənin kitabın, sizin kitabınız, onun kitabı, onların kitabları). Bu, uzlaşma əlaqəsinin göstəricisidir. Uzlaşma əlaqəsinin tələbindən irəli gələn bu cür sıralanma idarə əlaqəsinin də nəticəsi kimi düşünülə bilər: idarə əlaqəsinə görə ismin adlıq halından çıxan söz birinci , onu idarə edən söz isə ikinci gəlir.

III növ təyini söz birləşmələrində sahib-mənsub münasibəti həmişə qorunur. Ona görə ki, II növdə gördüyümüz hal, yəni birinci tərəfin qeyri-müəyyən yiyəlik halda olması burada müşahidə edilmir, deməli mücərrədləşmə faktı özünü göstərmir. Ona görə də burada semantik əlaqədən, onun sıralanmaya təsirindən danışmaq olar. Qeyd etdiyimiz kimi, bir qayda olaraq, yiyəlik məzmunlu söz mənsubiyyətlik bildirən sözdən əvvəldə işlənir. Leksik baxımdan sahib şəxs mənsub əşyanın işlənməsinə zəmin yaratdığı üçün, sahiblik anlayışı daha önəmli olduğu üçün III növ təyini söz birləşmələrində söz sıırasının bu cür sabitləşməsi təbiidir.

Bu birləşmələrin arasına söz və ya söz birləşmələrinin daxil ola bilməsi, tərəflərin eyni zamanda cəmlənməsi, aid olan sözün komponentləri ayrılıqda izah edə bilməsi onları bir qədər müstəqil edir ki, bunlar da tərəflərin yerdəyişməsinə şərait yaradan amillər hesab oluna bilər. Əsasən, bədii nitqdə bu cür birləşmələrdə inversiya hadisəsi baş verir. Məsələn: Kim gələcək yerinə Fuadın? (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988) Ağlına nə gəldi Sevindiyin? (Sabir Əhmədov. Qanköçürmə stansiyası. B., 1978)

Bəzən hətta inversiya ilə yanaşı, cümlənin digər üzvləri komponentlərin arasına daxil ola bilir. Başından əcaib fikirlər keçdi Fuadın (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988). Gözlərindən öpdü Rumiyyənin (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988). Macalı hardaydı Fuadın bu cür köhnə-küləşi qurdalamağa (Anar. Seçilmiş əsərləri . 1-ci hissə. B., 1988). Sözsüz ki, bu halı dil faktı hesab etmək olmaz. Əsərdə emosionallığı−ekspressivliyi gücləndirmək, bədii effekti artırmaq, hətta şeirin poetexnik ünsürlərindən olan qafiyə və digər faktorları tənzimləmək üçün belə inversiyadan istifadə olunur.

III növ təyini söz birləşmələrini digər təyini söz birləşmələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biri komponentlərin arasına söz və ya söz birləşmələrinin daxil ola bilməsidir. Bu cəhət belə birləşmələrin tərkibinin genişlənməsinə gətirib çıxarır. Məsələn: “mənim hər tərəfi gözəl, güllü-çiçəkli, heyranedici, hamının xoşuna gələn, kənddəki bağım”, yaxud  “onun bir həftə bundan əvvəl aldığı, qırağı zərlə haşiyələnmiş eynəyi” kimi III növ təyini söz birləşmələrində tərəflər arasına daxil olan söz və ya söz birləşmələri birləşməni daha da mürəkkəbləşdirir. Bunlar ikinci tərəfin izahına, şərti olaraq, təyin olunmasına xidmət etdikləri üçün, bir-birinə həmcins mövqe tutduqları üçün onların siralanmasında daşıdıqları semantika əsasdır. Yəni məna baxımından nisbətən əsas sözdən və ya söz birləşməsindən nisbətən qeyri-əsasa doğru gediş özünü göstərir.

Sözsüz ki, bir məqalə çərçivəsində belə geniş mövzunu əhatə etmək mümkün deyil. Burada biz yalnız daha çox müşahidə olunan dil faktlarını nəzər salmağa çalışdıq.

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Bölməsiz, Elm