Tanış olmayan yazı

14 Baxış

Azad Qaradərəli

Senet.az “Ustad” jurnalının “Söz məkanı” bölməsində dərc edilən hekayəni təqdim edir.

 AZAD  QARADƏRƏLİ

Tanış olmayan yazı

 hekayə

 Sənin üçün

 

Əyildi. Sonra nə çarə elədi, qəddini düzəldə bilmədi. Niyə əyildiyinə özü də təəccüb etdi – həkimin yazdığı xəstəlik tarixçəsi yerə düşmüşdü. (Əslində bu, qiymətli kağızdır. Onun əsasında bir neçə aylıq maaş ala biləcək, amma daha bu da gözündə deyildi). Daha əyilmişdi deyin, götürdü. “Bayırda büküb ataram”, –  düşünüb, qəddini birtəhər düzəltdi.

Həkimin gözlərinə baxmamağa çalışdı. Elə bu gənc oğlan da ayrı yerə baxırdı. Baxışları sanki, – “mən niyə bu adama ürcah oldum axı, xəstəmi qəhət idi”, – deyirdi. Yaşlı olsaydı, bəlkə nəsə mızıldanar, mənasız sözlər də olsa, söyləyərdi. Amma bu çox gənc həkimdir. Bəlkə də yaxın günlərdə işə başlayıb, yaxud bəlkə də o onun ilk xəstəsidir? Bəxtə bax. Bu da belə çıxdı. Xəstənin də, həkimin də, elə Allahın da aciz qaldığı mərəz…

O bu barədə lap əvvəllər – hələ sapsağlam olanda da düşünmüşdü: Allahın çarəsini  yaratdıqlarından gizlətdiyi yeganə xəstəlik. Bu tanrıyla insanlar arasında bir qırılan həlqədir həm də. Daha “Allaha təvəkkül” də keçmir  bu yerdə… Ən pisi isə odur ki, guya ziyalı xəstəliyi adlanan bu bəla son vaxtlar çoban-çoluğa da tamah salır…

(Yadındadır, əmisini həkimə aparmışdı illər öncə. O çağlarda xəstəyə xərçəng olduğunu demirdilər. Gizlincə qohumlarına pıçıldayırdılar. Əmisində də o zibildən tapıldı. Həkim saxta gülüşlə demişdi: “Bu koykada bilirsiniz kim yatıb? Dahi Qara Qarayev!” Və həkim əmisinin gözündəki işığın bircə anda söndüyünü görüb tələsik palatanı tərk etmişdi. Həkim çıxan kimi əmisi kəsmişdi onun üstünü:”Bura bax, Qara Qarayev rakdan ölməyib? Özün deyirdin ki?! Hə, niyə dinmirsən? Evin yıxılsın dədə! Balalarım ləmyesir qaldı ki…”  Gecə əmisinin bağrı çatlayıb ölmüşdü…)

– Bəlkə gülü götürəsiniz? – Nəhayət, gənc həkimin dili açıldı.

Gül ayrı aləm idi. On il sərasər görüşdüyü sevgilisi göndərmişdi dünən. Üstündə ad-filan yoxuydu. İri  gül dəstəsinin ortasına sarı bir xrizantema sancılmışdı. Bu Onun naxışıydı. Bütün gülləri sevsə də, xrizantemadan, özü də sarısından olmazın  xoşu gəlirdi…

…Şirkətin pillələrini düşəndə arxadan qadın dikdabanlarının səsini eşidib  geri qanrılmadan ayaq  saxladı.  Bu səs başqa qadınların ayaq səsinə bənzəmirdi. Bu ayaq səsi açıq-aydın meydan oxuyur, danışırdı: “M-ə-n  qa-dı-nam!  M-ə-n  gö-zə-ləm! Ge-ri qan-rıl!”

Özünə söz verdi: dönməyəcək!  Amma  ayaq səslərinin şiddətli təhdidinə dayana bilmədi. Səs çox amansız idi. Qanrıldı. Və gördüyü mənzərədən elə sarsıldı ki, “geriyə dön!” komandasını eşitmiş əsgər kimi bir ayağı üstə bir daha döndü: qadın, qadın kimi düşmürdü pillələri, güldən-gülə sıçrayan bal arısı kimi səkirdi. Şümşad kimi düz ayaqları, üzükdən keçən beli, uzun Nefirtiti boynu və çilçıraq kimi şölə saçan gözləri…

Kapituliyasiya başlandı… batmış nitqini cilalayınca O ötüb keçə bilərdi, ona görə elə batıq səslə gülümsəməyə çalışaraq dedi:

– Sizin tuflilərinizin altında nəsə var?

Qadın qəşş eləyib güldü.  Özü də bu gülüş deyildi,  bir az da davam etsəydi orqazm  halı baş verəcəkdi.  Bütün şəhərin yaxşı tanıdığı bu yaraşıqlı televiziya icmalçısının qabağında  saymazyana dayanmaq  mümkün deyildi zatən.

– Ayaqqabımı deyə bilmərəm, amma ayaqlarımda nəsə olduğunu dəqiq bilirəm. – Ayaq səslərinin dediklərini indi dili deyirdi.

Qadının əlində gül dəstəsi vardı… Axı televiziyaya gələnlərə gül bağışlamırdılar, hələ onlara gül aldırır, başqa təmənnada da olurdular. Burda nəsə başqa ovsun vardı. Qadın icmalçının onun əlindəki güllərə baxdığını görüb bu dəfə açıq təhdidlə ona meydan oxudu:

– Nədi, elə bilirsiniz, elə sizə gül bağışlayırlar?! Mənim pərəstişkarlarım buracan dalımca gəlmişdilər…

– Axı siz… – Sözünün dalısını gətirə bilmədi. Qadın onu tam əsarətdə saxlayırdı. Bütün doqquz milyonluq tamaşaçını özünə qulaq asmağa məcbur edən  icmalçı – Aqil müəllim bir qadının girovuna çevrilmişdi, özü də teleşirkətin pilləkənlərində… Dayan, dayan, deyəsən, onu hardansa tanıyırdı, amma hardan?

– Mən, mifoloqam, Yaz  bayramı haqqında  ilk tədqiqatların müəllifiyəm. Hər il Novruz bayramında Bahar qız da mən oluram… Siz məni həmişə milli geyimdə görmüsünüz, ona görə tanıya  bilmədiniz… Bir də biz hər gün televiziyaya çıxmırıq axı…

Oooooooo! Bu daha çox irəli getdi. Öz aləmində zəfərini qeyd edir, deyəsən… “Sən mifoloqdan çox, mifsən, mən ölüm!”

Tanıdı onu. Hətta sədrin yanında bir dəfə görmüşdü də. Sədr ağzını elə açmışdı ki, elə bil bu saat yeyəcəkdi qızı…

–       Yaxşı, biz indi neyləyək? – lap fərsiz adamlar kimi dilləndi.

“Zəhrimar elə, çor elə! Axmaq adam. Sual verməyinə bax?!” – ürəyində özünü o ki var danladı.

Qadın yenə o  qəddar gülməyini başlamışdı ki, yavaşca ona tərəf əyildi:

– Nolar, burda belə gülməyin… Bəlkə  sizi maşınla aparım?

–       Olar, niyə olmur ki? Dədəmiz döyməyəcək, nənəmiz döyməyəcək…

Bu da bir işarə…

Və maşına minib getdilər  bir baş bulvardakı Gəmi-restorana…

***

İki gün sonra zəngləşib görüşmüşdülər. Bu dəfə artıq Aqilin şəhərdən kənarda – Günəşlidə  hamıdan gizli  tutduğu birotaqlı evində. Sonralar da davam etdilər. Həftədə iki, bəzən üç dəfə. Bu görüşlər onun həyatında yeni bir səhifə açdı, bəlkə də stimul oldu. İndi o, efirdə daha coşqulu danışırdı. Elmi işini daha ürəklə yazırdı və bu qadın onsuz da hələ cavan olan icmalçını daha da cavanlaşdırmışdı…

(Belə hal həyatında bir neçə dəfə olmuşdu. Amma epizodik. Ən uzun çəkəni bir, yaxud iki ay. Sonra həmin qadınla dost kimi qalmışdılar. Bu isə ayrı aləm idi. Bu yanmışda nə sirr vardısa, Aqili salmışdı tilsimə. Adamın içinə duman kimi sıımış – bu onun nənəsinin sözüydü, qısılmaq, yayılmaq, bürümək anlamlarına yaxındır, amma o deyil – sevgi vurub çıxmışdı sifətinə. Elə bil üzündə yazılmışdı: “Mən xoşbəxtəm! Mən sevirəm!”)

Əlbəttə, itkisiz ötüşmədi. Arvadı onun “üzündə yazılanları tez oxuya bildi”, deyəsən, – pal-paltarını çamadana yığıb dəhlizə qoymuşdu. O da götürüb səssizcə getdi. İndi ora hərdən qızlarını görməyə gedir, bir də pul-para verməyə.

***

Bir dəfə o gün-gündən daha çox bağlandığı qadına dedi:

–       Sən heç məndən bir şey istəməyəcəksən? Mən sənə nə hədiyyə edim?

Qadın o musiqili gülüşünü (bu gülüşü eşidən kişinin özünü sərbəst saxlaması mümkünsüzdü) bir də səsləndirib dedi:

–       Mənə  çoxlu  çiçək al… Arasında xrizantemalar da olsun… özü də sarısı…

O maşınını gül dəstələri ilə doldurmuşdu. Düz bir saat o gülləri onun  köhnə Vorovski tərəfdəki evinə daşımaqla məşğul oldular…

***

…Əl atıb  gül dəstəsinin içindən tək sarı xrizantemanı çəkdi, palataya gözucu baxıb (qızının gətirdiyi çaynik, fincan, çarpayının başından asdığı pijama  və kiçik  əl televizoru gözündə deyildi) qapıdan çıxdı. Gənc həkimin dediklərini eşitsə də, dönüb baxmadı da:

–       Bəs bunları götürmürsünüz?..

***

Bura Yeni Günəşlidir. Şəhərin ən hündür yeri.

Göyə baxdı – necə dərinmiş, necə sehrliymiş, gömgözəlmiş.

Üzbəüz Köhnə Günəşliyə baxdı. Köhnə-zad deyilmiş, elə bil Yeninin ekiztayıdır. Hələ o döşdə oynayan uşaqlar necə xoşbəxtdirlər. O zibil tiyanlarının yanında fırlanan dilənçi də həyatından razı kimi görünür. O dəstəylə uçuşan göyərçinlərə bax bir! Səni allah, belə yaxından uçan göyərçin dəstəsi görmüşdün indiyəcən?.. Bir bu küçə itlərinə bax! Elə gəzirlər, elə bil hər gün uşaqların daşa basdığı sahibsiz it yox, meşənin şahı aslandırlar…

Kefi durulan kimi oldu. Telefonu çıxardıb adlar siyahısında  “T” yazan kimi Təranə çıxdı və düyməni onun adının üstünə basdı.

– Təriş, mənəm…

– Bilirəm…

– Gülə görə sağ ol. Amma sənə ayrı sözüm var… Bilmirəm deməyə ehtiyac var, ya yox?

– Niyə, de.

– Mən pis xəstəyəm… Ölümümə az qalb… Ciddi deyirəm…

– Yaxşı da…

–       Hə, ciddi sözümdür…  Səni bir saatlığamı, on dəqiqəliyəmi görə bilərəm?

Qadın kallaşmış səslə dedi:

– Hara gəlim?

– Özün bilirsən.

–       Yaxşı. İki saata gəlirəm…

***

Qadın həmişəki kimi şux geyinmişdi. Amma geyimi şux olsa da, qamətinin şuxluğu sezilmirdi. Əlində bir dəstə gül vardı, ortasında sarı xrizantema. Gülü  başıaşağı tutmuşdu – yasa aparılan güllər kimi. Yarıaçıq qapıdan içəri girəndə əski sevgilisini stulda oturmuş görüb ona sarı atıldı – ayağı qan gölünə batanda diksinmədi belə. Onun qoluna girib hər iki biləyindən süzülən qana əhəmiyyət vermədən qoxusunu gendən aldığı yatağa apardı. Başını sinəsinə söykəyib qəhqəhə ilə gülməyə başladı… Bu o pilləkənlərdəki orqazm yaradan gülüş deyildi – çiliklənmiş şüşə səsi vardı onda. Sevgilisinin doğranmış biləklərindən axan qan damlalarını bu gülüşün iti ağzı  tökmüşdü sanki…

Ağ mələfədə qan izləri qadın gülüşünün müşayiətiylə yayılır, get-gedə  hansısa qədim heroqlifə – tanış olmayan yazıya oxşayırdı…