Taleyin ironiyası

8 Baxış

VLADIMIRPORTADAOK

 

 

 

 

 

 

 

 

 

 

 

Vladimir Nabokov 

Rus əsilli Vladimir Nabokov  1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində anadan olub. Vladimir kiçik yaşlarından ingilis və fransız dillərini öyrənmişdi. Atası inqilabdan sonra həbs edilir və onlar ailəvi olaraq Almaniyaya köçürlər. Nabokov İngiltərənin Kembric kollecində təhsilini davam etdirir. Atasının ölümündən sonra Almaniyaya qayıdır və on beş il ərzində  burada tərcüməçilik və pedaqoji fəaliyyətlə məşğul olur.

Ədəbiyyat aləmində Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanıb. Daha sonra şöhrət sırası onun müəllifi olduğu “Ərməğan”, “Lolita”, “Çağrı” və sairə romanlarına gəlir

Almaniyaya məxsus beynəlxalq sürət qatarının restoranında ofisiant kimi çalışırdı. Onun adı Aleksey Lvoviç Lujin idi.  Beş il əvvəl, 1919-cu ildə Rusiyanı tərk etmiş, elə o vaxtdan da şəhərbəşəhər gəzərək, müxtəlif peşələrdə özünü sınamışdı. O, Türkiyədə fəhlə, Vyanada poçtalyon, boyaqçı, mühasib və bu tipli başqa işlərdə çalışmışdı. İndi isə hər iki tərəfindən otlaqlar, süpürgə kollarından süd kimi ağaran təpələr, şam meşələrinin axıb keçdiyi restoran-vaqonda pəncərə dibindəki masaların arasından dar keçidlə irəliləyir, güc-bəla ilə tarazlığını saxlaya-saxlaya apardığı bulyon dolu kasa buğlanır və aradabir də içindəki yemək ətrafa sıçrayırdı. O məharətlə qulluq edirdi: incə doğranmış mal əti və ya donuz budunu xüsusi çəngəl vasitəsilə boşqablara paylayırdı. Bunu etdikcə qısasaçlı başı, qırış dolu alnı, qara və qalın qaşları dayanmadan qalxıb-enirdi.

Restoran günorta saat beşdə Berlinə çatmalı, yeddidə isə əks istiqamətdə – Fransa sərhədlərinə tərəf yola düşməli idi.  Lujin özünü incə bir ipin üstündə hərəkət edirmiş kimi hiss edirdi: fikirləşməyə və keçmişi xatırlamağa ancaq gecələri vaxtı olurdu, o da balıq və kirli corab iyi verən dar yatağında.

Lujin xəyallarında tez-tez Sank-Peterburqdakı evinə gedir, iş otağını, yup-yumşaq mebelin naxışlarındakı dəri düymələri və beş ildir ki, xəbərsiz olduğu arvadı Lenanı orada görürdü. Bununla da həyatının puç olduğunu dərk edirdi. Onsuz da tez-tez iylədiyi kokain dərrakəsini silib-süpürüb aparmışdı. Burun pərələrində yaranmış kiçik irinlər günü-gündən çoxalırdı.  Amma gülümsəyəndə böyük dişləri parlayaraq ətrafa işıq saçardı. “Fil dişi” gülüşünə görə digər iki ofisiant – enlikürək, sarışın, berlinli kassir Hüqo və vaqonlara kofe paylayan qırmızıbaş, dik burnu ilə tülküyə oxşayan Maks ona qibtə edirdilər. Amma Lujin son dövrlər az-az gülümsəyirdi.

Boş vaxtlarında təkliyə çəkiləndə narkotikin kristal-parlaq dalğaları beynini ələ keçirib düşüncələrini qamaşdıranda mənasız şeylər ona möcüzə kimi görünürdü. Məhz həmin vaxtlarda arvadının izini tapmaq üçün atmalı olduğu addımları bir-bir əlindəki vərəqə yazırdı.  O, vərəqi qaraladıqca xoşbəxtcəsinə gülümsəyir, qeydləri özünə həddən artıq vacib bir şey kimi görünürdü. Səhərləri başı ağrıya-ağrıya, nəm və bədəninə yapışmış köynəklə yuxudan duranda, bu qırıq-qırıq, səliqəsiz yazılara baxır, özü-özünə nifrət edirdi. Təzəlikcə, beynində yeni bir fikir yaranmışdı. O, cidd-cəhdlə özünü öldürmək üçün plan hazırlayır və həyata keçirmək üçün bütün dəqiqliyi ilə ölçüb-biçirdi: canındakı qorxunun artdığı və azaldığı vaxtları qrafik təsvirdə əks etdirirdi. Hər şeyi asanlaşdırmaq üçün intihar edəcəyi günü də əvvəlcədən dəqiqləşdirmişdi – avqustun birindən ikisinə keçən gecə.  Ona ölümdən çox ölümdən əvvəlki detallar maraqlı gəlirdi və bu detallara o qədər aludə olmuşdu ki, ölümün özünü belə yaddan çıxarmışdı. Ancaq tezliklə bu düşüncələr uzaqlaşır, özünü öldürmək fikrinin yaratdığı xoş illüziya tamamilə sönür və sona əsl həqiqət qalırdı: bütün ömrünü boş yerə xərcləmişdi və bundan sonra yaşamağın heç bir mənası yox idi.

Avqustun birinci günü öz məcrasında idi. Axşam altının yarısında, Berlin stansiyasının yarıqaranlıq, böyük büfetində şişman, qapqara geyimdə, xədim hərəmağası kimi solğun bənizli, qoca Şahzadə Mariya Uktomski boş bir masanın arxasında oturmuşdu. Bufetdə az adam gözə dəyirdi. Yüksək torlu tavandan  asılmış mis lampaların  şəfəqləri ətrafa saçılırdı. Arabir içəridə bir stul dala-qabağa sürüşərək cırıltılı səs çıxarırdı. Şahzadə Uktomski  sərt baxışları ilə divar saatının qızılı əqrəblərinə ötəri nəzər saldı. Əqrəb bir addım önə tərəf dartındı. Bir dəqiqə sonra yerindən tərpəndi. Qoca qadın ayağa qalxdı, parlaq parçadan hazırlanmış yol çantasını götürdü və böyük qulplu əsasına söykənərək ayaqlarını sürüyə-sürüyə çıxışa tərəf irəlilədi.

Qapıda onu bir hambal gözləyirdi. Qatar yavaş-yavaş stansiyaya girirdi. Tutqun, dəmir rəngli alman vaqonları bir-bir qarşılarından keçdi. Sərnişin vaqonunun  pəncərəsinin altında laklı, qəhvəyi löhvənin üstündə “BERLİN-PARİS” sözləri yazılmışdı. O, üstündə “Yeməkxana” yazılmış vaqonunun pəncərəsinə dirsəklənmiş qırmızıbaş ofisiantı gördü, deyəsən,  müharibədən qabaqkı Şimal “Ekspres”indən təkcə bu mənzərə yadigar qalmışdı.

Qatar tormoz verəndə elə səs çıxardı ki, sanki köks ötürür.  Beləcə buferlər bir-birinə toxunaraq cingilti saldılar və qatar dayandı.

Hambal Şahzadə Uktomskini onun istəyinə görə  siqaret çəkilməyinə icazə verilən ikinci dərəcəli kupeyə yerləşdirdi. Pəncərənin yanında künc tərəfdə açıq-qəhvəyi kostyum geyinən bivec görünüşlü və zeytun rəngli bir adam oturmuşdu.  O, siqarla oynayırdı.

Qoca şahzadə onunla üzbəüz oturdu. Uktomski asta-asta, götür-qoy edə-edə əşyalarının başının üstündəki saxlanc yerinə qoyulub-qoyulmadığını bir-bir yoxladı. İki çamadanı, bir zənbili vardı. Hamısı da öz yerində idi. İşıldayan əl çantasını isə hər zamankı kimi dizinin üstündə saxlayırdı. Dodaqlarını çeynəməyə başladı.

Bir alman cütlük, yanlarını basa-basa, ləngər vura-vura kupeyə girdilər.

Sonra, qatarın tərpənməsinə bir dəqiqə qalmış, iri dodaqlı, qırmızı pomadalı, şlyapasını başına bərk sıxmış gənc bir qadın içəri keçdi. O, əşyalarını yerləşdirdikdən sonra dəhlizə çıxdı. Açıq rəngli kostyum geyinmiş adam qadının arxasınca baxdı. O, barmaqlarının ucunda qalxdı və çətinliklə pəncərəni açdı, pəncərədən əyilərək kiminləsə sağollaşdı. Şahzadənin qulağına rusca sözlər dəydi.

Qatar yola düşdü. Gənc qadın kupeyə qayıtdı. Üzündəki təbəssüm birdən-birə yox oldu və yerinə əzgin bir ifadə oturdu. Evlərin divarlarındakı kərpiclər yavaş-yavaş keçib gedir, bunların arasında içi küləşlə doldurulmuş nəhəng siqaret reklamı gözə dəyirdi. Leysandan islanmış damlar zəif günəş işıqlarından par-par parıldayırdı.

Qoca şahzadə Uktomski daha dözə bilmədi. Mülayim səslə rus dilində soruşdu: “Çantamı bura qoysam, problem olmaz?”

Qadının üzünün ifadəsi yumşaldı və cavab verdi: “Əlbəttə yox, buyurun”.

Küncdəki zeytun rəngli, kostyumlu kişi qəzetin üstündən onu süzürdü.
“Lap yaxşı, yolum Parisədir, – söhbət salmaq üçün şahzadə ah çəkərək dedi, – Oğlum oradadır. Düzünü desəm, Almaniyada qalmaqdan qorxuram”.

Çantasından böyük bir əl dəsmalı çıxartdı, burnunu soldan sağa və tərsinə bərk-bərk sildi.

“Hə, qorxuram. Adamlar deyir ki, Berlində Kommunizm inqilabı olacaq. Bu barədə nəsə eşitməmisiniz?”
Gənc qadın “yox” mənasında başını yellədi. Şübhəli nəzərlərlə qəzet oxuyan kişiyə və alman cütlüyə baxdı.

“Heç nədən xəbərim yoxdu. Rusiyadan, Peterburqdan dünən gəlmişəm”.

Şahzadə Uktomskinin kök, solğun üzündə güclü maraq hissi oyandı. Napnazik qaşları yuxarı qalxdı.

“Doğrudan?”
Gözləri boz ayaqqabıya zillənmiş qadın nəzakətlə, amma sürətlə danışmağa başladı: “Aha, sağ olsun, vicdanlı bir adamın köməyi ilə oradan çıxa bildim. İndi də Parisə gedirəm. Orada qohumlarım var”.

Əlcəklərini çıxarmağa başladı. Qızıl bəxt üzüyü barmağından sürüşüb düşdü. Amma dərhal da göydə tuta bildi.
“Elə hey üzüyümü itirirəm. Deyəsən, arıqlamışam, ona görə tez-tez çıxır”.

Araya sükut çökdü, o gözlərini qırpdı.

Kupenin şüşəli qapısının arxasından dəhliz pəncərəsi boyunca düz bir cərgə ilə teleqraf  məftilləri uzanıb gedirdi.

Şahzadə Uktomski otaq yoldaşına yaxınlaşdı.

“Mənə deyin görüm, – alçaq səslə pıçıldadı, – sovetlərin vəziyyəti daha əvvəlki kimi yaxşı deyil, hə?”
Günəş qürubu fonunda dikələn qara teleqraf dirəkləri məftillərin sığalını pozurdu. Məftillər külək sakitləşəndə bayraqlar kimi aşağı düşür, sonra oğrun-oğrun yenidən qalxırdılar. “Ekspres” alov kimi parlaq gecənin dumanlı havasını yara-yara gedirdi. Kupelərdən hansınınsa tavanından aradabir şappıltı səsi gəlirdi, elə bil qatarın polad damına yağış damcılayırdı. Alman vaqonları zar-zar yırğalanırdı. Bununla belə içərisinə göy parça çəkilmiş beynəlxalq vaqon digərlərinə baxanda daha sakit və rəvan irəliləyirdi. Restoran-vaqonda üç ofisiant masaları hazırlayırdı. Onlardan qısasaçlı və qaşqabaqlı olanı döş cibindəki şüşəni düşünürdü. Dayanmadan dodaqlarını yalayır, burnunu çəkirdi. Kramm markalı şüşənin içində toz kristalı var idi. O, çəngəlləri və bıçaqları düzür, ağzıbağlı şüşələri masalara yerləşdirirdi ki, birdən artıq bu cür davam edə bilməyəcəyini başa düşdü. Pərdələri səliqəyə salan tülküburun Maksa gülümsədi və vaqonları birləşdirən keçiddən adlayaraq o birinə keçdi. Tualetə girib qapını bağladı. Qatarın yırğalanma arealını dəqiqliklə hesabladı, tozdan dırnağının üstünə tökərək təpəcik yaratdı, əvvəlcə acgözlüklə burnunun bir deşiyinə, sonra da o birinə təpdi; burnunu çəkdi, dili ilə barmağında qalan damcını yaladı, acı rezin dadı duydu, gözlərini iki dəfə yumub-açdı, hallı, üzü gülə-gülə tualetdən çıxdı; yavaş-yavaş  beyni buz kimi sərin hava ilə dolurdu. Restoranın yerləşdiyi vaqona gedəndə arakəsmədə fikirləşdi ki, indi – elə bu dəqiqə ölmək necə də asan olardı! Gülümsədi. Yaxşısı budur ki, gecənin düşməsini gözləsin. Bu zəhərin zövqverici dadını yarıda kəsmək günah olar.

– Hüqo, masaları bronlayanların siyahısını ver, gedim hamısını çağırım.

– Yox, Maks getsin. O, daha sürətli işləyir. Götür, Maks.

Qırmızıbaş ofisiantın çilli əli biletlərə uzandı. Masaların arasından tülkü kimi süzərək sərnişinlər olan vaqonun mavi dəhlizinə keçdi. Pəncərədə beş arfa telinə oxşayan teleqraf məftilləri görünürdü və ümidsizcəsinə yuxarıya tərəf  süzülüb gedirdi. Göyün üzü qapqaranlıq idi. Alman vaqonunun ikinci sinif kupesində qapqara geyinmiş, hərəmağasını xatırladan qoca qadın məyus-məyus “axx” deyə-deyə uzun, ürəksıxan həyat hekayəsinə qulaq asırdı.

– Bəs ərinizi orda qoydunuz?

Gənc qadın gözlərini geniş açaraq başını yellədi:

– Yox. Xeyli müddətdir ki, o da xaricdədir. Başqa çarəmiz yox idi. İnqilab başlayan kimi cənuba – Odessaya getdi. Onu axtarırdılar. Orada görüşməyi planlaşdırırdıq, ancaq mən vaxtında çıxa bilmədim”.

– Dəhşətdi, dəhşətdi. Sonra ondan heç xəbəriniz olmadı?

– Yox. Öldüyünü düşünürdüm. Bəxt üzüyümü xaçın içində gəzdirirdim, qorxurdum ki, əlimdən alarlar. Sonra Berlindəki dostlardan onun sağ olduğunu öyrəndim. Kimsə Lujini görmüşdü. Dünən mühacirlərin qəzetində onu tapmaq üçün elan da verdim.

Əl-ayağı bir-birinə dolaşa-dolaşa cırıq-sökük ipək əl çantasından “Rul” qəzetini çıxardı.

– Baxın, buradadır.

Şahzadə Uktomski eynəyini taxaraq oxumağa başladı: “Yelena Nikolayevna Lujin əri Aleksey Lvoviç Lujini axtarır”.

– Lujin? – eynəyini çıxararaq soruşdu. – Bu, Lev Sergeyiviçin oğlu Lujin deyil? Səhv etmirəmsə iki oğlu var idi. Adlarını dəqiq xatırlamıram.

Yelena sevinə-sevinə gülümsədi:

– Ax, nə gözəl təsadüf. Bu ki əsl sürpriz oldu. Atasını tanıyırsınız?

– Əlbəttə ki, əlbəttə ki tanıyıram, – şahzadə özündənrazı bir tonda nəzakətlə dedi.

– Lyovuşka Lujin, bir vaxtlar Uhlansda yaşayırdılar. Malikanələ-rimiz yanaşı idi. Tez-tez bizə gəlirdi.

– O öldü, –  deyə Yelena onun sözünü kəsdi.

– Hə, hə, eşitdim. Ruhu şad olsun. Həmişə borzoy cinsli tazısı ilə bizə gəlirdi. Oğullarını elə də yaxşı xatırlamıram. 1917-ci ildən xaricdəyəm. Balacasının açıq rəngli saçı var, deyəsən. Danışanda da aradabir kəkələyirdi.

Yelena yenə gülümsədi.

– Yox, yox, dediyiniz onun böyük qardaşı idi.

– Ax, ola bilər, qarışdırdım, deyəsən, əzizim, – şahzadə narahatlıq keçirmədən dedi, – yaddaşım elə də yaxşı deyil. Adını çəkməsən Lyovuşkanı da xatırlamazdım. Ancaq danışdıqca yadıma düşür. Axşamları atını sürərək bizə çay içməyə gəlirdi. Ax, danışım qulaq as.     Şahzadə qadına bir az da yaxınlaşdı və aydın səslə, amma sürətlə  danışmağa başladı. Səsində kədərdən əsər-əlamət yox idi. Çünki bilirdi ki, o dövrlərin arxada qalmadığına kədərlənmədən xoşbəxt hadisələr barəsində təkcə xoşbəxtcəsinə danışmaq lazımdır.

– Dayan, yadıma düşmüşkən bunu da danışım, – deyə davam etdi. – Məzəli bir boşqab dəstimiz var idi, kənarı qızılı dairəli və düz ortasında ağcaqanad şəkli çəkilmişdi. O qədər həqiqiyə bənzəyirdi ki, bilməyən olanda əli ilə ağcaqanadı tutmağa çalışırdı.
Kupenin qapısı açıldı. Qırmızısaçlı ofisiant əlində tutduğu yemək kuponlarını onlara verdi. Yelena birini götürdü. Bayaqdandı ona baxan, küncdə oturan adam da birini götürdü.

– Mən özümə yemək götürmüşəm, – şahzadə dedi, – Donuz əti və kökə.

Maks bütün vaqonları gəzdikdən sonra yırğalana-yırğalana restorana qayıtdı. Vaqonun dəhlizindən keçəndə qolunun altında dəsmal dayanmış rus yoldaşını dümsüklədi. Lujin Markın arxasınca parlayan gözləri ilə qəmgin-qəmgin baxdı. Sümüklərinin və daxili orqanlarının əvəzinə içini qıdıqlayan bir boşluq hiss edirdi, elə bil bu dəqiqə asqıracaq, bütün bədəni silkələnəcək və ruhu bədənindən çıxacaqdı. Yüzüncü dəfə idi ki, necə öləcəyini xəyalında canlandırdı. Elə bil şahmat məsələsini hazırlayırmış kimi ən xırda detalına qədər hesabladı.

Planına əsasən gecə həmişəki stansiyada düşəcək, başını onların qatarına qoşulmaq üçün gözləyən hərəkətsiz vaqonun qalxanabənzər buferinə qoyacaqdı. Buferlər toqquşacaq, başı onların arasında qalacaqdı. Sonra da sabun köpüyü kimi partlayacaq və havaya qarışacaqdı. Bunun üçün ayağını möhkəm-möhkəm relsin şalbanına basmalı, gicgahını bərk-bərk buferin soyuq dəmirinə sıxmalı idi.

– Eşitmirsən? Sərnişinləri yeməyə çağırmağın vaxtıdı.

Bu sözləri deyən Hüqo idi. Lujin diksinsə də gülümsədi və ona deyiləni yerinə yetirdi. Dərhal kupelərin qapısını açaraq yüksək səslə və tez-tez çağırış etdi: “Yemək vaxtıdır”.

Kupelərin birində buterbrodun kağızını açan kök, sarımtıl üzlü qoca qadın gözünə dəydi. Üzü tanış gəldi. Sürətlə vaqonların arasından keçərkən onun kim olduğunu xatırlamağa çalışdı. Elə bil onu nə vaxtsa yuxusunda görmüşdü. Bu dəqiqə ruhunu asqıracaqmış hissi daha da gücləndi – “qoca qadını harda gördüyümü indi xatırlayacağam”. Amma yaddaşına güc gəldikcə xatirələr beynindən daha sürətlə sürüşüb uzaqlaşırdı.

Restorana qayıdanda çox qəmgin görünürdü, burun deşikləri genişlənir, boğazındakı qıcıqlanma udqunmağına mane olurdu: “Ax, cəhənnəm olsun, başdan ayağa cəfəngiyyatdır”.

Sərnişinlər divarlardan tuta-tuta dəhlizdən keçərək restorana tərəf səndələyə-səndələyə addımlayırdılar. Pəncərələrdən qaranlıq sayrışırdı. Qürub edən günəşin sarı zolaqları pəncərəyə düşürdü. Yelena Lujin ayağa qalxanda açıq rəngli kostyum geyinmiş adamın da onunla birgə durduğunu hiss etdi. Artıq onun bu hərəkətindən narahat olmağa başlayırdı. Kişinin qapqara yoda bənzəyən xəbis, cansız, domba gözləri var idi. Dəhlizdə gedərkən addımbaaddım onu izləyir, gənc qadın hər dəfə güclü təkandan müavizinətini itirəndə (vaqon çox güclü yırğalanırdı) o da qəsdən öskürürdü.  Yelena niyəsə birdən onun casus olduğunu düşündü; düzdür bu səfeh düşüncə idi, çünki uzun müddət idi Rusiyadan çıxmışdı, ancaq eyni zamanda da bu fikri heç cür özündən uzaqlaşdıra bilmirdi.

Vaqonların arasından keçəndə adam nəsə dedi. Qadın addımlarını sürətləndirdi və restoran tərəfə keçdi. Bu məqamda o, restoranın dəhlizində ikən birdən-birə qadının qolundan yersiz mehribanlıqla yapışdı.Yelena qışqırığını boğdu və qolunu zərblə elə dartdı ki, az qaldı müavizinətini itirib yıxılsın.

Kişi yad bir aksentlə almanca, – “Gözəlim”, – dedi.
Yelena dərhal geri qanrıldı. O, vaqonlararası keçidi adlayıb, digər vaqona, oradan da başqa bir keçiddən keçərək geri qayıtdı. Qolu dəhşətli dərəcədə ağrıyırdı. O kobud eybəcərlə üzbəüz oturub yemək yeməkdənsə ac qalmaq daha yaxşı idi. “Allah bilir məni nə hesab edir, – düşündü, – özü də təkcə dodaq boyası çəkdiyim üçün”.

– Nə oldu əzizim? Yemək yemirsən?

Şahzadə Uktomski buterbroddan dişləyə-dişləyə soruşdu.

– Yox, artıq ürəyim istəmir. Üzr istəyirəm, mən bir az mürgüləyim.

Qoca qadın təəccüblə incə qaşlarını yuxarı qaldırdı, sonra ağzındakı loxmanı çeynəməyə başladı. Yelena başını arxaya söykəyib özünü yuxululuğa vurdu. Amma həqiqətən də tezliklə onu yuxu apardı. Solğun, yorğun üzü arabir səyriyirdi. Burnunun ucunda pudranın getmiş yerləri parlayırdı.

Şahzadə Uktomski uzun müştüyünə siqaret qoyub yandırdı.

Yarım saat sonra adam qayıtdı, arxayınca küncündə oturdu və çöp ilə dişlərini qurdalamağa başladı. Sonra gözlərini yumdu, yerində qurdalandı, pəncərənin yanında asılqandan asılmış paltosunun bir tərəfini başına örtdü. Yarım saat sonra qatar sürətini azaltdı. Stansiyanın işıqları tərləmiş pəncərənin yanından kabus kimi keçib gedirdi. Qatar fısıldayaraq dayandı. Müxtəlif səslər eşidildi: yandakı kupedən kimsə öskürür, platformadan qaçışan adamların ayaq səsləri gəlirdi. Qatar bir müddət hərəkətsiz gözlədi. Gecənin qaranlığında fit səsi bir-birinə qarışdı. Sonra qatar yırğalandı və getməyə başladı.

Yelena oyandı. Şahzadə yatırdı, ağzı qapqara zağa kimi açılmışdı. Alman cütlük getmişdilər. Kişi üzünü paltosu ilə örtmüş, yuxulayırdı. Ayaqlarını həddən artıq qabağa uzatmışdı.

Yelena qurumuş dodaqlarını yaladı və əzgin-əzgin alnını ovuşdurdu. Birdən səksəndi: üzüyü dördüncü barmağında yox idi.
Bir müddət tərpənmədən boş əlinə baxdı. Sonra ürəyi çırpındı, dəli kimi oturduğu yeri, döşəməni axtarmağa başladı. Gözləri kişinin dizlərinə sataşdı.

“Ay aman, tanrım, hə də, yəqin ki, üzük restoranda qolumu bu heyvərənin əlindən xilas olmaq üçün dartanda düşüb”.

Cəld kupedən çıxıb, əllərini yana açaraq, bir o tərəfə, bir bu tərəfə yırğalana-yırğalana,  gözyaşlarını boğa-boğa, bir vaqondan digərinə keçirdi. Axırıncı vaqona çatdı və qapının dalında havadan, boşluqdan, qaranlıq səmadan və uzaqlaşdıqca gözdən itən şalbanlardan başqa heç nə görünmürdü.

O, səhv elədiyini və əks tərəfə getdiyini düşündü. Hönkürərək geri qayıtdı.

Düz yanında, tualetin qarşısında növbətçi tibb bacısına oxşayan qoca, balacaboy, boz önlüklü və qolu sarğılı bir qadın durmuşdu. Əlində içi fırçalı vedrə var idi.

“Restoran olan vaqonu ayırdılar, – köks ötürərək balacaboy qoca qadın dedi. – Kölndən sonra başqa vaqon qoşacaqlar”.

Stansiyanın anbarında qalan vaqon bir də sabah səhər Fransaya gedəcəkdi; ofisiantları hər tərəfi təmizləyir, masa örtüklərini yığırdılar. Lujin işini qurtarıb, kupenin dəhlizində qapının girişində dayandı. Stansiya qaranlıq və kimsəsiz idi. Bir az uzaqda rütubətli gecədə boz dumanın arxasında bir işıq parlayırdı. Sel kimi axan relslər az-maz işıldayırdı. Buterbrod yeyən qoca qadının ona niyə belə dərin təsir etdiyini heç cür anlaya bilmirdi. Özü üçün hər şeyi aydınlaşdırmışdı, təkcə bu qara nöqtədən başqa.

Qırmızısaçlı, itiburunlu Maks da dəhlizə çıxdı. Yerləri silirdi. Küncdə qızılın parıltısını hiss etdi. Əyildi. Bu, üzük idi.  Tez onu jiletinin cibində gizlətdi və o dəqiqə də ətrafına baxdı ki, kimsə bu hərəkətini görüb, ya yox. Lujin tərpənmədən qapıdan çölə baxırdı.

Maks ehmalca üzüyü çıxartdı, solğun işıqda üzüyün içinə işlənmiş sözləri və rəqəmləri görə bildi. Yəqin çincə yazılıb, deyə düşündü.
Əslində isə  kiril əlifbası ilə “1-VIII-1915. ALEKSEY” yazılmışdı. O, üzüyü yenidən cibinə qoydu.

Lujin çiyinlərini çəkdi. Sakitcə vaqondan düşdü. Əks tərəfdəki relslərə doğru hərəkət etməyə başladı; yerişi sakit, rahat idi, elə bil gəzintiyə çıxmışdı.

Rels boyunca hərəkət edən bir qatar guruldayaraq stansiyaya girdi. Lujin  platformanın kənarına gəlib aşağı tullandı.

Ayağının altındakı çürük şalban cırıldadı.
Lokomotiv bir göz qırpımında acgözlüklə üstünə sıçradı. Hər şeydən xəbərsiz Maks xeyli uzaqda xətt boyunca uzanan işıqlı pəncərələri izləyirdi.

“Ustad” jurnalının 5-ci sayından