Taleyin izləri

279 Baxış


Lətif Şüküroğlu 2Lətif Şüküroğlu

Taleyin izləri

“Taleyin izləri” kitabı avtobioqrafik xarakter daşımaqla, müəllifin uşaqlıq və gənclik xatirələri əsasında yazılıb. İlk sevgi, ilk dostluq, yurda, torpağa bağlılıq duyğularını yaddaş süzgəcindən keçirərək oxucuya çatdırmağa çalışan müəllif şahidi və iştirakçısı olduğu real həyat hadisələrini bədii publisistikanın dili ilə təsvir edib. Süjetin real həyatdan götürülməsinə, müəllifin əsasən yaxından tanıdığı insanların yaşantılarından bəhs etməsinə baxmayaraq, əsərin bir neçə personajının bədii obraz səviyyəsinə qaldırılması onu sırf avtobioqrafik xarakterli olmaqdan çıxarmışdır. Senet.az əsərdən ilk hissəni oxuculara təqdim edir. 

Yurd yeri

Köhnə məzarlığa çatıb ayaq saxladıq. Buradan Dərəli kəndinin və yaxınlığında yerləşən Qazançı kəndinin evləri oyuncaq qutular kimi görünürdü. Sanki ən hündür ağacları belə balacalaşdırıb miniatür formaya salmışdılar.

Dağlara doğru uzanan cığırla üzüyuxarı qalxdığımız bu yer dağ döşündə kiçik bir düzənlik kimiydi. Eni-boyu vur-tut əlli-altmış addım olardı. Ərazisinin dörd bir yanını ot basmış bu yerin vaxtilə məzarlıq olduğu yalnız qeyri-adi uzunluğa malik bir neçə qəbir daşından bəlli idi. Bu qəbir daşlarının dəqiq yaşı bir yana, sayını müəyyənləşdirmək də asan deyildi. Altındakı torpaq çökdüyündən onların bir neçəsinin üstündə isə iri çatlar əmələ gəlmiş, əksəriyyəti müxtəlif hissələrə parçalanmışdi. Yüz, bəlkə də min illər ərzində yağışın-qarın, dağlardan qopub gələn daşın-çınqılın təsirindən əvvəlki görkəmindən əsər-əlamət qalmayan bu qəbir daşlarının altında kimlər yatır? Kimliklərini dəqiq bilməsək də, bu insanların indiki ölçülərlə azı iki metr boyu olduğu yəqindir. Vaxtilə sal qaya parçalarından yonulub düzəldilmiş bu daşların bəzilərinin uzunluğu 3 metrə yaxın idi. Dostum Nəsiman tən ortadan bölünmüş bir qəbir daşının yan-yörəsinə səpələnmiş və üstünü ot basmiş daş parçalarını diqqətlə nəzərdən keçirib:

-      Yəqin bunlar baş daşından qopub, – dedi.

Məzar yerindəki qəbir daşlarının eninin metr yarım, uzunluğunun az qala 3 metrə çatması dostumu heyrətə gətirmişdi.

- Görürsən də, babalarımız necə kişilər olublar? Belə kişilərin qarşısında düşmən dayana bilərdimi?

Mənim sözlərimdə qürurla yanaşı, bir az təkəbbür də sezmək olardı. Bununla sanki «görürsən də, mən necə kişilərin nəvəsiyəm», deyirdim. Nəsiman bunu sezsə də, üstünü vurmadı, hələ sözümə  qüvvət də verdi: «Mən indiyədək belə iri qəbir daşları görməmişəm», dedi.

Əslində bunlar  sinə daşları idi. Əksəriyyətinin rəngi günəşdən, yağışdan boz-bulanıq, bir qədər də göyümtül rəng almış bu daşların materialı da qəribə idi. Qaya parçalarından qoparıldığı şübhə doğurmasa da, üstündəki ovuntu izləri onları müasir dövrün betonuna oxşadırdı. Ancaq kənarlarındakı çapıqlardan, ovuntu parçalarından onların nə vaxtsa sal daş olduğu aydın görünürdü. Bu daşların qədim qoç fiqurlarının yonulduğu materialın eynisi olduğunu demək olardı. Bəziləri tamamilə çökmüş, üstünü torpaq örtmüşdü.

Sinə daşları ilə müqayisədə baş daşları elə də böyük deyildi və üstündəki yazılar çoxdan silindiyindən adi çapıqlar kimi görünürdü. Bu daşların bir neçə kilometr aralıdakı Xustubun qayalıqlarından çapılıb gətirildiyini və burada ustalar tərəfindən yonulduğunu söyləyirdilər. Deyilənə görə, hər dəfə daş lazım olanda bütöv qaya parçaları kəndirlə sarınıb  at-ulaqla  buraya gətirilib və burada yonularaq hərəsindən bir neçə sinə daşı hazırlanıb.

Vaxtilə məzarlıqdan bir az yuxarıda yastana bənzər ərazidə yerləşmiş qədim yurd yerlərindən isə ara-sıra gözə dəyən  torpaq kahalardan başqa əsər-əlamət qalmamışdı. Bu kahaların, kiçik yarğanlara oxşayan uçqunların nə vaxtsa yurd yerləri olduğu yəqin idi. Biz burada xeyli dayanıb ətrafa, həm aşağıya, həm də yuxarıya doğru uzanan, baxdıqca göz oxşayan mənzərələrə tamaşa etdik. Dərə yuxarı qalxan hava axını heç bir ağacın bitmədiyi  bu ərazidə xoş sərinlik yaratmışdı. Yay vaxtı, hələ günəşin batmasına neçə saat qalmasına baxmayaraq, burada isti hiss olunmurdu. Əksinə, yay günəşi hələ yüksəkdə olsa da, adamın canına qəribə bir sərinlik yayılır, ətrafdakı dağ çiçəklərinin, otların ətri bir-birinə qarışıb məstedici bir ovqat yaradırdı. İkimiz də otların üstündə oturub gah aşağıdakı kəndlərə, gah da üzüyuxarı uzanan cığırın dolana-dolana qalxdığı yaşıl donlu dağlara baxırdıq. Buranın yurd yeri kimi seçilməsi yəqin sahənin bir az yastana bənzəməsi və yüngül havası ilə bağlı olub. Hava o qədər yüngül idi ki, hər nəfəs aldıqca ciyərlərinin bir an içərisində təmiz hava ilə necə dolmasını hiss edir, qollarını açıb uçmaq istəyirdin.

Dərəlidən xeyli aşağıda iki dağ arasında, günəş işığında bəyaz xətt kimi görünən Oxçu çayı uzanıb gedirdi. Öz başlanğıcını Qazangöldən götürən Oxçu çayı dağ bulaqlarının sularını cəmləyib Araza qovuşdurur. Qıvrılmış ilana oxşayan çayın suları günəş şəfəqlərini əks etdirdikcə, elə bil ətraf dağların üzü gülürdü…

Həmin gün kəndə çox gec qayıtdıq. Hava artıq qaralmışdı. Yolboyu hər ikimiz daha çox susduq. Bəlkə də qədim yurd yerindən aldığımız təəssüratı azaltmaq istəmirdik. Ancaq hər ikimizin eyni şeylər haqqında düşündüyü şübhəsiz idi.

Ertəsi gün və sonrakı həftə baş verənlər də həmin günün təəssüratını azalda bilmədi. Əksinə, qədim yurd yerində gördüklərim gözlərim önündən bir an belə çəkilmir, günlər keçdikcə sanki daha canlı şəkil alırdı.

Görəsən,  o torpaqların əsl sahibləri olan babalarımızın varlığını, nə vaxtsa həmin ərazilərdə yaşadıqlarını sübüta yetirən məzar daşları indi yerində dururmu? Buna ümidim azdır. Tarixin bir parçası olan minlərcə yurd yerimiz kimi həmin yurdun son nişanələri ya çalınıb, ya dağıdılıb, izlərimiz itirilməyibmi? Yadların tapdağında son daş parçalarının da ovulub torpağa qarışmadığına, ya da məqsədli şəkildə yox edilmədiyinə kim zəmanət verə bilər?

Bu üzücü düşüncələr içində qovrularkən bir fikir bütün varlığıma hakim kəsildi. Dünənimiz bizdən asılı olan və olmayan səbəblərdən itirildi. Dünəni nə vaxtsa bərpa edə biləcəyikmi? Bu sualın cavabı da qaranlıq qalır. Bəs dünənimizdən sabaha gedən bugünümüz? Hər birimizin, hər bir ailənin, nəslin, kökün keçmişdən başlanan bugünü. Bunu ki, hələ itirmədən hansı şəkildəsə, ən azı fərdi yaddaş süzgəcindən keçirib sabaha ünvanlaya bilərik. Qoy bir ailənin, bir nəslin tarixçəsi olsun. Hətta lazımi qədər cilalanmasın. Eyib etməz. Zamanı gələndə bu parçaları toplayıb bütövləşdirmək olar, yaxud buna cəhd göstərən başqa biri tapılar. Ancaq parçalarsız bütöv mövcud olmadığı kimi, heç nədən nəsə yaratmaq da mümkün deyil. Təkcə buna görə bir nəslin hələlik yalnız kiçik bir dairəyə məlum tarixini yaddaşdan kağıza köçürməyə qərar verdim. Və beləcə hekayə başladı. Bir nəslin taleyindən keçərək neçə insanı doğmalaşdıran, yaxınlaşdıran bu hekayənin nə ilə qurtaracağı hələ yəqinləşməyib. Yalnız o məlumdur ki, haqqında söhbət açacağım adamların hamısı real həyatdan gəliblər. Bəlkə bu cəhət bir qədər ideallaşdırıldığına baxmayaraq, onları sizlərə yaxınlaşdıra bildi.

Yəqin hər şeyi lap əvvəldən, uşaqlıq illərindən başlamaq daha doğru olar. O  illərdən söhbət açarkən köməyimizə çatan ən sınanmış vasitə, yəqin ki, ilk sevgi xatirələridir. Çox az adam tapılar ki, uşaqlıq dövründə bu gözəl hissləri yaşamasın, yaxud yaşadığını güman etməsin. Bizim hekayəmiz də bu cür  sevgi əhvalatı ilə başlayır.

… Hər gün dərsdən evə birgə  gələrdik. Qonşu sayılmasaq da, evlərimiz bir-birindən o qədər də uzaq deyildi. Hər dəfə “Daha buradan qayıt, qalan yolu tək gedərəm” desə də, onu darvazalarına qədər ötürərdim.  Bəzən darvazadan da içəri keçər, üzüm tənəkləri ilə yarıörtülü həyətlərinin yarısına qədər gedərdim. Asfalt yolun istisindən kölgəli və sərin bir yerə düşməyim sanki qəlbimə rahatlıq gətirərdi. Hərdən yayın qızmar günlərində, tətildə olduğumuz vaxtlarda da bir bəhanə tapıb bu həyətə gələr, evin qənşərinə qədər keçib, kimsəni görməyəndə astadan onu səsləyərdim. Bilirdim ki, özü olmasa da, evin birinci mərtəbəsində yerləşən mətbəxdə biş-düşlə  məşğul olan anası eşidəcək. Belə vaxtlarda anası adəti üzrə çölə çıxıb: “Niyə gəlmirsən? Orda günün altında durma, keç içəri, indi çağıraram”, deyərdi.

Mənsə utandığımdan rəng verib, rəng alardım. Düşünərdim ki, yəqin nə məqsədlə gəldiyimi bilir, ancaq özünü o yerə qoymur. O zaman mənə elə gəlirdi ki, ata-anası bu bəhanəli gəlişlərin səbəbini çoxdan hiss ediblər. Hələ bəlkə özündən böyük qardaşının da xəbəri var. Sadəcə, bizi uşaq saydıqlarından  özlərini o yerə qoymurlar. Hələ 15 yaşı tamam olmamış uşaqların münasibətlərini ciddiyə alan kimdir? Sinif yoldaşı, üstəlik,  qapıbir də olmasa, qonşuyduq. Burada başqa nə ola bilərdi ki? Başı öz işinə, ailəsinə qarışmış valideynlərin belə məsələlərə heç əhəmiyyət vermədiklərini, ona adi bir şey kimi baxdıqlarını mən sonralar dərk etdim. O vaxtsa hərəkətlərimi öz aləmimdə saf-çürük edir, uydurduğum bəhanələrin bacardıqca inandırıcı olmasını düşünür, onunla birlikdə olduğum dəqiqələrin tez bitməsini istəmir, bir yandan da bunun həddindən artıq uzanıb diqqət cəlb etməsindən çəkinirdim.

Anasının, ya da kiçik qardaşlarının onu çağırmaq üçün ikinci mərtəbəyə qalxıb aşağı düşməsinin bir neçə dəqiqə çəkməsinə baxmayaraq, bu dəqiqələr mənə bir gün qədər uzun gələrdi. Gözümü günəş şəfəqlərindən bərq vuran üzüm salxımlarına, ya da həyətin ön tərəfində əkilmiş qızılgül kollarına zilləyib durardum. Ətrafı yayın qorabişirən vaxtlarına qədər yaşıl otlarla dövrələnmiş qızılgül kolları iki cərgədə səliqə ilə əkilmişdi. Günəş əyilən vaxt üstünə evin kölgəsi düşən bu kollardan aşağıda müxtəlif meyvə ağacları sıralanmışdı. Bütün bu mənzərəni isə həyətin o biri başında hasarın lap dibində əkilmiş qoşa qoz ağacları və sərv tamamlayırdı. Boyu qoz ağaclarından da hündürə qalxmış bu sərvin uzunsov kölgəsi günün ilk saatlarında ta qızılgül kollarına qədər uzanırdı. Ancaq, nədənsə ailə yay istirahəti vaxtlarında çay süfrəsinə bu sərvin deyil, qoşa armud ağacının altına yığışardı.

Yadımdadır, bir dəfə böyük qardaşı məni zorla stolun yanına dartdı. Oturub bir stəkan çay içməyə məcbur qaldım. Bu çayı necə içməyimi, qəndi qabdan necə götürməyimi, dünən olmuş kimi xatırlayıram. Utandığımdan, ya mənə göstərilən gözləmədiyim diqqətdən elə çaşıb qalmışdım ki, ilk dəqiqələrdə stəkanı əlimdən salıb qıracağımdan ehtiyat edərək, onu bərk-bərk sıxmışdım. Çayın istiliyi əlimi yandırırdı, amma stəkanı yerə qoymağa cürət etmirdim. Çayı isti içməyə vərdiş etsəm də, bu dəfəki qədərindən artıq isti idi.

- Niyə qənddən, konfetdən götürmürsən? Utanma, başqa yerdə deyilsən ki…

Bunu anası dedi və hər iki qabı mənə tərəf çəkdi. Bayaqdan qənd götürmək üçün əlimi stolun tən ortasına necə uzadacağımı fikirləşib qalmışdım. Anasının bu yardımı lap yerinə düşdü və məni çətin vəziyyətdən çıxardı. Bayaqdan iki-üç qurtumunu şəkərsiz içdiyim çayı yerə qoydum. Bunu etməyin daha düzgün, başlıcası, təhlükəsiz olduğunu düşünmüşdüm. Birdən əlim özümün, ya kiminsə stəkanına ilişsə, onda necə?!

Şəkərdən birini götürüb, o biri əlimdə saxladığım çaydan daha bir qurtum içdim. Elə bil, çayın istisi birdən-birə yoxa çıxmışdı. Sanki içimə sərin su axdı. Bədənimin, daha çox da alnımın tərləməkdə olduğunu hiss etdiyim vaxtda bu sərinlik mənə sanki bir rahatlıq gətirdi. Bunun səbəbinin ağacların yarpaqlarını astadan xışıldadan sərin meh olduğuna özümü inandırmağa çalışsam da, əslində səbəb gərginlikdən qurtarmağım idi. Ürəyimin dərinliyində bunun məhz belə olduğunu yaxşı bilirdim.

…Saata baxdım. İlk cümləni yazdığım vaxtdan  iki saata yaxın keçmişdi. Yuxum gəlməsə də, yatağa uzandım. Daha gecdir, sabah işə getməliyəm, fikirləşdim. Sonra yatıb qalaram. Ancaq nə qədər çalışsam da, yuxuya gedə bilmədim. Gözlərimi zorla qapayıb otağın və bayırın səssizliyinə qulaq kəsilərək yuxuya getmək istədim. Bu cəhdim də boşa çıxdı. Səhəri unuda bilmədiyim xatirələrlə baş-başa, dirigözlü açdım.

İlahi, nələr keçmədi yaddaşımdan. Ona ilk dəfə ürəyimi açdığım vaxtdan tutmuş, adının baş hərflərini onu sevdiyimi bildirən şeirimə və daha əvvəl yazdığım ilk şeirlərimə qədər. Qafiyə xatirinə yazılmış, sonluqları zorla bir-birinə uyğunlaşdırılmış bu misra yığımına seir demək olmazdı. Doğrudan da, şeirə bənzər bu söz yığınları yarandığı və ünvanına çatdığı gündən etibarən ömürlərini başa vurur və tez də unudulurdu. Ancaq keçmişin kövrək xatirələri hopmuş bu səmimi misralar indi mənə daha əzizdir. Məna yükü az və şeiriyyətdən nə qədər uzaq olsalar da. Təəssüf ki, onların əksəriyyəti yadımda qalmayıb. Bəzən köhnə kağız-kuğuzun içərisindən çıxan bu cızma-qaraları nə vaxtsa yazdığıma da inanmağım gəlmir.

Ancaq sonrakı illərdə bu misralar bir qədər şeirə oxşamağa, təkcə onların ilk oxucusu olan dostumun deyil, başqalarının da xoşuna gəlməyə başlamışdı. Artıq hiss edirdim ki, bu şeirlərin misralarına həqiqi sevginin məsumluğu hopub. Həmin seirlərdə bu gün də dönə bilmədiyimiz günlərin həsrəti kimi içimizi ovunduran bir həzinlik duyulurdu. Bu qənaətdəyəm ki, bunda mənim böyük həvəslə oxuduğum kitabların da təsiri az olmamışdı. Ancaq mən onda bu fikirdəydim ki, yazdığım şeirlər tam orjinaldır və onları hamı bəyənməlidi. Bu fikrimi bir qədər də qüvvətləndirən iki hadisədən sonra isə özümü əsl şairlərin cərgəsində hiss edirdim. Ancaq bir neçə il sonra nəinki şeir yazmağın daşını atdım, hətta dostlardan birinin gələcəkdə ortabab şair olmaq istəyinin üstündən xətt çəkilməsinə də səbəb oldum. Artıq oxucuya tanış olan Nəsiman adlı həmin dostumun orta məktəbin sonuncu sinfindən başlayaraq mənə göndərdiyi (onda artıq tələbə idim) kövrək şeirləri bacardıqca amansızlıqla tənqid edir, şeiri buraxıb dərslərini oxumağa daha çox fikir verməsini tövsiyə edir, təsiri bir az da artsın deyə, Müşfiqin ölməz misraları ilə onu bu yoldan çəkindirməyə çalışırdım. Əlbəttə, dostumun bu misralardan xəbəri vardı. Və onun üzündə öz cızma-qaralarını şeir adlandıranlardan fərqli olaraq, həya da vardı. Bu tənqidlər təsirsiz ötüşmədi, o da mənim kimi “şairliyin”  daşını atdı.

Ona yazdığım məktublarda özümü az qala Belinskinin yerinə qoyur, ən kəskin, ən amansız ifadələr işlədirdim. Necə deyərlər, dostumun şeirlərinin daşını-daş üstündə qoymurdum. Sonralar həmin günləri yada salanda hər ikimiz ürəkdən gülürük. Nəsiman özü bu barədə yarızarafat etiraf edir: “Yaxşı ki, o vaxt məni dayandırdın. Yoxsa, poeziyaya fayda vermək bir yana, düz-əməlli bir işin qulpundan da yapışmayacaqdım”.

Bu etiraf mənə xoş gəlsə də, onun şairlikdən  tam uzaqlaşmasında mənim tənqidlərimin həlledici rol oynadığına indi əmin deyiləm. Bəlkə də inanmıram desəm, daha doğru olar. Çünki o özü də tez, ya da gec bu fikrə gəlib çıxacaqdı. Mənim kimi, yüzlərlə, minlərlə soydaşımız kimi. Oxucu məni bağışlayar ki, bu fikirlərlə onu yoruram. Axı, gəncliyində kim şeir yazmayıb?

Qəribədir ki, mənim sairliyimə ilk qiyməti bizə fizikadan dərs deyən Firudin müəllim vermişdi. Dərsdə dostumun mənə uzatdığı dəftəri görüb, uzun boyundan daha çox arıq sifətinə uyğun gələn səsi ilə: “O nə dəftərdir?”, dedi.

Firudin müəllim yaşı hələ 35-ə çatmamış, uzunboylu, qara bığlı, cavan və yaraşıqlı bir kişi idi. Sonralar öyrəndik ki, o özü də gəncliyində şeir yazıb və poeziya vurğunudur. Yaxşı mütailəsi olduğundan rus və dünya ədəbiyyatından da xeyli məlumatı vardı. Azərbaycan poeziyasına isə yaxşı bələd idi. Dəftəri məndən alıb vərəqləməyə başladı:  “Ə, fizika dərsi şeir oxumaq yeridi? Bunları kim yazıb?”– deyə əvvəl dostumu, sonra məni, daha sonra da bütün sinfi acıqlı-acıqlı gözdən  keçirdi. Yaxşı ki, mən də, sonralar dəqiq elmləri seçən dostum da fizikanı sinifdə, bəlkə də məktəbdə yaxşı bilənlərin cərgəsində idik. Müəllim bir-iki şeir oxuyub (bunu dəftərin vərəqlərinin çevrilməyindən və gözünün səhifələr boyu hərəkətindən bilmək olurdu) dəftəri örtdü.

-       Ə, niyə dinmirsiniz, bu seirləri kim yazıb?

Hamı susmuşdu. Müəllim bir də sualı təkrarlamaq istəyirdi ki, uşaqların boşboğaz kimi tanıdığı yoldaşımız əli ilə məni göstərdi. Həmin gündən başlayaraq az qala hər fizika dərsində müəllim ilk 5 dəqiqəni mənim şeirlərimə ayırırdı. Hər dəfə də:

-   “Ə, təzə bir şey yazmamısan?”– deyə soruşur, təzə şeir olanda ya özü oxuyar, ya da mənə verib: “Şair öz şeirini daha yaxşı oxuyar”– deyərdi. Beləliklə, mən qısa bir zamanda əvvəl sinfin, sonra da bütün tanıyanların “şair”inə çevrildim.

İkinci hadisə  ədəbiyyat dərsində baş verdi. Nə qədər qəribə olsa da, ədəbiyyat müəllimimizin poeziyanı sevdiyini deyə bilmərəm. 60 yaşını haqlamaqda olan ağsaçlı müəllimimiz barədə məndə bu qənaəti yaradan onun hansısa şairin yaradıcılığını keçərkən quru statistikanı xatırladan qeydlərlə kifayətlənməsi idi. Yaradıcılığından bəhs etdiyi şairlərdən şeir deməsini də kimsə eşitməmişdi. Bütün bunlara baxmayaraq, yaşlı müəllim məni şeir yazmağa daha da ruhlandırmaq üçün yazdıqlarımı təriflədi.

“Fikir var, bir az da üstündə işləsən, nəsə çıxar. Sınıfdan-sınıfa seirlərin də püxtələşər”, dedi. O köhnə adamlar kimi sinif sözünü həmişə “sınıf” kimi tələffüz edirdi.

Mən sonralar onun da bəyəndiyi bir neçə şeirimi “Ulduz” jurnalına göndərmiş və oradan ümidverici məktub da almışdım. İndi dünyasını dəyişmiş şairimiz həmin məktubu: “Yaxşı olar, daha çox öz hisslərindən, duyğularından yazasan”, cümləsi ilə bitirmişdi. Mənim redaksiyaya göndərdiyim şeirlərimdən ikisi öz aləmimdə guya daha aktual hesab etdiyim ictimai mövzularda idi. Etiraf edim ki, göndərdiyim seirlərdən yalnız biri məhəbbət haqqında idi və mən onu zamanın ruhuna uyğun hesab etmirdim.

Nə gizlədim, heç olmasa bir şerimin bu jurnalda dərc olunmasını istəyirdim. Guya bununla da yol açılacaq, əksər qəzetlər, hətta “Azərbaycan” jurnalı da şeirlərimi dərc edəcək, az sonra kitabım çap olunacaqdı. O vaxtlar ölkədə indiki kimi qəzet və jurnal bolluğu yox idi. Cəmi 7-8 mərkəzi qəzet, 5-6 da jurnal çıxırdı. Bunların arasında da poeziyaya ən çox yer verəni adını çəkdiyim iki jurnal və “Ədəbiyyat və incəsənət” qəzeti idi. Şeirlərimdən biri “İnan” rədifli qoşma, digəri isə adsız idi. “İnan” bu misralarla bitirdi:

Hər bağda, bağçada gəzmə maralı,

Maral gəzən yerlər daşlıdır, inan.

 

O biri şeirdən isə iki bənd bütöv yadımda qalıb:

 

Uç, uç “Fatma nənə” babamı gətir,

Davaya gedəndir, dönməyib geri

Axı nə biləydik, “Fatma nənə”miz

Gözü yolda qoyub üzür bizləri.

 

Uç, uç “Fatma nənə” atamı gətir,

O yazıq ömründə bir gün görmədi.

Biz “Fatma nənə”ni yenidən tapdıq,

Fəqət, atamızı heç kim görmədi.

 

Ardı var….