Taleyin diqtəsi, hisslərin hikkəsi… Və usta təhkiyəsi

38 Baxış

Без названия

“Vektor” Beynəlxalq Nəşrlər Evi bu günlərdə Səyyad Aranın “Sazaq” kitabını nəşr etməklə görkəmli yazıçının yaradıcılığı barədəki təsəvvürlərimizi təzələmək, yeni nə yazdığını, nə düşündüyünü öyrənmək baxımından, elə bilirəm ki, təqdirəlayiq bir iş gördü.

Kitaba üç povest – “Təmizlik kağızı” (1988- 1990), “Soyuq günəş” (1991), “Balıq günü” (2014- 2016) və üç hekayə – “Günün günorta çağı”, “Havalar soyuyanda”, “Sazaq” daxildir.

Hekayələr, yəqin ki, son illərin yaradıcılıq məhsuludur.

Səyyad Aranın hekayələri, povestləri ilə tanış olan hər bir hazırlıqlı oxucu elə ilk sətirlərdən görür ki, yazıçının dili canlı xalq danışıq tərzinə əsaslanan nağılçı, dastançı dilinin özünəməxsus təravətli, təsirli təzahürü, daha doğrusu, kifayət qədər müasir (postmodern) stilizasiyasıdır…

“…Kənd özünün adi, həmişəki, bir- birinə bənzəyən günlərindən birini yaşayırdı. Daha doğrusu növbəti günü də yola verirdi. Adamlar evlərində, həyətlərində, yayda tozlu, qışda palçıqlı yollarda ruh kimi, xəyal kimi ürkək- ürkək gəzirdilər. Bir- birinə salamı da sakitcənə, dodaqlarının ucunda verirdilər. Elə bil kimdənsə qorxurdular, səslərinin eşidilməsindən çəkinirdilər. Qorxurdular kimsə irad tutar ki, səsin nə bərkdən gəlir, nə qudurmusan belə. Könlünə Sibir düşüb?..

Adamı heç nədən şərləyib türməyə atdırmaq su içimi bir şey idi” (“Təmizlik kağızı” povesti).

Yazıçının üslubi manevr- maneralarla dolu təhkiyə ustalığını səciyyələndirən birinci göstərici mətləbin, ideyanın bütün detallarına qədər təsviridirsə, ikincisi yaratdığı (əslində, həyatdan canlı- canlı aldığı) xarakterlərin mənəvi dünyasının, özünüifadə ədasının sənətkarlıqla təqdimidir:

“- Demə, bu qoyun kommunistdir. Yəqin babat məəlimdir. Yoxsa kimdi onu partiyaya keçirən. Bilirsən də, məəlim, kommunist – perspektivi var belələrinin rayonlarda. Vəzifə barəsində marığa yatırlar illərlə… Elə ağlıma gəldi birdən, soruşdum: – Kommunistsən? – Qoyun özü cavab verdi ki, bəli. Dedim, Mamedov, bir dənə məktub raykoma, bir dənə iş yerinə. Günü bu gün yolla. Özünün də işini tamamla, köçür məhkəməyə. Ölmədimi ayaq üstə? Raykoma bircə məktub daxil olsa bəsidi – 207, I statya. İctimai yerdə xuliqanlıq. Adının üstünə kres qoyacaqlar veçni. Qoyun olsa da bunu başa düşdü. Çıxdım otaqdan…”

“Soyuq günəş” povestində qudurğan bir milis zabitinin təsadüfən “cinayət” eləmiş sadəlövh bir kənd müəllimi barəsində həmkarlarına lovğa-lovğa dediyi bu sözlər kifayətdir ki, nəinki onun, eləcə də işlədiyi (və yetişdiyi) idarənin mənəvi- əxlaqi siması haqqında aydın təsəvvür yaransın.

Bu isə haqlı tənbehdən incimiş adamın özünü təmizə çıxarmaq üçün qabaqdan gəlmişliyidir:

“- Mənim kim olduğumu hamı bilir! – Ələsgər inamla dedi.

- Üzdə, – Zeyqəm şit- şit dişlərini ağartdı, – bəli, Qarabağ müharibəsi veteranısan, əlilsən, döyüşmüsən, başqaları kef çəkəndə sən palçıqlı səngərlərdə, zinə kazarmalarda yatmısan. Amma şəxsi mənafeyini həmişə güdmüsən, sənə verilən payı əlinin dalı ilə geri itələyib daha çoxunu tələb etmisən. Sağlığına qismət, 80 kv.m yer ayırmışdılar ticarət obyekti tikməyə, dostlarını başına yığıb yanındakı 90 kv.m yeri də zəbt etdin, atanın işsizliyini, ananın infarkt olmağını səbəb gətirib az qaldın İcra Başçısını vətən xaini eləyəsən. Binəqədi bazarında iki polka sənin var, iki polka da qardaşının. Anana pensiya düzəltmisən, amma bir gün də dövlət idarəsində işləməyib, hansı yolnansa atanın pensiyasını ikiqat artırmısan. Hamısını da Qarabağ müharibəsi veteranı adıyla (“Balıq günü” povesti).

Zeyqəmin sözü kəmfürsət, hətta namərd sözüdür, ancaq təəssüf ki, içində həqiqət də var.

Səyyad Aranın dil- üslubu, təhkiyəsi ona görə təsirlidir ki, həqiqəti gizlətmir. Nə mərdin həqiqətini, nə də namərdin…

“Təmizlik kağızı”nda heç nədən Sibirə sürgün edilmiş atanın oğlu anasından “təmizlik kağızı”nın nə demək olduğunu soruşur.

“Anası öz bildiyi kimi izah etdi.

- Əgər yazdığımız məktubları Stalinə versələr, o da oxuyub inansa ki, həqiqətən atanın günahı yoxdur, onun buraxılması haqqında əmr göndərəcək. Həmin əmr təmizlik kağızı olacaq. Atan o kağızı götürüb poyuza minib gələcək öyümüzə”.

Hərdən mənə elə gəlir ki, Səyyad Aranın yazıçı təhkiyəsi onun adi məişət təhkiyəsinin (nitqinin) birbaşa davamıdır. Ona görə də, məsələn, aşağıdakı sətirləri oxuyanda, elə bil, müəllifin səsini eşidirəm:

“Niyaz yanılmırdı. Məsələ burasındadır ki, martın ortalarından xərçənglər, dırnaqlı cücülər kürü buraxdığından böyük balıqlar bir elə də yem dalınca qaçmırdılar, gölün dibində yaxşıca yemlənirdilər, ona görə də suyun üzünə qalxıb qurda yaxın düşmürdülər. Həm də cillər yazda suyun altında çiçəklədiyindən və zoğ atdığından onların çiçəklərindən və toxumlarından da yeyib doyurdular. Ona görə də böyük balıqlar suyun dibində qalır, nisbətən xırda balıqlar aşağı enib yemək istəyəndə onları vurub qovurdular. Xırda balıqlar məcbur olub suyun üzünə çıxanda qırmağa keçirilmiş qurdların qurbanı olurdular” (“Balıq günü”).

Həm hekayələrində, həm də povestlərində Səyyad Aran, heç şübhəsiz, analitikdir. Ancaq soyuq mühakimələrin yox, isti (hikkəli!) hisslərin analitiki…

Sovetlər Birliyinin – dünya tarixinin ən qəddar imperiyalarından birinin dağıldığı illərdə qələmə alınmış “Təmizlik kağızı” povesti bunun ən bariz örnəyidir. Müəllif, demək olar ki, əsərin heç bir yerində Sovet repressiyasının ideoloji əsasları, siyasi mahiyyəti, antihumanist nəticələri barədə nə özünün, nə də obrazlarının dilindən mühakimə yürütmür, onu hətta dövrün bir sıra məlum əsərlərində olduğu şəkildə ittiham da eləmir… Ancaq “inqilabi hərəkat”ın, mürəkkəb ideya- siyasi münaqişələrin məzmununu anlamayan “patriarxal” bir kəndin başına gələnlərin (əslində, gətirilənlərin) timsalında repressiyanın Azərbaycan xalqı – onun sosial ukladı, mənəvi- əxlaqi həyatı, ictimai hissləri üçün nə demək olduğunu həssaslıqla göstərir…

“Kənd aktivinin rəhbərləri övladlarına bərk- bərk tapşırmışdılar ki, “vraq narod” uşaqlarıyla, xüsusən Kamalın oğluyla salam- kalam eləməsinlər, küçədə, aralıqda üz- üzə gələndə danışmasınlar, həmişə uzaq dolansınlar. Çünki atası siyasi dustaqdı. Sibirdə yatır. “Başından böyük qələt elədiyinə görə 15 il nallayıblar kürəyinə”. Onun oğluyla danışan, oynayan görüb elə bilərlər sizin atanız da o yolun yolçularındandır. İraq olsun, bir də görərsən gecənin birində bizi də sürgün elədilər. Düzdür, indi müharibə qurtarıb, faşistlər üzərində cahanşümül qələbəyə görə, hökumət bir az yumşalıb. Hər halda Sibirə göndərməsələr də, Qazaxıstana yollayarlar”.

Təsadüfən “sovet hökumətinin traktoru”nu aşıran Kərimi bu “sabataj” üstündə gedər gəlməzə göndərəndən sonra kənd camaatı onun oğluna “sabataj oğlu”, qızına “sabataj qızı”, viran qalmış evlərinə də “sabataj yuvası” deməli olur. Deməsinlər, görsünlər günlərini…

“Əri gedəndən sonra arvadının başına hava gəldi. Bədbəxtin qızı tut ağacını, bir də qaşqa inəyi qucaqlayıb: – Kərim, Kərim – deyərək onları öpürdü. Bu keçərdi, cəhənnəm, gecələr çıxıb ağacın başında yatırdı, deyirdi: – Evdə üşənnəm. Evi tanıyırlar, bir də gördün genə gəldilər. Həşimlə kiçik bacısı mələşə- mələşə analarına yalvarırdılar ki, ya onları da yuxarı – yanına qaldırsın, ya da aşağı düşüb evdə birlikdə yatsınlar. Yoxsa cinlər, divlər, qapı pəncərəni səhərəcən qurtdalayır, itələyir, açıb onları aparmaq istəyirlər”.

Acından ölənə kömək eləmək də olmaz…

“Qorxurdular ki, birdən gəlib onların da yaxasından yapışarlar: – Varın- dövlətin xeyir ola, başından aşıb- daşır, indi də bəy- xan kimi camaata ianə verirsən?

Di cavab ver! Elə yazıb, pozub, düzüb qoşarlar ki, bir də görərsən odu eyyy, qara poyuzun içində sitilləyə- sitilləyə, mazutlu taxtaların arasından qarlı çöllərə baxa- baxa elə yol gedirsən haaa…”

Və başlarına gəlmiş bu “məntiqsiz” fəlakətə (taleyin diqtəsinə!) kənd camaatının reaksiyası, nə qədər paradoksal görünsə də, tamamilə məntiqli, tamamilə təbiidir:

“Yaralar qaysaq bağlamışdı. Ağlamağa gözdə yaş, ağı deməyə dildə təpər qalmamışdı. Adamlar gecələri ötürə- ötürə, gələn sabahları qarşılaya- qarşılaya könülsüz- könülsüz dünyanı yola salırdılar. Nicat göylərə qalmışdı”.

Niyə?.. Hər şeydən əvvəl ona görə ki, bu kənd nə Sovet hökumətinin, nə də repressiyanın nə olduğunu anlamırdı; bunların heç biri onun həyat tərzindən, ruhundan, psixologiyasından doğulmamışdı. Və bu kəndin təkcə uşaqları yox, böyükləri də “krasnı- belı” oyununun qurbanlarına çevrilmişdilər.

Matros Məhərrəmin Polşadan gətirdiyi gözəl Yelenanın kənddə “saçlarını kürəyinə töküb, sinəsini irəli verərək gülümsəyə- gülümsəyə, sərbəst və şax yerişlə ona baxanları hayıl- mayıl edərək, buz üstündə yeriyirmiş kimi” süzməsi, “azərbaycanca hər təzə kəlməsi”nin “bir saat çəkməmiş” dillərə düşməsi, xüsusilə sürgündən- türmədən sağ- salamat qayıdan İmranın kəndə gətirdiyi yeni ab- hava, gərginliyin aradan qalxmağa, camaatın bir- birinə isnişməyə başlaması povestin psixoloji ritminə, intonasiyasına ton verən aparıcı əlamətlər, poetik kəşflərdir. Hisslərin təlatümünün, hikkəsinin ən parlaq (və bədii baxımdan əsaslandırılmış) hadisəsi isə, görünür, “xalq düşməni” Kamalın oğlu Eldarın “ağlar”la – “Stalinin düşmənləri” ilə “son döyüş”üdür. Və bu xeyli dərəcədə sürrealist səhnə inandırır ki, “heç ölməli hava deyildi…”

“İçlərindəki qorxu buzuna dan şəfəqləri düşmüşdü- əriyirdi. Büzülmüş çiyinlər enlənmiş, qısıq boyunlar dikəlmişdi. Dibi saralmış gözlərdə cəsarətin cücərtiləri görünürdü. Astadan, amma sidq ürəkdən əhval- pürsanlıq edirdilər. Guya heç bir kənddə yaşamırdılar, guya, gündə üz- üzə gələnlər bunlar deyildilər…”

Səyyad Aranın nə özü, nə də qəhrəmanları, prinsip etibarilə, fatalist deyillər və təbii ki, “Soyuq günəş” povestində də, fatalizm ancaq üzdədir. Əsas məsələ Sovet həyat tərzinin milis sistemində təzahür edən “iç üzü”nü göstərməkdir. Cəmiyyətin asayişinə, əmin- amanlığına, nəticə etibarilə, mənəvi- əxlaqi təmizliyinə cavab verməli olan orqan məmləkətin ən əxlaqlı adamlarından birini – rayondan Bakıya bir neçə günlüyə tətilə, istirahətə gəlmiş rayon müəllimini “dolaşdırıb” elə günə salır ki, nəinki arzuları, həyat barədəki təsəvvürləri də alt- üst olur.

Milis şöbəsində hamı hikkəlidir, “cinayətkar” da, qanun “mühafizəçisi” də…

“Cinayətkar” “yeri- göyü qarsan hikkə alovunu bir əsimlik səbr küləyi ilə azacıq da olsa” ona görə “söndürür” ki, “nə olur olsun, geri- yenidən həbsxanaya qayıtmaq istəmir”. Çünki orada elə şeylər görüb ki, Allah heç kimə göstərməsin… Qanun “mühafizəçisi”nə gəldikdə isə, “kapitan rütbəli birisi əlindəki bir topa kağızı hikkəylə bürmələyə- bürmələyə boz adamın üstünə yeridi. Hamının başı o səmtə yönəldi… Ağzı qulağının dibinə getmiş boz adamın dodaqları asta- asta yığılıb öz yerini tuturdu. Gözlərindəki sevinc işartıları bozarıb- bozarıb kül rənginə dönürdü… Heç kim böyründəkinə baxmırdı. Elə bil alçalan, sınan özüydü”…

“Soyuq günəş”də müəllifin psixoloji təhlilləri bir sıra hallarda dahi L.Zadənin qeyri-səlis analiz metodunu yada salır. Xüsusilə o baxımdan ki, taleyin (məqamın, vəziyyətin…) diqtəsi, adətən, insanın birmənalı reaksiyası ilə müşayiət olunmur. Və insan məntiqi bir şəkildə düşünmək, düşdüyü vəziyyətdən az- çox əsaslandırılmış çıxış yolu axtarıb tapmaq əvəzinə, onun üzərinə sel kimi gələn təhlükədən qaçmağa çalışır. Nəticəsi də bu olur ki, yeni təhlükələr, gərginliklər, disharmoniyalar qarşısında tamamilə aciz qalır…

Kamil tanımadığı bir xanımın nəvazişli təklifini ona görə qəbul edir ki, onun üçün artıq heç nəyin fərqi yoxdur…

“Cavab gözləmədən qoluna girib keçidə tərəf dartdı. Onsuz da başına haranın daşını tökəcəyini bilməyən Kamil dinmədi. Onunla yanaşı küçəni keçəndə də, liftdə nəfəs- nəfəsə dayananda da inandı ki, bir isti ocağa, qadın demişkən bir stəkan çaya, bir yumşaq sözə, təsəlliyə ehtiyacı var”.

Yazıçı haqlıdır ki, Kamil xarakterli adam üçün belə bir ovqata düşmək artıq nə az, nə çox, birbaşa ölüm deməkdir…

“Kamilin mənəvi dünyası, iç aləmi tapdam- tapdam tapdanmışdı. Taleyin oyununa bax: kiminin yazığı gəlir, kiminin qəzəbi tutur. Özünün necə?

“Özü” əlinə düşsəydi yumruğunun altına salıb, əzik- üzük edərdi. Kaş belə şey mümkün olaydı. Bu nə yesir günə qalmaqdı ə? Birdəfəlik ölüb yerə girəsən, bundan min pay yaxşıdı…”

“Soyuq günəş”in qəhrəmanı öz ölümünü həmişə diri, canlı olmağa adət etdiyi doğma yurda apara bilməzdi. Ona görə də hansısa təkan onu rayona getdiyi qatardan çölün düzünə atır…

“Gecə keçir, dünyadan, adamlardan xəbərsiz bir insan taleyi son anlarını başa vururdu. Canavarlar boyunlarını göyə uzadıb uladılar. Bəlkə ilahidən razılıq alırdılar? Bəlkə deyirdilər bu işdə biz günahkar deyilik, halal- hümmət uğurumuza çıxıb, qismətimizdən niyə əl çəkək?

Ana canavar asta- asta gəlib meyiti imsilədi. O biri də yaxınlaşdı.

Qu deyirdin qulaq tutulurdu.

Əvvəlcə qanı yalamağa başladılar…”

Taleyin diqtəsi, hisslərin hikkəsi…

 Və təbii ki, bir də psixoloji manevrlərlə zəngin yazıçı, sənətkar təhkiyəsi… Bu triada – üçlük Səyyad Aranın “Balıq günü” povestinin də ideya- estetik arxitektonikasına hopmuşdur… Povest kifayət qədər mürəkkəb kompozisiyaya malikdir: qabardılıb- “unudulan” irili- xırdalı süjetlər, əgər belə demək mümkünsə, əsəb- hikkə sinergetikası və ya üst- üstə yığılma effekti yaratmaqla qeyri- səlis məntiq texnologiyasına əsaslanır…

“Arvadı gecə yatağına girəndə ərinin sarıqlı- pataval ortancıl gədənin yatdığı qara müşəmbəli kuşetkaya uzandığını görüb yenə gecəyarısı gölə yollanacağını unayıb ilan kimi fısıldamışdı. “Get, get, biz sənin nə arvadınığ, nə də uşağın. Sənin arvadın göldü, uşaqların da sazan, sudak, karp. Biz daşıq, dəmirik,.. ağacıq? Yoxsa quluq, qaravaşıq, nökərik… bircə qadın deyilik, həə?..

Miryusifin əli üzündə qalmışdı!”

Balıq ovuna səhər açılmamış bu əhval- ruhiyyə (hikkə!) ilə gedən Miryusifin bəxti burada da gətirmir, Bakıdan gəlmiş qonaqlardan biri – Zeyqəm elə bir namərdlik edir ki, məsələ mürəkkəbləşir, evdəki gərginlikdən də böyük (artıq ictimai!) gərginlik yaranır. Süjet süjetə calandığı kimi iş də işə qarışır…

“- Gedək, qardaaaş? – Bu cür sözü uzada- uzada aran ləhcəsində ancaq Rauf deyə bilərdi. Əli ilə ürəyini ovuşdura- ovuşdura avtomobilinə sarı yol aldı. Get- gedə başı avazıyırdı. Reallıqları dərk eləməyə başlayırdı. Zeyqəm niyə belə inad edir ki, özüm tutmuşam. Heç dediyindən bir misqal da enmir. Belə üzlülük olmaz. Zarafatdırsa… belə zarafat da olmaz axı. Yaxşı, toru niyə doğramısan? Hər şeyi başa düşdük, lap belə zarafat eləmisən. Keçirik bunu. Toru niyə doğramısan e!? Bu ki alçaqlıqdır. Vəssəlam. Həm də niyyətin əsl mahiyyətini açıb qoyur ortalığa… Oğurlamısan…”

Oğurluq balıqla Zeyqəmin Bakıda qonşularına qonaqlıq verməsi də bir cür hikkədir. Ancaq bu hikkənin yaratdığı qəribə bir şuxluq, mehribanlıq var… “Həyət- bəxtəvərlikdən aşıb- daşırdı…”

Və komendant Zəkullanın aşağıdakı sözlərində heç bir kinayə yox idi:

“…Adə, mən ömrümdə, Sovet dövründə də yaşamışam dəə, belə gözəl “ribni den” yaşamamışam.

- Balıq günü! – Bunu da hamının hörmət etdiyi, Füzulini bütün bina əhlinə sevdirən Vüqar müəllim dedi. Qəssab Əbdüləli hörmətlə baş əyib: – Bəli, Balıq günü! Bizə bu gözəl günü yaşatdığına görə, Allah sənnən razı olsun, qərdeşim. Ala, gör adamlar nə xoşbəxtdilər eyy…”

Hisslərin hikkəsi (əsər!) onunla bitir ki, Ələsgər qonşularını tərk edir – binadan köçür… Və beləliklə məlum olur ki, məsələ kiminsə haqlı, kiminsə haqsız olmasında deyil… Bir taleyin diqtəsi var, bir də hisslərin hikkəsi… qalanı, deyəsən, təfərrüat imiş…

Səyyad Aranın hekayələrində də əsas motiv insanın düşdüyü problemlər, həmin problemlər çərçivəsində, yaxud məngənəsindəki xaotik yaşantılardır… “Günün günorta çağı”nda ayaqları tutulduğundan yeriyə bilməyən qoca bulvarda onunla bir skamyada əyləşən sevgililərin sərbəst ünsiyyətinə mane olduğuna, gənclərin etirazını hissə etsə də başqa skamyaya keçə bilməməsinə görə əzab çəkir…

“Heykəl” ağlayırdı. Yenə də əvvəlki kimi eləcənə oturmuşdu. Yaş eynəyinin qırağından ağ saqqalı ilə üzü aşağı diyirlənirdi. Gözlüyü tərləmişdi – göz yaşlarından idi. Hərdənbir çiyinləri qalxıb enirdi. Bu dəfə qızın başı üstündən harasa baxmırdı. Eləcənə gözlərini dənizə dikib ağlayırdı”.

Gənclər qocanın vəziyyətini biləndə isə…

“Birinci, qız özünə gəldi, utanırmış kimi başını qaldırıb oğlana baxdı.

Oğlanın rəngi avazımışdı, dodaqları ağarmışdı, gözləri yol çəkirdi. Onun da atası belə yaşlıydı”…

“Havalar soyuyanda” hekayəsinin qəhrəmanının özündən çıxaran köhnə dostlarının- mübarizə yoldaşlarının ona laqeydliyi, düşdüyü çətin vəziyyətdə qolundan tutmamaları, telefon zənglərinə belə cavab verməmələridir. Əhvalı o dərəcədə böhranlı olur ki, qarşısına çıxan dilənçi ilə öz arasında yalnız “ranq” fərqi görür:

“İçindəki hansısa hiss dilənçinin şaxını sınmağa qoymurdu. Deyəsən başqa əlacı olmadığından dilinin ucunda da olsa “bir çörək pulu” deməyi də unutmurdu. Qəribə bir oxşarlıq duydu özüylə həmin adam arasında. O da neçə vaxtdır naəlac gündədir, işsizdir, mayadan yeyir, onun da dibi quyuda deyil ki. Bayaq məgər telefonla ağız- əl açmırdı? O gün dostuyla danışanda işlə bağlı əl- ağız açmadı? “Keçəl Həsən, Həsən keçəl”…

Fuad dilənçini ən yaxşı restorana gətirir, dərdini dağıtmaq üçün içir. Və dilənçi sərxoş “xozeyn”i evlərinə qədər ötürməli olur…

“Qapını açan deyəsən arvadıydı. Hər ikisini nifrətlə süzüb üzünü evə tutdu: – Seva, gəl atanın gününə bax…

Deyəsən xozeynin də evdəki vəziyyəti onun evindəkindən fərli deyildi. “Yooo, Allah tərəfi, məni belə qarşılamırlar. Lap əliboş gəlsəm də…”

Bir tərəfdən keçmiş münasibətləri unutmuş, soyumuş vəzifəli dostların laqeydliyi, digər tərəfdən evdəki arvadın şan- şöhrət hərisliyindən irəli gələn tənələri, hikkəsi…

Səyyad Aranın yüksək müşahidə qəbiliyyəti, həyata həssas münasibəti “Sazaq” hekayəsində özünü başqa bir yöndən göstərir. Və burada ömürlərini başa vurmaq üzrə olan qocaların qəribə- bir az ümidli, bir az nigaran, bir az da hər səsdən diksinən həyat tərzindən, ovqatından söhbət açılır…

“Dincliklərinə rəxnə düşmüşdü. Nə yeyib içdiklərini bilmirdilər. Cəfərin xəstələnib yatağa düşməsi hamısını sarsıtmışdı. Təsbehin sapı qırılmışdı. Dəc pozulmuşdu. Ona görə də heç nə axıracan getmirdi. Hər şey – mövzu, məqsəd, niyyət yarımçıq qalırdı, bitmirdi. “Demək növbə mənə də gəlib çatır”. Vahimələndilər. Amma dərhal da özlərinə ürək- dirək verirdilər. “Allaha şükür, noolub mənə. Yediyimi yemişəm, geydiyimi geymişəm, içdiyimi içmişəm. Beşindən aşağı yaşamışamsa, onundan yuxarı olmuşam. Balalarımı da yerbəyer eləmişəm. Dünyanı beşəlli kim tutub qalıb. Ayə, bu Süleymana qalmayan dünyadı e…”

Ancaq bir məsələ də var ki, insan bu dünyadan heç cür ayrılmaq istəmir. Taleyin son diqtəsi qarşısında da hisslərin hikkəsi baş qaldırır… Buz kimi soyuq bir hikkə…

“Qəfil hamsının içini canavar dili kimi sərt bir sazaq yalayıb keçdi.

Bir dəstə qara paltarlı, qara kəlağayılı arvad Cəfərgilə tərəf diklənirdilər.

Al günəşin altında dördü də büzüşərək xəfif- xəfif titrəyirdilər. Elə bil qış geri qayıtmışdı, üşüyürdülər…”

Səyyad Aranın, demək olar ki, bütün əsərlərində Aran insanının xarakteri, psixologiyası, düşüncə tərzi, nitq koloriti təqdim olunur. Adətən, doğma yerlərin kəndindən- kəsəyindən, çölündən- düzündən, gölündən- arxından, ağacından- kolundan, südündən- pendirindən, özü demiş, Allah verənindən yazır. Və görünür, yaradıcılığı həm də ona görə qiymətlidir ki, ağır bir elin mentalitetini ədəbiyyata gətirmək missiyasını tale onun istedadına həvalə edib. O isə bu missiyanı yalnız istedadla yox, eyni zamanda vicdanla, mənəvi məsuliyyətlə yerinə yetirir. Süni peşəkarlıqla zədələmir, qəhrəmanlarının təbii hisslərinin, duyğularının qarşısını almır, onların ruhuna müdaxilə eləmir… Müəllif “mən”inin hakim olduğu yeganə mövqe təhkiyə ustalığı, intonasiya səmimiyyətidir.

Neçə illərin müşahidələrinə, təhlillərinə əsaslanaraq inamla deyə bilərəm ki, Səyyad Aranın yazıçı tərcümeyi-halının (və şəxsiyyətinin) həm mahiyyətini, həm də miqyasını müəyyən edən üç mühüm əlamət var:

1) boya- başa çatıb formalaşdığı regionda qazandığı (və heç zaman zədələnməsinə, təhrifinə, enerjisini itirməsinə imkan vermədiyi) mənəvi zənginlik;

2) ilk gəncliyindən həyat tərzinə çevrilmiş təhsilə, elmə daxili bağlılığın, dünyanı xırdalıqlarına qədər bütün miqyası ilə dərk etmək marağının, ehtirasının təzahürü (və məhsulu) olan geniş dünyagörüşü;

3) XX əsrin sonu – XXI əsrin əvvəllərində baş vermiş mürəkkəb, qaynar (və artıq tarixə çevrilmiş) ictimai- siyasi proseslərdə möhkəmlənmiş əqidə mükəmməlliyi.

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10