“Tanrı ümidinə qalan uşaq” – Əziz Nesin

35 Baxış

FVDFHFY-500x500

XAN Nəşriyyatının çap elədyi Əziz Nesinin “Belə gəlmiş, belə getməz” xatirələr kitabından bir parçanı oxucularımıza təqdim edirik…

Tanrı ümidinə qalan uşaq

Üç yaşında olan bacım xəstələndi, ayaqları tutmurdu. Çox sonralar başa düşdüm ki, bu xəstəlik qidasızlıqdan, baxımsızlıqdan yaranan sümük xəstəliyi olan “raxit” imiş.

Həkim, dərman hardan olacaqdı?! Təkcə adını eşitdiyimiz həkim bizə əlimizin, səsimizin çatmaq imkanı olmayan fövqəladə bir varlıq kimi görünürdü. Ölən uşaqlar üçün “Allah verdi, Allah aldı” deyilirdi. Həkimdən, dərmandan daha əvvəl bacıma yaxşı baxa, ona bol qida verə bilsəydik, yaxşılaşardı. Pul ödənmədən oluna biləcək bütün türkəçarəni elədik. Sonra anama məsləhət verdilər:

– Axşam azanı oxunan vaxt uşağı qəbiristanlığa apar, bir qəbir daşının yanında qoy… Arxaya qətiyyən dönüb baxmadan, bircə damla gözyaşı da tökmədən qayıdıb evinə gəl. Sizin arxanızca gələn başqa bir adam isə onu götürüb evə gətirsin.

Anam bacıma başa salmışdı ki, sağalması, əvvəlkitək yeriyə, qaçıb-oynaya bilməsi üçün belə bir şey edəcək və lazım idi ki, onu qəbiristanlıqda qoyub getdikdən sonra ağlamasın. Bacım ağıllı, gözəl qız idi.

Anam hər axşam onu qucağına götürər, mənim əlimdən tutar və biz Qasımpaşa ilə Bəyoğlu arasındakı Çürüklük qəbiristanlığına gedərdik. Qəbiristanlığın sıx-sıx əkilmiş qaraçöhrələri axşamın kölgəsini daha da qatılaşdırar, bu qaranlıqda qəbir daşları daha böyük görünərdi. Azan səsi minarələrdən qəbiristanlığa yayılan vaxt anam qucağında tutduğu bacımı bir qəbir daşının yanına oturdar, əlimdən tutub geriyə boylanmadan iti addımlarla gedərdi. Beləcə, bu, aylarla davam etdi – düz qış girənədək…

Bir dəfə də olsun, nə anam dönüb geriyə baxdı, nə də qəbir daşının yanında qalan üç yaşlı bacım ağladı…

Anamın çadrası altından üzü görünməzdi, yolda ağlamamaq üçün içində kim bilir, nələr çəkərdi. Evə çatan kimi özünü döşəkçənin üstünə atıb ürəyini boşaldaraq ağlayardı, ta ki kimsə bacımı gətirib çıxaranadək…

Xəstə bir uşağın son yaxşılaşma ümidinin nəyə görə qəbiristanlıqla bağlı olması haqqında sonralar çox düşündüm. Uşağın qarnını doyuracaq gücü belə olmayan həkimsiz, dərmansız yoxsullar tanrılarına yalvarırdılar:

“Tanrım!.. Bax, balamı sənə həvalə edirəm, balamın xəstəliyini torpağa göm, onu mənə həyat dolu, sapsağlam qaytar!..”

Bir gün atam evə alma gətirmişdi. Mənə: “Üzünü çevir!” – dedi. Üzümü divara çevirdim. Önümə bir alma düşdü, sonra daha biri… Atam: “Bax… Bu almaları sənə Allah göndərib, dua elə!” – dedi. Amma alma göndərən Allah bacımı sağaltmadı. Öldü bacım.

Evin həyətindən atamın qucağında balaca bir tabut çıxarkən mən bunu bir oyun zənn edərək Zəhra xalanın evinin qabağında durub gülürdüm. Bu bir oyun olacaqdı: bacımı bu kiçik taxta qutunun içində aparıb qəbiristanlığa qoyacaqdılar, o da orada sağalıb qaça-qaça evə qayıdacaqdı…

“Uşağı içəri aparın!” – dedilər. Məni otağa saldılar. Anam ağlayaraq yanıma gəldi, məni öpdü, “Bacın öldü, buna gülməzlər!” – dedi.

Pis bir şey etdiyimi başa düşüb utandım…

Həmişə necə, nəyə görə yumorist olduğumu soruşurlar… Bilmirəm. Amma ola bilsin, məni yumorist edən öz həyatım olub. Mən bu yerə gözyaşları içindən gəlmişəm…

KÖŞƏ YAZARLARI
TOP 10