Tağı Əhmədovun kitab sevgisi… Şəmil Sadiq

141 Baxış

17474454_10209840281016080_1273723029_o

3-4 il bundan öncə dostlardan birindən xahiş etdim ki, Tağı müəllimlə məni tanış etsin. Tanışlığımızın bir neçə səbəbi var idi. Birincisi, Hüseyn Cavid aşiqi olduğunu bilirdim və namizədlik işim Hüseyn Cavid olduğu üçün monoqrafiyamı ona hədiyyə etmək, ikincisi, hələ 20 nömrəli məktəbdə işləyəndə müəllimlərin, direktorum Talıb Şərifovun onun haqqında dediyi yüksək fikirlərə görə bir ellimlə yaxından tanış olub, mən də ədəbiyyat və mədəniyyətlə məşğul olduğumu demək və söhbətin bu yerində metrolarda kitab satışının bərpasının mümkünlüyünü soruşmaq idi.

Görüşdük, hədiyyə olaraq bir xeyli kitab aparmışdım.

Burda bir xatirəni də haşiyə verim. Magistr olanda da bu cür bir addım atmışdım. Təzə çap olunan “Qəlbin fəryadı” kitabımı qoltuğuma vurub ağsaqqal kəndlilərimizdən birinin yanına getmişdim tanışlıq üçün. Əlimdə də dərisi soyulmuş “dermantin” bir papkam var idi. Hələ o zaman 20 nömrəli məktəbdə işləyirdim. Cəbiş müəllim tipini eyni ilə xatırladırdım. Yekə bir düyünü olan qalustukum da boynumda. Adam məni görən kimi, “sən nə istəyirsən, bu yazıçı, jurnalist tayfasını görəndə qanım qaralır”,-deyə yanındakına üzünü tutub dedi. Mənsə sadəcə kitabı verib, kəndlinizəm deyəcəkdim və düşünürdüm ki, o da kəndlisi olan gənc bir şairi görüb şad olacaqdı. Sən demə, hər gün bu vəzifədə olan ağsaqqal yanına gələn bəxşiş istəyənlərin əlindən bezibmiş. Məni də görəndə elə zənn edibmiş. Nəsə, çox pərt oldum və kitabı stolunun üstünə qoyub, “Kamilin oğluyam, pul istəməyə gəlməmişəm, sadəcə tanış olmaq istəmişdim” -deyib geri dönürdüm ki, kişi səhvini anladı və arxamca gəlib üzrxahlıq-falan etdi. Amma gec idi və mən gəldiyimə peşman olmuşdum. O gündən bu cür addımlarımdan vaz keçmiş, vəzifəlilərə kitab vermirdim. Amma bu hadisəni unutduğumdan düz 11 il sonra eyni formada Tağı Əhmədovun yanına getmişdim.

“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyamı hədiyyə edəndə, yerindən durub, birinci dəfə gördüyü bəndənizi qucaqladı. Sonra da dedi ki, Cavid haqqında kim nə yazırsa, onun hamisiyəm, onun yanındayam. Turan xanım və onun ölümü  haqqında xeyli söhbət etdik ki, mənim üçün xeyli maraqlı məlumatlar oldu.

Sonra “Ümidlərin izi ilə” romanımızı təqdim etdim. Xocalı faciəsi haqqında olduğunu dedim. Dedi ki, bir kitab oxumuşdum bu haqda. Və romanın sujetini danışdı. Məni soyuq bir tər basdı. Sübut eləməyə başladım ki, bu elə həmin romandır. Dedi, əşşi yox, o naxçıvanlı bir cavan oğlan idi. Dedim, vallah elə o mənəm. (Müşfiq Xanın həmmmüəlif olduğunu indiki kimi, onda da unutmuşdum) Sonradan kitabın o tərəf bu tərəfinə baxaraq xatırladı və birdən “Mən elə bunun müəllifini axtarırdım. Niyə belə romanlar yazırsınız? Axı adam o tarixi oxuyandan sonra bir azərbaycanlı kişi kimi özünə nifrət edir. Elə əsərlər yazın ki, adam oxuyub, milləti ilə fəxr eləsin, qürur duysun. Bu gün Azərbaycan ədəbiyyatında çatışmayan və lazım olan əsas məsələ vətənpərvər qəhrəman obrazıdır”. Məhz bu söhbət mənim “Odərlər” romanımı yazmağıma əsas səbəblərdən biri oldu.

Söhbətimiz 40-50 dəqiqə çəkdi. Müasir ədəbiyyatdan danışdıq, hər təzə çap edilən kitabı aldığını dedi, hətta mənə onda məlum oldu ki, Tağı müəllim də Sadiq imzası ilə şeirlər yazır. İçindəki ədəbiyyat və mədəniyyət sevgisi ən az özü qədər nəhəng olduğunun şahidi oldum. Ləhcəsindəki odru dilinin sərtliyi qədər ruhundakı incəliyə heyran qaldım. Burada bir xatırlatma edim ki, Naxçıvan ləhcəsinin qaba səslənməsi zənnimcə Türkün döyüş dilini xatırladır. Şirin oxşama da bu ləhcədə dava dilini xatırladır.

Görüşüb ayrılanda isə böyük cüssəsi ilə məni qucaqladı və cibimə pul qoydu. Nə qədər olduğunu bilməsəm də, çox etiraz etdim, imkanımın yaxşı olduğunu dedim, hətta mən özüm kitab çapı baxımından kimlərəsə kömək etdiyimi israrla dedim və pulu qaytarmağa çox cəhd etdim. Amma olmadı. Dedi, “al bunu, daha çox kitab çap et və mədəniyyətə dəstək ol. Gəncilk vətən və millətə xidmət edərsə, onların yanındayam.”

Başqa çarəm yox idi. Götürdüm və həmin pulun bir miqdarına kitab ayırıb qaçqın uşaqlara göndərdik. Müşfiq Xan özü getdi uşaqlarla görüşə. Qalan puluna da 30-40 müəllimə teatra bilet adlım və gedib keyflə izlədik.

Bundan sonra Tağı müəllimlə ancaq teatrlarda, mədəniyyət tədbirlərində rastlaşır, salamlaşırıq, məni xatırladığını da dəqiq bilmirəm. Bu səmimiyyətindən cürətlənib 2013-cü ildə onu da İsa Muğannanın 85 illik yubileyinə çağırdım. Sadəcə bir telefon və bir də rəsmi dəvətnamə ilə. Onunla bərabər, onlarla özünü vətənpərvər göstərən ziyalını, məmuru çağırmışdım. Yubileyə təkcə o gəldi və təbrik çıxışından sonra təvazökarlıqla İsa Muğannaya bir zərf də verdi. Dedi ki, İsa müəlim, əsərlərinlə bağlı fikrimi daha geniş yazmışam bu məktuba.

Tağı müəllim belə Tağı müəllimdir. Amma ANS-in qara piyarı onu gözdən salmağa çalışdı və sonunda bacardı da. Amma bu vətənpərvər  ziyalı insan heç nəyə baxmadan ruhunun mədəniyyət sevgisinin əsiridir hələ də. O gündən bu günə görüşməmişik təklikdə. Axırıncı dəfə onu yenə “Aşıq Qərib” opera tamaşasında gördüm. Yenə xanımı ilə birgə gəlmişdi.

Bu gün axşam Muğam müsabiqəsində görəndə birdən bu keçmiş hadisələri xatırladım  və “ey gidi dünyaa, Şahbuzun dağlar oğlunu anlamayanlar bu nəhəng dağın qəlbində necə incə, zərif, min cür təravətli çiçəklərin olduğunu hardan bilsin,- deyə bir ah da çəkdim.

P.S.  Bura da kimin ürəyindən nə keçir onu yazsın…

Çünki əsas mətləb bu P.S.-dadır…

KÖŞƏ YAZARLARI
TOP 10