“Tamara de Lempiçka kimdir?” – Aytəkin Miriş

74 Baxış

tamara-de-lempicka-verona-palzzo-forti

Senet.az oxucularına Ustad jurnalından Aytəkin Mirişin “Tamara de Lempiçka kimdir?” adlı yazısını təqdim edir.

Modernizmin ikonu kimi göstərilən nadir qadın sənətçilərdən olmağı bacarmış, dövründə olduğu kimi, bu gün də işlərinə böyük maraq göstərilən, Chanel, Louis Vuitton, Max Mara və Armani kimi brendlərə ilham verən, hətta Madonna, Cek Nikolson, Barbra Streyzand kimi bir çox Hollivud ulduzlarını da əsərlərini almaq üstündə qırğına sövq edən, ağ əlcəkli, yaşıl donlu qadındır Tamara de Lempiçka.

Polşalı rəssam Lempiçka çətinliklərlə dolu həyatına rəğmən, özünə soyadının da bizə xatırlatdığı kimi işıqlı bir dünya yaratmağı bacarmışdır. Varşavada dünyaya gəlib, İsveçrədə internat məktəbində oxuyub. 12 yaşında valideynləri boşandıqdan sonra xalası ilə Sankt-Peterburqda yaşayıb. Sənətlə isə İtaliya və Fransaya səyahətləri zamanı tanış olub. Tanışlıq sevgi ilə nəticələnmiş və xanım qız rəssamlığa aşiq olmuşdu. Sənət tarixində iz qoymuş rəssamların rəsmlərini gördükdən sonra bir küçə rəssamına çəkdirdiyi şəkli bəyənməyib: “Mən daha yaxşı çəkə bilərəm”, – deyərək şəkli cırmışdı. 13 yaşına görə çox iddialı bir cümlə olduğunu deyirsinizsə, mən də: “Ooo bu hələ harasıdı?”– cavabını verirəm.

18 yaşında soyadını götürdüyü bir rus vəkil ilə evləndi. Əri Bolşevik çevrilişi zamanı həbs olunanda bu balaca qız yaşından böyük işlər gördü, düzgün kontaktlar tapdı və ərini xilas etdi. Parisə yerləşən cütlük maddi problemlər yaşadı, üstəlik rəssamın məşhur tablolarına modellik edən Kizette adlı qızları dünyaya gəldi. Lempiçkanın rəsm bacarığı tezliklə özünü göstərdi. Andre Lhote, Mauris Denis kimi rəssamlardan dərs aldı. Lempiçka xanımın özü kimi sənətə baxışı da fərqli idi. 13 yaşındakı iddialılığı hələ də aktuallığını saxlamışdı. O, rəsm çəkəcəkdisə, çəkdiyi iş yüzlərlə rəsm arasından seçilməli, rəsmin ona aid olduğu baxan kimi məlum olmalı idi. İmpressionistlərin əsərlərini maraqsız hesab edirdi, kubistləri isə olduqca çılğın. Onun rəsmləri zərif və aydın olmalı idi. Daha çox memarlıqda istifadə olunan Art-deko onun rəsmlərini ən yaxşı ifadə edən cərəyan oldu. 1925-də Milanda ilk sərgisini keçirən Tamara 6 ay içində çəkdiyi 28 portretlə ildırım sürəti ilə yüksək cəmiyyətə daxil oldu və portret sahəsində modaya çevrildi.  Həmin illərin yaşam tərzi olan bohem həyatı onu da ağuşuna aldı, nə də olsa Pikasso, Jan Kokto, Andre Gide kimi dostları vardı. Sənətində iddialı olsa da, tez təsirə düşən qız bir müğənni qadınla Frida Kahlosayağı münasibətdə olduğu üçün Lempiçka əri tərəfindən tərk edildi.

Без названия

  “Kizette in Pink” (1926)

Bohem həyata alışan Lempiçka anasının ona etdiyini qızı Kizetteyə etdi: onu internat məktəbində oxutdu. Qızına ayırdığı yeganə zaman onu model kimi istifadə etdiyi günlər idi. O günlərin birində Tamaranın çəkdiyi portretlərdən biri də “Kizette çəhrayıda”dır. Yəqin ki, bir yay günündə çəkilmiş şəkildə mənim ağ gördüyüm, amma əslində çəhrayı olan bir don ilə oturub sarışın Kizette. Əlində də bir kitab. Diqqət etsək, Kizettenin bir ayaqqabısı ayağında deyil və onu gizlətmək üçün digər ayağının arxasına söykəyib. Beləliklə ayaqları çarpazlaşıb. Bəzi tənqidçilər qızın çarpaz ayaqlarını ortodoks dünyasının önəmli ikonlarından olan “The Virgin of Tikhvin”dəki İsanı, əlindəki kitabınsa müqəddəs kitabı simvolizə edə biləcəyini qeyd edirlər. Əsasən məsumluğu ifadə etdiyi bu kimi bir qrup portretləri sanki Lempiçka qızına qarşı olan layqeydliyini düzəltmək arzusu ilə çəkmişdir. (“Kizette on Balcony”, “Kizette Sleeping”, “Portrait of Barones Kizette” və s.)

Tamara Polyak qızı 1929-da Amerikaya bir sərgi üçün gedir və qazandığı ən böyük pulları orada qazanır. Lakin 29-cu ilin böhranı Tamaranı və onun pullarını məyus edir. Eyni ildə onun başına gəlməyən hadisə qalmadı. Amma Tamara bundan da işıqlı gələcəyə çıxa bilir və tabloları artıq muzeylərdə sərgilənməyə başlayır. 1933-cü ildə Çikaqoya gedib George O’Keefe, S.Delgado, W.Kooning ilə birgə işləyir. Eyni ildə onu bohem həyatından çıxarıb təkrar aristokrat həyata atan Baron Kuffer ilə evlənir və Hollivuda köçür. Burada Tamara ulduzlar arasında tanınaraq daha da məşhurlaşır və ərinin ölümündən sonra qızı ilə birgə Meksikaya köçür. 1980-ci ildə yuxuda olarkən vəfat edən Tamara Lempiçkanın külləri öz arzusuna uyğun vulkana səpilir.

Neokubist hesab olunan Lempiçkanin rəsmlərində rənglər, adətən, sadə və bir-birinə çox yaxın tonlarda olur. Qadınları hərdən hüznlü, erotik olsa da, o, güclü, maskulin portretləri ilə yaşadığı dövrün – cazz dövrünün qadınlarını, onların psixoloji və sosial vəziyyətlərini çatdıracaq dərəcədə ustalıqla təsvir edir. 1925-ci ildə azad qadın imajı yaratdığı  portretlərdən biri və ən güclüsü olan “Yaşıl Buqattidə Avtoportret” rəsmini çəkir. Lempiçka burada özünü həmin vaxtların ən populyar maşını olan yaşıl Bugattidə təsvir etmişdir. Burada öz taleyini idarə edə bilən gözəl, azad, stil sahibi, avtomobilləri, lüksü sevən gözqamaşdırıcı qadın tipi yaradılmışdır. Amma rəsm həqiqətlə uzlaşmayan qurulmuş bir kompazisiyadır. Belə ki bu rəsm alman jurnalı “Die Dame”in redaktorunun tələbi ilə çəkilmişdir. Redaktor Tamaranın kim olduğunu bilmədən Monte-Karloda sarı Renault markalı maşında görür. Bu xanım avtomobilinə uyğun sarı paltardadır, azadlığını nümayiş etdirirmişcəsinə əda ilə redaktorun yanından keçir. Redaktor bu sarı Renaultun arxasınca düşüb Lempiçkaya çatır və jurnalın üz qabığında yayınlamaq üçün rəsmini çəkməsini istəyir. Elə o vaxtdan bəri də sarı Renaultu niyə yaşıl Bugattiyə çevirdiyini heç kim bilmir. Rəsmlərində zərifliyə çox önəm verən rəssam ya heç sahib olmadığı Buqattiyə özünü daha çox layiq görüb, ya da yaşıl rəngi rəsmə daha çox yaraşdırıb. Həmçinin başqa yöndən baxsaq, burada əsas olan Bugatti ilə qadın arasında yaradılan münasibətdir. Rəsmi haqqındakı bu fikri bir də öz dilindən oxusaq:  “Mən həmişə avtomobil kimi bahalı, stil sahibi və gözqamaşdırıcıyam, avtomobil də mənim kimi…”

 “Yaşıl Bugattidə avtoportret” (1925)

Bu tablo artıq modern qadın üçün bir simvola çevrilmişdir. Bu kompozisiya, onun vermək istədiyi qadın imajı o qədər güclüdür ki, illərlə və hətta bu gün də bir çox jurnallarda, moda dərgilərində, feminist yazılarda istifadə edilməkdədir. Öz həyatının izlərini rəsmlərində tapdığımız Lempiçka çəkdiyi qadın tiplərindəki cazibədar, özünə güvənən qadınla yanaşı qızına aid rəsmlərindəki məsumiyyət və şəfqət kimi həyatında əskik olan duyğuları da əks etdirir.

Ən gözəl əsərləri portretləri sayılsa da, onlardan başqa natürmortları da olduqca uğurludur. İstər boya istifadəsindəki ustalığını, istər işlətdiyi xüsusi boru şəkilli qollar, ayaqlar, sadə cizgilər, əlvan parçalar, şəhər fonları kimi obyektlərini, istərsə də illüstrasyonvari, geometrik rəsmlərini misal göstərsək, əminliklə deyə bilərik ki, Tamara Lempiçka arzuladığı özünəməxsus sənəti yarada bildi. Təbrik edirik! Təbriklərə Frensis Skott Fitscerald da qoşulur!

Mənbə: “Ustad” jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10