Tanımalı olduqlarımızdan biri – Həbib Fərşbaf

31 Baxış

esmira

Esmira Fuad (Şükürova)

Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, müasir Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərinin yaratdığı nəsr də böyük bir inkişaf yolu keçmişdir və bu nəsrin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, çeşidli estetik siyasi  nəzəriyyə-lərin  daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də Cənubi Azərbaycan nəsri öz formulunu yaradır və dünya ədəbiyyatında özünəməxsus yer tutur. Qeyd edək ki, Güney yazarlarının qələmə aldığı şeir və nəsr əsərlərinin ucdantutma hamısının yüksək bədii tələblərə cavab verdiyini deyə bilmərik. Lakin son illərdə Güney Azərbaycanda və xarici ölkələrdə yaşayaraq yazıb-yaradan yazarların bir-birindən fərqli nəsr əsərləri də diqqət çəkməkdədir. Araya-ərsəyə gətirilən bu nümunələrdə poeziyada olduğu kimi, əsas mövzular haqsızlıq və ədalətsizliklərə qarşı üsyan və vətən sevgisi, özgürlük, sürgünlük, ayrılıq, sevgi, həsrət, milli kimlik, əsarətə qarşı üsyan və etiraz­ və aydın gələcəyə güclü inam duyğularıdır. Mirzə Əbdürrəhman Talıbov, Fəthi Xoşginabi, Səməd Behrəngi, Qulamhüseyn Saedi (Gövhər Murad), Rza Bərəhani, Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa) kimi böyük nasirlərin yolunu bu gün istedadlı nasirlər Vali Gözətən, Əli Daşqın, Nasir Mənzuri, Rəsul Yunan, Ruqiyyə Kəbiri, Aqşin Ağkəmərli, Həbib Fərşbaf, Rəsul Məlikoğlu və b. davam etdirirlər.

Ümumiyyətlə, Şərqdə ta qədimlərdən günümüzədək poeziya daha çox inkişaf etmiş, möhtəşəm nəzm nümunələri yaranmış, şairlər zirvələr fəth etmiş, nəsr isə bir qədər kölgədə qalmışdır. Lakin XIX əsrin II yarısından başlayaraq Güney Azərbaycanda, eləcə də İranda kiçik həcmli nəsr əsərlərilə yanaşı, böyük həcmli, monumental romanlar da araya-ərsəyə gəlmişdir. Bu gün çağdaş Güney Azərbaycan nəsrindən danışanda, ilk xatırlananlardan biri Həbib Fərşbafdır. Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır, orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur. Laylasını dinlədiyi anasının dilində deyil, fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan balaca Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu əlaçı şagirdin həyat idealına çevrilir. Bu böyük sevginin güclü əsintisi içində də o, müəllim olmaq qərarına gəlir. “Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib arzusuna qovuşur, müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. Uzun illər müəllimlik kimi qutsal bir peşəni həyata keçirir, fars dilini tədris etməsinə baxmayaraq körpə fidanların tərtəmiz qəlbində Azərbaycan türkcəsinə də bir sevgi ocağı çatır. Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, körpə fidanların iç dünyasının zənginləşməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır. Fədakar müəllim gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün, Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır…” Xeyirxah, əməlisaleh, hünərvər bir müəllim kimi sevilən Həbib Fərşbaf bu gün də elin, obanın xeyir-şər məclislərində yaxından iştirak edir, insanların sevincli, yaxud kədərli günlərində onların yanında olur.

O, bütün bu ali keyfiyyətlərinə görə də xalqının dərin sevgisini, etimadını qazanmış, bölgənin ziyalısı kimi tanınmışdır…

İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.

Həbib Fərşbafın “Bir sevgi – bir ömür” kitabında toplanmış hekayələri haqqında qələmə aldığı dəyərli məqalədə çox dəyərli alimimiz, Filologiya elmləri doktoru Paşa Əlioğlu yazır: “Bu əsərlərin mövzusu həyatdan götürülüb, onlar yazıçının Azərbaycan kəndlərində müəllimlik etdiyi illərdə yazılıb. Burada uydurma heç nə yoxdur, müəllif elə bil ki, sənədlər əsasında tariximizi yazır. Ancaq hadisələrin nə zaman baş verdiyini qeyd etməkdən ibarətdir? Bəs insanın, vətəndaşın həyatda qarşısına çıxan çətinliklərlə mübarizə aparması, təslim olmaması, şəxsiyyətini qoruyub saxlamağa çalışması tarix deyil? Tarixin bu tərəflərinin yazılması daha çox yazıçıların üzərinə düşür. Yazıçıdan tələb olunan yalan yazmamaq, ancaq gerçəyi deməkdir. Bilə-bilə bəzi məsələlərin üzərindən sükutla keçmək elə ən böyük yalandır. H.Fərşbafın hekayələrində biz tariximizin müəyyən dövründə həyatı, şəxsiyyəti, mənliyi uğrunda mübarizə aparan Güney Azərbaycan türkünü, onun sevincini, kədərini, faciəsini görürük. Realist yazıçının əsərində, təbii ki, faciə daha çoxdur, lakin bu faciə mənən yenilməyən, təslim olmağı ağlına belə gətirməyən, ölümün gözünə gülə-gülə, dik baxan adamların faciəsidir”. Həbib Fərşbafın “Dörd qardaş” hekayəsini “Ustad”ın oxucularına təqdim edirik…

Yunan əsatirinə görə, yer üzərindəki birinci sayılan qadın Pandoranın bir sandıqçası var imiş. Bu sandıqçanı açmaq qadağan olunsa da, pandora əmrə itaət etməyib sandıqçanı açır və insanın bu günə qədər bütün çəkdiyi bəlaların hamısı aşkara çıxır. Ancaq sandıqçanın təkində insanın toxtaqlığı üçün, yalnız bircə ümid qalmışmış. Bir sıx meşənin dərinliyində həyat bütün gözəllikləri ilə öz axarında idi. Sular şır-şır axır, quşlar nəğmə deyir, ağaclar mucur-mucur baharlanırdı. Bura işıqlar dünyası idi..

Dörd yanar ocaq, dörd qardaş kimi bu meşənin dörd bucağında öz qızıl şəfəqləri ilə işıqlar dünyasının keşiyində dayanmışlar. Hər şey öz qaydasında idi.

Günlərin bir günü qaranlıq dünyasının hökmdarının yolu bu yerdən düşdü. O, işıqlar dünyasını görərkən qəzəbindən huşdan gedib, arxası üstə yerə sərildi. Ertəsi gün qaranlıq dünyasının hökmdarı, bütün qara qüvvələrini başına toplayıb işıqlar dünyasına hücuma keçdi.

Qara qüvvələrin hücuma keçən ilbis sevgiyə ölüm-deyə, böyük qardaş hədəf alıb, qapqara qandallarını dəhşətli bir səslə bir-birinə calaraq, qorxulu bir tufan qopardı. Sevgi şəfəqləri tufandan titrəsə də, hələ sevgi öz yerində möhkəm dayanmışdı. Bu döyüş üç min il davam etdi. Nəhayət, onlar dörd tərəfdən sevgini dövrələyib, onu tüstü ilə öz qardaşlarından ayırdılar.

Sevgi ocağı söndükdə işıqlar dünyası sarsıldı. İkinci hücumda iman ocağı, üçüncü həmlədə arzu ocağı da qara qüvvələrin önündə təslim oldular.

Sevginin imanın və arzunun işığı, hərarəti kəsildikdə suların və quşların nəğməsi də kəsildi. Beləcə də bütün çiçəklər solub, yarpaqlarsa birbə bir xəzəlləməyə uğradı. Qaranlıq get-gedə bütün gözəllikləri aradan aparıb, məhvetmə qərarına gəldi.

Nə yaxşı ki, ümid heç zaman qara qüvvələrin gözünə görünməyib, ürəyinə yol tapmır. Onlar bütün ocaqları sönmüş güman edib geri çəkilmişlər.

Artıq dördüncü üç min il gəlib çatdı. İşıqlıq hökmdarı dizlərini qucaqlayıb:

-Dövran belə gedərsə, qaranlıq bütün aləmə hakim olub, daha bir qığılcım da gözə görünməyəcək-deyə dərin-dərin düşündürdü.

Bu anda işıqlıq hökmdarı uzaqlardan gəlib qulağına çatan bir səsi eşitdi:

-Ayağa qalx! Oturmaq zamanı deyil. Mən hələ sönməmişəm. Məni əlinə al, sevgi və başqa qardaşlarımı yenə də alovlandır!

Ümid ocağından gələn bu səs onun ürəyində şölələnirdi. İşıqlıq hökmdarı dərhal ayağa qalxdı və ilk öncə sevgi ocağını, sonra isə iman və arzu ocaqlarını da yandırdı. Yenə bütün aləm nura boyandı. Hər şey öz qaydasına düşdü…